Məhkəmə qərarları › İş №2(005)-1972/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1972/2025

22.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1972/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəlüdlü Pənahov Əbdurrəhman Samir oğlunun fəaliyyət qabiliyyəti olamyan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu Pənahov Əbdurrəhman Samir oğlu xx.xx.2007-ci ildə Azərbaycan Respulblikasının Bakı şəhərində anadan olmuşdur. O ünvan 2-da qeydiyyatdadır. Doğulduğu gündən indiyədək iddiaçının diqqət və qayğısında olub. X1 Bakı şəhəri Baş Səhiyyə İdarəsi 2 saylı Klinika psixiatriya Xəstəxanasında rəy N 3436 "Autizm, Kaner sindromu - Ağır kənarağıllıq” diagnozu ilə qeydiyyatdadır. O, psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlıya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Ona görə də iddiaçı onun qəyyumu kimi təyin olunmaq niyyətindədir. Lakin Nərimanov rayon icra Hakimiyyəti yanında "Qəyyumluq və Himayəcilik" Komissiyasından iddiaçıya şifahi olaraq bildirilmişdir ki, oğlunun üzərində qəyyum və ya himayyəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilər. Ona görə də iddiaçı Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyniməzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsi X10 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli, AZ-İ №893470 sayılı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Pənahov Əbdurrəhman Samir oğlu xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Pənahov Samir Verqa oğlu, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixdə verilmiş ******* №-li arayışdan görünür ki, Pənahov Samir Verqa oğlu Bakı Şəh., Nərimanov Ray., M.K.Atatürk PR., Ev.29, M.26 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixdə verilmiş ******* №-li arayışdan görünür ki, Ərizəçi Bakı Şəh., Nərimanov Ray., M.K.Atatürk PR., Ev.29, M.26 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, Pənahov Əbdurrəhman Samir oğlu sağlamlıq imkanları məhdud uşaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X7 Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1/3697 nömrəli Həkim Psixiatr Komissiyasının RƏYindən görünür ki, Pənahov Əbdurrəhman Samir oğlu "Uşaq Autizmi, Kanner sindromu - Ağır kəmağıllıq” diaqnozu ilə həkim müşahidəsindədir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il il tarixli 2(005)-1972/2025 saylı qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Espertiza Mərkəzinin 2864 saylı, xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, X2 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə, Kanner sindromu aşkar olunur. X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.1-ci maddəsinə əsasən spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırılır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə əsasən .əxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 318.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında ərizədə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi nəticəsində şəxsin öz ailəsini ağır maddi vəziyyətdə qoymasını təsdiq edən hallar şərh edilməlidir. 320.1-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. 321.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Espertiza Mərkəzinin 2864 saylı, xx.xx.2025-ci il tarixli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, Pənahov Əbdurrəhman Samir oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü Pənahov Əbdurrəhman Samir oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Pənahov Əbdurrəhman Samir oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar