Məhkəmə qərarları › İş №2(005)-1973/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1973/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1973/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 noyabr 2020-ci il tarixli 39/01 saylı protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzilin Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Nizami Abdulayev ipotekaya yönəlmiş yüklü mənzilin banka olan borcunun ondan asılı olmayan səbəbdən ödəniş etmədiyi ücün məhkəmə qətnaməsinə əsasən hərraca cıxardılmış. Beləliklə sahibi olduğu mənzilin onun iştirakı və xəbəri olmadan cavabdeh hərrac mərkəzi yəni Məhdud Məsuliyyətli Cəmiyyət qanunsuz olaraq Respublikada covid-19 xəstəliyinin vüsat aldığı vaxt hansı ki, həmin müddət ərzində cavabdeh MMC-nin fəaliyyət göstərməsi real vəziyyətə görə məhdudlaşdırılmışdır. Bu kimi hallar olduqda yenə də tam qanunsuz olaraq mülkiyyətində olan yeganə mənzilini hərrac yolu ilə satılması bir mülkiyyətçi kimi onun hüququna və mənafeyinə ziddir. Beləliklə hesab edir ki, əsaslı iddia təlibi məhkəmə qaydasında tam, dəqiq və qərəzsiz araşdırılaraq nöqsan aradan qaldırılmaqla gercəkliyi özündə əks etdirən məhkəmə aktı qəbul olunmalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları tədqiq edərək, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-58/2018 saylı, 31.05.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 4280.30 ABŞ dolları məbləğində faiz borcu, 20 ABŞ dolları məbləğində cərimə, cəmi 35157,67 ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumuтгт Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması, tutmaтжт kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, ilkin satış qiyməti 80000 manat müəyyən olunmuş, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 14E saylı evinə yönəldilməsi, həmin evin açıq hərracda satılsması və evin satışından əldə olunmuş vəsaitdən borc məbləğinin bankın xeyrinə tutulması, tutma yönəldikdən sonra Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsində yerləşən 14E saylı ev məcburi qaydada boşaldılması, Bank VTB (Azərbaycan) ASC ilə İddiaçı arasında bağlanmış 142197-CNS-15707 saylı 12 fevral 2015-ci il tarixli girovlu istehlak kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan “hərracın yekunları barədə” 39/01 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 14E saylı fərdi yaşayış evi, Nizami Rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə ipoteka saxlayan və əldə etmək hüququna malik olan "xxxx" Açıq Səhmdar Cəmiyyətini olmaqla, ilkin hərrac qiyməti 80 000 manat, təkrar hərracda ilkin satış qiyməti 68 000 manat, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı qiymətlə 51 000 manat qiymətlə tələbkar əldə edərək cavabdehlərlə qarşılıqlı mübahisənin həlli üçün məsuliyyət daşıyır. İş materiallarında olan tərəflərə göndərilmiş açıq hərracın keçirilməsinə dair 17 may 2019-cu il tarixli 01 nömrəli və 31 may 2019-cu il tarixli 01/2 nömrəli bildirişlərdən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 14E saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 80 000 manat təyin olunmuşdur. İş materiallarında olan tərəflərə göndərilmiş açıq hərracın keçirilməsinə dair 15 noyabr 2020-ci il tarixli 02 nömrəli bildirişdən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 14E saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 80 000 manat pul məbləğinin 15%-i məbləğində - 68 000 manat təyin olunmuşdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərəflərə göndərilmiş ipoteka predmetinin əldə olunmasına dair təklidfən müəyyən olunur ki, Nizami Rayon İcra və Probasiya Şöbəsinin T7/71-3M-22 saylı 08.05.2019-cu il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Nizami rayonu, N. Abdullayev küçəsində yerləşən 14E saylı f/yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 04.11.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 51000 (əlli bir min) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reytrindən çıxarışdan müəyyən olunur ki, yuxarıda qeyd edilən fərdi yaşayış evinin xüsusi mülkiyyəti hüququ ilə tam payda Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə məxsus olması barədə 14.12.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi İddiaçı hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilmiş, həmçinin hərracın keçirilmə vaxtı və yeri barədə “Birja Yenilikləri” qəzetinin ayrı-ayrı buraxılışlarında elanlar yerləşdirilmişdir. Qiymətləndirici hərracın keçirildiyi tarixə daşınmaz əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiyməti qeyd etməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar