Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1977/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin elektrik enerjisi sərfiyyatına görə əsassız tələb etdiyi və xx.xx.2002-ci il tarixinə olan 154,04 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində 110 saylı binada 131 nömrəli mənzil onun mülkiyyətindədir və orada tək yaşayır. Həmin ünvanda mənzilin elektrik sayğacı atası X1 (abunə **********00131) adınadır və atası xx.xx.2007-ci ildə vəfat edib. Odur ki, evin tək mülkiyyətçisi və elektrik enerji istifadəçisi kimi istehlakçı hüquqlarının təmin olunması üçün sayğacın onun adına keçirilməsi zərurəti yaranmışdır. O qanunvericiliyə uyğun olaraq bununla bağlı “Azərişıq" ASC-yə müraciət etmişdir. Lakin cavabdeh qurum bildirmişdir ki, guya elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş və abunə kodu üzrə elektrik enerjisi sərfiyyatına görə xx.xx.2002-ci il tarixə 154.04 manat borc olduğu müəyyənləşdirilmişdir. O hansı sənədlərin təhlil olunduğunu və məsələni aydınlaşdırmaq üçün qurumun Nərimanov filalına müraciət etmiş, Nərimanov filialında isə bu qədər uzun müddətə arxiv sənədlərinin artıq mövcud olmadığı və məhv edildiyi bildirildi. Digər tərəfdən, Elektrik enerjisindən istifadə Qaydalarına əsasən, bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Hazırda isə elektrik sayğacını adına keçirə bilmək üçün cavabdeh qurum 22 il bundan öncəyə aid, üstəlik abonentin saldosunda belə öz əksini tapmayan və arxiv sənədləri mövcud olmayan bir hesabata görə ondan əsassız ödəniş etməyini tələb edir. Hazırki elektrik sərfiyyatına görə aparılan hesablaşmalar üzrə hüquq və vəzifələrimin təmin olunması üçün sayğacın onun adıma keçirilməsi zərurəti vardır. Məlumat üçün bildirir ki, atası vəfat etməzdən öncə uzun müddət yataq xəstəsi olmaqla işləmək qabiliyyətini itirmişdir. xx.xx.2015-ci il tarixdə vəfat edən anası X2 isə İ qrup əlil olmaqla Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ verən əlillik vəsiqəsi olmuşdur. Onu da qeyd edir ki, anası əlilliyinə görə heç bir imtiyaz və güzəştdən istifadə etməmişdir. O hazırda işsizdir və gəlir yeri yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və əlavə olaraq bildirmşdir ki, iddianı müdafiə edir və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiklərini, cədvəl ilə Vaqif Qədimovun adına 154,04 manat borcun olduğunun müəyyən edildiyini, həmin borcun tələb edilməyən borc olduğunu, abunə kodunun addan-ada keçirilməsi ilə bağlı müraciət olduqda tələb edildiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Mülki işin materialları Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materialların olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 110, 131 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin məktubundan görünür ki,**********0000131 nömrəli abunə kodu üzrə fərdi yaşayış evinin elektrik enerji hesabatı abubə vərəqi təhlil olunmuş xx.xx.2002-ci tarixinə 54,04 enerjisi sərfiyyatına görə yaranmış borcun mənzildə istehlak edilmiş enerjinin dəyəri olduğu müəyyənləşmişdir. Bu məbləğin ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. Hal-hazırda xx.xx.2024-cü il tarixinə borcu 14,04 manat təşkil edir. - **********00131 saylı abunə haqqında çıxarışdan görünür ki, qeyd edilən abunə koduna 154,04 manat borc hesablanmışdır. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 beyin işemiyası səbəbindən 29 aprel 2007-ci il tarixində ölmüşdür. - Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 110, mənzil 131 ünvanında yerləşən 1 otaqlı mənzildən ibarətdir. Məhkəmə tərəfindən müəyyən edilən hallar Məhkəmə tərəfində müəyyən edilən işin mübahisəsiz halları bundan ibarətdir ki, Bakı şəhəri Nərimanov rayonu X9 küçəsi, 110 saylı binanın 131 saylı mənzili iddiaçının mərhum atası X4 məxsus olmuş, 01 noyabr 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçının mülkiyyətinə keçmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrinin 20 noyabr 2014-cü il tarixli ,********** qeydiyyat nömrəli çıxarışına əsasən sözügedən mənzilin iddiaçı Q.Elnurənin xüsusi mülkiyyətindədir. İddiaçı abunə kodunun öz adına keçirilməsi barədə müraciət etdikdə, "xxxx" ASC tərəfindən ona bildirilmişdir ki, **********00131 nömrəli abunə kodu üzrə fərdi yaşayış evinin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, xx.xx.2002-ci il tarixinə enerji sərfiyyatına görə 154,04 manat məbləğində borcun olduğu müəyyən edilmişdir. İddiaçıya həmçinin məbləğin ödənilməsinin yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edildiyi izh edilmişdir Hazırda iddiaçı məhkəməyə müraciət edərək sözügedən borcun silinməsini tələb edir, cavabdehin nümayəndəsi isə borcun elektrik enerjisi sərfiyyatına görə yarandığını bildirir, iddia tələbini qəbul etmir və rədd edilməsini məhkəmədən xahiş edir. Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiyasının 16 maddəsinin İ bəndində göstərilmişdir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.14-cü bəndinə əsasən, İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəzıyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına (xx.xx.2022-ci ildə çıxarılmışdır) və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən belə qənaətə gəlir ki, sərfiyyat borcu olduğu iddia edilən 154,04 manat məbləğində borcun tələb olunmayan borclar siyahısına daxil edilərək dondurulmasına baxmayaraq, abunə kodunun addan-ada keçirilməsi və ya alqı-satqı zamanı borcun olmaması barədə arayışın verilməsi zamanı tələb edilməsi əsassızdır. Dondurulmuş və tələb edilməyən borclar siyahısına daxil edilmiş həmin borcların mövcudluğu iddiaçının hüquqlarını pozduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən **********00131 saylı abunə koduna əsassız hesablanmış 154,04 manat məbləğində borc silinməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. **********00131 saylı abunə koduna elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 154,04 (yüz əlli dörd manat dörd qəpik) manat borc cavabdeh "xxxx" ASC tərəfindən (cavabdehə aid elektron məlumat bazasından) silinsin. "xxxx" ASC tərəfindən əsassız yazılmış 154,04(bir yüz əlli dörd manat dörd qəpik) manat məbləğində borc **********00131 nömrəli abunə hesabından silinsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1977/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1977/2024
10.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver