Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1981/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs “Bank VTB (Azerbaycan)” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sabunçu rayon İcra şöbəsi və “Bank VTB (Azerbaycan)” ASC cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sabunçu rayon İcra şöbəsi və “Bank VTB (Azerbaycan)” ASC cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi»” MMC-nin hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 87/20 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilinin satılmasına dair "xxxx" MMC-nin hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin mənzilə dair “Bank VTB (Azerbaycan)” ASCnin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzili onun mülkiyyətindədir. “Bank VTB (Azerbaycan)” ASC ilə "xxxx" firması arasında kredit müqaviləsi bağlanmış və müqavilənin təminatı olaraq ipoteka müqavilə bağlanmış və mənzili ipotekaya qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən borclulardan müştərək qaydada 162840,74 manat məbləğində borc vəsaiti tutularaq tələbkar “Bank VTB (Azerbaycan)” ASC-yə ödənilməsi və tutmanın qeyd olunan əmlakın üzərinə yönəldilməsi qət edilmişdir. Banka olan borcunun bir hissəsini ödəmiş, sonradan COVİD-19 xəstəliyi ilə əlaqədar iş yerləri bağlandığına görə üzrlü səbəbdən qalan məbləği ödəyə bilməmişdir. Sabunçu rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən ona heç bir rəsmi və şifahi məlumat verilmədən mülkiyyətində olan mənzilin hərrac vasitəsi ilə satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. Heç bir məlumat vermədən mülkiyyətində olan mənzilin hərraca çıxararaq hərracın keçirilməsini xx.xx.2021-ci il tarixə və xx.xx.2021-ci il tarixə təyin etmişdir. "xxxx" MMC tərəfindən ipoteka saxlayana və ipoteka qoyana birinci elan barədə bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış, ikinci elan barədə bildiriş keçirilməsinə 15 gün qalmış təqdim etməli olduğu halda, cavabdeh ona hərrəcın keçirilməsi barədə heç bir bildiriş göndərməyərək qanunvericiliyin tələblərini pozmuşdur. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli protokoluna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilin ilkin satış qiyməti endirilərək 73312,50 manata “Bank VTB (Azerbaycan)” ASC-yə satılmışdır. Mülkiyyətində olan əmlaka dair hərrac keçirilsə də, ona bu barədə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi»” MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabunçu rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank VTB (Azerbaycan) ASC-nin nümayəndəsi X4 iddia ərizəsinin əsassız olduğunu qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, iddiaçıların nümayəndə və vəkilinin , müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Sabunçu rayon İcra şöbəsinin “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi»” MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1120/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 82.55 kv.m ümumi sahəsindən ibarət 4 otaqlı, 26 nömrəli mənzilin hərrac vasitəsi ilə satılması üçün göndərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil “Bank VTB (Azərbaycan) ASC-nin mülkiyyətindədir və xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli Hərracın yekunları barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində yerləşən 18 saylı evin 26 saylı mənzili 73312,50 manata “Bank VTB (Azərbaycan)” ASC əldə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1120/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadın surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-869/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsin ləğv edilməsi, borculalın borcu ipoteka predmetinin ilkin satış qiyməti 128000 manat müəyyən edilməklə, Bakı şəhəri, Vidadi küçəsində istifadədə olan 0.02196 ha torpaq sahəsində yerləşən 85 nömrəli, 2 mərtəbəli binada 85.4 kv.m ümumi, 70 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 1 nömrəli mənzilə və ipoteka predmetinin ilkin satış qiyməti 115000 manat müəyyən edilməklə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 18 ünvanında yerləşən 82.55 kv.m ümumi sahəsindən ibarət 4 otaqlı 26 nömrəli mənzilə yönəldilməsi, əmlakların açıq hərracdan satılması və məcburi qaydada boşaldılması, satışdan əldə olunan vəsaitin banka ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1120/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi xx.xx.2021-ci il tarixdə icra məmuru X5 icraatında daxil olmuş və borclu "xxxx" Firması, X7, İddiaçı, X2, X8 və X3 10 gün müddətində icranı könüllü olaraq təmin etmələri təklif olunması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzili iddiaçının mülkiyyətində olmuşdur. “Bank VTB (Azerbaycan)” ASC ilə "xxxx" firması arasında kredit müqaviləsi bağlanmış, müqavilənin təminatı olaraq ipoteka müqavilə bağlanmış və mənzili ipotekaya qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən borclulardan müştərək qaydada 162840,74 manat məbləğində borc vəsaiti tutularaq tələbkar “Bank VTB (Azerbaycan)” ASC-yə ödənilməsi və tutmanın Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilin üzərinə yönəldilməsi qət edilmişdir. İddiaçı banka olan borcunun bir hissəsini ödəmiş, sonradan COVİD-19 xəstəliyi ilə əlaqədar iş yerləri bağlandığına görə üzrlü səbəbdən qalan məbləği ödəyə bilməmişdir. Sabunçu rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən qeyd olunan mənzil hərrac vasitəsi ilə satılması üçün "xxxx" MMC-yə göndərilmiş, hərracın keçirilməsini xx.xx.2021-ci il tarixə və xx.xx.2021-ci il tarixə təyin etmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli protokoluna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilin ilkin satış qiyməti endirilərək 73312,50 manata “Bank VTB (Azerbaycan)” ASC-yə satılmışdır. Hazırda keçirlimiş hərracın etibarsız olduğunu və hüquqlarının pozulduğunu iddia edərək, məhkəməyə müraciət etmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi, məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.3-cü maddəsinə əsasən icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuştələb,məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda mübahisəyə mahiyyəti üzrə baxılanadək bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır. Həmin Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla)dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Sadalanan qanunverilcik əsaslarından görünüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1120/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X5 icraatına xx.xx.2021-ci il tarixdədaxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş və borclulara icra sənədində qeyd olunanları icra edilməsi üçün 10 gün könüllü müddət təklif etmişdir. Lakin icra məmuru verilmiş 10 gün könüllü icra müddətinin bitməsin gözləmədən “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi»” MMC-yə xx.xx.2021-ci il tarixdə hərracın keçirilməsi üçün sifariş məktubu göndərmişdir. xx.xx.2021-ci il tarixdə Hərracın yekunları barədə müqavilə bağlayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində yerləşən 18 saylı evin 26 saylı mənzili 73312,50 manata “Bank VTB (Azərbaycan)” ASC əldə etmişdir. Bu qaydaların pozulması ilə keçirilmiş hərrac etibarsızdır. Bundan başqa məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri pozularaq keçirilmiş hərrac və həmin hərracın yekunlarına əsasən xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi “Bank VTB (Azərbaycan)” ASC-nin adına qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən mənzilə dair Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli “Məhkəmə qətnaməsi haqqında” Qərarının 6.10-cü bəndinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sabunçu rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubu əsasında “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi»” MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilə dair keçirilmiş hərracın yekunları barədə 87/02 nömrəli, xx.xx.2021-ci tarixli Protokol ləğv edilməli və hərracın nəticələri etibarsız hesab olunmalı, alqı-satqı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməli, ünvan 3 ünvanında yerləşən mənzilə dair xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə “Bank VTB (Azərbaycan)” ASC-nin adına qeydiyyata alınmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı tərəfindən hər hansı bir tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubu əsasında “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi»” MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilə dair keçirilmiş hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli Protokol ləğv edilsin, həmin hərracın nəticələri etibarsız hesab olunsun və alqısatqı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab olunsun. ünvan 3 ünvanında yerləşən mənzilə dair xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə “Bank VTB (Azərbaycan)” ASC-nin adına qeydiyyata alınmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1981/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1981/2022
10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver