Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1995/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X7 liseyi”nə qarşı müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş təhsil haqqının geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X7 liseyi”nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “X7 Liseyi” arasında bağlanmış xx.xx.2024-cü il tarixli təhsil xidmətləri barədə müqavilənin etibarsız sayılması, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək X1 təhsil alması nəzərə alınaraq həmin müddət üçün təhsil xərclərinin hesablanması, ödənilmiş 2000 manat pulun çıxılaraq yerdə qalan məbləğin və 100 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində İddiaçı ilə cavabdeh “X7 liseyi” arasında iddiaçının qızı X2 təhsil alması üçün təhsil xidmətləri barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə görə X1 X7 Liseyində təhsil alması nəzərdə tutulmuşdur. Elə həmin gün iddiaçı tərəfindən 2000 manat məbləğində təhsil haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək X3 “X7 Liseyi”ndə təhsil almışdır. Lakin tərəfindən xx.xx.2024-cü il tarixində “X7 liseyi”nə ərizə ünvanlanaraq, X2 təhsilini həmin təhsil müəsissəsində üzürlü səbəbdən davam etdirə bilməyəcəyi lisey rəhbərliyinə bildirilmiş və təhsil aldığı 2 ay istisna olmaqla ödənişin qalıq məbləğinin qaytarılması xahiş edilmişdir. Lakin bu günə kimi ərizə cavablandırılmamış və ödənilmiş məbləğin qaytarılması təmin olunmamışdır. Liseyin nümayəndəsi ilə danışdıqdan sonra ona ödənilmiş təhsil haqqının qaytarılmayacağı bildirilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli təhsil xidmətləri barədə müqavilənin 5.5.2-ci maddəsinə istinad edir. Həmin maddədə isə qeyd olunur ki, təhsilalan cari ilin 1 sentyabrından sonra lisey ilə bağlanmış müqaviləyə xitam verərsə, cari il üçün ödənilmiş təhsil haqqı məbləği geri qaytarılmır. xx.xx.2024-cü il tarixli təhsil xidmətləri barədə müqavilə etibarsız hesab edilməlidir. Çünki cavabdeh hərəkəti ilə əqddən sui istifadə etmiş, bu isə əqdin vicdanlılıq prinsipinə ziddir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, qızı sentyabr, oktyabr aylarında dərsə getsə də, sonradan təhsil sistemlərini bəyənməməsi, həmçinin məktəbə gedən yolların tıxac olması səbəbindən qızını həmin məktəbdən çıxarmışdır. Qızı cəmi 2 ay təhsil almışdır, onlar isə 2000 manat ödəniş etmişlər, illik təhsil haqqı 2500 manat təşkil edir. 2 ayın ödənişi çıxılmaqla qalan pul onlara geri qaytarılmalıdır. Belə ki, iki ay istisna olmaqla, onlara hər hansı təhsil xidməti göstərilməmişdir. Xidmət göstərilmədiyi halda isə ödənişlərin cavabdehdə qalması qanunsuzdur. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh “X7 liseyi” məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -“X7 liseyi” ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, valideynin ödənişli sifarişi əsasında X1 liseydə təhsil alması ilə əlaqədar tərəflər təhsil xidmətləri barədə müqavilə bağlamışlar; - Müqavilənin 5.1-ci bəndinə əsasən təhsil xidmətlərindən istifadəyə görə cari tədris ili üçün illik təhsil haqqının məbləği 2500 manat təşkil edir; - Müqavilənin 5.3-cü bəndinə görə valideyn tərəfindən təhsil haqqı ilk tədris ili üçün ilk ödəmə 2000 manat müqavilə bağlandığı an, geridə qalan hissə 500 manat isə iki ay ərzində ödənilir; - Müqavilənin 5.5.1-ci bəndinə görə, təhsilalan cari ilin 01 sentyabr tarixində və ondan əvvəl lisey ilə bağlanmış müqaviləyə xitam verərsə, təhsil haqqı məbləğinin 50 faizi istisna olmaqla, yerdə qalan ödəniş geri qaytarılır; - Müqavilənin 5.5.2-ci bəndinə əsasən, təhsilalan cari ilin 01 sentyabr tarixindən sonra lisey ilə bağlanmış müqaviləyə xitam verərsə, cari il üçün ödənilmiş təhsil haqqı məbləği geri qaytarılmır; - İddiaçı tərəfindən “X7 liseyi”nə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı 2024-2025-ci il təhsil ili üçün ödənilmiş pul vəsaitinin qalıq məbləğinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından və təqdim olunmuş sübutlardan göründüyü kimi, xx.xx.2024-ci il tarixdə İddiaçı ilə cavabdeh “X7 liseyi” arasında iddiaçının qızı X1 2024-2025-ci tədris ili üzrə liseydə təhsil alması ilə bağlı təhsil xidmətləri barədə müqavilə bağlanmışdır. İllik təhsil haqqı 2500 manat müəyyən edilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 2000 manat məbləğində təhsil haqqı ödənilmişdir. İdiaçının bildirdiyinə görə qızı - X3 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək həmin müəssisədə təhsil almışdır. xx.xx.2024-cü il tarixində isə iddiaçı cavabdeh təhsil müəssisəsinə müraciət edərək, övladının təhsilini davam etdirə bilməyəcəyini bildirmiş, ödənilmiş təhsil haqqının təhsil aldığı müddət istisna olmaqla qalan hissəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh isə tərəflər arasında bağlanmış xidmət müqaviləsinin şərtlərinə istinad etməklə ödənişin geri qaytarılmasından imtina etmişdir. Qeyd olunmalıdır ki, xidmət müqaviləsi mülki hüquq qanunvericiliyi ilə tənzimlənən mülki-hüquqi müqavilə növlərindən biridir. Xidmət müqaviləsi üzrə görüləcək işin həcmi, məbləği, keyfiyyəti və xidmət haqqı kimi bir sıra əhəmiyyət kəsb edən hallar xidmət müqavilələrinin əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı). Mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən əqdin etibarsızlığına əsas olan halların mövcudluğunu sübut etmək əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Prosessual qanunvericilik çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Beləliklə, hazırki iş üzrə tərəflər arasında məhkəmədə mübahisələndirilən müqavilə bağlanarkən əqdin subyekt tərkibinə, məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər pozulmamış, bu cür halların mövcudluğu sübut edilməmişdir. Yəni tərəflər şüurlu şəkildə müqaviləyə imza etməklə, öz iradəsini sərbəst şəkildə bəyan etmişlər. Bu baxımdan iddia müqavilənin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin oluna bilməz. O da qeyd edilməlidir, hətta iddiaçının niyyətinin müqavilənin ləğv edilməsi tələbini irəli sürmək olduğu qəbul edilsə belə, mübahisələndirilən müqavilənin ləğv edilməsi üçün də mülki qanunvericiliklə və ya müqavilə ilə müəyyən edilmiş əsaslar mövcud deyildir. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 40.4-cü maddəsinə əsasən, özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixində imzalanmış təhsil xidməti müqaviləsi tərəflərin azad iradə ifadəsi ilə bağlanmış, onun şərtləri aydın və konkret şəkildə müəyyən edilmişdir. Həmin müqavilənin 5.5.2-ci bəndində, təhsil alanın cari ilin 1 sentyabr tarixindən sonra liseylə bağlanmış müqaviləyə xitam verdiyi halda, həmin tədris ili üzrə ödənilmiş təhsil haqqının geri qaytarılmayacağı şərti nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, təhsil haqqının 2000 manat hissəsi əvvəlcədən, müqavilə bağlanarkən ödənilmiş, X3 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək liseydə təhsil almış, daha sonra valideyninin müraciəti əsasında təhsil prosesi dayandırılmış, uşaq liseydən çıxarılmış və əvvəl təhsil aldığı məktəbdə təhsilini davam etdirmişdir. Müqaviləyə xitam verilməsi isə müqavilədə göstərilmiş tarixdən, yəni 1 sentyabrdan sonra baş verdiyindən, cavabdeh təhsil müəssisəsinin ödənişi qaytarmaqdan imtina etməsi qanuni olmuşdur. Belə ki, cavabdeh tərəf müqavilə ilə üzərinə götürdüyü öhdəliyi pozmadığına, yəni 2024/2025-ci tədris ilində müqavilə şərtlərinə uyğun olaraq təhsil prosesini təşkil və təmin etdiyinə, müqavilə üzrə öhdəliklərinin icrasından boyun qaçırmadığına görə iddiaçı təhsil haqqının geri qaytrılmasını tələb etməkdə haqlı olmamışdır. Beləliklə, bu cür vəziyyətlərdə, yəni təhsil prosesi başlandıqdan sonra təhsil aldığı dövr üçün təhsil haqqı çıxılmaqla qalan məbləğin qaytarılması nə qanunvericilikdə, nə də tərəflərin bağladığı müqavilədə nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilənin hər hansı şərtini pozmamış, müqavilə üzrə ona verilmiş hüquqlardan istifadə edərək razılaşdırılmış şərtlərə uyğun şəkildə hərəkət etmişdir, əksinə cavabdeh hər hansı bir əsas olmadan müqavilənin icrasından birtərəfli qaydada imtina etmişdir. Bu səbəbdən iddia təhsil haqqının geri qaytarılması hissəsində də əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “X7 liseyi”nə qarşı müqavilənin etibarsız sayılması və ödənilmiş təhsil haqqının geri qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X7 liseyi”nə qarşı müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş təhsil haqqının geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1995/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1995/2025
02.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver