Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2022/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı Tanrıverdiyev Rövşən Hüseyn oğlunun, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Tanrıverdiyev Rövşən Hüseyn oğlunun Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 51 saylı Notariat Kontoru cəlb edilməklə) “əqdin etibarsız hesab edilməsi və müqaviləyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Tanrıverdiyev Rövşən Hüseyn oğlunun Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 51 saylı Notariat Kontoru cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 51 saylı Notariat Kontorunda 08.06.2015-ci il tarixdə Cavabdeh ilə aralarında bağlanmış Borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 08.06.2015-ci il tarixdə cavabdeh Zahir oğlu ilə aralarında Bakı şəhəri 51 saylı Notariat Kontorunda 400.000 ABŞ dolları ilə bağlı borcun etirafı haqqında müqavilə imzalanmışdır. Bildirir ki, Bakı şəhəri 51 saylı Notariat Kontorunda 400.000 ABŞ dolları ilə bağlı borcun etirafı haqqında müqavilə imzalanarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh 2010-cu ilin axırlarından ümumi tanışları Kərim Əlirzayevin vasitəsi ilə tanımış, təxminən 2011-ci ildə Cavabdehla işgüzar münasibətləri yaranmışdır. 2013-cü ilə kimi şişirdilmiş olsa da, Cavabdeh tərəfindən ona hissə-hissə (250.000+135.000+135.000+125.000+16.560) olmaqla 661.560 ABŞ dolları məbləğində pul verilmişdir. Əvvəllər aralarındakı münasibətlər birlikdə biznes qurub şərik işləmək olsa da, sonradan Cavabdeh özünün faizlə pul vermək ənənəsinə sadiq qalaraq 2013-cü ildə bildirmişdir ki, birlikdə işləmək istəmir və pulun qaytarılmasını istəyir. Pullar işə yatırıldığından onları qısa müddət ərzində qaytarmaq mümkün olmadığından, belə razılaşdırılmışdır ki, tərəflər aralarındakı borc münasibətlərini notarial qaydada rəsmiləşdirsinlər. Bu minvalla 22 noyabr 2013-cü ildə Bakı şəhəri 51 saylı NK-da Borcun etirafı haqqında Müqavilə imzalanmışdır. Müqavilə imzalanan vaxta Cavabdeh aralarındakı birgə işdən əlavə 44.000 ABŞ dolları faiz hesablayaraq müqaviləyə əlavə olunmasını bildirmiş, buna görə həmin müqavilə 705.560 ABŞ dolları məbləğində müəyyən olunaraq imzalanmışdır. Bildirir ki, istərsə bu müqavilə bağlanana qədər, istərsə bu müqavilə imzalandıqdan sonra Cavabdeh tərəfindən (şəxsən, dostları, qardaşım və iş yoldaşlarının vasitəsi ilə) mütamadi hər ay müxtəlif məbləğlərdə pul ödənilmişdir. Lakin Cavabdeh birgə işi dayandırıb ondan pulunu geri istəməsi onu əlverişsiz vəziyyətə salmışdır ki, o müqaviləyə görə 6 ay ərzində ona olan borcunu qaytarmalı idi. Aralarında bağlanmış müqaviləyə uyğun olaraq borcunu ödəməklə azaldıb bitirməyə çalışmışdır. Bu minvalla tərəfindən yuxarıda göstərdiyi kimi şəxsən, habelə iş yoldaşları: X7, X11, X3, hər ikisinin tanışı Kərim Əlirzayevin, qardaşı X1 və digər şəxslərin vasitəsi ilə 2015-ci ilin aprel ayına kimi Cavabdeh külli miqdarda pul qaytarılmışdır. Belə ki, mütamadi şəxsən və iş yoldaşlarının ğvasitəsi ilə dəfələrlə müxtəlif məbləğlərdə, həmçinin ümumi tanışı Kərim Əlirzayevin vasitəsi ilə 40.000 ABŞ dolları, qardaşı Rafiq Tanrıverdiyevin vasitəsi ilə 40.000 ABŞ dolları məbləğində pul ödənilmişdir. Lakin borc tam ödənilmədiyindən onun Cavabdeh 08.06.2015-ci il tarixə kimi onun hesabladığı faizlə birlikdə 400.000 ABŞ dolları borcu qalmışdır. Yəni 2015-ci ilin aprel ayına kimi Cavabdeh tərəfindən onun əlavə olaraq hesabladığı faizdən başqa 305.560 ABŞ dolları məbləğində pul qaytarıldı. Bundan başqa Cavabdehla aralarındakı mülki mübahisələrin iş materiallarını tədqiq edərkən onu da müəyyən etmək olur ki, Cavabdeh tərəfindən 305.560 ABŞ dolları məbləğində pul qaytarıldıqdan sonra 2015-ci ilin mart- aprel aylarında Cavabdeh təkidi ilə 29.10.2016-cı il tarixə kimi mənə məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 11H, mənzil 10 (ünvan 1 ünvanda yerləşən yaşayış mənzilin borcun 300.000 ABŞ dolları hissəsi ilə əvazləşdirilməsi barədə razılığa gəlinmiş, bu məqsədlə mənzilin Cavabdeh adına keçirilməsi ilə bağlı müəyyən (bir hissəsi) sənədlər hazırlanaraq, mənzilin açarları ilə birlikdə aramızdakı etbarlı münasibətlərə əsaslanaraq Cavabdeh verilmişdir. Lakin sonradan Cavabdeh mənzilin 300.000 ABŞ dolları deyil, 220.000 ABŞ dollarına əvəzləşdirəcəyini bildirdiyinə görə mənzillə bağlı aralarındakı razılaşma baş tutmamışdır. Amma çox təəssüf olsun ki, etibarlı münasibətlərindən irəli gələrək 08.06.2015-ci il tarixdə artıq aralarında 400.000 ABŞ dolları ilə bağlı borcun etirafı haqqında müqavilə bağlanmışdır. Bununla yanaşı 400.000 ABŞ dolları borcun 300.000 ABŞ dolları hissəsini mənzillə əvəzləşdirilməsi razılığımız baş tutmadığından tərəfimdən şəxsən və tanışlarım vasitəsi ilə borcun ödənilməsi ilə bağlı Cavabdeh mütamadi külli miqdarda ödənişlər həyata keçirilmişdir ki, bunlar cavabdeh tərəfindən sonradan inkar olnumuşdur. Bu azmış kimi həmin vaxt o təsəvvür belə etməzdim ki, Cavabdeh 2015-ci ilin may ayında etibar edib ona verdiyi bir hissə sənədlərdən istifadə edərək, "xxxx" MMC-nin vəzifəli şəxsləri ilə qeyri-qanuni əlaqəyə girərək dərhal mənzilin rəsmiləşdirilməsi məqsədi ilə "xxxx" MMC-yə müraciət edər. Belə ki, əvvəla ona verilmiş sənədlər tam deyildi, habelə ona məxsus olan orderin ləğvi barədə tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmamışdır, ümumiyyətlə onun adına olan order mənzil adına özəlləşdirilənə qədər qüvvədə olmuşdur. Baxmayaraq ki, Cavabdeh istərsə məhkəmədə, istərsə ibtidai istintaq orqanında mənzillə bağlı müqavilənin, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş müvafiq orderin əslinin ona verilməsini iddia etsə də, həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bu amil də Cavabdeh yalanını tam tamına təsdiq edən hallardan biridir. Göründüyü kimi Cavabdeh onu aldadaraq, etibarlı münasibətlərindən istifadə edərək 08.06.2015-ci il tarixdə 400.000 ABŞ dolları ilə bağlı borcun etirafı haqqında müqaviləni imzalatdırmışdır. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək Bakı şəhəri 51 saylı Notariat Kontorunda 08.06.2015-ci il tarixdə Cavabdeh ilə aralarında bağlanmış borcun etirafı haqqında müqaviləyə icra edildiyinə görə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Tanrıverdiyev Rövşən Hüseyn oğlu və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ayrı-ayrılıqda eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh iddia tələbini qəbul etməmiş, bildirmişdir ki, iddiaçı tərəf borcun tutulması barədə məhkəmə qətnaməsini icra etməmək üçün süni maneələr yaradır. Borcun etirafı haqqında müqaviləyə X2 400000 ABŞ dolları məbləğində borcun olmasını təsdiq edilir. Həmin müqavilənin etibarsız sayılması üçün hər hansı bir əsas yoxdur. Üçüncü şəxs Bakı şəhəri 51 saylı Notariat Kontoruna baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında onun iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfdən təmin edilmiş şahid X6 bildirmişdir ki, Tanrıverdiyev Rövşən Hüseyn oğlunün sürücüsü işləyir, tərəfləri tanıyır və onlar arasında biznes əlaqələrinin olmasından məlumatı olmuşdur. Dəfələrlə Rövşənin ona verdiyi pulu Hikmətə çatdırmışdır. Həmin məbləğlər 25 min,40 min, 30 min olmuşdur. Lakin həmin pulun dəqiq hansı məqsədlə verilməsində məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 bildirmişdir ki, Tanrıverdiyev Rövşənin əvvəllər sürücüsü olmuşdur. Hikməti tanıyır, ona dəfələrlə Rövşənni verdiyi pul çatdırmışdır. Lakin həmin pulun təyinatı barədə məlumatsız olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Onlar arasında borc münasibəti olmuşdur. Qardaşının ona verdiyi 40 min manat pulu Hikmətə çatdırmışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 09.08.2010-cu il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh 3 ay müdətində Tanrıverdiyev Rövşən Hüseyn oğluna 70000 ABŞ dolları borc vermiş, Tanrıverdiyev Rövşən Hüseyn oğlu borcu qəbul etmişdir. İş materiallarında olan 08.07.2015-ci il tarixli borcun etirafı haqqında müqavilədən görünür ki, Cavabdeh 20.08.2011-ci il tarixdə Tamrverdiyev RövşənHüseyn oğluna 400000.00 (dörd yüz min) ABŞ dolları məbləğində borc pul vermiş, X5 20.08.2011-ci il tarixdə Cavabdeh 400000.00 (dörd yüz min) ABŞ dolları məbləğində bcrc pul aldığımı etiraf etmiş, X5 bu müqavilədə göstərilən məbləği, yəni 400000,00 (dörd yüz min) ABŞ dolları borc pulu 08 iyun 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.11.2013-cü il tarixli borcun etirafı haqqında müqavilədən görünür ki, Cavabdeh 20.08.2011-ci il tarixdə İddiaçı 553000,00 (beş yüz əlli üç min) manat (manatın dollara olan məzənnəsi ilə 705560,00 (yeddi yüz beş min beş yüz altımış) ABŞ dolları) məbləğində borc pul vermiş, İddiaçı 20.08.2011-ci il tarixdə Cavabdeh 553000,00 (beş yüz əlli üç min) manat (manatın dollara olan məzənnəsi ilə 705560,00 (yeddi yüz beş min beş yüz altımış) ABŞ dolları) məbləğində borc pul aldığını etiraf etmiş,İddiaçı bu müqavilədə göstərilən məbləği, yeni 553000,00 (beş yüz əlli üç min) manat (manatın dollara olan məzənnəsi ilə 705560,00 (yeddi yüz beş min beş yüz altımış) ABŞ dolları)borc pulu 25.05.2014-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli 2(005)-7565/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 51 saylı Notariat Kontoruna qarşı «borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi» tələbinə dair ilk iddiaları qismən təmin edilmiş, Bakı şəhəri 51 saylı Notariat Kontoru tərəfindən Xətai rayon icra şöbəsinə göndərilmiş 20.07.2016-cı il tarixli, 7E-10416 saylı icra qeydi ləğv edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı «borc məbləğinin qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh xeyrinə tutulmuş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2018-ci il tarixli 2(102)-586/2018 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 26 may 2017-ci il tarixli 2(103)-5769/2017 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli 2(005)- 7565/2016 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, daha sonra Tanrıverdiyev Rövşən Hüseyn oğlunun kassasiya şikayəti də təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin 26 may 2017-ci il tarixli 2(103)-5769/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarından görünür ki, 08.06.2015-ci il tarixdə aralarında 400.000 ABŞ dolları ilə bağlı borcun etirafı haqqında müqavilə bağlanmışdır. Hazırda iş üzrə iddiaçı müqavilənin etibarsızlığını məhkəmədə mübahisələndirmiş, müqavilə icra edildiyi üçün ona xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı ilk növbədə müəyyən edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Mülki işin materiallarından göründüyü kimi tərəflər öz iradə ifadələri ilə borcun etirafı haqqında müqavilə bağlamış və hər iki tərəf müqavilənin şərtləri ilə razı olduqlarını ifadə etmək üçün müqaviləni şəxsən imzalamışlar. Məhkəmə hesab edir ki, borcun etirafı haqqında müqavilə bağlanarkən Azərbaycan Respublikası MPM-nin şərtlərinə əməl olunmuşdur. Bundan əlavə iddiaçı tərəfindən Azərbaycan Respublikası MM-nin 354-cü maddəsinin tələbləri pozulmuş, iddia müddəti ötürülmüşdür. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərininin tətbiqi baxımından qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ümumi iddia müddəti kimi deyil, məhz kəsici iddia müddəti kimi çıxış edir. Bu hal məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsinin mümkünlüyü barədə qaydanın tətbiqi imkanını da istisna edir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən iddia müddəti ötürülmüşdür. İddiaçının tələbinin «Bakı şəhəri 51 saylı Notariat Kontorunda 08.06.2015-ci il tarixdə Cavabdeh ilə aralarında bağlanmış borcun etirafı haqqında müqaviləyə icra edildiyinə görə xitam verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iş üzrə dindirilmiş şahid ifadələri həmin borcun ödənilməsini birbaşa sübüt etmir, eləcə də, həmin borcun tutulması ilə bağlı artıq qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur, qətnamə icra mərhələsindədir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli 2(005)-7565/2016 saylı qətnaməsi tam icra olunduğu halda, həmin icra sənədinin icra mərhələsində xitam verilməsi mümkündür. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Tanrıverdiyev Rövşən Hüseyn oğlunun Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 51 saylı Notariat Kontoru cəlb edilməklə) “əqdin etibarsız hesab edilməsi və xitam verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Tanrıverdiyev Rövşən Hüseyn oğlunun Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 51 saylı Notariat Kontoru cəlb edilməklə) “əqdin etibarsız hesab edilməsi və xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2022/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2022/2021
12.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver