Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2084/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh2nə qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2nə qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən ləğv olunmuş Zərdab DKQE-də işlədiyi dövrün son üç ayı üçün (1994-cü ilin aprel, may və iyun ayları) əmək haqqı, istifadə etmədiyi 4 ilin əmək məzuniyyəti, işdən azad olunarkən nəzərdə tutulan kompensasiya və hərbi xidmətdə olduğu dövr üçün(xx.xx.1994-xx.xx.1996) əmək haqqının Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1991-xx.xx.1994 tarixlərində o vaxt mövcud olmuş X7 İdarəsinin Zərdab Dərin Kəşfiyyat Ekspedisiyasında sahə geoloqu işləmişdir. Həmin idarə ARDNŞ-nin xx.xx.1994-cü il tarixli 63 nömrəli əmrinə əsasən xx.xx.1994-cü il tarixində ləğv edilmiş, bütün işçilər rəhbərliyin müvafiq əmrinə əsasən yeni yaradılan sahədə xx.xx.1994-cü il tarixdə işə qəbul olunsalar da o xx.xx.1994-cü il tarixində əmr verilmədən işdən azad olunmuşdur. İşlədiyi dövrün son 3 ayı-aprel, may və iyun ayları üçün ona ödənilməli olan əmək haqqı o dövr pul qıtlığı olduğu üçün verilməmişdir. Lakin son 3 ayın əmək haqqısının alınması barədə sənədlərlə tanış olaraq bu pulun mənimsənildiyini anlamışdır. Daha sonra hərbi xidmətə cəlb olunmuş və xidməti bitdikdən sonra bu xüsusla bağlı məhkəməyə müraciət etmiş, lakin iddia müddətini ötürdüyü cavabını almışdır. 1994-1996-cı illərdə hərbi xidmətdə olduğu dövrün məzuniyyət pulunu 2021-ci ildə ala bilmişdir. Hərbi xidmətdə olduğu dövr üçün əmək haqqının saxlanılmalı olduğu qənaətindədir. İşlədiyi dövrün son 3 ayının əmək haqqısının, yenə bu dövrdə istifadə etmədiyi 4 ilin məzuniyyət pulunun, işdən azad olunarkən əmri verilmədiyi üçün hərbi xidmətdə olduğu dövr üçün əmək haqqının və işdən azad olunarkən nəzərdə tutulan kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi X3 etirazında bildirmişdir ki, iddiaçı öz ərizəsində iddianın nə faktiki nə də hüquqi əsasını göstərə bilməmiş, o cümlədən iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl etməmişdir. İddiaçı iddia ərizəsindən görünür ki, o məhkəməyə iddia ərizəsini xx.xx.2022-ci il tarixdə vermiş, bununla da Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülmüşdür. İddiaçı Cavabdeh2nə qarşı “əmək haqqının ödənilməsi” barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi X5 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ARDNŞ-nin xx.xx.1994-cü il tarixli, 63 nömrəli əmrinə əsasən X8 Qazma Ekspedisiyasının xx.xx.1994cü ildən ləğv edildiyini və İddiaçı məhkəməyə iddia ərizəsini xx.xx.2022-ci il tarixdə verdiyini bununla da Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürdüyünü bildirmiş, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş və iş üzrə təqdim olunmuş: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(009)-171/2013 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbləri əsassız olduğundan təmin edilməmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1880/2021 nömrəli qərardadı ilə X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin qanunsuz hesab edilərək işə bərpa edilməsi, əmək haqqı” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. SOCAR-ın xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, “Zərdab” X9 Ekspedisiyasına məxsus əmr kitabçası SOCAR-ın Baş Ofisinin Mərkəzi Arxivində mövcud deyildir. Azərbaycan Respublikası Əmək Məcələsinin: 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.2-ci maddəsinə əsasən, Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. 172.3-cü maddəsinə əsasən, Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. 172.4-cü maddəsinə əsasən, İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172.5-ci maddəsinə əsasən, Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 172.6-cı maddəsinə əsasən, İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə müəyyən edilir ki, iddiaçı xx.xx.1991-xx.xx.1994 tarixlərində X7 İdarəsinin Zərdab Dərin Kəşfiyyat Ekspedisiyasında sahə geoloqu işlədiyini, ancaq İşlədiyi dövrün son 3 ayı-aprel, may və iyun ayları üçün ona ödənilməli olan əmək haqqının ona verilməyərək mənimsənildiyini, həmin idarə ARDNŞ-nin xx.xx.1994-cü il tarixli 63 nömrəli əmrinə əsasən xx.xx.1994-cü il tarixində ləğv edildikdən sonra işlə təmin olunmadığını və əmri verilmədən işdən çıxarıldığını və buna görə də kompensasiya verilmədiyini, istifadə etmədiyi 4 ilin məzuniyyətinin pulunun habelə hərbi xidmətdə olduğu dövrdə ödənilməli olan əmək haqqının verilmədiyini bununla da hüquqlarının pozulduğunu bildirir. Belə olduğu təqdirdə iddiaçı məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulan bir illik iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə iddia tələbini əsassız hesab edir və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2nə qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2084/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2084/2022
01.09.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver