Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2108/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödəməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 Prospekti, ev 23/25, saylı evin 13 saylı mənzilinin kompensasiya ödənilməsi məqsədi ilə mütəxəssislər tərəfindən qiymətləndirilərək Cavabdeh düşən hissəsini kompensasiya şəklində ödəməklə Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, ev 23/25 mənzil 13 də olan istifadə hüququna xitam verilməsini və onun həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehi Cavabdeh iddiaçı tərəfindən 10.000 (on min) manat kompensasiya ödənilməklə cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 23/25 saylı evin 13 saylı mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılması, kompensasiyanın verilməsi və cavabdehlərin mənzildən çıxarılmasının eyni anda icra edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2019-ci il tarixli, 2(005)-4374/2019 saylı qətnaməsinin ləğv olunması barədə apelyasiya şikayəti vermişdir. Bakı Şəhər Apellyasiya Məhkəməsində işə baxılaraq nəticə verilməmiş, səbəb olaraq da, yenidən mahiyyəti üzrə kompensasiya ilə bağlı Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi qaldırmağın zəruri olduğu bildirilmişdir. xx xxxxxx 2008ci il tarixdə onun mərhum həyat yoldaşı X3 vəfat etmişdir. Sonra iddiaçı qanunvericilik üzrə vərəsəlik müddəti gecikdirmədən övladları və həmin ünvanda qeydiyyatda olan şəxslərlə əvvəlcədən razılıq əldə etdikdən sonra Dövlət Notariat kontoruna getmiş və onlara da Notariat Kontorunda bütün hüquq və vəzifələri izah edilmiş və onlarda öz istəkləri ilə razılıq vermiş və ərizə əsasında iddiaçıya vərəsəlik şəhadətnaməsi verilmişdir. Vərəsəlik şəhadətnaməsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, seriya MA № ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X7 Prospekti, ev 23/25, saylı evin 13 saylı mənzil tam iddiaçının mülkiyyətindədir. Onun mülkiyyətində formal xarakterli olaraq pasport qeydiyyatında olan Cavabdeh qeydiyyatdan çıxacağını bildirsə də, lakin əsassız olaraq bu günə kimi qeydiyyatdan çıxmamışdır. Bu da iddaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Cavabdeh təxminən 1995-ci il tarixdən ailə qurmuş və X2 adında bir oğlu var. Həmin vaxtdan iddiaçının evində qeydiyyata düşmüş və hal-hazırda da həmin mənzildə qeydiyyatdadır. Dəfələrlə qızına evində yaşamasını tələb etməsinə baxmayaraq, o buna razı olmur. Mülkiyyətində olan mənzilin ümumi sahəsinin kiçik olmasını və iddiaçının yaşlı olduğunu nəzərə alaraq qızı Ellada və onun ailə üzvlərinin onunla yaşaması iddiaçıya maddi və mənəvi cəhətdən çətinliklər törədir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsasızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 prospektində yerləşən 23/25 saylı evin, 13 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 325 saylı reyestr kitabında 30547 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyat aparılmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 4374/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “verilən pulların kompensasiya olaraq əvəzləşdirilməsi yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir; “xxxxxxxx” Hüquq və Qiymətləndirmə Şirkətinin Azərbaycan Respublikası Vəkillə Kollegiyası “Femida” vəkil bürosunun sorğusuna cavab xx.xx.2020-ci il, 16 saylı arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti 23 saylı ünvanda yerləşən 3 (üç) otaqlı, orta təmirli mənzillərin bu günə olan aylıq kirayə haqqının müəyyən edilməsi ilə bağlı müraciətə “xxxxxxxx” MMC-nin mütəxəssisləri tərəfindən baxılmışdır. Qiymətləndirici mütəxəssis qarşısında qoyulmuş sorğunun cavablandırılması ilə bağlı qeyd olunan ərazidə analoji binalar üzrə daşınmaz əmlak bazarının monitorinqi aparılmış və təhlil olunmuşdur. Ərazi üzrə fəaliyyət göstərən rieltor qurumlarına, internet resurslarına (bina.az, əmlak.az və s.) və bu məzmunda nəşr edilən qəzet, jurnal və s. Daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarına etibar doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunaraq aparılmış monitorinqin nəticəsi mütəxəssis tərəfindən təhlil edilərək qeyd olunan mənzilin bu günə olan aylıq kirayə haqqı 300 (üç yüz)-400 (dörd yüz) manat arasında dəyişir; xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia rədd olunmuşdur. Eyni zamanda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı verilən pulların kompensasiya olaraq əvəzləşdirilməsi yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia rədd olunmuşdur. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Göründüyü kimi, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı sürətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalacaqdır. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, ev 23/25 13 saylı, 4 otaqlı mənzildən istifadə hüququna xitam verilməsi müqabilində ona 10.000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsasızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “kompensasiya ödəməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2108/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2108/2020
16.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver