Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2193/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 07.07.1993-cü il təvəllüdlü X2nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və həmin şəxsin üzərində onun qəyyum olaraq təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəmlə bildirmək istəyirəm ki, 07.07.1993-cü il təvəllüdlü oğlum X7 anadangəlmə psixiki qüsurlu şəxsdir. Belə ki, o, “debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları” diaqnozu ilə xəstəliyində əziyyət çəkir və 2016-cı ildən müddətsiz olaraq 1-ci qrup əlilliyi var. Oğlu 2009-cu ildən X1 qeydiyyata alınmışdır. Hal hazırda isə oğlu 18 saylı Bakı şəhər Poliklinikasının psixiatr kabinetində qeydiyyatdadır. Qeyd edir ki, “oliqofreniya" xəstəliyi şizofreniyanın bir növü olaraq mahiyyəti üzrə aqressiv xəstəlik olmaqla, müalicəsi yoxdur. X2 öz hərəkətlərinin mənasını anlamır, əməllərini dərk etmir, onları idarə edə bilmir və hərəkətlərinin hansı nəticə verəcəyini öncədən bilmir. Hazırda istifadəsində olan evlə bağlı müəyyən sənədləşmə işləri aparmaq niyyətindədir. Belə ki, 20.01.2021-ci il tarixdə əri X9 vəfat etmişdir və hazırda onun adına olan miras kütləsini vərəsəlik qaydasında qəbul etmək niyyətindədir. Lakin oğlu həmin mənzildə qeydiyyatda olduğu üçün onun yazılı razılıqları tələb olunur. Yuxarıda qeyd etdiyi səbələrdən bu cür məsələlərdə mütəmadi olaraq maneələrlə qarşılaşır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyniməzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsi X15 ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 54 saylı Mənzil Kommunal İstismar sahəsinin 12.03.2021-ci il tarixli arayışından məlum olunur ki, X8 Bakı şəhəri, Nərimanov rayonu, Atatürk küçəsi, ev 2, mənzil 37 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İ № 413294 saylı Bakı şəhəri Nərimanov VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 07 iyul 1993-cü il təvəllüdlü X8 Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 03.08.1993-cü il tarixində 1554 № ilə qeyd edilmişdir. Atası X9, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışın surətindən görünür ki, X8 birinci dərəcəli əlildir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2(005)- 2193/2021 nömrəli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizasının təyin edilmiş və Azərbaycan Respubdikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının 1568 saylı, 20.05.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Buna görə də X8 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 1568 saylı, 20.05.2021-ci il tarixli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X8 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Ərizəçinin X3 üzərində qəyyum təyin edilməyinə münasibətdə məhkəmə bildirir ki, bununla bağlı məsələ müvafiq icra hakimiyyətinin səlahiyyətindədir. Bu səbəbdən də həmin hissədə ərizə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 21.07.2002-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 07 iyul 1993-cü il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2193/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2193/2021
10.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver