Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-220/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı, Bakı şəhəri 9 saylı Notariat Ofisi üçüncü şəxs qismində cəlb edilməklə bağışlama müqaviləsi və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı, Bakı şəhəri 9 saylı Notariat Ofisi üçüncü şəxs qismində cəlb edilməklə bağışlama müqaviləsi və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdeh2 başçısının xx.xx.2009-cu il tarixli 129 saylı sərəncamına və xx.xx.2013-cü il tarixli 230 saylı məktubuna əsasən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlə Cavabdeh1 arasında, Bakı şəhəri X3 küçəsi, 1969-cu məhəllə, 3 saylı evin 3 saylı mənzilə dair 14 may 2013-cü il tarixli bağışlama müqaviləsinin və Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 28 avqust 1997-ci il tarixdə rəsmi nikah bağlamışdır. Birgə nikahdan 29 avqust 2006-cı il təvəllüdlü qızları Fatimə və 26 iyul 2009-cu il təvəllüdlü qızları Şəms anadan olmuşdur. Cavabdeh1 nikahın pozulması üçün məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(005)-725/2021 saylı qətnaməsi ilə onların nikahı pozulmuşdur. Tərəflər birgə nikah dövründə Bakı şəhəri Nərimanov rayonu, Xan Şuşinski küçəsində yaşayış evi əldə edib yaşamışlar. Lakin sonradan həmin ərazidə mühüm dövlət obyektinin tikintisi ilə əlaqədar onların və həmin ərazidə yaşayan digər sakinlərin sahibliyində və istifadəsində olan yaşayış evləri sökülmüş, sökülmüş yaşayış evlərinin əvəzinə həmin sakinlərə Bakı şəhəri X3 küçəsi, 1969-cu məhəllədə inşa edilmiş yeni yaşayış binasında mənzillər verilmişdir. O cümlədən iddiaçı və Cavabdeh1 ailəsinə orderlə yeni tikilmiş binadan 2 və 3 otaqlı mənzillər verilmişdir. Bundan sonra iddiaçı Cavabdeh1 və uşaqları ilə birlikdə həmin mənzillərdə yaşamışlar. Cavabdeh1 İddiaçı qarşı mənzildən çıxarılma, mənzilə köçürülmə və əmlak bölgüsü iddiası ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki işə baxarkən təqdim edilmiş sənədlərdən İddiaçı məlum olmuşdur ki, onların birgə nikah dövründə əldə etdikləri mənzillərin birini - Bakı şəhəri X3 küçəsi, 1969-cu məhəllə, 3 saylı evin 3 saylı mənzili bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına rəsmiləşdirmiş və mülkiyyətin dövlət qeydiyyatına alınması barədə çıxarış almışdır. Qeyd edildiyi kimi, İddiaçı bu barədə əmlak bölgüsünə dair məhkəmə mübahisəsi zamanı məlumatı olmuşdur. Buna görə sorğu əsasında Bakı şəhəri 9 saylı Notariat ofisindən notariat isinin surəti götürülmüşdür. Notariat işində toplanmış sənədlərdən də məlum olur ki, 14 may 2013-cü il tarixli bağışlama müqaviləsi əslində müqavilənin mahiyyətinə uyğun əvəzsiz müqavilə deyildir. Notariat işində toplanmış sənədlərdən aşağıdakılar müəyyən edilir: Bakı şəhəri Cavabdeh2 başçısının 24 aprel 2009-cu il tarixli 129 saylı Sərəncamına əsasən : 1. Xan Şuşinski küçəsi 1070-1072-1073-1076 saylı məhəllələrdə yaşayan sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun, “Azevro LAU" MMC tərəfindən A.M.Cümə küçəsi 1969-cu məhəllədə şəhərciyin salınmasına (yaşayış evlərinin tikintisinə) icazə verilmiş; 2. Tikinti işlərinin razılaşdırılmış layihəyə uyğun aparılmasına nəzarət və sakinlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq köçürülməsinin təmin edilməsi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə tapşırılmış; 3. Köçürülmə prossesinin həyata keçirilməsi zamanı ictimai asayişin qorunmasının təmin edilməsi Rayon Polis İdarəsinə tapşırılmış; 4. Sakinlərin yeni mənzillərinə dair orderləri ilə təmin olunması Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinə tapşırılmış; 5. Sakinlərin yeni mənzillərinə dəqiq poçt ünvanlarının təyin edilməsi və Dövlət reyestrindən çıxarışla birlikdə texniki pasportla təmin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin rəhbərliyindən xahiş olunmuşdur. Bakı şəhəri Cavabdeh2 başçısının birinci müavinin Bakı şəhəri, 9 saylı Notariat Kontorunun Dövlət Notariusu 13 may 2013-cü il tarixli 230 saylı məktubundan görünür ki, Xan Şuşinski küçəsi, 1070-1072-1073-1076 saylı məhəllələrdə aparılmış Dövlət əhəmiyyətli tikinti işləri ilə əlaqədar həmin ərazidən Bakı şəhəri A.M.Cümə küçəsi 1969-cu məhəlləyə köçürülmüş sakinlərin yaşayış və qeyri-yaşayış sahələrinin bağışlanma müqavilələri əsasında onların mülkiyyətinə verilməsini təmin edilməsi xahiş edilmişdir. 14 may 2013-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, tərəflər Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh2 başçısının xx.xx.2009-cu il tarixli 129 saylı sərəncamına və xx.xx.2013-cü il tarixli 230 nömrəli məktubuna əsasən həmin müqaviləni rəsmiləşdirirlər; Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü tarixdə verilmiş 11/ 6587 arayışa və xx.xx.2011-ci il tarixdə verilmiş 2 kitab, 244 vərəq, **********06-05301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 1969-cu məhəllə, X3 küçəsi 56 nömrəli çoxmərtəbəli yaşayış binasından 3 nömrəli evdə yerləşən üç otaqlı, 56,1 kv.m yaşayış sahəsi, 17,2 kv.m köməkçi sahəsi, 73,3 kv.m ümumi sahəsi olan 3 nömrəli mənzili tam Cavabdeh1 əvəzsiz olaraq bağışladı. Cavabdeh1 həmin əmlakı qəbul etdi. Tərəflər bağışlanan mənzili 73300 manata qiymətləndirdilər. 24 aprel 2009-cu il tarixli 005996 saylı orderdən görünür ki, Bakı şəhəri Cavabdeh2 başçısının 24 aprel 2009-cu il tarixli 129 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, 1969-cu məhəllə, X3 küçəsi 1969 məhəllə 3 saylı evin 3 saylı mənzili orderlə Cavabdeh1 (ailə tərkibi: özü, arvadı İddiaçı, qızı F.Cavabdeh1) verilmişdir. Cavabdeh3 etibarnaməsindən görünür ki, Azərbaycan Respublikası DƏDRX Bakı şəhər Əİ tərəfindən xx.xx.2011-ci il tarixdə reyestr nöm. **********06-05301, qeydiyyat nömrəsi ********** ilə verilmiş Çıxarışa əsasən İddiaçı məxsus olan Bakı şəh., Nərimanov r-nu, 1969-cu məh. X3 küçəsi 56 ünvanda yerləşən 362 sayda (ədəd) mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDR Müvafiq Ərazi İdarəsində, notariat kontorlarında, banklarda, MKİS- də, digər idarə və təşkilatlarda nümayəndə olmağı, qeydiyyata salmağı, qeydiyyatdan çıxartmağı, forma 1, forma 2 almaqla sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı buna dair müqavilələri imzalamağı, və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adımdan ərizə verməyi və digər hərəkətləri etməyi etibar edir. Beləliklə, notariat işində toplanmış sənədlərdən məlum olur ki, iddiaçı və cavabdehin birgə nikah dövründə əldə edib yaşadıqları Bakı şəhəri Xan Şuşinski küçəsində yerləşən evləri mühüm Dövlət obyektinin tikintisi ilə əlaqədar sökülmüşdür. Evləri sökülmüş sakinlərin köçürülməsi məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, 1969-cu məhəllə, X3 küçəsində yeni yaşayış evləri inşa edilmişdir. Həmin sakinlər Cavabdeh3 tərəfindən inşa edilmiş yeni yaşayış binasına köçürülmüşlər. O cümlədən ailə olaraq Cavabdeh1 və İddiaçı da köçürülən sakinlər sırasında olmuşlar. Bu ailəyə sökülmüş evlərinin əvəzində bir 2 otaqlı və bir 3 otaqlı mənzillər verilmiş, hər mənzilə dair order də təqdim edilmişdir. Sonradan, sakinləri mənzillərə dair dövlət reyestrindən çıxarışla təmin etmək məqsədilə onlara verilmiş mənzillər bağışlama müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Bu xüsusat "xxxx" MMC tərəfindən verilmiş etibarnamədən də açıq aydın görünür. Belə ki, sözügedən etibarnamə əsasında 362 sayda mənzilin evləri sökülmüş sakinlərə yeni inşa edilmiş mənzillərin bağışlama müqaviləsi ilə rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Cavabdeh1 bağışlanmış mənzilə 2009-cu ildə ailə üzvlərinin adları qeyd edilməklə İcra Hakimiyyəti başçısı tərəfindən order də verilmişdir. Orderlə vətəndaşa verilmiş mənzil ailə üzvlərinin məlumatı olmadan bir nəfərə neçə bağışlana bilər. Bütün bunlar onu göstərir ki, mübahisələndirilən bağışlama müqaviləsi heç də əvəzsiz olmamışdır Hazırda bağışlama müqaviləsi qüvvədə olduğuna görə tərəflər arasında birgə əmlakların bölünməsinə dair mübahisə yarandığı üçün hazırkı işdə İddiaçı hüququ yarandığı əmlakdan məhrum edilir. Bu da onun vəziyyətinə əsaslı və ciddi təsir göstərir. Mülki qanunvericilikdə nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz müqavilədir. Həmin müqavilənin əvəzli olması qanunvericiliyin tələbinə ziddir. Yuxarıda sadalanan sənədlərdən də aydın olur ki, sözügedən bağışlama müqaviləsi əvəzli müqavilədir. Yəni, bağışlama müqaviləsinin predmeti ailənin sökülmüş evlərinin əvəzinə verilmiş mənzildir. Bağışlama müqaviləsi əvəzsiz müqavilə olmaqla hədiyyə alanı zənginləşdirməlidir. Lakin, notariat işindən məlum olduğu kimi, mübahisələndirilən müqavilə əsasında bağışlanan əmlak əslində Cavabdeh2 başçısının imzaladığı orderlə Cavabdeh1 və onun ailə üzvlərinə verilmişdir. Bu xüsusat bağışlama müqaviləsinin mahiyyətinə zidd olmaqla həmin müqavilə əsasında hazırda İddiaçı həmin əmlaka hüquqlarını məhdudlaşdırmışdır. Ona görə də mübahisələndirilən bağışlama müqaviləsi əhəmiyyətsiz əqddir və etibarsızdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə və ona əlavəyə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini əsassız hesab edərək, tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda xx.xx.2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim edərək ərizəsində göstərmişdir ki, iddiaçı sadəcə əmlak bölgüsü ilə bağlı olan digər məhkəmə mübahisəsini uzatmaq və maneə olmaq niyyəti ilə bu cür iddia tələbi irəli sürmüşdür. Cavabdeh1 İddiaçı ilə 28 avqust 1997-ci il tarixdə rəsmi nikah bağlamışlar və bu nikahdan iki övladları - 2006-cı il təvəllüdlü Fatimə və 2009-cu il təvəllüdlü Şəms dünyaya gəlmişdir. İddiaçı ilə ailə münasibətləri normal olmadığı üçün nikahın pozulması barədə iddia tələbi Nərimanov rayon məhkəməsinin müvafiq qətnaməsi ilə təmin olunmuşdur və bu qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh1 tərəfindən , həmçinin, əmlak bölgüsü və digər tələb barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuş və iddia tələbi təmin olunaraq hazırkı mübahisəli mənzildən İddiaçı çıxarılması, digər mənzilin və əşyaların bərabər hissədə bölünməsi qət olunmuşdur. Həmin məhkəmə işi üzrə araşdırma zamanı da mübahisəsiz olaraq sübut olunmuşdur ki, evlilik müddətində Cavabdeh1 Cavabdeh2in müvafiq sərəncamına əsasən xx.xx.2009-cu il tarixli orderlə Nərimanov rayonu, A.M.Cümə küçəsi, 1969-cu məhəllə, ev 3, mənzil 3-də yerləşən yaşayış evi (hazırkı mübahisəli mənzil) verilmişdir. Göründüyü kimi, hazırkı mübahisəli mənzil məhz Cavabdeh1 və məhz əvəzsiz əqd üzrə verilmişdir. Əvəzsiz deyərkən ilk və əsas olaraq Nərimanov İcra Hakimiyyətinin hazırkı mübahisəli sərəncamına əsasən verilmiş olması nəzərdə tutulur. Qanunvericiliyin də tələblərinə əsasən əvəzsiz alındığı sübut olunan əmlak ər arvadın birgə əmlakına aid edilə bilməz. Belə olan halda, iddiaçının, hazırkı bağışlama müqaviləsinin etibarsız hesab olunmasını xahiş etməsinin səbəbi olmamaqla yanaşı heç bir mənası da qalmır. İş materiallarından da göründüyü kimi, bağışlama müqaviləsi İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə yaşayış evi Cavabdeh1 veriləndən sonra dövlətin həmin mənzili Cavabdeh1 və onun kimi yüzlərlə şəxslərə həmin sərəncamla verilmiş mənzillərin dövlət reyestrində mülkiyyətləri kimi qeydə ala bilmələri üçün uyğun görülmüş və tək onun üçün deyil hamı üçün həyata keçirilən qanuni bir dövlət tədbiri olmuşdur. Göründüyü kimi, dövlət reyestrində qeydiyyata hansı formada alınması onun və ya kiminsə deyil, məhz dövlətin uyğun gördüyü bir hal olmuşdur. İddiaçı də Cavabdeh1 ilə evli olduğu üçün bütün bu halların hamısından məlumatlı olmuşdur. Üzərindən 10 il keçdikdən sonra bağışlama müqaviləsinin etibarsızlığı tələbi irəli sürməyi sadəcə qərəz və kindən başqa bir şey deyildir. Həmin mübahisəli evdə yaşadığı, qeydiyyatda olduğu və bununla bağlı bütün hüquqlarını həyata keçirdiyi halda bağışlama müqaviləsindən xəbəri yox idi deməsi həqiqəti ifadə etmir. Çünki, evin Cavabdeh1 adına qeydiyyatda olduğunu bildiyi halda bu qeydiyyatın necə həyata keçirildiyini 10 ildə öyrənmək imkanına sahib idi. Demək ki, mübahisəli evin Cavabdeh1 mülkiyyətinə hansı şəkildə qəbul olunduğunu bilmədiyini yalandan iddia etsə də, bunu bilməli idi. Cavabdeh1 hal-hazırda kirayələrdə qalıram. Bu vəziyyətdə də əsassız olaraq cürbəcür iddialarla yuxarıda əmlak barədə məhkəmə mübahisəsini uzatmaq ona sərf edir. İddiaçı bağışlama müqaviləsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş etsə də, bu müqavilənin etibarsızlığının nədən ibarət olmasını bir kəlimə ilə də olsun ifadə etməyə zərurət görməmişdir. Bütün bu deyilənlər bir daha onu deməyə əsas verir ki, hazırkı iddia məqsədli şəkildə digər məhkəmə mübahisəsini uzatmaq xarakteri daşıyır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası konstitusiya Məhkəməsi Plenimunun 21 dekabr 2012-ci il il tarixli Qərarında göstərilir ki, “Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Plenum qərarında, həmçinin, qeyd edir ki, “Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ərarvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər və arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.” Göründüyü kimi, iddia tələbi həm faktiki, həm də hüquqi hallara əsasən tam şəkildə əsassızdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 005996 nömrəli orderdən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, 1969-cu məhəllə, X3 küçəsi 56 ünvanda 3 nömrəli evdə yerləşən 3 nömrəli mənzildə Cavabdeh1, İddiaçı və onların övladı X1 yaşamaq hüquqları var. Bakı şəhəri Cavabdeh2 başçısının 24 aprel 2009-cu il tarixli 129 saylı Sərəncamına əsasən : 1. Xan Şuşinski küçəsi 1070-1072-1073-1076 saylı məhəllələrdə yaşayan sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun, “Azevro LAU" MMC tərəfindən A.M.Cümə küçəsi 1969-cu məhəllədə şəhərciyin salınmasına (yaşayış evlərinin tikintisinə) icazə verilmiş; 2. Tikinti işlərinin razılaşdırılmış layihəyə uyğun aparılmasına nəzarət və sakinlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq köçürülməsinin təmin edilməsi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə tapşırılmış; 3. Köçürülmə prossesinin həyata keçirilməsi zamanı ictimai asayişin qorunmasının təmin edilməsi Rayon Polis İdarəsinə tapşırılmış; 4. Sakinlərin yeni mənzillərinə dair orderləri ilə təmin olunması Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinə tapşırılmış; 5. Sakinlərin yeni mənzillərinə dəqiq poçt ünvanlarının təyin edilməsi və Dövlət reyestrindən çıxarışla birlikdə texniki pasportla təmin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin rəhbərliyindən xahiş olunmuşdur. Nərimanov Rayon 30 saylı MKİS tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, “Azevro LAU" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Cavabdeh2 başçısının 24 aprel 2009-cu il tarixli 129 saylı Sərəncamına əsasən inşa etdiyi şəhərcik Nərimanov rayonu, A.M.Cümə küçəsi 1969-cu məhəllədə yerləşir. Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda Qəbul Komissiyasının aktından müəyyən olunur ki, Nərimanov rayonu, A.M.Cümə küçəsi 1969cu məhəllədə yerləşən “Azevro LAU" MMC tərəfindən tikilmiş evlər yaşayış üçün tam yararlı vəziyyətdə olduğundan istismara qəbul edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1969-cu məhəllə, X3 küçəsi 56 ünvanda yerləşən çoxmərtəbəli binaya tam mülkiyyət hüququ “Azevro LAU" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına xx.xx.2010-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsindən müəyyən olunur ki, “Azevro LAU" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Nərimanov rayonu, 1969-cu məhəllə, X3 küçəsi 56 ünvanda 3 nömrəli evdə yerləşən 3 nömrəli mənzili, Bakı şəhəri Cavabdeh2 başçısının 24 aprel 2009-cu il tarixli 129 saylı Sərəncamına və xx.xx.2013-cü il tarixli 230 nömrəli məktubuna əsasən Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1969-cu məhəllə, X3 küçəsi 56 ünvanda 3 nömrəli evdə yerləşən 3 nömrəli mənzilə tam payda xüsusi mülkiyyət hüququ Cavabdeh1 adına xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə mülki işin materiallarında müəyyən edir ki, İddiaçı ilə Cavabdeh1 28 avqust 1997-ci il tarixdə rəsmi nikah bağlamışdır. Birgə nikahdan 29 avqust 2006-cı il təvəllüdlü qızları Fatimə və 26 iyul 2009-cu il təvəllüdlü qızları Şəms anadan olmuşdur. Cavabdeh1 nikahın pozulması üçün məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(005)-725/2021 saylı qətnaməsi ilə onların nikahı pozulmuşdur. Cavabdeh2 xx.xx.2009-cu il tarixli, 005996 nömrəli orderlə Cavabdeh1, İddiaçı və onların övladı X1 yaşamaq hüquqları olduğunu müəyyən etmişdir. Verilən bu order əsasında adına order verilmiş şəxsə həmin mənzilə mülkiyyət hüququnu dövlət qeydiyyatına almaq səlahiyyəti verilmişdir. Daha sonra Bakı şəhəri Cavabdeh2 başçısının 24 aprel 2009-cu il tarixli 129 saylı Sərəncamına əsasən Xan Şuşinski küçəsi 1070-1072- 1073-1076 saylı məhəllələrdə yaşayan sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun, “Azevro LAU" MMC tərəfindən A.M.Cümə küçəsi 1969-cu məhəllədə şəhərciyin salınmasına (yaşayış evlərinin tikintisinə) icazə verilmişdir. Sökülmüş evlərin yerində inşa edilmiş yeni binaya tam payda mülkiyyət hüququ “Azevro LAU" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına xx.xx.2010-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Daha sonra Azevro LAU" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Nərimanov rayonu, 1969-cu məhəllə, X3 küçəsi 56 ünvanda 3 nömrəli evdə yerləşən 3 nömrəli mənzili, Bakı şəhəri Cavabdeh2 başçısının 24 aprel 2009-cu il tarixli 129 saylı Sərəncamına və xx.xx.2013-cü il tarixli 230 nömrəli məktubuna əsasən xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsi ilə Cavabdeh1 bağışlamışdır. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, həmin bağışlama müqaviləsinin və onun əsasında cavabdehə verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf də öz ərizəsində tərəflərin 28 avqust 1997-ci il tarixdə rəsmi nikah bağladıqlarını və Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(005)-725/2021 saylı qətnaməsi ilə onların nikahının pozulduğunu qeyd edir. Belə ki bu işin mübahisəsiz halıdır. “Azevro LAU" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın tikilişindən öncə tərəflərin yaşadığı evdə onların yaşamaq hüququ olduğunu təsdiq edən Cavabdeh2in orderi 2009-cu il tarixlidir. Göründüyü kimi Cavabdeh2 tərəfindən order tərəflərin birgə nikahda olduqları dövrdə verilmişdir. Bu hal orderdə göstərilmiş ailə tərkibindən də öz təsdiqini tapır. Lakin həmin evin sökülərək yerində inşa edilmiş yeni binada yerləşən mənzil onu inşa edən “Azevro LAU" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh1 “bağışlanılmışdır”. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir. Halbuki sözügedən mənzilə mülkiyyət hüququ “Azyevro LAU" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ola bilməzdi. Belə ki, Cəmiyyətə Xan Şuşinski küçəsi 1070-1072-1073-1076 saylı məhəllələrdə yaşayan sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun, “Azevro LAU" MMC tərəfindən A.M.Cümə küçəsi 1969-cu məhəllədə şəhərciyin salınmasına (yaşayış evlərinin tikintisinə) icazə verilmişdir, yəni yeni binanın tikilişi həmin ərazidə yaşayan sakinlərə məxsus olan köhnə tikililərin sökülməsi ilə bağlı olmuşdur. “Azevro LAU" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olmayan mənzili digər şəxslərə bağışlaya bilməzdi. Eyni zamanda iş materiallarında olan bağışlama müqaviləsindən formal olaraq Cavabdeh1 sözügedən mənzili əvəzsiz əldə etdiyi görünsə də, həmin mənzil birgə nikah dövründə əldə edilmiş əmlakın sökülməsi nəticəsində əvəzli olaraq mülkiyyətə verilmişdir. Yuxarıda qeyd edilənlər nə bağışlama müqaviləsinin tərəfləri, nə də mahiyyəti baxımından qanunvericiliyin tələblərinə cavab vermədiyindən məhkəmə hesab edir ki həmin müqavilə etibarsız hesab edilməlidir. Eyni zamanda həmin müqavilə əsasında Cavabdeh1 mülkiyyət hüququnun keçməsini təsdiq edən çıxarış da etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlə Cavabdeh1 arasında, Bakı şəhəri X3 küçəsi, 1969-cu məhəllə, 3 saylı evin 3 saylı mənzilə dair 14 may 2013-cü il tarixli bağışlama müqaviləsi və Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarış etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlə Cavabdeh1 arasında bağlanmış, Bakı şəhəri X3 küçəsi, 1969-cu məhəllə, 3 saylı evin 3 saylı mənzilə dair 14 may 2013-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlə Cavabdeh1 arasında bağlanmış, Bakı şəhəri X3 küçəsi, 1969-cu məhəllə, 3 saylı evin 3 saylı mənzilə dair 14 may 2013-cü il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatlar və həmin qeydiyyatlara dair verilmiş çıxarışlar ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-220/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-220/2022
01.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver