Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2217/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İB-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və qanunsuz hesablanmış qaz borcunun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı AKT-ın ləğv edilməsi və bu akt əsasında hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borcun əsassız olduğu üçün silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Yaşadığı dövrdən qaz paylayıcısı adlandırılan qrumla onun arasında qaz alqı-satqısı barədə müqavilə bağlanaraq qaz sayğacı onun adına sənədləşdirilmişdir. Həmin ünvanda yaşadığı dövrdə qazdan istifadə etmək üçün pul məbləğini Smart karta yükləyib qaz sayğacının mexaniki hissəsində olan hesablayıa mexanizmə köçürülən qazdan istifadə etmişdir. Smart karta ödədiyi məbləğ qurtardıqda avtomatik olaraq mənzilinə gələn qaz dayanıb və yenidən pul yüklədikdə qazdan istifadə mümkün olmuşdur. Yəni indiyə kimi heç bir problem yaşanmamışdır. 31 mart 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azəriqaz İB-nin əməkdaşları tərəfindən aparılan Sayğaclara baxış zamanı Akt tərtib edilmiş və həmin aktda qeyd edilmişdir ki, sayğaca baxış keçirilmiş və həmin sayğacda deşik aşkarlanmışdır. Bununla bağlı X3 əməkdaşları tərəfindən 31 mart 2022-ci il tarixində ******* saylı Akt tərtib edilmişdir. İddiaçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğacın üzərində olan plomb zədələnməmiş vəziyyətdə idi. Qeyd edilən Akta əsasən ona ümumilikdə 518 manat 40 qəpik manat qaz borcu hesablanmışdır. Lakin sonradan hər ay ödədiyi ödənişlərdən tutulma olduqdan sonra ona məlum olmuşdur ki, cavabdeh qurum əsassız olaraq borc hesablamışdır. Dəfələrlə həmin quruma müraciət etmiş, bildirmişdir ki, həmin sayğaca hər hansı müdaxilə varsa onun məsuliyyəti iddiaçıda deyil. Buna görə də, X5 tərəfindən hesablanmış qaz borcu qanunsuz hesablanmışdır və həmin borc silinməlidir. 21 aprel 2022-ci il tarixdə ona qaz sayğacının yoxlanılması barədə 29/1710-01409-1 saylı 19 aprel 2022-ci il tarixli AKT təqdim edilmişdir. Sayğacın ekspertizada yoxlanılması iddiaçının iştirakı ilə keçirilməmişdir. Sayğac cavabdehin əməkdaşları tərəfindən sökülüb aparılmış və yenisi ilə əvəzləşdirilmişdir. İddiaçı tərəf məhkəmə iclasında məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş qaz sərfiyyatına dair saldodan da görünür ki, aylar üzrə tərəfimizdən smart kart vasitəsi ilə yüklənmiş məbləğə uyğun qaz sərfiyyatı olmuşdur. Bundan başqa Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi tərəfindən sayğaca baxış keçirilməsi iddiaçının iştirakı ilə keçirilmədən akt tərtib edilmiş və qaz sayğacının çıxış plastmas borusunun deşildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsinin verilmiş suala cavab olaraq bildirdiyi kimi sayğacın müayinəsi zamanı bizim iştirakımız təmin olunmalı idi. Buna baxmayaraq sayğaca baxış keçirilməsi zamanı bizə rəsmi və qeyri-rəsmi məlumat verilməmişdir. Tərtib edilmiş aktdan da göründüyü kimi qaz sayğacının üzərində plomb zədələnməmişdir. Belə olan halda qaz sayğacının daxilində olan çıxış borusunda plomb zədələnmədən necə deşik açmaq olar? Göründüyü kimi cavabdeh əsassız olaraq İddiaçı barəsində 31 mart 2022-ci il tarixli, ******* saylı Akt tərtib etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, yazılı etiraz təqdim edərək, bildirmişdir ki, İddia ərizəsinin məzmunundan da göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən sayğacın çıxış plastmas borusununun deşildiyi müəyyyən edilmiş, nəticədə istismara yararsız hesab edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə Azərbaycan Metrologiya institutunun nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2022-ci il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X7”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00381 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır, buna görə də, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00381 olan İddiaçı qeydiyyata alınmışdır və ailə tərkibi 3 nəfərdən ibarətdir. Həmin ünvanda 4 gözlü qaz plitələri “PQ-4“ (1/1) Samovar (1/1) xx.xx.2022-ci il tarixdən isə “ZENNER G4T” Smart tipli qaz sayğacı quraşdırılmışdır. (sayğac nömrəsi **********874) İş materiallarına əlavə edilən Cavabdeh İB-nin ******* saylı 21 aprel 2021-ci il tarixli aktı ilə müəyyən edilir ki, istehlakçı İddiaçı məxsus məişət qaz sayğaclarının yoxlanılması laboratoriyasına aparılmış G4 markalı qaz sayğacına baxış keçirilmiş və «29/1710-01409-1 rəyə əsasən sayğacın çıxış plasmas borusu deşilib. Dəymiş ziyan hesablansın» göstərilmişdir. İş materiallarına əlavə edilən Cavabdeh İB-nin ******* saylı xx.xx.2022-ci il tarixli aktı ilə müəyyən edilir ki, istehlakçı İddiaçı məxsus G-4 markalı Smart tipli qaz sayğacına baxış keçirilmiş və «sayğacın çıxış borusunda dəlik aşkar edildi» aşkar edilmiş, sayğacın yenisi ilə əvəz edilməsi müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2022ci il tarixli aktı ilə dəymiş ziyanın həcmi 4320 m3 hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Həmin vaxt, yəni qaz sayğacı dəyişdirildikdən sonra sayğacda qüsur olması aşkar edilmiş və akt tərtib olunmaqla 4320 m3 qaz itkisi olması qeyd olunmaqla iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X7”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmənin qənaətinə görə Cavabdeh İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan sayğacın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən mötəbər sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının təqsiri olmadan borc hesablandığından, sayğacın yararsız vəziyyətə düşməsində iddiaçının təqsirinin olması sübut olunmadığından cavabdeh tərəfindən akt tərtib edilməklə 4320 m3 qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Buna görə də, məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq borc hesablandığından Cavabdeh tərtib etdiyi xx.xx.2022-ci il tarixli ******* saylı akt ləğv edilməli, ünvan 2 saylı mənzildə yerləşən sayğaca (sayğac “ZENNER G4T” Smart tipli **********874) əsassız olaraq hesablanmış 518.40 manat cərimə borc silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ******* saylı Akt ləğv edilsin. ünvan 2 ünvanına quraşdırılmış sayğaca qaz sərfinə görə hesablanmış (Abonent kodu **********00381) 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat cərimə borcu silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2217/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2217/2022
13.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver