Məhkəmə qərarları › İş №2(005)-222/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-222/2022

02.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-222/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil-Tikinti Kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsində Cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsinin (kafenin) cavabdehin hesabına sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 166 nömrəli sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektlərinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerlərində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin aparılması İddiaçı Mənzil-Tikinti Kooperativinə həvalə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/243 nömrəli “Ayrıc aktı” ilə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi nəzərdə tutulmuş sahənin hüdudları müəyyən edilmişdir. Tərəflərindən hazırkı vaxta kimi qeyd olunan ərazidə yerləşən bir sıra yaşayış və qeyriyaşayış obyektləri hüquqmüəyyənedici sənədlər əsasında qanuni sahiblərindən alınaraq sökülmüş, onların yerində yeni və müasir yüksəkmərtəbəli binalar inşa edilmiş, ərazi abadlaşdırılmışdır. Hal-hazırda İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 166 nömrəli sərəncamının icrası ilə bağlı görülən işlər çərçivəsində həmin ərazidə yerləşən və sahiblərindən satın alınmış digər yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və həmin sahələrin kommunal təchizatlarının kəsilməsi istiqamətində işlər aparılır. Son vaxtlar Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 166 nömrəli sərəncamı ilə əhatə olunan ərazidə yerləşən bəzi yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçilərinin qanunsuz hərəkətləri nəticəsində tərəflərindən aparılan işlərə maneələr yaradılmağa başlanmışdır. Bəzi sakinlər tərəfindən özbaşına tikinti işlərinin aparılması, piyadalar üçün nəzərdə tutulmuş yolların zəbt edilməsi, evlərin təyinatının özbaşına dəyişdirilməsi və s. bu kimi hallar ciddi qanun pozuntusunu səbəb olmaqla yanaşı, qeyd etdikləri kimi qanuni fəaliyyətlərinə problemlər yaratmışdır. Hazırkı iddia ərizəsi üzrə cavabdeh Quliyeva X11 rayonu Xan Şuşinski küçəsində piyadalar üçün nəzərdə tutulmuş səkinin bir hissəsini zəbt edərək orada özbaşına iaşə obyekti (kafe-restoran) inşa etmişdir. Dəfələrlə cavabdehin həyat yoldaşı X2 qanunsuz hərəkətlərinə son qoyulması, özbaşına tikilini sökərək ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi tələb edilsə də, heç bir nəticə əldə edilməmişdir. İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinə dair şikayət ərizəsi ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edilmişdir. Nərimanov Rayon Polis İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, şikayətlə əlaqədar sənədlər əldə edilmiş və cavabdehin həyat yoldaşı X2 izahat alınmışdır. Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 36 ünvanında yerləşən ümumi sahəsi 36,50 kv.metr olan 9 saylı mənzil Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ ilə 06 fevral 2020-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən Xan Şuşinski küçəsinin piyada yolunun bir hissəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd və ya həmin qeyri-yaşayış sahəsinin tikintisinə aidiyyəti orqanların icazə sənədi təqdim olunmamışdır. Əlavə olaraq cavabdehin həyat yoldaşı X10 izahatında həmin qeyri-yaşayış sahəsinin (obyektin) həyat yoldaşına məxsus olduğunu, həmin qeyri-yaşayış sahəsinin kafe kimi fəaliyyət göstərdiyini bildirmişdir. Beləliklə müəyyən olunur ki, cavabdeh ona məxsus olmayan torpaq sahəsini zəbt edərək orada qanunvericiliklə tələb olunan icazə sənədləri olmadan özbaşına tikili inşa etmişdir. Məhkəmə iclasında İddiaçı Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, İddiaçı Mənzil-Tikinti Kooperativinin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinki küçəsində yerləşən daşınmaz əmlakların sökülməsi ilə bağlı iddiaçıya hər hansı səlahiyyət verilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 01 noyabr 2022-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək, üzürlü səbəbdən həmin tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etmədiyi üçün məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinin direktoru Rauf Məmmədova ünvanlanmış 078-18010M-3271 nömrəli 30 iyul 2021-ci il tarixli məktubdan görünür ki, 02 iyul 2021-ci il tarixdə vətəndaş X10 barəsində Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış müraciət qanunvericiliyə müvafiq olaraq araşdırılmış, müraciətin mülki xarakterli olduğu müəyyən olunmuşdur. Müraciətlə bağlı gələcəkdə mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. Həmin müraciət əsasında aparılmış araşdırma zamanı X10 izahatında bildirmişdir ki, o və ailə üzvləri tərəfindən Nərimanov rayonu Xan Şuşinski küçəsində hər hansı qanunsuz tikinti aparılmamış, piyada üçün nəzərdə tutulmuş yola heç bir müdaxilə olunmamış, sadəcə olaraq abadlaşdırma işləri aparılmış, onlara məxsus ərazidə səliqə-səhman yaradılmışdır. Onlara məxsus yaşayış sahəsində ailənin dolanışığı ilə bağlı kafe fəaliyyətini bərpa etmişdir. Hal-hazırda ailənin maddi durumunu həmin obyekt tərəfindən tənzimləyir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 36 ünvanında yerləşən, sahəsi 36,50 kv.m olan 9 nömrəli mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının layihələndirilməsi haqqında” 166 nömrəli 15 aprel 2014-cü il tarixli sərəncamına əsasən:

1. İddiaçı Mənzil-Tikinti Kooperativinin 10 aprel 2014-cü il tarixli 01 saylı müraciətini nəzərə alaraq, Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilsin. 1.1. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən həll edilsin.

2. Sifarişçiyə tapşırılsın: 2.1. Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etmək və həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etmək. 2.2. Sahəni yerində qəbul etmək, onun sanitar vəziyyətinə nəzarət etmək. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/243 nömrəli ayrıc aktından görünür ki, İddiaçı Mənzil-Tikinti Kooperativinə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 166 nömrəli 15 aprel 2014-cü il tarixli sərəncamı ilə Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədi ilə cizgidə göstərilən sərhədlər daxilində 1.2509 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı Mənzil-Tikinti Kooperativi 22 fevral 2006-cı il tarixdə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********06 nömrəli 10 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh adına Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi ev 36, 9 saylı mənzilə dair texniki pasportun tərtib edilməsi haqqında məlumat (sənəd) arxiv qovluğunda aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********48 nömrəli 05 oktyabr 2022-ci il tarixli məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi ev 36, 6 otaqlı 9 saylı mənzil ilkin olaraq 06 sentyabr 1997-ci il tarixdə X12 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 21 saylı DNK-nın 06 sentyabr 1997-ci il tarixli 3MA-572 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin 3 otağı X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 42 saylı DNK-nın 05 noyabr 1997-ci il tarixli 3MA-144 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X18 özünə məxsus 3 otağı X5 bağışlamışdır. Nərimanov Rayon İcra Hakimiyyətinin 114 nömrəli 12 mart 2003-cü il tarixli sərəncamına və 700 nömrəli 08 noyabr 2004-cü il tarixli sərəncamına əsasən A.V.Ələkbərovaya məxsus mənzilin yaşayış sahəsi 96,9 kv.m, köməkçi sahəsi 107,55 kv.m olmaqla 7 otaqlı hesab edilmişdir. Həmin sərəncamlara, eyni zamanda ailə üzvlərinin razılıq ərizələrinə və forma-2 arayışına əsasən 04 yanvar 2005-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 11 oktyabr 2008-ci il tarixli 2V-1-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 3 otaq (36,5 kv.m) X4 adına qeydiyyatdan keçmişdir. Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin 547 nömrəli 29 dekabr 2017-ci il tarixli sərəncamına əsasən 7 otaqlı olan mənzilin təyinatı dəyişdirilmiş və qeyri-yaşayış sahəsinə keçirilmişdir. 17 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 54 saylı DNK-da 8İ-6325 reyestr nömrəsi ilə təsdiqlənmiş bölgü sxeminə əsasən 3 otaqlı mənzil X6 və qeyri-yaşayış sahəsi X5 bölünmüşdür. Bakı şəhəri 54 saylı DNK-nın 2V-49 reyestr nömrəli 10 oktyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi X13 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin, Bakı şəhəri 54 saylı DNKnın 4Ə-28 reyestr nömrəli 17 yanvar 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən X9 3 otaqlı (36,5 kv.m) mənzili Cavabdeh bağışlamışdır və 06 fevral 2020-ci il tarixdə qeydiyyatdan keçmişdir, hazırda da sonuncunun mülkiyyətindədir. 04 noyabr 2021-ci il tarixli yerli baxış zamanı müəyyən edildi ki, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsində cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsi kafe kimi fəaliyyət göstərir. Həmin evin qarşısında artırma vardır və sahəyə daxil olduqdan sonra evdən həyətə qapı açılır. “X8” MMC-nin 295 nömrəli 17 dekabr 2021-ci il tarixli rəyinə əsasən birinci sual üzrə rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş materialları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın faktiki (naturada) ümumi sahəsinin 169,18 kv.m təşkil etdiyi, əmlakın “Tut Ağacı” adı altında yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi olduğu və tədqiq olunan əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən 132,68 kv.m artıq olduğu müəyyən edilir. Tədqiq olunan əmlakın ilkin vəziyyətini əks etdirən texniki pasportu ekspertiza tədqiqatına təqdim olunmadığına görə həmin əmlakın ilkin vəziyyəti ilə mövcud vəziyyətini müqayisə edib mübahisəli əmlakın sənəd üzrə 36,5 kv.m-dən artıq olan sahənin (tikililərin) əmlakın hansı hissəsində sonradan əlavə olaraq inşa olunmasını müəyyən etmək texniki baxımdan mümkün olmadı. İkinci sual üzrə: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın və həmin əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan 129,46 kv.m hissəsinin faktiki olaraq Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin hüdudları ilə toqquşduğu müəyyən edilir. Sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan və mübahisəli əmlaka bitişik vəziyyətdə yerləşən, ümumi sahəsi 39,72 kv.m olan sahənin (həmin sahəyə 28,89 kv.m-lik həyət, həyətin daxilindəki 9,03 kv.m-lik mətbəx və 1,80 kv.m-lik sanitar qovşağı daxildir) İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin hüdudlarından kənar, faktiki olaraq M.Sənani küçəsi tərəfdə, piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun (səki) üzərinə düşdüyü müəyyən edilir. Ekspertiza xərci 400 manat iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Mərkəzin bank hesabına ödənilmişdir. Qeyd edilən ekspert rəyi məhkəmə iclasında həmin ekspertizanı həyata keçirmiş “X8” MMC-nin tikinti-texniki eksperti X7 iştirakı ilə tədqiq olunmuş və X14 məhkəməyə bildirmişdir ki, sxemin fotoşəkilindən də göründüyü kimi 1.2509 ha torpaq sahəsi sərəncam vasitəsi ilə İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmişdir. Cavabdehə faktiki sahəsi 169,18 kv.m təşkil edən Bakı şəhəri Nərimanov rayonu X.Şuşinski küçəsi 36 mənzil 9 məxsusdur. Həmin sahənin 129,46 kv.m sahəsi İddiaçı Mənzil-Tikinti Kooperativinə məxsus olan qeyri-yaşayış sahəsinin hüdudları ilə toqquşur. Belə ki, qərardadda sual olaraq toqquşub-toqquşmaması qoyulduğundan o, toqquşur kimi qeyd etmək məcburiyyətində qalmışdır. O, toqquşur dedikdə, həmin hissənin İddiaçı Mənzil-Tikinti Kooperativinin hüdudları daxilinə düşdüyünü nəzərdə tutmuşdur. Eyni zamanda, mübahisəli əmlaka bitişik vəziyyətdə yerləşən, ümumi sahəsi 39,72 kv.m olan sahə piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun (səki) üzərinə düşür. Məhkəmənin 2(005)-222/2022 nömrəli 13 yanvar 2022-ci il tarixli qərardadına əsasən əlavə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X8” MMC-nə tapşırılmışdır. “X8” MMC-nin 18 nömrəli 30 iyun 2022-ci il tarixli rəyinə əsasən qərardadın birinci və ikinci sualları üzrə: rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş materialları və ilkin baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın faktiki (naturada) ümumi sahəsinin 169,18 kv.m təşkil etdiyi, əmlakın “Tut Ağacı” adı altında yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi olduğu və tədqiq olunan əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən 132,68 kv.m artıq olduğu müəyyən edilir. Tədqiq olunan əmlakın ilkin vəziyyətini əks etdirən texniki pasportun tədqiq edilməsi mümkün olmadığına görə həmin əmlakın ilkin vəziyyəti ilə mövcud vəziyyətini müqayisə edib mübahisəli əmlakın sənəd üzrə 36,5 kv.m-dən artıq olan sahənin (tikililərin) əmlakın hansı hissəsində sonradan əlavə olaraq inşa olunmasını müəyyən etmək texniki baxımdan mümkün deyildir. Qərardadın üçüncü sualı üzrə: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın və həmin əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan 129,46 kv.m hissəsinin faktiki olaraq Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə İddiaçı Mənzil- Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin (ayrıc aktı əsasında İddiaçı Mənzil-Tikinti Kooperativinə verilmiş 1.2509 ha torpaq sahəsi şimaldan səki və M.Sənani küçəsi ilə, şərqdən elektrik yarımstansiyası, 9 mərtəbəli yaşayış binaları və Azadlıq prospekti ilə, cənubdan səki və N.Yusifbəyli küçəsi ilə, qərbdən isə səki, X.Şuşinski küçəsi və 7 mərtəbəli bina ilə həmsərhəddir) hüdudları ilə üst-üstə düşdüyü müəyyən edilir. Sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan və mübahisəli əmlaka bitişik vəziyyətdə yerləşən, ümumi sahəsi 39,72 kv.m olan sahənin (həmin sahəyə 28,89 kv.m-lik həyət, həyətin daxilindəki 9,03 kv.m-lik mətbəx və 1,80 kv.m-lik sanitar qovşağı daxildir) İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin hüdudlarından (sərhədlərindən) kənar, faktiki olaraq M.Sənani küçəsi tərəfdə, piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun (səki) üzərinə düşdüyü müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Məhkəmə-tikinti ekspertizası üzrə tərtib edilmiş mütəxəssis rəyinə sübut növü kimi qiymət verərkən məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 36 ünvanında yerləşən 9 nömrəli mənzilin ümumi sahəsi 06 fevral 2020-ci il tarixli çıxarışa əsasən 36,50 kv.m, faktikinaturada isə 169,18 kv.m-dir. Qeyd olunan daşınmaz əmlakın 132,68 kv.m hissəsində cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan tikili inşa edilmiş və yeməkxana kimi fəaliyyət göstərir. Məhkəmənin mövqeyinə görə mübahisəli tikili özbaşına tikinti sayılır. Belə ki, o, müvafiq sənədləşmə olmadan tikilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 18 nömrəli 30 iyun 2022-ci il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın faktiki (naturada) ümumi sahəsi 169,18 kv.m təşkil etməklə, həmin əmlakın sahəsi sənəd üzrə nəzərdə tutulmuş sahədən 132,68 kv.m artıqdır. Bundan başqa, Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın və həmin əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq 129,46 kv.m hissəsi faktiki olaraq Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd olunan daşınmaz əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq 39,72 kv.m hissəsi isə İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin hüdudlarından (sərhədlərindən) kənarda yerləşir. Beləliklə müəyyən edilir ki, cavabdehə məxsus həm sənəd üzrə həm də sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan sahənin cəmi ölçüsü 129,46 kv.metr təşkil edir. Belə olan təqdirdə iddiaçının sökülməsini tələb etdiyi qanunsuz tikilinin 92,96 kv.m sahəsi İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin hüdudlarında yerləşir. (129,46-36,5=92,96) Məhkəmə hesab edir ki, mütəxəssisin gəldiyi nəticələr əsas götürülməklə, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsində, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan inşa edilmiş sahəsi 92,96 kv.m olan qanunsuz tikintinin cavabdehin hesabına sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 160 nömrəli 04 sentyabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunmalı və müvafiq qaydada tikinti işlərinin icrasına başlanmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 24.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 27.5-ci maddəsinə əsasən, yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsində Cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan inşa edilmiş sahəsi 132,68 kv.m olan qanunsuz tikintinin 39,72 kv.m (132,68-92,96) hissəsi İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin hüdudlarından (sərhədlərindən) kənarda yerləşdiyindən, iddiaçının həmin qanunsuz tikintinin 39,72 kv.m hissəsinin cavabdehin hesabına sökülməsini və ərazinin ilkin vəziyyətinin bərpa edilməsini tələb etməkdə subyektiv hüququ yoxdur. Ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsində, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan inşa edilmiş sahəsi 92,96 kv.m olan qanunsuz qeyri-yaşayış sahəsi cavabdehin hesabına sökülməli və ərazinin ilkin vəziyyəti bərpa edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və “X8” MMC-nin bank hesabına ödənilmiş 400 (dörd yüz) manat ekspertiza xərci Cavabdeh İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsində, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan inşa edilmiş sahəsi 92,96 kv.m olan qanunsuz qeyri-yaşayış sahəsi cavabdehin hesabına sökülsün və ərazinin ilkin vəziyyəti bərpa edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və “X8” MMC-nin bank hesabına ödənilmiş 400 (dörd yüz) manat ekspertiza xərci Cavabdeh İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar