Məhkəmə qərarları › İş №2(005)-2227/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2227/2023

10.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2227/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 3 saylı Notariat ofisinə qarşı iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı, kəsici müddət) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 3 saylı Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 3 saylı Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras qalmış daşınmaz əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 may 2021-ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat ofisində X12 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-297 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlama müqaviləsinin (əqdi) etibarsız hesab edilməsini, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ev 108 ünvanında yerləşən, ümumi sahəsi 49,80 m2 qeyri-yaşayış sahəsinə öz pay almaq hüququnun müəyyən edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atasının adına olan Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ev 108-də yerləşən, ümumi sahəsi 49,80 m2 olan qeyri-yaşayış sahəsi qanunsuz yollarla 3 saylı Notariat ofisində əmisi X12 ilə babası Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinə əsasən babası Cavabdeh2 adına rəsmiləşdirilmişdir. X27 atasının ona verdiyi etibarnamə əsasında həmin müqaviləni atası Əsədov Azadın adından bağlamışdır. Müqavilə 3 saylı Notariat ofisində xx.xx.2021-ci il tarixdə 4Ə-297 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Halbuki, atası X13 15 may 2021ci ildə Bakı şəhərində ölmüşdür. Onun ölümündən 12 gün sonra bu əqd bağlanmışdır ki, bu da Mülki Məcəllənin 365.1.7-ci maddəsinin tələblərinə ziddir. Belə ki, həmin maddəyə görə «Etibarnaməni vermiş fiziki şəxsin ölməsi həmin etibarnamənin qüvvədən düşməsinə və bunun nəticəsində etibarnaməyə xitam verilməsi ilə nəticələnir». Qanunun bu müddəaları onu deməyə əsas verir ki, həmin əqd etibarsızdır və onun yaratdığı hüquqi nəticələr ləğv olunmalıdır. İddiaçı xx.xx.2000-ci ildə anadan olmuşdur və valideynlərinin yeganə övladıdır. Həmin daşınmaz əmlak üzərində miras qalmış əmlakdan pay almaq hüququ var və qanun üzrə birinci növbəli vərəsədir. Atasından miras qalmış daşınmaz əmlakdan qanun üzrə birinci növbəli pay almaq hüquqlarına malikdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə idda tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 27 may 2021-ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat ofisində X12 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-297 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlama müqaviləsinin (əqdi) etibarsız hesab edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçının və nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı Əsəd oğlu X5 doğma övladıdır. Valideynlər arasında bağlanmış nikah pozulmuşdur və X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun adından qardaşına verilmiş etibarnamə əsasında xx.xx.2021-ci il tarixdə qardaşı Əsədov Azər qardaşının adına olan Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsini etibarnamə əsasında atası Cavabdeh2 adına rəsmiləşdirmişdir. Azərbaycan Respublikası MPM-nin 365.1.7-ci maddəsinin tələbinə görə etibarnaməni vermiş fiziki şəxsin ölməsi həmin etibarnamənin qüvvədən düşməklə həmin etibarnaməyə xitam verilməsi ilə nəticələnir. İş üzrə iddia müddəti isə ötürülməmişdir. Belə ki, 2022-ci ilin dekabr ayında sorğuya cavab məktubu aldıqdan sonra bu məsələdən məlumatları olmuşdur. Həmin daşınmaz əmlak cavabdehə məxsus olub, lakin oğlunun adına rəsmiləşdirilib. Həmin əmlaklarla bağlı məlumatı şəxs özü Asan Xidmət və məhkəmə vasitəsilə əldə etmişdir. Sorğu verilib və həmin vaxt Nərimanov rayonunda yerləşən daşınmaz əmlak barədə məlumat verilib. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, etibarsızlıqla bağlı Mülki Məcəllənin bir tələbi var və orada qeyd olunur ki, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il Qərarında qeyd olunub ki, Mülki Məcəllənin 37.2-ci maddəsinə uyğun olaraq mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə mübahisə yaranarsa tərəflər məhkəmyə müraciət edə bilər. Qarşı tərəfin həmin iradə ifadəsi cavabdehə bildirilməyib. Digər məqam kəsici müddətlərlə bağlıdır. Orada bir illik müddət nəzərdə tutulur, yəni tərəf hüquqlarının pozulmasını bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilərdi. Kəsici müddətlər bir ildir və onun başlanması şəxsin hüququ pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Müqavilə xx.xx.2021-ci ildə bağlanılıb, iddia ərizəsi isə xx.xx.2023-cü ildə verilib. Hazırda şəxsin bildiyi yox, bilməli olduğu vaxt tətbiq olunmalıdır. Həmin ölən şəxsin miras əmlaklarını iddiaçı 1/3 payda almışdır və əvvəlki məhkəmə iclasında sual verəndə bildirdilər ki, vəkil sorğusu əsasında müəyyən olunmuşdur ki, həmin şəxsin iki əmlakı olub və onlara aid 1/3 payı qəbul ediblər. Eyni zamanda digər məhkəmə işində şəxs vəfat etdikdə icra qurumunda varislər müəyyən edilməli idi. Həmin vaxt iddiaçı bildirdi ki, varisdir və ona borcludan ödənilən məbləğin 1/3 hissəsindən pay müəyyən olundu. Şəxsin niyyəti digər vərəsələri məhrum etmək olsaydı, bu əmlakları da ələ keçirərdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri 3 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsiinin üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Bakı şəhəri 3 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: - Nəsimi rayon qeydiyyat şöbəsi tərərfindən verilmiş AZ-İV seriyalı 568123 saylı şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci ildə anadan olmuşdur. Onun atası X13, anası X4r. - Bakı şəhər Səbail rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 075201 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X14 və X6 arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə 05 aprel 2008-ci il tarixdə 44 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,8 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdən X5 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. - 28 noyabr 2019-cu il tarixli AR-İ № 923117 saylı etibarnamədən görünür ki, X13 etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi etibar edilən X9 etibar etmişdir. Etibarnamə 30 il müddətinə - xx.xx.2049-cu il tarixədək verilmişdir. - Nərimanov rayon qeydiyyat şöbəsi tərərfindən verilmiş AZ-İİ seriyalı 199327 saylı ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə xx.xx.2021-ci il tarixdə 635 № ilə qeyd edilmişdir. - xx.xx.2021-ci il tarixdə X13 ilə Cavabdeh2 arasında bağlanmış və 4Ə-297 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,8 m2 olan qeyri-yaşayış sahəsini hədiyyə alana bağışlamışdır. X1 əvəzinə Bakı şəhəri 3 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə verilmiş 6146 nömrəli etibarnamə əsasında nümayəndəsi X15 tərəfindən imzalanmışdır. - 20 noyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi Cavabdeh2 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 28.9 kv/m, yaşayış sahəsi 16.6 kv/m, 1 otaqlı olan 23 nömrəli mənzildən ibarətdir. - 20 noyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi X11 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 28.9 kv/m, yaşayış sahəsi 16.6 kv/m, 1 otaqlı olan 23 nömrəli mənzildən ibarətdir. - 16 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi Cavabdeh2 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.1 ha torpaq sahəsinin icarə hüququndan ibarətdir. - 16 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi X11 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.1 ha torpaq sahəsinin icarə hüququndan ibarətdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetrsi Publik hüquqi şəxsi tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.1 ha torpaq sahəsi 1/3 hissədə X10, 1/3 hissədə X7, 1/3 hissədə Cavabdeh2 məxsusdur. - Məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1958-ci il təvəllüdlü X17 bildirmişdir ki, Azad ilə qonşu olmuş, 5 nömrəli xəstəxananın yanında eyni həyətdə yaşamışdırlar. Azadın qardaşı da eyni həyətdə yaşayır, atası isə biraz uzaqda yaşayır. Özü pensiyaya çıxdıqdan sonra Azadla dostluq etməyə başlamışdırlar. Azad uzun müddət Rusiyada yaşamışdır, rustəbiətli insan olmuşdur. Atası Abduləli isə müəllim və professordur. Əmlakın Əsədov Azadın adına rəsmiləşdirilməsində notariusda iştirak etmişdir. Belə ki, əmlakın sahibi olmuş Eldar ilə dostdur. Eldar bir əmlakı olduğunu, onu satmaq istədiyini bildirmişdir. Bu barədə Azada demiş, Azad isə bildirmişdir ki, atası ilə məsləhətləşəcəkdir. Bir yerdə atasının yanına getmiş, onunla söhbət etmişdirlər. Sonra onlar bildirmişlər ki, bu barədə 2-3 gün fikirləşəcəklər. Daha sonra ona zəng etmiş, bildirmişdir ki, əmlakı alır və pul verəcəkdir, buna görə onun da şahid kimi iştirak etməyini istəyir. Özü notariusları yaxşı tanıyır. Notariusa Abduləli müəllim ilə birlikdə gəlmişlər. Onun yanında 41000 manat pulu kağız içərisində əvvəlcə dövlətə, sonra isə Eldara vermişdirlər. Pulu Azadın atası vermişdir. Azad heç yerdə işləməmişdir, burada 1 qəpik də olsun qazancı olmamışdır. Hətta özü də pensiyasını aldıqda arada ona köməklik etmişdir. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı atası İddiaçı atası X13 28 noyabr 2019-cu il tarixdə qardaşı X9 etibarnamə verməklə, ona harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi etibar etmişdir. 27 may 2021-ci il tarixdə X13 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən, qeyri-yaşayış sahəsi sonuncuya bağışlanmışdır. X1 əvəzinə yuxarıda qeyd edilən 28 noyabr 2019-cu il tarixli etibarnamə əsasında nümayəndəsi X15 tərəfindən imzalanmışdır. X13 müqavilə bağlanmazdan əvvəl - xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2, X3 Azad Abduləli oğlunun vərəsəsi olmaaqla, ondan qalmış miras əmlaklara pay almışdır. Hazırda iddiaçı hazırda 27 may 2021-ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat ofisində X12 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-297 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlama müqaviləsinin (əqdi) etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. -359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. -362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. -365.1-ci maddəsinə əsasən, etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: -365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; -366.1-ci maddəsinə əsasən, etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. -366.2-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. -366.3-cü maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Göründüyü kimi, mülki qanunvericiliyin tələbinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Etibarnamə təmsilçiliyi üçüncü şəxslər qarşısında rəsmiləşdirən sənəddir. Təmsilçilik isə birtərəfli əqd olmaqla, təmsil edilən şəxs üçün hüquq və vəzifələrinin yaradılmasına, dəyişdirilməsinə və xitam verilməsinə dair təmsilçiyə verilmiş səlahiyyətdir. Lakin etibarnamənin verilməsi, onun verildiyi müddət ərzində etibar edənin hüquqlarının və iradə ifadəsinin məhdudlaşdırılmasına yönəlməməlidir. Bu mənada AR MM-in 365.1-ci maddəsi ilə etibarnamənin qüvvəsinə xitam verilməsi əsasları konkret olaraq göstərilmişdir. Həmin məcəllənin 365.1.7-ci maddəsinə əsasən, etibarnaməni vermiş fiziki şəxsin ölməsi isə etibarnamənin qüvvəsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Ona görə də məhkəmə iddiaçının əqdin etibarsız hesab edilməsi tələbini əsaslı hesab edir. - 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında da qeyd edilir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları ilə formalaşdırılmış hüquqi mövqeyə görə, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarında ilə formalaşdırılmış hüquqi mövqeyə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırki iş üzrə xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, mübahisəli mənzilin bağışlanması həyata keçirərkən mərhum hədiyyə verən qismində X5 adından etibarnamə üzrə nümayəndəsi X12 çıxış etmişdir. Lakin yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə əsasən müqavilə bağlanan vaxtı mülkiyyətçi olan X13 vəfat etdiyindən onun adından verilmiş etibarnamənin də hüquqi qüvvəsi olmamışdır. Belə olan halda X8 mərhum X5 adından bağışlama müqaviləsi bağlamaq hüququ – səlahiyyəti olmamışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2, habelə 3 saylı Notariat X2 xx.xx.2021-ci il tarixdə öldüyünü və etibarnamənin qüvvədən düşdüyünü bildikləri (və ya bilməli olduqları) halda, qanuna zidd olaraq, mübahisəli mənzilə dair bağışlama müqaviləsi bağladığından, vəfat etmiş X5 övladı – varisi İddiaçı bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Belə ki, bağışlama müqaviləsi bağlanarkən qanunla müəyyən edilmiş şərtlərə əməl edilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili iddiaçı tərəfindən kəsici iddia müddətinin ötürüldüyünü bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. - 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarına əsasən, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir... Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Sadalanan maddələrinin dispozisiya şərtlərinin təhlili göstərir ki, qanunverici əqdin əhəmiyyətsiz olmasını əlavə heç bir şərt və hərəkətin olması ilə, o cümlədən müddətin keçməsi ilə şərtləndirməmişdir. Yəni, əhəmiyyətsiz əqd mübahisələndirilib mübahisələndirilməməsindən asılı olmayaraq, özü-özlüyündə əhəmiyyətsizdir və əqdin tərəfləri üçün heç bir hüquq və vəzifələr əmələ gətirmir. Əhəmiyyətsiz əqd özlüyündə etibarsız olduğundan, qanunverici əqdin özünün deyil, onun etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı iddialar üçün müddətin tətbiq edilməsini nəzərdə tutmuşdur. Təsadüfi deyildir ki, etibarsız əqdlər üzrə müddətlər barədə AR MM-nin 354-cü maddəsində də, əhəmiyyətsiz əqdin etibarsızlığının mübahisələndirilməsi deyil, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia müddəti nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında da göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Digər tərəfdən, İddiaçı atası xx.xx.2021-ci il tarixdə vəfat etmiş, etibarsızlığı tələb olunan müqavilə isə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. İddiaçının nümayəndəsi və vəkili 2022-ci ilin dekabr ayında sorğuya cavab məktubu aldıqdan sonra iddiaçının bu məsələdən məlumatı olduğunu bildirmişdir. Həmçinin iş materiallarında olan Bakı şəhəri 3 saylı Notariat ofisinin 05 aprel 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixli sorğusuna əsasən, X13 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə dair notariat işinin surətləri təqdim edilmişdir. İddiaçı hazırki tələblə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə, hazırkı mülki mübahisənin həlli zamanı Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilmiş müddətlərə istinad edilməsi və iddiaçı tərəfindən əqdin etibarsızlığının mübahisələndirilməsi müddətinin ötürülməsi barədə dəlilləri uğurlu hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumun cavabdeh tərəfindən ona ödənilməsinə dair tələbi olmadığından, iddiaçının nümayəndəsi və vəkili tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində X13 ilə Cavabdeh2 arasında bağlanmış və 4Ə-297 № reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməlidir. VI. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində X13 ilə Cavabdeh2 arasında bağlanmış və 4Ə-297 № reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar