Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2228/2023 18.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi və LPO "xxxx" ASC cəlb edilməklə “daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə və maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, YeniGünəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 2, mənzil 29-a dair xx.xx.2018-ci il tarixli, 48 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmə iclasında LPO "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb təqdim etmədən məkhəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən belə qənaətə gəlir ki, iddia tələbi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işi o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Baxılan iş üzrə iddianın predmetini Sumqayıt İcra və Probasiya Şöbəsi və "xxxx" MMC-nin "xxxx" MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, YeniGünəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 2, mənzil 29-a dair xx.xx.2018-ci il tarixli, 48 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə mübahisələndirilən Bakı şəhəri, Suraxanı rayonu, YeniGünəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 2, 29 saylı mənzillə bağlı əvvəllər qiymətləndirmə və hərrac keçirilmişdir. İş üzrə artıq hərrac da yekunlaşıb. İddiaçı hazırda həmin əmlakın qiymətləndirilməsini mübahisələndirir, lakin hərracı mübahisələndirmir. İşdən aydın olur ki, icra məmurunun sifarişi əsasında cavabdeh "xxxx" MMC tərəfindən qiymətləndirilmə keçirilmiş, daha sonra iş üzrə tələbkar LPO "xxxx" ASC hərracın keçirilməsinin dayandırılmasını tələb etmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli 48 saylı əmlakın qiymətləndirilməsi barədə hesabat hazırki mülki iş üzrə özü-özlüyündə hər hansı bir hüquq münasibəti və ya hüquqi nəticə yaratmır. Adı çəkilən hesabat icra məmuru tərəfindən yanlışlıqla sifariş verilmiş, lakin bundan əvvəlki hesabat və hərrac hazırda qüvvədədir, onların əsasında mübahisəli mənzil LPO "xxxx" ASC-nin balansındadır. Hətta hazırda mübahisəli hesabat ləğv edildiyi təqdirdə belə, tərəflər üçün hər hansı nəticələr yaratmayacaqdır. Qeyd edilən halda əvvəlki hesabat və hərracın yekunları barədə protokolun mübahisələndirildiyi təqdirdə hüquqi nəticə yarada bilərdi. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı xx.xx.2023-cü il tarixli 48 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatın mübahisələndirilməsi mülki-prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi və LPO "xxxx" ASC cəlb edilməklə “daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 260.0.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi və LPO "xxxx" ASC cəlb edilməklə “daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2228/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2228/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver