Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2239/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 602296 saylı 11 oktyabr 2023-cü il tarixli aktın etibarsız hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərkən onun formasına və məzmununa və ərazi, məhkəmə aidiyyətinə dair qanunla müəyyən edilmiş zəruri tələblərə riayət olunması iddianın məhkəmədə baxılmasının mümkünlüyü baxımından mühüm şərtlərdən biridir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadən məhkəmə qeyd edir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.(bənd 12) Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.(bənd 13) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi) Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür.(bənd 17) Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, İddiaçı (VÖEN: **********) fərdi qaydada sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı və cavabdeh arasındakı münasibətlər iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Hazırki mübahisəli olan borcun silinməsi iddiaçının həmin qeyri-yaşayış sahəsindən sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmışdır, yəni iddia ərizəsində qeyd edilən qeyri-yaşayış sahəsinin (ofisin) istifadəsindən qazanc əldə edir və vergi ödəyicisi kimi qeydiyyatdadır. Beləliklə, məhkəmədə müəyyən edilir ki, hazırki mübahisənin subyektlərindən biri fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs digər isə kommersiya hüquqi şəxsidir. Göründüyü kimi, hazırki mübahisənin həm subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Kommersiya məhkəmələri başlıca olaraq müxtəlif hüquqi şəxslər, o cümlədən, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər arasında yaranan mübahisələri araşdırır. Burada “hüquqi şəxs” dedikdə, həm müxtəlif dövlət orqanları, həm mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq kommersiya xarakterli qurumlar (şirkətlər, MMC-lər, səhmdar cəmiyyətləri, idarə, müəssisə və təşkilatlar), həm də qeyri-kommersiya təşkilatları (ictimai birliklər, fondlar və s.) başa düşülür. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh ASC arasında yaranmış mübahisəyə (enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisə olduğundan) aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçının hazırki mülki iş üzrə - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etməsi yolverilməzdir. Ona görə də iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra aidiyyət qaydalarına riayət etməklə müvafiq iddia ərizəsi ilə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizə ilə aidiyyət qaydalarına riayət etməklə aiddiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2239/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2239/2024
19.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver