Məhkəmə qərarları › İş №2(005)-2271/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2271/2022

18.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2271/2022 18.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü ildə anadan olmuş X2 Habil oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1966-cı ildə Ermənistan Respublikasının Ararat rayonunun Xalisa kəndində anadan olmuşdur. X2 Habil oğlu xx.xx.2003-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu X3 küç 121, ev 43-də birlikdə yaşayırlar. X2 Habil oğlu İ qrup əlildir. X2 Habil oğlu psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Hal-hazırda onun əqli inkişafı uşaq əqli ilə bərabərdir. Ona gorə də onun qəyyumu kimi təyin olunmaq niyyətindədir. Lakin Nərimanov rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və himayəçilik” daimi Komissiyasından ona şifahi olaraq bildirilmişdir ki, oğlu üzərində qəyyum və ya himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilə. Ona görə də məhkəməyə müraciət etmək müraciətdə qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutları, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına olan; AZ-İ № 401299 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Quliyev Rəvan Habil oğlu xx.xx.2003-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası Quliyev Habil İnşallah oğlu anası isə Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 1415 nömrə ilə qeyd aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komisiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Quliyev Rəvan Habil oğlu sağlamlıq imkanları məhdud 1-ci qrup əlildir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2271/2022 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 2515 nömrəli rəyində Quliyev Rəvan Habil oğlunda ağır dərəcəli əqli gerilik aşkar olunmuşdur. Quliyev Rəvan Habil oğlu öz psixi vəziyyətinə görə öz hərəkətlərini mənasını dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. Quliyev Rəvan Habil oğlu tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Quliyev Rəvan Habil oğlunun onda müəyyən edilən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə müvafiq olaraq, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 2515 nömrəli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, Quliyev Rəvan Habil oğlunun psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2003-cü il təvəllüdlü Quliyev Rəvan Habil oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş Quliyev Rəvan Habil oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar