Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2279/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili X4 və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı X2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə hərracın nəticələrinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə hərracın nəticələrinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-i tərəfindən qəbul edilmiş hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Bankı ASC iddiaçıya qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbləri qismən təmin edilmişdir. Qətnamə ilə iddiaçıdan **********90013 saylı, 05.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 33453.83 manat əsas borc, 10143.74 manat faiz borcu və gecikdirməyə görə 200 manat cərimə, cəmi 43797.57 manat və 30 manat dövlət rüsumu, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu, sənədlərin notarial təsdiqi üçün ödənilmiş 20 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 56 saylı evin, 3 saylı mənzilinin ilkin satış qiyməti 80000 manat müəyyən olunmuş, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi və açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc "xxxx" ASC-nin xeyrinə ödənilməsi, mənzil satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılsın və mənzil boşaldılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, Xətai rayon Məhkəməsinin iş üzrə 03 may 2018-ci il tarixli qətnaməsini ləğv edərək, "xxxx" ASC-nin ilə iddiaçı arasında bağlanan 05.06.2013-cü il tarixli kredit müqaviləsinə iddia qaldırılan gündən, yəni 07.06.2017-ci il tarixdən xitam verilməli və 33.453,83 manat məbləğində əsas borc və kreditdən istifadəyə görə hesablanmış 6.071,66 manat məbləğində faizlərin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 07 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən apelyasiya şikayətləri qismən təmin edilərək, faiz və cərimə borcunun məbləğinin müəyyən edilməsi hissələrində dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən Bakı Apelyasiya Məhkəməsinin 07 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xətai rayon İcra və Probasiya Şöbəsinin 17/74-103195/4k saylı 30.11.2020-ci il tarixli sifariş məktubu ilə Daşmar və Daşınmaz Əmlaklann Satışı üzrə Hərrac Mərkəzi MMC-nə müraciət edərək, iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsində yerləşən 56 saylı evin 3 saylı mənzilə yönəldilməklə, açıq hərracda satılması üçün müraciət etmişdir. Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-i 15 fevral 2021-ci il tarixdə 12/04 saylı X6 təsdiqləmişdi. Cavabdeh Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-ni tərəfindən hərracın keçirilməsi proseduru ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. İddiaçı X2 nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddia ərizəsini əsassız hesab edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları tədqiq edərək, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(0011)-1035/2018 saylı qətnaməsindən müəyyən olunur ki, X1 **********90013 saylı, 05.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 33453.83 manat əsas borc, 10143.74 manat faiz borcu və gecikdirməyə görə 200 manat cərimə, cəmi 43797.57 manat və 30 manat dövlət rüsumu, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu, sənədlərin notarial təsdiqi üçün ödənilmiş 20 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, X3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 56 saylı evin, 3 saylı mənzilinin ilkin satış qiymətinin 80000 manat müəyyən olunması, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi və açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, mənzil satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli 2(103)-1769/2019 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflər arasında bağlanmış 05.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 6071,66 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1738,72 manat məbləğində pulun X1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “hərracın yekunları barədə” 12/04 nömrəli protokoldan görünür ki, X3 məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 56 saylı evin, 3 saylı mənzili, Xətai Rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə ipoteka saxlayan və əldə etmək hüququna malik olan "xxxx" Açıq Səhmdar Cəmiyyətini olmaqla, ilkin hərrac qiyməti 80 000 manat, təkrar hərracda ilkin satış qiyməti 68 000 manat, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı qiymətlə 51 000 manat qiymətlə tələbkar əldə edərək cavabdehlərlə qarşılıqlı mübahisənin həlli üçün məsuliyyət daşıyır. İş materiallarında olan tərəflərə göndərilmiş açıq hərracın keçirilməsinə dair 01 dekabr 2020-ci il tarixli 01 nömrəli bildirişdən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 56 saylı evin, 3 saylı mənzilin ilkin satış qiyməti 80 000 manat təyin olunmuşdur və hərrracın keçiriləcəyi yer və vaxt barəsində məlumat verilmişdir. İş materiallarında olan tərəflərə göndərilmiş açıq hərracın keçirilməsinə dair 29 dekabr 2020-ci il tarixli 02 nömrəli bildirişdən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 56 saylı evin, 3 saylı mənzilin ilkin satış qiyməti 80 000 manat pul məbləğinin 15%-i məbləğində - 68 000 manat təyin olunmuşdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərəflərə göndərilmiş ipoteka predmetinin əldə olunmasına dair təklifdən müəyyən olunur ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74-103195/4k saylı 30.11.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 56 saylı evin, 3 saylı mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 19.01.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 51000 (əlli bir min) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 fevral 2021-ci il tarixli müqavilədən müəyyən olunur ki, alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X3 məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 56 saylı evin, 3 saylı mənzili 51 000 manat ödəməklə almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, iddiaçı X3 hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilmiş, həmçinin hərracın keçirilmə vaxtı və yeri barədə “Birja Yenilikləri” qəzetinin ayrı-ayrı buraxılışlarında elanlar yerləşdirilmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, girov əmlakların hərraca çıxarılması üçün ilkin satış qiyməti məhkəmənin qüvvəyə minmiş qətnaməsində öz əksini tapmışdır. Qətnamə icra edildiyi zaman isə əlavə qiymətləndirmə keçirilmədən, məhkəmə tərəfindən müəyyən edilmiş qiymətlə hərraca çıxarılmışdır. Məhkəmə iddiaçıların dəlillərini və ümumilikdə iddianı əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə hərracın nəticələrinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə hərracın nəticələrinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2279/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2279/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver