Məhkəmə qərarları › İş №2(005)-2284/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2284/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2284/2023 04.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, LPO Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Şəhərində Filialına qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 Saylı Bakı Ərazi İdarəsi, X8 və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Şəhərində Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr., (keçmiş Nobel pr.) ünvanında istifadədə olan 0,0917 ha torpaq sahəsində yerləşən 7 nömrəli 4 mərtəbəli binanın 76,2 kv.m. ümumi sahəsindən ibarət 3 otaqlı 16 nömrəli mənzilinə dair keçirilmiş hərracın yekunları barədə 01 sentyabr 2015-ci il tarixli, 71/02 saylı protokol və hərracın yekunu barədə xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, o cümlədən mənzilə dair Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhəri Filialının adına 09 avqust 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti (indiki 8 Noyabr) ev 7, 16 saylı mənzil əri X4 mülkiyyətindədir. Həmin mənzilin açarları halhazırda da onlardadır. Bu yaxınlarda ona məlum olub ki, həmin mənzil hərrac vasitəsilə “Pakistan Milli Bankı”nın Azərbaycan Respublikası Bakı şəhər Filialının mülkiyyətinə keçmişdir. Həmin hərracın necə və nə vaxt keçirilməsindən onların xəbəri olmamışdır. Abşeron rayon Məhkəməsinin 06 may 2013-cü il tarixli, 2(012)-214/2013 saylı icra vərəqəsinə əsasən əri X3 və X1 24 noyabr 2020-cu il tarixli 154 saylı kredit müqaviləsi üzrə yaranmış 40997,72 manat məbləğində vaxtı keçmiş kredit borcu, 18851,38 manat məbləğində faiz borcu olmaqla, cəmi 59849,10 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq “Pakistan Milli Bankı”nın Azərbaycan Respublikası Bakı şəhər Filialına ödənilməsi, X5 mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr., (keçmiş Nobel pr.) istifadədə olan 0,0917 ha torpaq sahəsində yerləşən 7 nömrəli 4 mərtəbəli binanın 76,2 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 16 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin aşıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına borcun ödənilməsi, mənzilə tutma yönəldilməsi qət edilmişdir. Sözügedən icra vərəqəsi əsasında X4 mülkiyyətində olan mənzil açıq hərraca çıxarılmışdır. Hərrac "xxxx" MMC tərəfindən keçirilmişdir. Hərrac Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında həyata keçirilmişdir. Həmin hərrac qanunun pozulması ilə həyata keçirilmiş və onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Hərracın nəticəsi barədə 01 sentyabr 2015-ci il tarixli, 71/02 saylı protokol və hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə 01 sentyabr 2015-ci il tarixli müqavilə ləğv edilməlidir. Belə ki, hərracda mülkiyyətində olan mənzil real bazar dəyərində çox aşağı qiymətləndirilərək birinci dəfə 105 000 manat, ikinci dəfə isə 89 250 manat müəyyən edilmişdir. Daha sonra 01 sentyabr 2015-ci il tarixdə keçirilən hərracda mənzilin dəyəri 25% aşağı qiymətlə, 66937,50 manata tələbkar “Pakistan Milli Bankı”nın Azərbaycan Respublikası Bakı şəhər Filialına satılmışdır. “Pakistan Milli Bankı”nın Azərbaycan Respublikası Bakı şəhər Filialı mülkiyyətlərində olan mənzilə dair 09 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-dən adına çıxarış almışdır. Keçirilən hərracdan onun xəbəri olmamışdır. Hərrac gizli və sırf cavabdehin maraqlarına uyğun olaraq həyata keçirilmişdir. Bu yaxınlarda mənzilin satılması barədə əmlakçı tərəfindən ona zəng edildikdən sonra mənzilin artıq onların mülkiyyətində olmamasını bilmişdir. Ümumiyyətlə, mülkiyyətlərində olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr., (keçmiş Nobel pr.) ünvanında istifadədə olan 0,0917 ha torpaq sahəsində yerləşən 7 nömrəli 4 mərtəbəli binanın 76,2 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 16 nömrəli mənzilə dair hərrac tam olaraq qanunsuz aparılmışdır. Əmlaka bankın maraqlarına uyğun qiymət qoyulmuş, mənzil hərracda satılarkən onlara təklif olunmamışdır. Hərracın keçirilməsi barədə nə ona, nə də onun ailə üzvlərinə bildiriş göndərilməmişdir. "xxxx" MMC tərəfindən keçirilən hərrac qanunun tələblərinə zidd olaraq həyata keçirilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zəruri qaydada xəbərdar edilmiş cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən onların iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş, eləcə də məhkəmə tərəfindən tələb edilmiş icra işinin materiallarında və 2(005)-4644/2019 saylı mülki iş materiallarında mövcud olan, məhkəmə iclasında tədqiq edilmiş: - Abşeron Rayon Məhkəməsinin 2(012)-214/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, X1 və X3 24 noyabr 2010-cu il tarixli 154 saylı kredit müqaviləsi üzrə yaranmış 40997 manat 72 qəpik məbləğində vaxtı keçmiş kredit borcu, 18851 manat 38 qəpik məbləğində vaxtı keçmiş faiz borcu olmaqla, cəmi 59849 manat 10 qəpik məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq Pakistan Milli Bankının Bakı filialına ödənilməsi, X5 mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Xətai rayonu Neapol prospektində istifadədə olan 0,0917 ha torpaq sahəsində yerləşən 7 nömrəli 4 mərtəbəli binanın 76,2 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 16 nömrəli mənzilinə tutmanın yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir; - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-246/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh X4 şikayəti təmin edilməmiş, iddiaçı Pakistan Milli Bankının Bakı filialının apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin cavabdehlərin mənzildən çıxarılma tələbinin təmin edilməməsi hissəsində qismən ləğv edilməsi, iddianın həmin hissədə qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Neapol prospektində istifadədə olan 0,0917 ha torpaq sahəsində yerləşən 7 nömrəli 4 mərtəbəli binanın 76.2 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 16 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər X8 və X9 tərəfindən tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmələri, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması qət edilmişdir; - Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmurunun sifarişi əsasında "xxxx" MMC tərəfindən mübahisələndirilən mənzilin dəyəri 105000 manat müəyyən edilmişdir; - Açıq hərracın keçirilməsinə dair 01 saylı bildirişin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 7 saylı binanın 16 saylı mənzilinə dair xx.xx.2015-ci il tarixə saat 14:00-a hərrac təyin edilmişdir. Mənzilin ilkin satış qiyməti 105000 manat qeyd edilmişdir; - Açıq hərracın keçirilməsinə dair 02 saylı bildirişin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 7 saylı binanın 16 saylı mənzilinə xx.xx.2015-ci il tarixə saat 14:00-a hərrac təyin edilmişdir. Mənzilin satış qiyməti 89250 manat qeyd edilmişdir; - “Market” qəzetinin xx.xx.2015-ci il tarixli tirajının surətindən görünür ki, “Xətai r, Nobel pr 7 saylı binanın 16 saylı mənzilinə dair xx.xx.2015-ci il tarixinə hərracın təyin edilməsi barədə məlumat dərc edilmişdir; - “Market” qəzetinin xx.xx.2015 və xx.xx.2015-ci il tarixli tirajlarının surətindən görünür ki, “Xətai r, Nobel pr 7 saylı binanın 16 saylı mənzilə dair xx.xx.2015-ci il tarixə təyin edilmiş 1-ci hərrac baş tutmadığından 15% aşağı qiymətlə xx.xx.2015-ci il tarixə açıq hərracın keçirilməsi, xx.xx.2015-ci il tarixli tirajı ilə hərracın baş tutmaması elan edilmişdir; - xx.xx.2015, xx.xx.2015, xx.xx.2015 və xx.xx.2015-ci il tarixlərdə göndərilən məktubların siyahısından görünür ki, X8 və İddiaçı hərraca dair bildirişlər, məlumatlar göndərilmişdir; - Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2015-ci il tarixli müqavilənin və Hərracın yekunları barədə 71/02 saylı protokolun surətindən görünür ki, X5 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 7 saylı evin 16 saylı mənzili tələbkar Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhər filialı 66937,5 manat qiymətlə əldə etmişdir; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan b. 7 m.16 xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə Pakistan Milli Bankının Bakı filialının adına qeydə alınmışdır; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4644/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 iddiası təmin edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 7 nömrəli evin 16 nömrəli mənzili barəsində keçirilmiş hərracın yekunları barədə 01 sentyabr 2015-ci il tarixli, 71/02 nömrəli mənzilə dair protokol və hərracın yekunları barədə xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 7 nömrəli evin 16 nömrəli mənzilinə dair Pakistan Milli Bankının Bakı filialının adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın ləğv edilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1260/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4644/2016 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı X4 hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2139/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1260/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X11 tərəfindən xx.xx.2023-cü il tarixli ərizəyə əsasən Feyzullayev Münasibin krediti üçün ödənilmiş xərclər (5.7% və s.) təyinatı ilə Pakistan Milli Bankı Azərbaycan Respublikası Bakı şəhər filialının hesabına 10000 manat məbləğində pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, X11 tərəfindən xx.xx.2023-cü il tarixli ərizəyə əsasən Feyzullayev Münasibin krediti üçün ödənilmiş xərclər (5.7% və s.) təyinatı ilə Pakistan Milli Bankı Azərbaycan Respublikası Bakı şəhər filialının hesabına 35000 ABŞ dolları məbləğində pul köçürülmüşdür; - Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai rayonu Neapol prospektində yerləşən 7 nömrəli evin 16 saylı mənzilinə dair keçirilən hərraclarla bağlı tələb olunan sənədlərin uzun müddət keçdiyindən məhkəməyə təqdim edilməsi mümkün deyildir; - Pakistan Milli Bankının Bakı Filialının Ləğvedicisinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, LPO Pakistan Milli Bankının Bakı Filialı ilə Quliyev Nasir arasında razılaşma əldə olunmayıb. X5 məxsus olmuş mənzil artıq Bankın mülkiyyətindədir və 10000 manat pul vəsaiti N.Quliyevin ərizəsi əsasında Bank tərəfindən çəkilmiş 5 və 7 faiz borclu tərəfindən ödənilməli olan icra xərclərinin əvəzi kimi ödənilib. Hazırda Bankın Baş Ofisinin 35000 ABŞ dolları və 10000 manat əvəzində mənzilin qaytarılmasına icazə gözlənilir. N.Quliyev istənilən vaxt banka müraciət edərək qeyd olunmuş məbləğləri geri çəkə bilər. Bankın Baş Ofisi tərəfindən imtina gəldiyi halda həmin pul vəsaitləri dərhal N.Quliyevə qaytarılacaqdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Xətai rayonu, Nobel pr. ünvanında yerləşən 7 saylı binanın 16 saylı mənzili İddiaçı əri X4 mülkiyyətində olmuş, həmin ev kredit borcunun təminatı olaraq xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən X8 tərəfindən ipoteka ilə yüklü edilmiş, sözügedən kredit borcu ödənilmədiyindən məhkəmə qətnaməsi ilə evə tutma yönəldilmiş, icra məmuru tərəfindən mənzilin qiymətləndirilməsi həyata keçirilmiş və mənzilin dəyəri 105000 manat müəyyən edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkil etdiyi xx.xx.2015 və xx.xx.2015-ci il tarixlərdə keçirilmiş hərrac prosedurunun yekununda mənzil tələbkar “Pakistan Milli Bankı”na satılmışdır. Hazırda iddiaçı keçirilmiş hərraclar barədə məlumatlandırılmadığına, əmlakın düzgün qiymətləndirilmədiyinə istinad edərək həmin hərracın yekunlarına dair protokolun, onun əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və çıxarışın ləğv edilməsini tələb edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydası, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 416-cı maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun mübahisəli hərracın keçirildiyi zaman qüvvədə olan, hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Həmin Qanunda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuşdur (Qanunun 35-39-cu maddələri). Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci maddələri). Eyni Qanunun 42.1, 43.4, 43.5 və 43.7-ci maddələrinin xx.xx.2018-ci ilə qədər olan redaksiyasına görə, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin hərrac təşkil edilərkən hərrac təşkilatının əsas vəzifələrindən biri kimi hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə başlanğıc qiyməti haqqında məlumatları əks etdirən bildirişlərin tərəflərə göndərilməsi müəyyən edilmişdir. İddiaçı nəticələrini mübahisələndirdiyi hərracın qeyd edilən qaydada keçirilmədiyini iddia etmiş, əmlakın hərraca çıxarılmasından məlumatsız olduğu iddiasını irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil iddiaçının ərinin adına olmaqla onun tərəfindən ipoteka ilə yüklü edilmiş, ipoteka ilə təmin edilmiş öhdəlik icra olunmadığından müvafiq məhkəmə qətnaməsi ilə əmlaka tutma yönəldilərək onun açıq hərracda satılması qət edilmiş və bu zaman o (nümayəndəsi), məhkəmə iclaslarında iştirak etmişdir. Həmin məhkəmə proseslərində cavabdeh qismində hazırki iş üzrə İddiaçı də cəlb edilmiş, lakin məhkəmə proseslərində iştirak etməmişdir. Digər tərəfdən hərracın nəticələri iddiaçının əri Quliyev Nasir tərəfindən mübahisələndirilmiş, qeyd edilən mübahisə üzrə rayon məhkəməsi tərəfindən iddia təmin edilsə də, yuxarı instansiya məhkəmələri tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, keçirilən hərraclarla bağlı əmlakın mülkiyyətçisi X5 qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilmiş, əmlakın qiymətləndirilməsi və hərrac qanuna uyğun şəkildə həyata keçirilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin MK xx.xx.2020-ci il tarixli qətnaməsində qeyd etmişdir ki, işdə olan poçt sənədlərinə əsasən xx.xx.2015 və xx.xx.2015-ci il tarixlərinə təyin edilmiş hərraclar barədə bildirişlər iddiaçının rəsmi ünvanına göndərilmişdir. İddiaçının həmin ünvanda yaşamaması, yaxud başqa ünvanda yaşadığı halda icra məmuruna məlumat verməməsi onun risk dairəsinə aid olmaqla hərracın keçirilmə qaydasının pozulması kimi qiymətləndirilə bilməz. Bundan başqa hərracı keçirən təşkilat tərəfindən həm ilkin, həm də təkrar hərracın vaxtı və keçirilmə yeri, satışa çıxarılan əşya barədə məlumatların kütləvi informasiya vasitəsində dərc olunması və ictimai açıqlanması təmin olunmuşdur. Göründüyü kimi, ipoteka predmetinin həm qiymətləndirilməsi, həm də hərracda satılması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Həmçinin icra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən təyin edilmiş qiymətləndirici mübahisələndirilən mənzilə xx.xx.2015-ci il tarixində baxış keçirmiş, daha sonra Quliyev Nasir icra şöbəsinə ərizə ilə müraciət edərək mənzilin təkrarən qiymətləndirilməsini xahiş etmiş, icra şöbəsinin xx.xx.2015-ci il tarixli məktubu ilə təkrar qiymətləndirmənin həyata keçirilməsindən imtina edilmiş, həmin ildə X8 Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsini və əmlakın yenidən qiymətləndirilməsini xahiş etmişdir. Həmçinin qeyd olunmalıdır ki, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı icra sənədi üzrə bütün məktublar, hərrac bildirişləri hazırki iş üzrə iddiaçının iddia ərizəsində də qeyd etdiyi, rəsmi qeydə alındığı ünvana – ünvan 5lə ki, məhkəmə tərəfindən tələb edilmiş mülki iş materiallarından görünür ki, açıq hərracın keçirilməsinə dair borcluların ünvanlarına xx.xx.2015, xx.xx.2015, xx.xx.2015 və xx.xx.2015-ci tarixli bildirişlər göndərilmiş, “Market” qəzetində hərracla bağlı müvafiq elanlar dərc edilmişdir. Göstərilənlər, eləcə də iddiaçının ərinin əmlakın qiymətləndirilməsini, hərracın nəticələrini mübahisələndirməsi nəzərə alınarsa, əmlakın hərraca çıxarılmasından iddiaçının xəbərsiz olmasını qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir. İddiaçının ötən bu qədər uzun müddət ərzində əmlakının açıq hərracda satılmasından məlumatsız olması dəlilləri ağlabatan olmamaqla, hər hansı bir sübutla təsdiq olunmur. Həmçinin iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclaslarında daha əvvəl də iddiaçının əri tərəfindən müvafiq iddia qaldırıldığını gizlətmiş, iddianın mülkiyyətçi tərəfindən verilməməsini isə iddiaçının ərinin əsəb gərginliyi keçirdiyindən iddianı onun verməyə məcbur olduğu ilə izah etmişdir. Bütün bunlar isə, iddiaçının onlara məxsus ipoteka ilə yüklü edilmiş əmlakın bankın mülkiyyətinə keçməsindən, ümumiyyətlə hərrac prosedurundan məlumatsız olduğunu istisna edir. Məhkəmə qeyd edir ki, bu cür hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Xüsusilə vurğulanmalıdır ki, hərracın təşkilatçısının əsas vəzifəsi hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməkdən ibarətdir. Hazırki iş üzrə iddiaçı isə, hərrac təşkilatçısının bildiriş göndərmək vəzifəsi daşıdığı şəxslər sırasına daxil deyildir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, mübahisələndirilən mənzilin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər iddiaçıya göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi, mövcud qanunvericilik normalarına uyğun olaraq hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Beləliklə, məhkəmə hesab edir ki, daşınmaz əşyanın satılması ilə bağlı hərracların keçirilməsi zamanı qanunvericilik tələblərinin pozulması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən, eləcə də əmlakın qiymətləndirilməsi barədə rəyin qüvvədə olması nəzərə alınmaqla, onun qanunsuz olmasını təsdiq edən hər hansı bir sübut təqdim edilmədiyindən hərracın yekunları barədə protokolun və onun nəticələrinin etibarsız hesab edilməsinə dair tələb təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə, iddiaçının irəli sürdüyü digər tələblər üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. Çünki “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi, ondan törəmə olan həmin tələbələrin də əsassızlığını ehtiva edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin cavabdeh bank tərəfindən onların ödədikləri pulları (icra xərci və kredit borcunu) qəbul etmələrinin hərracın etibarsızlığını təsdiq etməsi barədə dəlili ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 6.2 və 390.1-ci maddələrinə uyğun olaraq, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu baxımdan bank tərəfindən pulun qəbul edilməsi keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsinə səbəb ola bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, LPO Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Şəhərində Filialına qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 Saylı Bakı Ərazi İdarəsi, X8 və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, LPO Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Şəhərində Filialına qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 Saylı Bakı Ərazi İdarəsi, X8 və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar