Məhkəmə qərarları › İş №2(005)-2298/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2298/2024

02.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2298/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və 2 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 7200 manat kompensasiya ödənilməklə xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi ev 138A, mənzil 68 ünvanından istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeydiyyatda olduğu ünvanda yerləşən mənzil ona müharibə əlili olduğu üçün verilmişdir. Həmin mənzili müvəqqəti olaraq cavabdehə vermiş, cavabdehlə aralarında məhkəmə mübahisələri olmuş və iş üzrə cavabdeh məhkəmə qətnaməsinə əsasən həmin otaqdan istifadə hüququ əldə etmişdir. Hazırda cavabdeh qeyd edilən mənzildə uzun illərdir ki, yaşamır. O, məcburiyyət qarşısında qalaraq kompensasiya ödənilməklə cavabdehin istifadə hüquqlarına xitam verilməsini istəyir. Həmin ərazidə yataqxana tipli, 60-70 ilin binası, 1 otaqlı təmirsiz mənzillərin kirayə haqqı 200 manat təşkil edir. Cavabdehə qanunla müəyyən edilmiş 36 ay müddətində aylığı 200 manat olan cəmi 7200 manat ödənilməklə istifadə hüququna xitam verilməlidir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, işdə mənzilin İddiaçı mülkiyyətində olmasını göstərən heç bir sənəd yoxdur. İddiaçı yalnız özünün mənzildə qeydiyyatda olmasının onun istifadə hüququna xitam verilməsi üçün əsas olduğunu düşünür. Halbuki, qanunvericilik yalnız mülkiyyətçinin qeyd edilən iddia ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olmasını bildirir. AR Mülki Məcəlləsinin 228.2-ci maddəsindən də görünür ki, qeyd edilən iddianı yalnız mülkiyyətçi irəli sürə bilər. Qeyd edilən mənzilin mülkiyyətçisi var və o, İddiaçı deyil. Mübahisə predmeti olan mənzilin mülkiyyətçisi Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentidir. Belə ki, İddiaçı 2007-ci ildə oxşar iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmə İddiaçı mülkiyyətçi olmamasını əsas gətirərək iddianı rədd etmişdir. Məhkəmənin yanaşmasına əsasən hazırda mənzilin mükiyyətçisi Mənzil Kommunal Təsərrüfat Departamentidir. Bu baxımdan qeyd edilən iddia ilə bağlı İddiaçı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Hazırlıq iclasında iddiaçının nümayəndəsi onun həmin mənzildə yaşamadığını iddia etmişdir. Halbuki, İddiaçı özü uzun müddətdir ki, mənzildə yaşamır. O isə, 2004-cü ildən həmin mənzildə yaşayır. Bunu hətta məhkəməyə təqdim etdikləri məhkəmə qətnaməsindən görmək olar. Bundan əlavə onun orada yaşamasını həmin binada yaşayan qonşuları da təsdiq edir. İddiaçı 2021-ci ildə mənzil şəraitini yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən mənzil ilə təmin edilmişdir. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı sərəncamına əsasən mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı uçota durmuş və xx.xx.2021-ci il tarixli akta əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksində 1 otaqlı mənzil ilə təmin edilmişdir. Bu onu göstərir ki, əslində İddiaçılə mübahisə predmeti olan mənzil barəsində bağlanmış sosial kirayə müqaviləsi ləğv edilməlidir. Ancaq İddiaçı sosial kirayə müqaviləsinin ləğv edilməsi əvəzinə onu yeganə yaşayış yeri olan mənzildən çıxarmaq istəyir. Bu ən azı ədalətsizlikdir. O, uzun illər “Bakı Şin Zavodu”nda zərərli iş şəratində işləmişdir və hazırda yaşadığı yataqxana sırf həmin işlərdə işləyən şəxslər üçün ayrılmışdır. Ancaq İddiaçı bunları nəzərə almır və dövlət tərəfindən mənzil ilə təmin edildiyi halda, yenidən mənzil mübahisəsi aparır. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iş üzrə ekspertiza təyin etmişdir, rəylə qismən razıdırlar, rəydə aylıq kirayə qiyməti həmin mənzilə münasibətdə çoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılığa əsasən həmin mənzil üçün iddiaçıya 3000 manat pul ödənilmişdir. Hətta İddiaçı mənzilə dair etibarnamə də vermişdir. Lakin alğı-satqı rəsmi formada olmamışdır. İddiaçı mənzilə köçürülməklə bağlı iddia qaldırmış, cavabdeh isə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi vermişdir. Məhkəmə hər iki iddianı təmin etməmiş və bu mövqeyini iddiaçının mənzilə dair xüsusi mülkiyyət hüququnun olmaması ilə əsaslandırmışdır. Qətnamə ilə hər ikisinin sözügedən mənzildən istifadə hüququ tanınmışdır. Cavabdeh, hazırda həmin mənzildə yaşayır. İddiaçı isə uzun müddətdir ki, o mənzildə yaşamır, arada gedib-gəlir. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh oxşar məzmunlu izahat verərək bildirmişdir ki, heç bir kompensasiya məbləği ilə razı deyillər. İddiaçı mənzilin sökülməsi müqabilində MTK-dan alacaqları evdən onu mərhum etmək istəyir. İddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əvvəli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, təmsil etdiyi şəxs 2-ci qrup Vətən müharibəsi əlilidir. Mənzil ona bu səbəbdən verilmişdir. İddiaçı xarici ölkəyə gedən zaman mənzili cavabdehə tapşırmış, ölkəyə qayıtdıqdan sonra isə cavabdehlə aralarında məhkəmə mübahisəsi olmuşdur. Məhkəmə qətnaməsi ilə Cavabdeh da mənzildən istifadə hüququ verilmişdir. Bununla belə, cavabdeh məhkəmə mübahisəsi olan zamandan həmin mənzildə yaşamır. Hazırda isə iddiaçı kompensasiya ödənilməklə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini istəyir. Təklif etdikləri kompensasiya məbləği də ədalətlidir. Cavabdeh həmin pul vəsaiti ilə özü üçün müəyyən qədər şərait yarada bilər. Mülki iş üzrə məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və 2 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin və onun nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin olunmamalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin surəti iş materiallarına əlavə olunmuş 2- 696/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsindən göründüyü kimi, İddiaçı Cavabdeh qarşı ilkin iddiası qismən təmin edilərək İddiaçı Bakı şəhəri, F.X.Xoyski küçəsi 138 “a” saylı evin 68 saylı otağına köçürülməsi qət edilmiş, ilk iddianın Cavabdeh otaqdan istifadə hüququnun itirilməsi və çıxarılması tələbinə dair hissəsi, eləcə də Cavabdeh İddiaçı qarşı cavabdehin Bakı şəhəri, F.X.Xoyski küçəsi 138 “a” saylı evin (yataqxananın) 68 saylı otağından istifadə hüququnun itirilməsi, faktiki alğı-satqının bağlanmış hesab edilməsi, həmin mənzilə dair mənzil kirayə müqaviləsinin Cavabdeh ilə bağlanmasının 134 saylı MKİS-ə həvalə olunmasına və İddiaçı həmin otaqdan pasport qeydiyyatından çıxarılmasına dair qarşılıqlı iddiası isə əsassız olduğundan təmin olunmamışdır. İş materiallarından aydın olur ki, həmin qətnaməni Cavabdeh ümumiyyətlə mübahisələndirməmiş, İddiaçı isə apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə versə də, nəticə etibarilə onun apellyasiya şikayəti vermək üçün buraxmış olduğu müddət bərpa edilməmişdir. İş materiallarından həmçinin aydın olur ki, Cavabdeh İddiaçı qarşı “İddiaçı Bakı şəhəri, F.X.Xoyski küçəsi 138 “a” saylı yataqxananın 68 saylı mənzilinə kənar şəxslərin dəvət olunmasına qadağa qoyulması, X1 həmin otaqdan çıxarılması, Leyli və Roza adlı şəxslərin mənzilə istifadə hüquqlarının olmaması və özünün mənzilinə köçürülməsi” barədə ilkin və İddiaçı Cavabdeh qarşı “Cavabdeh ünvan 2 ünvanda olan qeydiyyatının ləğv edilməsi və ona aid əşyaların mənzildən çıxarılması” barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmış, həmin məhkəmənin 2(005)-1198/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilərək Cavabdeh Bakı şəhəri, F.X.Xoyski küçəsi 138 “a” saylı yataqxananın 68 saylı mənzilinə köçürülməsi, X1 həmin mənzildən (otaqdan) çıxarılması, Leyli və Roza adlı şəxslərin həmin mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi qət olunmuş, ilkin iddia qalan hissədə və qarşılıqlı iddia isə təmin edilməmişdir. Həmin məhkəmə qətnamələri ilə müəyyən edilir ki, Bakı Şin zavodunun HİK-in xx.xx.2000-ci il tarixli 01 saylı protokoluna əsasən Bakı şəhəri, F.X.Xoyski küçəsi 138 a saylı evin 68 saylı otağına (mənzilinə) dair İddiaçı adına order verilmiş, o, xx.xx.1992-ci il tarixdən Bakı şəhəri, F.X.Xoyski küçəsi 138 a saylı evə (yataqxanaya), xx.xx.2004-cü ildən isə həmin evin 68 saylı otağına (mənzilinə) qeydiyyata alınmışdır. xx.xx.1990-cı il tarixindən Bakı Şin zavodunda işləyən Cavabdeh isə xx.xx.1991-ci ildə həmin evin 76 saylı otağına (mənzilinə) qeydiyyata düşmüş, xx.xx.1999-cu il tarixdə onun adına həmin mənzilə dair order verilmiş, o, 2000-ci ilədək həmin otaqda, 2004-cü ilin avqust ayınadək 72 saylı otaqda yaşamış, xx.xx.2006-cı il tarixdə isə İddiaçı razılığı ilə sözügedən evin 68 saylı otağına qeydiyyata alınmışdır. Qətnamələrlə həmçinin müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2003-cü il tarixli 263 saylı sərəncamı ilə Bakı Şin zavoduna məxsus olan mənzil fondu və digər sosial obyektlər, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 138 a saylı ev (yataqxana) Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Həmin mənzil İddiaçı mülkiyyətində deyildir. İş materiallarından aydın olur ki, İddiaçı imtiyazlı şəxs kimi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində 1 otaq təhvil verilmişdir. İş materiallarından həmçinin aydın olur ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2016-cı il tarixli aktı ilə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 138 a saylı yataqxana binasının mövcud texniki vəziyyəti yolverilməz olduğu təsdiq edilmişdir. "xxxx" MMC ilə İddiaçı (“Sakin”) arasında bağlanmış 138a-60 saylı, xx.xx.2022-ci il tarixli ilkin müqavilənin surətindən görünür ki, “Sakin” xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 198A ünvanda köhnə tikilidə (yataqxana) yerləşən 14 kv.m ümumi sahəsi olan 68 saylı 1 otaqlı mənzili “MMC”-yə təhvil verməyi, “MMC” isə həmin mənzilin əvəznin müqavilə bağlandığı gündən tikinti işləri başa çatdıqdan sonra 37 kv.m ümumi sahəsi olan 1 otaqlı tam təmirli mənzili “Sakinə” təhvil verməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin 0152 saylı hesabatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi ev 138A ünvanında yerləşən 68 saylı mənzili ilə analoji xüsusiyyətlərə malik mənzillərin orta aylıq kirayə haqqı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 290 manat olaraq müəyyən edilmişdir. Ekspertiza xərci 250 manat təşkil etmişdir. Beləliklə, tərəflər arasındakı əvvəlki mülki işlər üzrə qəbul edilmiş məhkəmə qətnamələri ilə Bakı şəhəri, F.X.Xoyski küçəsi 138 a saylı evin 68 saylı otağına (mənzilinə) dair İddiaçı adına order verilsə də, həmin otağın iddiaçının mülkiyyətində olmadığı, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2003-cü il tarixli 263 saylı sərəncamı ilə həmin otaq da daxil olmaqla 138 a saylı yataqxana binasının Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verildiyi müəyyən edilmiş, habelə həm iddiaçının, həm də cavabdehin sözügedən yataqxananın 68 saylı otağında (mənzilində) qeydiyyatda olmaqla mənzil üzərində hüquqlara malik olduqları təsbit edilmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhz bu prinsipi əsas götürərək məhkəmə hesab edir ki, mübahisəli mənzil (otaq) üzərində Cavabdeh istifadə hüququnun mövcud olub-olmaması yenidən araşdırılmamalıdır. İddiaçının özü də cavabdehin mübahisəli otaq üzərində istifadə hüququnun olmadığını iddia etməmiş, əksinə cavabdehin mənzil üzərində hər bir halda hüququnun olduğunu qəbul etmiş və öz adına olan orderə əsaslanmaqla 7200 manat kompensasiya qarşılığında cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsini istəmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının hazırkı tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsindən, malik olduğu halda isə, kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Məhkəmə aydınlaşdırılması zəruri olan ilkin halla bağlı qeyd edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Hazırkı işdə isə mübahisəli mənzilin (68 saylı otağın) İddiaçı mülkiyyətində olmadığı, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2003-cü il tarixli 263 saylı sərəncamı ilə həmin otaq da daxil olmaqla 138 a saylı yataqxana binasının Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verildiyi tərəflər arasındakı əvvəlki mülki işlər üzrə qəbul edilmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Bu hal (mənzilin iddiaçının mülkiyyətində olmaması halı) onu deməyə əsas verir ki, İddiaçı hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Şərh edilənlərə əsasən məhkəmənin qənaəti həmçinin ondan ibarətdir ki, həm iddiaçı və həm də cavabdeh mübahisəli mənzil üzərində bərabər hüquqlara malik olmuşlar və bu mənada mübahisəli mənzilə (68 saylı otağa) dair İddiaçı adına order verilmiş olması fərqli qənaətə gəlməyə əsas vermir. Belə ki, həmin vaxt qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. 54-cü maddəyə görə isə, icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda da, mənzil kirayə müqaviləsinin kiminlə bağlanılmasından asılı olmayaraq özəlləşdirilməsi üçün müraciət edilən anda kirayəçi ilə birlikdə faktiki yaşayan şəxslərin razılığı ilə mənzilin onlardan birinin və ya bir neçəsinin və yaxud hamısının ümumi (paylı, birgə) mülkiyyətinə verilməsi imkanı təsbit edilmişdir (m. 5). Gəldiyi qənaətə uyğun olaraq məhkəmə kompensasiyanın məbləğinin adekvatlığı ilə bağlı araşdırma aparmağı lüzum bilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və 2 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar