Məhkəmə qərarları › İş №2(005)-2316/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2316/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2316/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MTK-nın vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icrası və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən ona 117 kv.m mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 6 ay ərzində tərəflərindən ödənilmiş 2400 manat kirayə haqqının cavabdehdən alınaraq ona verilməsi, tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh alınaraq ona verilməsi, müqavilə tələblərinə əsasən ona ödənilməli olan 400 manat kirayə haqqının mənzildən istifadənin mümkün olana qədər ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 86 saylı, 25.02.2016-cı il tarixli Qərarına əsasən Bakı səhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülürək, yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərlindən təsdiq olunmuş 11.08.2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırlması məqsədi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu qərarın icrası ilə əlaqədar Nərimanov rayon icra Hakimiyyəti ilə “Baku City" MTK arasında 07.04.2017-ci il tarixində müqavilə imzalanmışdır. Bununla bağlı Cavabdeh MTK ünvan 1 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh MKT ilə aralarında bağlanmış müqaviləyə əsasən cavabdeh ona məxsus olan 60 kv.m mənzilin əvəzinə, yeni tikiləcək binanın E blokunun, 9cu mərtəbəsində 2 saylı , 3 otaqlı 117 kv.m-dən ibarət olan təmirsiz mənzili ona verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən evi sökülüb yeni ev tikilənə qədər ailəsilə birlikdə qalmağı üçün aylıq 400 manat məbləğində kirayə haqqı ödənilməsi nəzərdə tutulmuşdu. Müqavilənin müddəti 24 ay idi. Müqavilənin tələblərinə əsasən tikinti müqavilədə nəzərdə tutulmuş müddətdən əvvəl başa çatarsa kirayə haqlarının ödənilməsi dayandırılacaqdır. Müqavilənin tələblərinə əsasən tikinti başa çatdıqdan sonra mənzillər onlara təmirsiz təhvil veriləcəkdi və onlar binanı təmir etməyə başlayacaqdılar. 2020-ci ilin iyul ayında Cavabdeh MTK tərəfindən onlara məktub ünvanlanmışdır. Məktubda onun aldığı mənzilin təmirə başlamaq üçün hazır olduğu və bu səbəbdən 15.07.2020-ci il tarixdən ona ödənilən 400 manat kirayə haqlarının dayandırılacağı bildirilirmişdir. Lakin ona verilən mənzilə baxış keçirmək və təmir işlərini aparmaq məqsədi ilə binaya yaxınlaşdıqda tikintinin əslində başa çatmadığının şahidi olmuşdur. Binada lift quraşdırılmayıb. Yaşayış binasının fəsadı tam təmir edilməyib. Binanın girişi bitmədiyi və hələ də tikinti davam etdiyi üçün fərqli bir yerdən binaya daxil olaraq mənzili təmir etmək tələb olunur. Binada hal-hazırda yaşamaq heç bir şəkildə mümkün deyil. Cavabdeh MTK ilə aralarında bağlanan müqaviləyə əsasən mənzili təmirə yalnız tikinti başa çatdıqdan sonra başlamalıdılar. “Baku City" MTK binanın istismara icazə verilməsinə dair heç bir sənəd təqdim etmədən tikintinin başa çatdığı qənaətinə gəlmişdir. Halbuki, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməlidir. Tikinti Obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Cavabdeh MTK-nın yaşayış binasını təhvil vermədən orada yaşamalarını və mənzildə təmir işləri aparmalarını tələb etməsi əsassızdır. Çünki, qeyd edilən binadan təyinatı üzrə istifadə edilməsi mümkün deyil. Bundan başqa cavabdeh ona yeni tikilmiş binada 117 kv.m əvəzinə 105 kv.m sahə göstərərək həmin mənzili təmir etməsini və orada yaşamasını istəyir. Cavabdeh MTK ilə aralarında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən yeni tikilmiş binanın E blokunun, 9-cu mərtəbəsində, 2 saylı 3 otaqlı 117 kv.m-dən ibarət mənzil verməli idi.Bununla bağlı müqavilə bağlanarkən cavabdeh ona iddia ərizəsinə əlavə etdiyi şəkillərə uyğun mənzil təqdim edəcəyini bildirsə də, indi bundan imtina edir və daha kiçik bir mənzil təqdim edir. Cavabdehin öhdəliyi yerinə yetirməməsi səbəbi ilə artıq 6 aydır ona ev kirayəsi haqqı ödənilmir. Nəticə etibari ilə artıq 2000 manatdan artıq zərər dəymişdir. Cavabdehə 10.09.2020-ci il tarixdə ünvanladığı məktub cavabsız qalmışdır. Ona görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın vəkili Vəkil2 iddianın əsassız olduğunu qeyd edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 07.02.2020-ci il tarixli Əvəzləşdirmə müqaviləsindən görünür ki, müqavilənin müvafiq bəndinə əsasən Cavabdeh MTK ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada İddiaçı məxsus olan, arakəsmələri və divaraltı sahələr həmçinin artırılmış açıq balkonla birlikdə faktiki sahəsi 60 m2 mənzilin əvəzinə, güzəşli şərtlərlə binanın E blokunun, 9-cu mərtəbəsində, 2 saylı 3 otaqlı 117 m2-dən ibarət olan təmirsiz mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. İddiaçı bu müqaviləyə əsasən onlara məxsus olan mənzili söküntü üçün Cavabdeh MTK-ya təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilə Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında 07.04.2017-ci il tarixdə bağlanmış müqavilənin tərkib hissəsidir. İddiaçı yaşayış üçün təhlükəli olan mövcud binalardakı mənzildən köçürülməsi üçün nəqliyyat və fəhlə ilə təmin edir, həmçinin, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 400 manat məbləğində kirayə haqqı ödəyir. Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çaldıraraq müqavilə şərtlərinə əsasən mənzili İddiaçı təmirsiz təhvil verir. Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətindən tez başa çatdırdıqda müqavilə şərtlərinə əsasən mənzili İddiaçı təmirsiz təhvil verdiyi andan müqavilədə nəzərdə tutulmuş kirayə haqqı dayandırılır. Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış 10.09.2020-ci il tarixli məktubdan görünür ki, cavabdehin 10.09.2020-ci il tarixində Cavabdeh MTK-ya ünvanlanmış məktuba cavab olaraq bildirilmişdir ki, iddiaçı ilə bağlanmış əvəzləşmə müqaviləsinə əsasən təhvil verdiyi mənzil, arakəsmə və divaraltı sahələrlə alındığından, Cavabdeh MTK eyni şərtlərlə divaraltı sahələrlə 117 m2 sahənin verilməsini öhdəsinə götürmüş və buna uyğun mənzil ayrılmışdır. Mənzilinizin təmiri üçün hal hazırda hər bir şərait yaradılmışdır. Bina və binanın girişi mühafizə edilir və sakinlərin təhlükəsiz rahat gediş gəlişi təmin olunur. Binada liftin quraşdırılma işləri aparılır və sakinlərin, təmir işləri başa çatdıqdan sonra oktyabr 2020-ci il tarixindən liftin sakinlərin ixtiyarına buraxılması nəzərdə tutulur. İddiaçının mənzilinizə uyğun digər sakinlərə 77 m2 təmiri i mənzillər verilmişdir. İddiaçı təmirsiz mənzil və təmirə görə artıq sahə götürdüyü üçün iddiaçıya 01.08.2020-ci il tarixindən mənzilinizin təhvil alınması ilə əlaqədar, məktubla müraciət olunmuş və təmir üçün şərait yaradılması bildirilmişdir. Kompleksin A bloku yaşayışa tam hazır vəziyyətdədir, lifti işləyir, sentyabr ayının axırlarında təbii qazın verilməsi planlaşdırılır. İddiaçıya A blokundan 77 m2 təmirli mənzil təklif edilmişdir. 15.11.2021-ci il tarixli, 10/3710 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya məxsus olan tikilmiş binanın E blokunun, 9cu mərtəbəsində yerləşən mənzilin faktiki sahəsinin 105.4 kv.m, həmin mənzilin tikinti sahəsinin 116.9 lv.m (105.4=11.5) təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında yerləşən, iddiaçıya məxsus mənzilin yerləşdiyi yeni tikilmiş binanın tikintisinin tam başa çatdığı müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh MTK ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada İddiaçı məxsus olan, arakəsmələri və divaraltı sahələr həmçinin artırılmış açıq balkonla birlikdə faktiki sahəsi 60 m2 mənzilin əvəzinə, güzəşli şərtlərlə binanın E blokunun, 9-cu mərtəbəsində, 2 saylı 3 otaqlı 117 m2-dən ibarət olan təmirsiz mənzili İddiaçı verməyi öhdəsinə götürmüş, həmçinin, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 400 manat məbləğində kirayə haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilmələcəkdir. İddiaçı cavabdeh tərəfindən ona verilmiş mənzilin faktiki sahəsinin 105.4 kv.m olduğunu müəyyən etmiş və həmçinin həmin mənzildə təmir işlərinin aparılması üçün binanın təhvil vermədiyini iddia edir. Digər tərəfdən tərəflər arasında bağlanmış müqavilədən görünür ki, iddiaçı tərəf cavabdehə mənzili təhvil verən zaman təhvil verdiyi mənzil, arakəsmə və divaraltı sahələrlə verilmiş, bu səbəbdən Cavabdeh MTK eyni şərtlərlə divaraltı sahələrlə 117 m2 sahəni cavabdehə vermiş və bu hal ona dəlalət edir ki, iddiaçı müqaviləni bağladığı zaman onun sahəsi, bu sahənin hesablanma şərtləri məlum idi. Məhkəmə qeyd edir ki, tərəflərin məhkəmə iclasında verdiyi ifadələrdən göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu bildiyi andan cavabdehə pretenziyasını bildirmiş, lakin heç bir nəticə əldə etmədiyindən, məhkəməyə belə iddia ilə müraciət etmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticənin aşağıdakılara uyğun əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 15.12.2012-ci il tarixli Qərarı qüvvəyə minmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 15.12.2012-ci il tarixli Qərarının: 3.1. Yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir. Binanın ümumi sahəsi hesablanarkən istismar olunan yastı dam örtüyünün sahəsi terras sahəsi kimi qəbul edilir. 3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. 3.3. Açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir. 3.4. Yaşayış binasının daxilində yerləşən ictimai təyinatlı otaq və yerləşgələrin sahəsinin hesablanması bu Qaydaların 4-cü bölməsinə uyğun olaraq aparılır. 3.5. Binanın tikinti sahəsi, çıxıntı hissələri, o cümlədən terraslar və bayır giriş pilləkəni (artırma) də daxil edilməklə, onun xarici haşiyəsi üzrə kürsü səviyyəsində üfüqi kəsiyinin sahəsi kimi müəyyən edilir. Dayaqlar üstündə yerləşmiş binanın altındakı sahə, həmçinin binanın altındakı keçidlər tikinti sahəsinə daxil edilir. Tikinti həcmi binanın yeraltı və yerüstü hissəsinin təmiz döşəmə səviyyəsindən başlayaraq, xarici səthlər hüdudunda, qoruyucu konstruksiyalar və digər üst tikililər, işıq fənərləri daxil edilməklə, xaricə çıxan memarlıq detalları və konstruksiya elementləri, günlüklər, portiklər, terraslar, eyvanlar, havalandırılan döşəməaltılar və döşəməaltı kanallar, dayaqlar üstündəki binanın altındakı məkanın və keçidlərin həcmi nəzərə alınmadan müəyyən edilir. 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5-ci maddəsinə əsasən mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Ekspert rəyindən o da görünür ki, iddiaçıya cavabdeh tərəfindən verilmiş mənzilin faktiki sahəsi 105.4 kv.m-dir, lakin tikinti sahəsi 116.9 kv.m təşkil edir. Tərəflər arasında bağlanmış müqavilədə cavabdehə veriləcək 117 kv.m sahəsənin faktiki sahə olması qeyd edilməmiş, həmçinin iddiaçı tərəf cavabdehə öz mənzilini təhvil verən zaman mənzildə olan arakəsmələri və divaraltı sahələr, həmçinin artırılmış açıq balkon nəzərə almaqla təhvil vermişdir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, faktiki sahəsi tikinti sahəsindən daha az olması “BAKU CİTY» MTK ilə İddiaçı arasında bağlanmış müqavilə şərtlərinin “BAKU CİTY» MTK tərəfindən pozuntusu kimi qiymətləndirilə bilməz. Odur ki, müqavilə şərtləri cavabdeh tərəfindən nəinki əhəmiyyətli dərəcədə, ümumiyyətlə pozulmamış, iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum olmamış və şərait dəyişməmişdir. Fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Bundan başqa iddianın 6 ay ərzində iddiaçı tərəfindən ödənilmiş 2400 manat kirayə haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair hissədə məhkəmə qeyd edir ki, mülki işin materiallarında olan həm cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 10.09.2020-ci il tarixli məktubdan, həm də məhkəmə-tikinti-texniki ekspertizasının rəyindən görünür ki, iddiaçıya təhvil verilən mənzilin yerləşdiyi yeni tikilmiş binanın tikintisinin tam başa çatdırıldığı müəyyən edilmişdir. Odur ki, məhkəmə 2400 manat kirayə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbini də əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ümumilikdə əsassız olduğundan, rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri İddiaçı tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. İddia təmin edilmədiyindən, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icrası və pul” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri İddiaçı tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar