Məhkəmə qərarları › İş №2(005)-2321/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2321/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2321/2023 08.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X9 Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC, Əmanətlərin Sığortalanması Fondu, "xxxx" MMC, Nizami rayon İcra şöbəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın nəticəsinin, əqdin və protokolun etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC, Əmanətlərin Sığortalanması Fondu, "xxxx" MMC, Nizami rayon İcra şöbəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın nəticəsinin, əqdin və protokolun etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami Rayon Məhkəməsinin 2(007)-80/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tutma yönəldilən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzili üzrə "xxxx" MMC tərəfindən həyata keçirilən hərracın nəticəsinin, Hərrac Təşkilatının 51/04 nömrəli, xx.xx.2022-ci il tarixli hərracın yekunları barəsində protokolunun, xx.xx.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində LPO Cavabdeh2 ASC-nin adına aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə bağlanmış müqavilənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin 2(007)- 289/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan ümumilikdə 25144,22 ABŞ dolları məbləğində əsas borc, 5131.28 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən xx.xx.2019-cu il tarixə illik 5% dərəcəsi ilə hesablanmış 1283,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 31559,11 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, habelə mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi uçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, məhkəməyə təqdim edilən sənədlərin notarial qaydada təsdiq edilməsi üçün 31 manat və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin tutulub Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi, ödəmənin ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin 95000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin qeyd edilən pul tələblərinin təmin edilməsinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, ümumilikdə 31559,11 ABŞ dolları məbləğində kredit borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin 95000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 3802/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ona “açıq hərracın keçirilməsinə dair” 01 nömrəli bildiriş ünvanlanaraq Nizami Rayon Məhkəməsinin 2(007)-80/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilnə tutma yönəldildiyi bildirilmiş və hərracın keçirilmə yeri və vaxtı xx.xx.2022-ci il, saat 11:00-17:00-dək olaraq qeyd edilmişdir. Lakin hərrac baş tutmamış, bu səbəblə xx.xx.2022-ci il tarixdə ona “açıq hərracın keçirilməsinə dair” 02 nömrəli bildiriş ünvanlanaraq hərracın keçirilmə yeri və vaxtı - xx.xx.2022-ci il saat 11:00-17:00-dək olaraq qeyd edilmişdir. Təkrar keçirilən hərrac da baş tutmamışdır. Ona ünvanlanan xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq, Əmlak Xidmətləri Məkanına sorğu ünvanlanmış və mənzilə mülkiyyət hüququnun kimə məxsus olması barədə və əgər mənzilə mülkiyyət hüququ ondan digər hüquqi və ya fiziki şəxsə keçibsə buna əsas olan sənədlər barədə rəsmi qaydada məlumat verilməsi xahiş edilmişdir. Verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən mənzil xx.xx.2012-ci il tarixdə onun adına qeydiyyatdan keçmiş, lakin Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-80/2019 saylı icra vərəqəsinə, Hərrac Təşkilatının 51/04 nömrəli, xx.xx.2022-ci il tarixli hərracın yekunları barəsində protokoluna, xx.xx.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən LPO Cavabdeh2 ASC-nin adına özgəninkiləşdirilmişdir. Təkrar hərracın keçirilmə yeri və vaxtı xx.xx.2022-ci il, saat 11:00-17:00-dək olaraq müəyyən edilmiş və baş tutmamışdır. Lakin bu tarixdən 3 təqvim günü ərzində hərracın baş tutmaması barədə elan dərc edilməmişdir. İpoteka yüklü mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Yəni təkrar hərracın keçirilməsinin təyin olunduğu gündən 20 gün sonra elan dərc edilmişdir. Yəni, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 43.2-ci maddəsinin tələbləri pozulmuşdur. İcra sənədinə əsasən tutma yönəldilən mənzillə bağlı "xxxx" MMC tərəfindən hərrac qanunun tələbləri pozulmaqla həyata keçirildiyi üçün hərracın nəticəsi etibarsız hesab edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia tələbinin əsassız olduğunu qeyd edərək, mülki iş üzrə iddianın təmin edilməməsi barədə yekun məhkəmə aktının çıxarılmasını xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Nizami Rayon Məhkəməsinin 2(007)-80/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 25144,22 ABŞ dolları məbləğində əsas borc, 5131.28 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən xx.xx.2019-cu il tarixə illik 5% dərəcəsi ilə hesablanmış 1283,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 31559,11 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, habelə mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi uçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, məhkəməyə təqdim edilən sənədlərin notarial qaydada təsdiq edilməsi üçün 31 manat və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin tutulub Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi, ödəmənin cavabdeh İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin 95000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin qeyd edilən pul tələblərinin təmin edilməsinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət olunmuşdur.qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6138/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X4 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2197/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Əmlakların satış qiyməti 95000 manat müəyyən edilmişdir; “FM Express” şirkətinin Kuryer xidmətləri üçün mədaxil qəbzinin talonunun surətindən görünür ki, "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli bildirişi xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Əmlakların satış qiyməti 15% aşağı qiymətlə 80750 manat müəyyən edilmişdir; “FM Express” şirkətinin Kuryer xidmətləri üçün mədaxil qəbzinin talonunun surətindən görünür ki, "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02 nömrəli bildirişi xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir; “Birja yenilikləri” qəzetin xx.xx.2022-ci il tarixli, 298 (298) nömrəli və xx.xx.2022-ci il tarixli, 303 (303) nömrəli tirajlarının surətindən görünür ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilə dair açıq hərracın keçirilməsi elan edilmişdir; “Birja yenilikləri” qəzetin xx.xx.2022-ci il tarixli, 307 (307) nömrəli tirajının surətindən görünür ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilə dair keçirilmiş hərracın baş tutmaması elan edilmişdir; "xxxx" MMC tərəfindən İddiaçı, İsmayılova Güldərən və LPO Cavabdeh2 ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2022-ci il tarixli təklifdən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 60562,5 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur; “FM Express” şirkətinin Kuryer xidmətləri üçün mədaxil qəbzinin talonunun surətindən görünür ki, "xxxx" MMC-nin ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2022-ci il tarixli təklif məktubunun surəti xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin Hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 51/04 nömrəli protokolun və xx.xx.2022-ci il tarixli müqavilənin surətlərindən görünür ki, Nizami Rayon Məhkəməsinin 2(007)-80/2019 saylı, xx.xx.2019cu il tarixli icra vərəqəsi və Nizami rayon İcra şöbəsinin sifariş məktubu əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac başa çatdırılmış, alıcı (ipoteka saxlayan) Cavabdeh2 ASC ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzili 60562,5 manata əldə etmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 81, 84 saylı mənzil xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş, lakin Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-80/2019 saylı icra vərəqəsinə, Hərrac Təşkilatının 51/04 nömrəli, xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə protokoluna, xx.xx.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən LPO Cavabdeh2 ASC-nin adına özgəninkiləşdirilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək onun açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Nizami rayon İcra şöbəsinin sifarişi əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. xx.xx.2022-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına” dair protokola əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzili ipoteka saxlayan Cavabdeh2 ASC əldə etmişdir. Hazırda iddiaçı qeyd edilən hərrac təşkil edilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə uyğun olaraq məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. İddiaçının tələbinin əsası hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsi ilə bağlıdır. İddiaçı bildirir ki, təkrar hərrac xx.xx.2022-ci il tarixdə keçirilsə də, hərrac baş tutmamış və həmin tarixdən 3 təqvim günü ərzində hərracın baş tutumaması barədə elan dərc edilməmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, təkrar hərracın keçirilməsi qaydaları “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsində göstərilmişdir. Həmin maddədə qeyd edilmişdir ki, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Göründüyü kimi, təkrar hərrac baş tutmadığı halda birinci hərracın baş tutmamasından fərqli olaraq, qanunvericilikdə 3 təqvim günü ərzində hərracın baş tutumaması barədə elan dərc edilməsi imperativ norma olaraq göstərilməmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, təkrar hərracdan sonra 3 təqvim günü ərzində deyil, daha gec verilməsi iddiaçının hər hansı bir hüququnu pozmur. Belə ki, təkrar hərrac baş tutmadığından sonra ipoteka ilə yüklü edilmiş əmlakın hərrac mərkəzinin təklifi əsasında təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əldə etmək hüququ yalnız ipoteka saxlayana məxsusdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzili xx.xx.2022-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş, iddiaçının ünvanına göndərilmiş məktub iddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli, 298 (298) nömrəli buraxılışında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2022-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş və məktub iddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli, 303 (303) saylı buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan Cavabdeh2 ASC-yə təklif məktubları göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə almağı təklif etmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, hərrac keçirilərkən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı iddiaçının dəlilləri əsassız olduğundan, iddia təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC, Əmanətlərin Sığortalanması Fondu, "xxxx" MMC, Nizami rayon İcra şöbəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın nəticəsinin, əqdin və protokolun etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC, Əmanətlərin Sığortalanması Fondu, "xxxx" MMC, Nizami rayon İcra şöbəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın nəticəsinin, əqdin və protokolun etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar