Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2339/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxx” Lizinq Şirkəti QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2187D/14/S nömrəli və xx.xx.2017-ci il tarixli, 2187D/14/S nömrəli müqavilələrə, o cümlədən həmin müqavilələr üzrə öhdəliklərə xitam verilməsi, eyni zamanda "xxxxxxxxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi olan cavabdeh 'Cavabdeh” MMC ilə iddiaçı N.l.Nağıyeva arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2187D/14/S nömrəli müqavilənin və həmin müqavilədən yaranan hüquqi nəticələrin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,"xxxxxxxxxx" Lizinq Şirkəti QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2187D/14/S nömrəli X6 Müqaviləsinə əsasən, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyati haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda göstərilən - Saatlı şəhəri, X7 küçəsi, ev 62 ünvanındakı ümumi sahəsi 741.2 kv.m əhatə edən 2 mərtəbəli, 8 otaqlı, 0.10 ha torpaq sahəsində yerləşən və reyestr nömrəsi **********117-10301 olan fərdi yaşayış evi girov götürülərək 63 742,99 USD məbləğində pul "xxxxxxxxxx" Lizinq Şirkəti QSC tərəfindən illik 22% olmaqla, 48 ay müddətinə iddiaçıya verilmişdir. Sözügedən Müqavilənin əsasında restruktrizasiya məqsədilə xx.xx.2017-ci il tarixli 2187D/14/S nömrəli X2 bağlansa da, 2 il 6 ay müddətində İddiaçı tərəfindən aylıq 2 008,99 ABŞ dolları məbləğində pul ödənilməsi faktı nəzərə alınmamış və ayda 1 095,00 ABŞ dolları olmaqla toplamda əvvəlkindən də artıq bir məbləğ olan 65 696,00 ABŞ dollarının verilməsi öhdəliyi yenidən iddiaçının üzərinə qoyulmuşdur. Bu müddət ərzində İddiaçı tərəfindən üst-üstə 140 000,00 AZN məbləğində pulun ödənilməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən yenidən restruktrizasiya məqsədilə xx.xx.2019-cu il tarixli 2187D/14/S nömrəli X2 bağlanmışdır ki, bununla da, 2 il 1 ay müddətin də İddiaçı tərəfindən hər ay 1 095,00 ABŞ dolları məbləğində pul ödənilməsi faktı yenə də nəzərə alınmamış və ayda 1 309,67 AZN olmaqla toplamda 78 580,38 AZN pulun verilməsi öhdəliyi yenidən iddiaçının üzərinə qoyulmuşdur. xx.xx.2014-cü il tarixindən hazıradək 140 000,00 AZN pul ödənildiyi halda, Cavabdeh MMC ödənilmiş 143 000,00 AZN məbləğdən sonra, dəfələrlə yuxarı faiz tətbiq etməklə toplamda 78 580.38 AZN pulun verilməsi öhdəliyinin yenidən iddiaçının üzərinə qoyulması barədə müqavilə bağlamışdır. xx.xx.2019-cu il tarixli, 2187D/14/S nömrəli sonuncu müqavilə üzrə cavabdeh tərəfindən hesablanmış qrafikə əsasən, yekunda ödəniləcək məbləğ 218 580,38 AZN təşkil edir ki, bu da, 2014-cü ilə görə dolların manata münasibətində götürülmüş olan 49 719,53 AZN ekvivalentində pul üçün süni şəkildə şişirdilmiş hesablamadır. Bundan başqa bildirilir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 2187D/14/S nömrəli sonuncu Müqavilə iddiaçı tərəfindən imza olunsa da, iddiaçının müqavilənin məzmunundan, o cümlədən onun gələcək nəticələrindən məlumat verilməmişdir. xx.xx.2014-cü il tarixli, 2187D/14/S nömrəli və xx.xx.2017-ci il tarixli, 2187D/14/S nömrəli Müqavilələrə, o cümlədən həmin Müqavilələr üzrə öhdəliklərə xitam verilməsi, eyni zamanda xx.xx.2019-cu il tarixli, 2187D/14/S nömrəli Müqavilənin və həmin Müqavilədən yaranan hüquqi nəticələrin etibarsız sayılması" zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxxxxxxxx” Lizinq Şirkəti QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2187D/14/S saylı X4 müqaviləsinin surətinə əsasən Lizinq verən “xxxxxxxxxx” Lizinq Şirkəti QSC 50.000 manat dəyərində lizinq obyektini (Saatlı Lizinq alan İddiaçı 48 ay müddətinə lizinqə (icarəyə) vermiş, İddiaçı isə lizinq obyektini qəbul etməklə öhdəliyə uyğun olaraq 50.000 manat məbləğində pulu illik 22% lizinq mükafatı hesablanmaq şərti ilə 48 ay müddətinə “xxxxxxxxxx” Lizinq Şirkəti QSC-yə ödəməsini öhdəsinə götürmüşdür; Lizinq ödənişləri cədvəlinə (xx.xx.2014-cü il tarixli, 2187D/14/S saylı müqaviləyə əlavə) əsasən İddiaçı 48 ay ərzində hər ay 2008,29 USD məbləğində ödəniş etməli idi; “xxxxxxxxxx” Lizinq Şirkəti QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2187D/14/S saylı X4 müqaviləsinə əlavə restruktrizasiya haqqında razılaşmaya əsasən Tərəflər aralarında bağlanmış olan 2187D/14/S saylı X4 Müqaviləsinə əlavə və dəyişiklikləri etmək barədə razılığa gələrək, illik 15%, 60 aylıq müddətdə USD valyuta məzənnəsi ilə hesablanacaq; Lizinq ödənişləri cədvəlinə (xx.xx.2017-ci il tarixli, 2187D/14/S saylı razılaşmaya əlavə) əsasən İddiaçı 60 ay ərzində hər ay 1095,00 USD məbləğində ödəniş etməli idi; “xxxxxxxxxx” Lizinq Şirkəti QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu tarixli, 2187D/14/S saylı X4 müqaviləsinə əlavə restruktrizasiya haqqında razılaşmaya əsasən Tərəflər aralarında bağlanmış olan 2187D/14/S saylı X4 Müqaviləsinə əlavə və dəyişiklikləri etmək barədə razılığa gələrək, illik 16%, 60 aylıq müddətdə AZN valyuta məzənnəsi ilə hesablanacaq; Lizinq ödənişləri cədvəlinə (xx.xx.2019-cu il tarixli, 2187D/14/S saylı razılaşmaya əlavə) əsasən İddiaçı 60 ay ərzində hər ay 1039,67 AZN məbləğində ödəniş etməli idi; xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutlarla müəyyən edilir ki, “xxxxxxxxxx” Lizinq Şirkəti QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2187D/14/S saylı X4 müqaviləsi ilə 50.000 manat məbləğində pulu illik 22% lizinq mükafatı hesablanmaq şərti ilə 48 ay müddətinə, xx.xx.2017-ci il tarixli, 2187D/14/S saylı X4 müqaviləsinə əlavə restruktrizasiya haqqında razılaşmaya əsasən , illik 15% olmaqla, 60 aylıq müddətdə müəyyən olunmuş, sonradan USD valyuta məzənnəsi ilə xx.xx.2019-cu tarixli, 2187D/14/S saylı X4 müqaviləsinə əlavə restruktrizasiya haqqında razılaşma ilə illik 16%, 60 aylıq müddətdə AZN valyuta məzənnəsi ilə hesablanmışdır. İddiaçının tələbi - “xxxxxxxxxx” Lizinq Şirkəti QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2187D/14/S nömrəli və xx.xx.2017-ci il tarixli, 2187D/14/S nömrəli müqavilələr üzrə öhdəliklərə xitam verilməsi və "xxxxxxxxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi olan Cavabdeh MMC ilə iddiaçı N.l.Nağıyeva arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2187D/14/S nömrəli müqavilənin və həmin müqavilədən yaranan hüquqi nəticələrin etibarsız sayılması hesab olunması barədədir. İddiaçı tərəf ödənişlərin nəzərə alınmamasına, dolların manata münasibətində götürülmüş olan 49 719,53 AZN ekvivalentində pul üçün süni şəkildə şişirdilməsinə, müqavilə üzrə gələcək nəticələr barədə məlumat verilmədiyinə əsaslanmaqla müqavilələr üzrə öhdəlikləri xitam verilməsini və etibarsız sayılmasını tələb edir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının müraciəti əsasında müxtəlif tarixlərdə lizinq müqaviləsi bağlanmış, ona hesablanmış aylıq ödənişlər barədə lizinq ödənişləri cədvəli verilmiş, həmin müqavilə və cədvəllə iddiaçı tanş olmaqla imza etmişdir. Hazırda iddiaçı qeyd edilən müqavilələrin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiqedilən olması üçün kontragent tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Kredit müqaviləsində alınan borcun xarici valyutada ifadə edilməsi bankın iddiaçını aldatmasını iddia etmək üçün yetərli ola bilməz. Konkret halda, müqavilə bağlanan zaman iddiaçının hüquqi nətəcələr barədə məlumatlı olmamasını iddia etməsi inandırıcı və ağlabatan deyildir. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Araşdırma zamanı iddiaçı ilə bağlanmış lizinq müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən iddiaçıya hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Lizinq müqaviləsi və ona əlavələrin imzalanması iddiaçının iradəsində asılı olan bir hal olmuşdur ki, iddiaçı müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni imzalamışdır. İddiaçı lizinq müqaviləsi və ona əlavə müqavilələrinin bağlanmasını arzulamışdır və bu səbəblə də əqdin məzmununda yanılmanın olması mümkün deyildir. İşin hallarından görünür ki, lizinq müqaviləsi bağlanan zaman iddiaçının arzuladığı məbləğə uyğun olmuşdur; Xüsusilə qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi lizinq müqaviləsinə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya vacib əhəmiyyətli yanaşmadan bəhs etmək mümkün deyildir. Eləcə də, iddiaçının öhdəliklərə xitam verilməsi barədə tələbi isə öhdəlik tam icra olunmadığı təqdirdə təmin oluna bilməz. Məhkəmə hesab edir ki, lizinq müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından iddia rədd edilməlidir. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi lizinq və ona laə olaraq bağlanmış müqavilələrinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilələrin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onları bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Əksinə iddiaçı, bir tərəfdən cavabdehlə bağlanmış lizinq müqavilələrinin həqiqi iradəsinə uyğun olmadığını bildirsə də, digər tərəfdən həmin müqavilələr üzrə qismən ödənişlər həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, uydurma əqddə tərəflər, ona uyğun heç bir hüquqi nəticə (yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik) yaratmaq niyyəti olmadan əqdi bağlamış olmalı, əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında sövdələşməlidirlər. Şərh olunanlarla yanaşı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən “xxxxxxxxxx” Lizinq Şirkəti QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2187D/14/S saylı X4 müqaviləsin münasibətdə müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Hazırkı işin hallarından görünür ki, cavabdeh müddətin tətbiqi barədə ərizə vermişdir və məhkəmənin qənaətinə görə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddətin hüquqi mahiyyətindən asılı olmayaraq, hər bir halda iddiaçının müvafiq müddət ərzində iddia qaldırmadığı qənaətinə gəlinməlidir. Belə ki, birincisi, iddiaçı hansı müqavilələri bağlamasından və onların mahiyyətindən məhz lizinq müqaviləsi bağlanan tarixdə, yəni xx.xx.2014-cü il tarixdə xəbərdar olmuşdur. Qeyd olunmalıdır ki, müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X5 Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib, yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2339/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2339/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver