Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2380/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü ildə Ermənistanın Spitak rayonunda anadan olmuşdur. Ailəsi ilə birlikdə, övladları X9 və X10 ilə Bakı ş. Nərimanov rayonu, M.K. Atatürk pr. ev.37, m.129 ünvanda yaşayırlar. Həyat yoldaşı X2 xx.xx.2023-cü ildə vəfat edib. X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2003-cü il 508930 №-li arayışına əsasən müddətsiz 1-ci qrup əlillik dərəcəsi var. xx.xx.1987-ci il təvəllüdlü oğlu X9 anadangəlmə daun xəstəsidir. Kənar şəxsin köməyi ilə hərəkət edir. Oğlu bu xəstəliklə əlaqədar olaraq özünü müstəqil idarə edə bilmir. Özünə qulluq edə, təmizlik işləri, qidalanmasını sərbəst şəkildə həyata keçirə bilmir. Müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə qadir deyil. Ona görə də onun qəyyumu kimi təyin olunmaq niyyətindədir. Lakin Nərimanov rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik” Komissiyasından ona şifahi olaraq bildirilmişdir ki, oğlu üzərində qəyyum və himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilər. Ona görə də o, Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X9 Bakı şəhərində doğulmuş, ata qrafasında Ərizəçi, ana qrafasında X3 qeyd edilmişdir; -Nərimanov Rayonu ƏSMN tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 069951 saylı vəsiqənin surətindən görünür ki, X9 uşaqlıqdan İ qrup əlildir; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2003-cü il tarixli, 508930 saylı arayışının surətindən görünür ki, 1987-ci il təvəllüdlü X6 birinci dərəcəli əlillik mövcuddur; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 2355 saylı rəyindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X6 daun sindromu nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) aşkar olunmuşdur. xx.xx.1987-ci il təvəllüdlü X9 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onlan şüurlu idarə etmək iqtidarına malik deyil. F.Ərizəçi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3, 317.2, 317.3, 318.2 və 321.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixiatrik espertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1987-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2380/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2380/2023
04.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver