Məhkəmə qərarları › İş №2(005)-2382/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2382/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2382/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X5, Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hərracın və həmin hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X5, Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hərracın və həmin hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş 15 mart 2021-ci il tarixli hərracın, həmin hərracın nəticələri haqqında 15 mart 2021-ci il tarixli, 19/1 nömrəli yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 9 saylı Notariat Kontorunun 8İ-10196 saylı, 15.07.2019-cu il tarixli icra qeydinə və Sabunçu rayon İcra şöbəsinin 11582- 104568/15 saylı, 19.12.2019-cu sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən hərrac təşkil edilmiş, Hərrac təşkilatının ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsinə dair Hərracın yekunları barədə 19/1 nömrəli 15.03.2021-ci il tarixli Protokol tərtib edilmişdir. 15 mart 2021-ci il tarixli, 19/1 nömrəli hərracın nəticələri haqqında protokoldan görünür ki, əmlakın ilkin satış qiyməti 180 000 manat müəyyən edilməklə açıq hərracda satışa çıxarılmış, təkrar hərracda qiymət 15%, sonradan isə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% endirilməklə 114750 manat olmuş və tələbkar X3 təklif edilmişdir. İddiaçı hesab edir ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuş, bu isə əsassız olaraq onun mülkiyyət hüququndan məhrum olmasına səbəb olur. Satışa çıxarılan əmlak Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən 0,03 ha torpaq sahəsində yerləşən, 224,1 kv.metrlik ümumi sahəsi olan əmlak olmaqla təmirli fərdi yaşayış evidir. 15 mart 2021-ci il tarixli, 19/1 nömrəli protokoldan ilkin və təkrar hərracların keçirildiyi və hərracların baş tutmadığı məlum olsa da, bu hərraclar barədə iddiaçıya bildiriş verilməmişdir. Bundan başqa əmlakın müstəqil qiymətləndirilməsi həyata keçirilməmiş, əmlak real bazar dəyərindən qat-qat aşağı qiymətə satılmışdır. Həmçinin hesab edir ki, hərraca çıxarılmış əmlakın orta bazar qiyməti hərrac keçirilərkən müəyyən edilmiş ilkin satış qiymətindən xeyli yuxarıdır. Belə ki, həmin əmlakın satış qiyməti qərəzli olaraq azaldılmış satış qiyməti müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair” arayışa əsasən 20.12.2018-ci il tarixinə fərdi yaşayış evinin bazar dəyəri 280000 manat təşkil edir. Bu barədə arayışı iddiaçı icra məmuruna təqdim etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxslərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh X2 nümayəndəsi və vəkili X8 02 avqust 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən, eyni tarixdə Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-818/2021 saylı işdə iştirak edəcəyi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-2382/2021 saylı işə baxılması ilə əlaqədar 02.08.2021-ci il tarixli iclasda iştirak edə bilməyəcəyini bildirərək iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə məhkəməyə təqdim olunan sübutları tədqiq edib һesab edir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilməməlidir. İş materiallarında olan 25 dekabr 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, X1 Hüseyn Ziyad oğluna 140000 ABŞ dolları, müqavilənin bağlandığı tarixə manatla kurs üzrə 238000 manat məbləğində borc vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, ev 138 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında tam payda İddiaçı məxsusdur. İş materiallarında olan 25 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsindən göürünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, ev 138 ünvanında yerləşən fərdi yaşayış evi 3M-1477 saylı kredit mqaviləsinə əsasən X2 xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, ev 138 ünvanında yerləşən fərdi yaşayış evi X2 xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsi aparılmış və 18.12.2018-ci il tarixinə bazar dəyəri 280000 manat müəyyən edilmişdir. İş materiallarında olan 15 mart 2021-ci il tarixli, 19/1 nömrəli hərracın yekunları barədə protokoldan görünür ki, əmlakın ilkin satış qiyməti 180 000 manat müəyyən edilməklə açıq hərracda satışa çıxarılmış, təkrar hərracda qiymət 15%, sonradan isə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% endirilməklə 114750 manat olmuş və tələbkar X3 təklif edilmişdir. İş materiallarında olan “X7 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 12 iyul 2021-ci il tarixdə verilmiş rəydən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, ev 138 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 179400 manat, likvid dəyəri 166500 manat müəyyən edilmişdir. İş materiallarında olan “X7 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 12 iyul 2021-ci il tarixdə verilmiş hesab-fakturadan görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, ev 138 ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsi ilə bağlı görülmüş ekspert xidmətlərinin qarşılığı olaraq cəmi 350 manat ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 43.1-ci və 43.1.1-ci maddələrinə əsasən““hərraca iki nəfərdən az alıcı gəldikdə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Məhkəmənin qənaətinə görə, qanunverici hərracın təşkili və keçirilməsi ilə bağlı imperativ normalar müəyyən etmişdir ki, burada“konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir. Müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac isə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə qeyd edir ki, “X7 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 12 iyul 2021-ci il tarixdə verilmiş rəydən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, ev 138 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 179400 manat, likvid dəyəri 166500 manat müəyyən edilmişdir. İddiaçı eyni zamanda hərracın keçirilməsi zamanı hər hansı pozuntulara yol verilməsini təsdiq edən sübutları təqdim edə bilmədi. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X5, Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hərracın və həmin hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu və 350 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış, öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X6, Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hərracın və həmin hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 350 (üç yüz əlli) manat İddiaçı tutulub "xxxx" ASC, KOD 505141 VÖEN **********, Müxbir hesab AZ 82 NABZ******************** SWİFT BİK PAHAAZ22, “X7 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN **********1, Hesab AZ75PAHA40060AZNHC**********” hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakışəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar