Məhkəmə qərarları › İş №2(005)-2436/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2436/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2436/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X14” MMC-yə, Cavabdeh3 BOKT ASC-yə və Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə qarşı “əmlak ilə bağlı hərracın nəticələri haqqında 50/05 saylı 31 iyul 2019-cu il tarixli protokolun, hərracın yekunları barədə alqı-satqı müqaviləsinin ləğvi və daşınmaz əmlak üzərində Cavabdeh3 BOKT ASC-nin hüquqların dövlət qeydiyyatının və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus və mülkiyyətçisi olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 1 saylı evin, 60 nömrəli mənzilinə dair 31 iyul 2019-cu il tarixli hərracın nəticələri haqqında «Daşınar və Daşınmaz Əmlakların Satışı X14» MMC-nin hərracın yekunları barədə 50/50 saylı protokolunun, 31.07.2019-cu il tarixli hərracın yekunları barədə alqı-satqı müqaviləsinin ləğvi, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilərək, mülkiyyətindəki mübahisəli daşınmaz əmlak üzərində Cavabdeh3 BOKT Açıq Səhmdar Cəmiyyətinin hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsinə və iddiaçının mülkiyyətində olan mənzilə aid sənədləşmənin əvvəlki hüquqi vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.İ ddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anasının və özünün səhhətində aparılan müalicələr ilə əlaqədar yeganə ona məxsus olan və övladı ilə birgə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 1 saylı evin, 60 saylı mənzilini 28 avqust 2015-ci ildə 60 ay müddətinə illik 28% hesablanmaq şərtilə Cavabdeh3 BOKT ASC-də girov qoyaraq 15000 ABŞ dolları pul kredit götürmüşdür. İlk əvvəllər ödənişləri vaxtlı-vaxtında etmiş, heç bir gecikməsi olmamışdır. Lakin növbəti ildə ödənişlərdə çətinlik yaşadığından qrafik üzrə ödəmələrdə müəyyən ləngimələr yaranmışdır. Bundan istifadə edən Cavabdeh3 BOKT ASC iddiaçını məhkəməyə verərək əlavə faizlər yazaraq, girov predmeti olan iddiaçının yeganə evini məhkəmə yolu ilə satışa çıxararaq evini əlindən almaq qərarına gəlmiş, iddiaçı heç vaxt ödənişlərdən yayınmamışdır. Bu səbəbdən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsindən yaşadığı ünvana bildiriş gəldikdə o, ünvan 2er 9-cu mərtəbədə yerləşən Cavabdeh3 BOKT ASC-do olaraq oradakı rəhbərlik və əməkdaşlar ilə görüşərək kreditə görə pullar ödədiyi halda iddiaçının evinin əlindən alınması ilə bağlı məhkəməyə verdikləri ilə bağlı iradlarını bildirmişdir. Cavabdeh3 BOKT ASC-nin rəhbərliyini təmsil edən İsmayılov Turan, kreditlərin verilməsinə razılıq verən Xeyrulla Babayev, digər əməkdaş Nofəl İbrahimov adlı şəxslər ilə görüşlərdən sonra cavabdeh təşkilat ona şifahi razılaşma əsasında bildirmişdir ki, «məhkəmədən gələn bildirişlər səni narahat etməsin, sən hər ay 700 manata qədər ASC-yə pul ödə, biz məhkəməni saxlayacağıq». İddiaçı Cavabdeh3 BOKT ASC-nin rəhbərliyi ilə şifahi razılığa əməl edərək Cavabdeh3 BOKT ASC-nin hesabına hər ay kartına pul oturduqca cavabdeh təşkilat Cavabdeh3 BOKT ASC-yə pullar ödəməyə başlamışdır. Lakin Cavabdeh3 BOKT ASC-nin rəhbərliyi Turan İsmayılov və digər məsul əməkdaşları iddiaçını aldadaraq ona hər ay Cavabdeh3 BOKT ASC-nin hesabına pul ödətdirməklə yanaşı, məhkəməni də saxlamayaraq əleyhinə qətnamə çıxartmışlar. Hətta girov predmeti olan yeganə mənzilini artıq Cavabdeh3 BOKT ASC iddiaçının razılığı və xəbəri olmadan, borca görə pul ödədiyi halda belə öz mülkiyyətinə keçirtmişlər. Belə görünür ki, dolların dəyərinin artmasından sui-istifadə edən cavabdeh qanunsuz olaraq beş ildən çox davam edən bitmiş müqavilə münasibətlərinə görə həm girov predmeti olan evini, həm də Cavabdeh3 BOKT ASC-nin rəhbərliyi və əməkdaşlarına inandığından onu yenidən aldadaraq Cavabdeh3 BOKT ASC-nin hesabına ödədiyi pulları əlindən çıxartmışlar. Həmçinin Cavabdeh3 BOKT ASC cavabdehlər «Daşınar və Daşınmaz Əmlakın Satışı X14» MMC və Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya şöbəsi ilə birləşərək mülkiyyətindəki yeganə mənzilinin əlindən çıxmasına şərait yaratmışlar. Ağır xəstəlik keçirdiyi vaxtı əzab əziyyətlə işləyib aldığı yeganə mənzilindən, həm də Cavabdeh3 BOKİT ASC-nin uydurduğu yalanlar nəticəsində müflisləşməyə və ödədiyi pullara baxmayaraq evsiz qalmaq üzrədir. Bu səbəbdən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Əgər Cavabdeh3 BOKT ASC onun yeganə mülkiyyətində olmuş və yaşadığı mənzili olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 1 saylı evin, 60 saylı mənzili onun xəbəri olmadan öz mülkiyyətinə qəbul etməsi və əsassız varlanaraq həm də o cavabdeh ilə danışıqlara gedərkən məhkəməni dayandıracaqları barədə yalan vəd verərək 31 yanvar 2018-ci ildən 2020-ci ilin iyul ayına qədər hesablarına pullar ödətdirib, sonradan iddiaçının ağır xəstə olmasından istifadə etməklə iştirakını təmin etmədən məhkəmə iclaslarında iddiaçının əleyhinə qətnamələr çıxartmışlar. Cavabdehlər «Daşınar və Daşınmaz Əmlakın Satışı X14» MMC rəhbərliyi, Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya şöbəsi və Cavabdeh3 BOKT ASC-nin rəhbərliyinin və əməkdaşları 31 iyul 2019-cu il tarixində keçirdikləri hərracın yekunları barədə protokol və alqı-satqı barədə müqavilədə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 1 saylı evin, 60 saylı mənzilin dəyəri 31875 manat qiymətləndirilərək satılıb, mənzili isə əlindən çıxarılmışdır. Ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 1 saylı evin, 60 saylı mənzilinin real qiyməti 65000 manat olsa da, hərracı keçirən «Daşınar və Daşınmaz Əmlakın Satışı X14» MMC rəhbərliyinin direktoru X3 31 iyul 2019-cu il tarixində keçirilən hərrac barədə hərracın təşkilatçısı tərəfindən ona məlumat verilməmişdir. Bu səbəbdən hərracda iştirak etmək hüququndan dolayı yollarla məhrum edilmişdir. Hərrac keçirilərkən mülkiyyətindəki evin satış qiyməti bazar dəyərindən ən azı 3 dəfə aşağı qiymətləndirilmişdir. Əmlak qiymətləndirərkən Cavabdeh3 BOKT ASC-nin rəhbərliyinin maraqları nəzərə alınaraq həddindən artıq aşağı qiymət yazılmış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 1 saylı evin, 60 saylı mənzilinin satış qiyməti «Daşınar və Daşınmaz Əmlakın Satışı X14» MMC rəhbərliyinin direktoru X3 tərəfindən həddindən artıq ucuz qiymət olan 50000 (əlli min) manat kimi yekun protokolda yazılması və evin Cavabdeh3 BOKT ASC-nin rəhbərliyi tərəfindən çox ucuz qiymətə alınaraq onun evinin «Daşınar və Daşınmaz Əmlakın Satışı X14» MMC rəhbərliyinin direktoru X3, Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsi və Cavabdeh3 BOKT ASC-nin rəhbərliyi tərəfindən xəbərim olmadan dəyər-dəyməzinə əlindən alınması ədalətsiz və qanunsuz bir addımdır. Odur ki, cavabdeh «Daşınar və Daşınmaz Əmlakın Satışı X14» MMC rəhbərliyinin direktoru X3 tərəfindən müəyyən edilmiş 31875 (otuz bir min səkkiz yüz yetmiş beş) manat qiymət çox aşağı olan bir qiymətdir və reallığa uyğun deyildir. Odur ki, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın, hərracın nəticələri haqqında yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi Məhkəmə tərəfindən qanunsuz və etibarsız hesab edilməli və ləğv edilməlidir. Qiymətləndiricinin qiymətləndirmədə tətbiq etdiyi mexanizm, əsasən bazara təklif olunmuş əmlakların qiymətləri əsasında qurulur. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 1 saylı evin, 60 saylı mənzilin təmirli olması və qiyməti «Daşınar və Daşınmaz Əmlakın Satışı X14» MMC rəhbərliyinin direktoru X3 tərəfindən yekun protokolda yazılmış 31875 (otuz bir min səkkiz yüz yetmiş beş) manat qiymətindən olduqca yuxarıdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə yazılı ərizə təqdim edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 1 saylı evin, 60 nömrəli mənzilinə dair 31 iyul 2019-cu il tarixli hərracın nəticələri haqqında «Daşınar və Daşınmaz Əmlakların Satışı X14» MMC-nin hərracın yekunları barədə 50/50 saylı protokolunun, 31.07.2019-cu il tarixli hərracın yekunları barədə alqı-satqı müqaviləsinin ləğvi, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilərək, mülkiyyətindəki mübahisəli daşınmaz əmlak üzərində Cavabdeh3 BOKT Açıq Səhmdar Cəmiyyətinin hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsinə və iddiaçının mülkiyyətində olan mənzilə aid sənədləşmənin əvvəlki hüquqi vəziyyətinə qaytarılması, qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia tələbinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə yazılı ərizə təqdim edərək, bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-249/2018 saylı, 02 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı cəmi 29 521.11 ABŞ dolları borcun tutulması və tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan əmlak hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Qeyd olunan icra vərəqi icra olunması üçün Qaradağ rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qaradağ rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubu əsasında İddiaçı mülkiyyətində olan ünvan 3-ın ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə "xxxx" MMC tərəfindən qiymətləndirmə həyata keçirilmiş və həmin əmlakın ilkin satış qiyməti 50.000 manat müəyyən edilmişdir. İcra vərəqinin tələbinə uyğun olaraq, ünvan 3 ilkin satış qiyməti 50 000 manat açıq hərraca çıxarılmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. İpoteka predmeti olan əmlak “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, 31 iyul 2019-cu il tarixli, 50/05 saylı protokola əsasən, Cavabdeh3 BOKT ASC tərəfindən 31 875,00 manata əldə edilmişdir. 31 iyul 2019-cu il tarixli, 50/05 saylı protokola əsasən “FİNOKO" BOKT ASC, sözü gedən mənzilə dövlət reyestrindən çıxarış almışdır. Hal-hazırda sözü gedən mənzil Cavabdeh3 BOKT ASC-nin mülkiyyətindədir. İddiaçı Qaradağ Rayon Məhkəməsində borc tələbimizə dair mülki işə baxılan zaman məhkəmə iclasında iştirak etmiş və izahat vermişdir. O, məhkəmə qətnaməsinin çıxarıldığını və həmin qətnamə əsasında mülkiyyətində olan mənzilin hərraca çıxarılacağını bilirdi. Təşkilat gələcəkdə yarana biləcək riskləri nəzərə alaraq, hərracın nəticələrinin ləğv edilməsinin qarşısını almaq məqsədilə hərrac təşkilatı tərəfindən göndərilən bildirişlərin surətini, bildiriş xarakterli müşayiət məktubu ilə İddiaçı ünvanına rəsmi olaraq göndərmişdir. 24.06.2019-cu il tarixdə ilkin hərracın keçirilməsi ilə bağlı bildiriş xarakterli müşayiət məktubu İddiaçı ünvanına göndərilmiş və 29.05.2019-cu il tarixində İddiaçı tərəfindən şəxsən imzalanaraq qəbul edilmişdir. 15.07.2019-cu il tarixdə təkrar hərracın keçirilməsi ilə bağlı bildiriş xarakterli müşayiət məktubu İddiaçı ünvanına göndərilmişdir. 24.06.2019-cu il tarixdə ilkin hərracın keçirilməsi ilə bağlı bildiriş hərrac təşkilatı tərəfindən İddiaçı ünvanına rəsmi olaraq göndərilmişdir. 15.07.2019-cu il tarixdə təkrar hərracın keçirilməsi ilə bağlı bildiriş hərrac təşkilatı tərəfindən İddiaçı ünvanına rəsmi olaraq göndərilmişdir. İddiaçı mülkiyyətində olan evin hərraca çıxarılacağı ilə bağlı, “Birja Yenilikləri" qəzetinin 24 may-30 may 2019-cu il, 07 iyun-13 iyun 2013-cü il tarixli, 28 iyun-04 iyul 2019-cu il buraxılışlarında elanlar verilmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-249/2018 saylı, 02 avqust 2018-ci il tarixli qətnaməsi çıxarıldıqdan sonra İddiaçı qətnamə üzrə borcunun bir hissəsini ödəmişdir. Belə ki, qeyd olunan qətnamənin çıxarılmasından ipoteka predmeti olmuş mənzilin balansa götürülməsinədək keçən müddət ərzində İddiaçı 4139.46 ABŞ dolları məbləğində ödəniş etmişdir. Daha sonra mənzil təşkilatının balansına götürülmüş və İddiaçı borcu balans qiymətinə müvafiq olaraq silinmişdir. Buna baxmayaraq Qaradağ Rayon Məhkəməsinin 2(002)- 249/2018 saylı, 02 avqust 2018-ci il tarixli qətnaməsi üzrə borc tam şəkildə ödənilməmiş və İddiaçı təşkilata qalıq borcu qalmışdır. Bu səbəbdən də mənzil balansa götürüldükdən sonra da İddiaçı tərəfindən borcun tam şəkildə bağlanması məqsədilə ödəniş edilmişdir. Mənzil təşkilatın balansına götürüldükdən sonra bu günədək İddiaçı 2760.82 ABŞ dolları məbləğində ödəniş etmişdir. İddiaçı borcunun mənzilin balans qiymətinə və etdiyi ödənişlərə uyğun olaraq silinməsinə baxmayaraq hələ də təşkilata ödənilməmiş 3874.02 ABŞ dolları məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X14” MMC-yə və Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq bu qurumlar heç bir səbəb təqdim etmədən nümayəndələrinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-249/2018 saylı, 02 avqust 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh3 BOKT ASC-nin cavabdeh İddiaçı qarşı “ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi” tələbinə dair iddia qismən təmin edilmiş, İddiaçı 20909.11 ABŞ dolları əsas borc, 8597 ABŞ dolları kreditə görə faiz borcu, 15 ABŞ dolları dəbbə pulu, ümumilikdə 29521 (iyirmi doqquz min beş iyirmi bir) ABŞ dolları 11 (on bir) sent Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və 30 (otuz) ödənilmiş dövlət rüsumu Cavabdeh3 BOKT ASC-nin xeyrinə tutulması, X1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 2, ev 1, mənzil 60 ixtisaslaşdırılmış açıq hərracdan satılması, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 2, ev 1, mənzil 60-m satışından əldə edilmiş vəsaitdən 29521 (iyirmi doqquz min beş yüz iyirmi bir) ABŞ dolları 11 (on bir) sent Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və 30 (otuz) ödənilmiş dövlət rüsumu tutularaq Cavabdeh3 BOKT ASC-nin xeyrinə ödənilməsi, satışdan götürülmüş məbləğ Cavabdeh3 BOKT ASC-nin tələbini ödəməyə kifayət etməzsə, çatışmayan məbləğ İddiaçı Cavabdeh3 BOKT ASC-nin xeyrinə tutulması, satışdan əldə edilmiş məbləğ Cavabdeh3 BOKT ASC-nin tələbindən artıq olarsa, artıq məbləğ İddiaçı qaytarılması qət edilmişdir; Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-646/2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “Finoko" BOKT ASC-nin cavabdehlər İddiaçı və X5, X2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma” tələbinə dair iddia təmin edilərək, cavabdehlər İddiaçı və X6, X4 iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, massiv 2, keçid 1-də yerləşən 1 saylı evin 60 say dair istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər İddiaçı və X5, X4 əşyaları ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, massiv 2, keçid 1-də 60 saylı mənzildən çıxarılmaqla, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Hərracın yekunları barədə 31.07.2019-cu il tarixli, 50/05 nömrəli protokolunun surətinə əsasən Qaradağ rayon Məhkəməsinin 2(002)-2491/2018 saylı, 02.08.2018-ci il tarixli icra vərəqəsinin, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin 08.05.2019-cu il tarixli sifariş məktubunun və Cavabdeh3 BOKT ASC-nin müvafiq məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 50.000 (əlli min) manat və təkrar hərracdakı ilkin satış qiyməti 42500,0 manat olan İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2-də yerləşən 1 saylı evin 60 saylı mənzili 31875,00 manata ipoteka saxlayan Cavabdeh3 BOKT ASC-nin etibarnamə əsasında nümayəndəsi X7 əldə etmişdir; Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 31.07.2019-cu il tarixli müqavilənin surətinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2-də yerləşən 1 saylı evin 60 saylı mənzil Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: “Daşınar və Daşınmaz Əmlakların Satışı X14” MMC tərəfindən tələbkar Cavabdeh3 BOKT ASC-nin etibarnamə əsasında nümayəndəsi X7 31875,00 manata satılmışdır; Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı X14“ MMC-nin 07.06.2019-cu tarixli, 01/2101 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişinin və bu bildirişin çatdırılmasını təsdiq edən poçt qəbzinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2-də yerləşən 1 saylı evin 60 saylı mənzilin ilkin satış qiyməti 50.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2500 manat olmaqla hərraca çıxarılması və hərracın 24 iyun 2019-cu il tarixdə saat 11:00-da ünvan 5 ünvanında keçiriləcəyi barədə İddiaçı və məlumat üçün Cavabdeh3 BOKT ASC-yə və Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir; Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı X14“ MMC-nin 28.06.2019-cu tarixli, 01/2306 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişinin və bu bildirişin çatdırılmasını təsdiq edən poçt qəbzinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2-də yerləşən 1 saylı evin 60 saylı mənzilin ilkin satış qiyməti 50.000-15%=42500 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2125 manat olmaqla hərraca çıxarılması və hərracın 15 iyul 2019-cu il tarixdə saat 11:00-da ünvan 5 ünvanında keçiriləcəyi barədə İddiaçı və məlumat üçün Cavabdeh3 BOKT ASC-yə və Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 1, ev 1, 60 nömrəli ümumi sahəsi 45.49 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi Cavabdeh3 BOKT ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1211 nömrəli reyestr kitabının 110201 nömrəli vərəqində 06.09.2019-cu il tarixdə qeydiyyata alınmışdır; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakın qiymətləndirilməsi barədə ekspert rəyin surətindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2-də yerləşən 1 saylı evin 60 saylı mənzilin tələbə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 50.000 manat təşkil edir; "xxxx" MMC-nin 28 oktyabr 2021-ci il tarixli, ƏEM/O 58-993/21 saylı ekspert rəyindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2-də yerləşən 1 saylı evin 60 saylı mənzilin 28 oktyabr 2021-ci il tarixinə bazar dəyəri 56.000 manat, likvid dəyəri 50.000 manat təşkil edir. 13.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən qaldırılmış iddia üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.); 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır; 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-249/2018 saylı, 02 avqust 2018-ci il tarixli Qətnaməsinə uyğun olaraq tərtib edilmiş icra vərəqəsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2-də yerləşən 1 saylı evin 60 saylı mənzil 50.000 manat məbləğində qiymətləndirilərək hərraca çıxarılmışdır. İddiaçı əmlakın müəyyən edilmiş 50.000 manat məbləğində qiymətini həddindən artıq aşağı qiymət olduğunu iddia edir və bu əsasla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakın qiymətləndirilməsi barədə ekspert rəyin”nin və hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC tərəfindən qeyd edilən əmlakın yenidən qiymətləndirilməsi keçirilmiş və onun 28 oktyabr 2021-ci il tarixə bazar dəyəri 56.000 manat, likvid dəyəri 50.000 manat məbləğində olması barədə rəy verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı əmlaklara qoyulmuş qiymətin məbləğindən narazıdır. Başqa sözlə, qiymətləndirmənin formal olaraq keçirildiyini və dəyərinin aşağı qiymətlə qiymətləndirildiyini qeyd edir və hesabatın etibarsız hesab edilməsini tələb edir. Bu səbəbdən məhkəmə mübahisəli əmlakların qiymətləndirilməsi ekspertizasının keçirilməsi qənaətinə gəlmiş və hazırki mülki iş əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Məhkəmə "xxxx" MMC-nin 28 oktyabr 2021-ci il tarixli ekspert rəyi ilə bağlı qeyd edir ki, rəydə əmlakların təsviri və texniki xüsusiyyətləri haqqında məlumat verilmiş, müxtəlif profillərdən şəkilləri çəkilmiş, obyektə uyğun satış və təkliflər tapılaraq təhlil olunmuşdur. Araşdırılmış qiymətlər arasındakı fərq faiz nisbəti ilə müəyyənləşdirilmiş, uyğun təkliflərdən düzəliş zamanı həmin fərq çıxılmaqla əmlakların qiyməti müəyyən edilmişdir. Qiymətləndirmə zamanı həmin əmlakların tipi, ümumi sahəsi və sair məsələlər nəzərə alınmış, qiymətin hansı meyarlara əsasən təyin olunduğu göstərilmişdir. Məhkəmə "xxxx" MMC-nin 28 oktyabr 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş qiymətləri nəzərdən keçirib, Tərəqqi” MMC-nin hesabatları ilə müqayisəli təhlil edərək, belə qənaətə gəlir ki, "xxxx" MMC-nin qeyd edilən hesabatında müəyyən edilmiş qiymət, "xxxx" MMC tərəfindən tərtib edilmiş hesabatda həmin əmlakın müəyyən edilmiş qiymətində əsaslı fərq müəyyən edilməmişdir.( bazar dəyəri 56.000 manat, likvid dəyəri 50.000 manat) Məhkəmə hesabatlar arasında olan fərq ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, qiymətləndirmə sahəsində ixtisaslaşan qurumların hər hansı əmlakla bağlı qiymət baxımından analoji rəy verməsi heç də həmişə mümkün olan hal deyil və qiymətdə fərqin olması başa düşüləndir. Sadəcə olaraq fərq məbləğ baxımından ağlabatan olmalıdır. Bununla yanaşı, məhkəmə fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi tələbi ilə bağlı qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Məhz iddiaçıların nümayəndəsinin vəsatəti əsasında da məhkəmə araşdırılmasının gedişində məhkəmə qərardad qəbul etməklə əmlakın qiymətləndirilməsi ekspertizasını təyin etmiş, yəni bu məsələ öz həllini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçılar iddia ərizəsində qeyri-yaşayış sahəsinin yenidən qiymətləndirilməsini tələb etmələrinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə iddia tələbinin “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı iddia ərizəsinə və iş materiallarına istinadən qeyd edir ki, iddiaçı hərrac barədə məlumatlı olmadığını, habelə hərracın keçirilməsi zamanı qanunvericiliyin hansı tələblərinin pozulduğunu bildirmir, hərracın nəticələrinin etibarsız hesab edilməli olmasını əmlakın dəyərindən aşağı qiymətlə qiymətləndirilib hərraca çıxarılması ilə əlaqələndirir. İş materiallarından görünür ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı X14” MMC-nin 19.07.2019-cu il tarixli təklif məktubu ilə ipoteka predmetinin əldə olunmasına dair Cavabdeh3 BOKT ASC-yə və Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə və İddiaçı təklif göndərilmiş və göstərilmişdir ki, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin 08.05.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka yüklü Bakı ş. Qaradağ r. Lökbatan qəsəbəsi, Massiv 2 ev 1-də yerləşən 60 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 19.07.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 31875 manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43,8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”-nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, hazırda mübahisələndirilən hərrac başa çatmış, artıq mənzilin mülkiyyətçisi Cavabdeh3 BOKT ASC-dir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 1 saylı evin, 60 nömrəli mənzili ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı X14“ MMC tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X14” MMC-yə, Cavabdeh3 BOKT ASC-yə və Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə qarşı “əmlak ilə bağlı hərracın nəticələri haqqında 50/05 saylı 31 iyul 2019-cu il tarixli protokolun, hərracın yekunları barədə alqı-satqı müqaviləsinin ləğvi və daşınmaz əmlak üzərində Cavabdeh3 BOKT ASC-nin hüquqların dövlət qeydiyyatının və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X14” MMC-yə, Cavabdeh3 BOKT ASC-yə və Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə qarşı “əmlak ilə bağlı hərracın nəticələri haqqında 50/05 saylı 31 iyul 2019-cu il tarixli protokolun, hərracın yekunları barədə alqı-satqı müqaviləsinin ləğvi və daşınmaz əmlak üzərində Cavabdeh3 BOKT ASC-nin hüquqların dövlət qeydiyyatının və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar