Məhkəmə qərarları › İş №2(005)-2438/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2438/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2438/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Cavabdeh Geiushov Azərin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Geiushov Azərə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Geiushov Azərə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azer Geiushovdan 1,711.00 (bir min yeddi yüz on bir) manat ödənilməyən xidmət haqqının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi 1,741.00 (bir min yeddi yüz qırx bir) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra “Məktəb”) ilə cavabdeh Geiushov Azer arasında 01.10.2018-cu il tarixdə 577-AY18/19 “ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilə (bundan sonra “Müqavilə") bağlanmışdır. Həmin Müqaviləyə əsasən iddiaçı cavabdehin qanuni nümayəndəsi olduğu X9 Azərbaycan Respublikasının qanunvericiliyinə və Məktəbin Nizamnaməsinə uyğun olaraq ümumi təhsil xidmətləri göstərməyi, cavabdeh isə xidmətlərin müqabilində Məktəbə Müqaviləyə və onun Əlavələrinə uyğun olaraq dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Müqavilə üzrə üzərinə düşən öhdəliyim tam şəkildə icra edərək, cavabdehə 2018-2019 tədris ilində ümumi dəyəri 3,280.00 manat təşkil edən təhsil xidmətləri göstərmişdir. Lakin cavabdeh tərəfindən Müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçının göstərdiyi xidmətlərin dəyərini qismən ödəmiş və nəticədə onun Məktəbə 1,711.00 manat məbləğində təhsil haqqı borcu yaranmışdır. Müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsi, yəni iddiaçıya olan xidmət haqqı borcunun ödənilməsi məqsədilə, cavabdehə pretenziya/tələb məktubu göndərilsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış Müqavilənin 5.1-ci bəndinə görə, ödəməni Müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən qaydada və müddətdə aparmaq cavabdehin öhdəliklərinə aiddir. Müqavilənin 1 saylı Əlavəsinin 1-ci bəndində əks olunan cədvəldə ödəniş tarixi və məbləğləri qeyd edilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, cavabdehdən Məktəbin xeyrinə 1,711.00 manat məbləğində pul vəsaiti tutulmalıdır. Cavabdeh Geiushov Azər 28.04.2021-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən müqavilə üzrə öhdəlikləri icra etmədiyi üçün ondan 1711 (bir min yeddi yüz manat on bir) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, hazırda həmin mülki iş məhkəmənin icraatındadır. Hesab edir ki, həmin iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, həqiqətən də, İddiaçı MMC ilə aralarında 01.10.2018-ci il tarixli, 577-AY18/19 saylı “Ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı onun X17yə ümumi təhsil xidmətləri göstərməyi o, isə xidmətlərin müqabilində Müqaviləyə və onun Əlavələrinə uyğun olaraq Məktəbə dəyərini ödəməyə öhdəlik götürmüşdür. Müqavilə üzrə 2018-2019 tədris ilində ümumi təhsil xidmətlərin göstərilməsinin ümumi dəyəri 3280 (üç min iki yüz səksən) manat təşkil edirdi və həmin məbləğdən müqavilə bağlanan zaman o, 1570 (bir min beş yüz yetmiş) manat məbləğində vəsait iddiaçının hesabına köçürmüşdür. İddiaçı iddia tələbində onun tərəfindən müqavilə üzrə öhdəliyini tam şəkildə icra edərək, cavabdehə 2018-2019 tədris ilində ümumi dəyəri 3280 manat təşkil edən təhsil xidmətlərini göstərdiyini bildirsə də, əslində iddiaçı tərəfindən X17yə 1 (bir) həftədən artıq təhsil xidmətləri göstərilməmişdir. Belə ki, tədris mərkəzi onların evindən xeyli uzaq məsafədə (Zığ qəsəbəsində) yerləşdiyindən və X17 hər dəfə məktəbə gedib gələndə narahatlıq hissi keçirdiyi üçün onun həmin məktəbə gedib-gələ bilmədiyini məktəb direktoruna bildirərək müqavilə üzrə öhdəliklərin dayandırılması barədə razılığa gəlmişlər. X17 ümumilikdə 6 (altı) gün iddiaçının xitmət göstərdiyi tədris mərkəzinə getmişdir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh Geiushov Azərin nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia iddia tələbinin əsassız olduğunu, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: 01.10.2018-ci il tarixli 577 AY18/19 №-li ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, Məktəb Valideynin qanuni nümayəndəsi olduğu X9 Azərbaycan Respublikasının qanunvericiliyinə və Məktəbin Nizamnaməsinə uyğun olaraq ümumi təhsil xidmətləri göstərməyi, cavabdeh isə xidmətlərin müqabilində Məktəbə Müqaviləyə və onun Əlavələrinə uyğun olaraq dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məktəb Valideynə Müqaviləyə xitam verilməsi barədə yazılı xəbərdarlıq etdikdə, Müqavilə xəbərdarlıqda qeyd olunan gündən xitam olunmuş hesab olunur (6.5-ci bənd). Valideyn Şagirdi Məktəbdən çıxarmaq və bu Müqaviləyə xitam vermək istədikdə, bu barədə Məktəbə dərhal yazılı qaydada bildiriş təqdim etməlidir. Bu Müqavilədə və ona X1 xitam verilməsi haqqında bildirişi təqdim etməsi deyildikdə, onun Məktəb tərəfindən alınması tarixi başa düşülür. Valideyn tərəfindən müvafiq tədris dövrü (tədris dövrü deyildikdə, tədris ilinə daxil olan 12 həftəlik dövr başa düşülür) ərzində verilmiş bildiriş yalnız həmin tədris dövrünün bitiminədək Müqaviləyə xitam verilməsini nəzərdə tutmalıdır. Əks halda hüquqi qüvvəsi olmayacaqdır və Valideyn belə bildiriş üzrə Xidmət haqqının geri qaytarılmasım tələb edə bilməz. Valideyn tərəfindən bu maddəyə uyğun qaydada Müqaviləyə xitam verilməsi haqqında bildiriş təqdim edildikdə. Şagirdin bildirişin təqdim edildiyi tarixin daxil olduğunu tədris dövrü başa çatanadək Məktəbdə təhsil almasına icazə verilir (6.6-cı bənd). İddiaçı MMC-nin 26.02.2021-ci il tarixli 577 AY18/19 №-li hesabdan çıxarışdan görünür ki, müştəri Geiushov Azer 1569 manat məbləğində pulu 02.10.2018-ci il tarixə kimi ödəmiş, 1711 manat məbləğində qalıb borcu vardır. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 20.06.2013-cü il tarixdə verilmiş AZ-İİİ 121666№-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 02.06.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X15, anası X4r. “xxxx” MMC-nin 04.05.2021-ci il tarixli H 462№-li arayışından görünür ki, X11 həqiqətən 2019-cu ildən “xxxx”-nin 1-ci sinif Azərbaycan Bölməsində təhsil almağa başlamış və bu günə qədər təhsilini davam etdirməkdəddir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə hesab edir ki, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Belə ki, məhkəmə baxışında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Məktəb, Valideynin qanuni nümayəndəsi olduğu X9 Azərbaycan Respublikasının qanunvericiliyinə və Məktəbin Nizamnaməsinə uyğun olaraq ümumi təhsil xidmətləri göstərməyi, cavabdeh isə xidmətlərin müqabilində Məktəbə Müqaviləyə və onun Əlavələrinə uyğun olaraq dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliyinə əməl edilməməsini bildirərək, cavabdehdən 1.711 manat məbləğində pul tutulmasını məhkəmədən tələb edir. Məhkəmə tərəfindən mülki iş materiallarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilə bağlansa da müqavilə şərtləri tam icra edilməməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən X9 təhsil xidmətlərinin göstərilməsinə qarşılıq olaraq X15 illik təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin mülki iş materiallarına əlavə edilmiş xxxx” MMC-nin 04.05.2021-ci il tarixli H 462№-li arayışı ilə sübuta yetirilmişdir ki, X11 2019cu ildən “xxxx”-nin 1-ci sinif Azərbaycan Bölməsində təhsil almağa başlamış və bu günə qədər təhsilini davam etdirməkdədir. Göstərilən halda məhkəmə hesab edir ki, X9 iddiaçı tərəfindən təhsil xidmətləri göstərilmədiyindən, müqavilənin icrası pozulmuş, iddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən “…öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”; - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X12rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Geiushov Azərə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh Geiushov Azərə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar