Məhkəmə qərarları › İş №2(005)-246/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-246/2024

19.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-246/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zeynalova (Hətəmova) Çiçək Zeynal qızı 1990-cı ilin may avında Cavabdeh2 ilə mülki nikaha daxil olmuşuq. Nikahımız xx.xx.1991ci il tarixdə Cəlilabad rayonu Günəşli kənd sovetliyində qeydə alınaraq rəsmiləşdirilmişdir. Birgə nikahdan 4 övladımız olmuşdur. Böyük oğlum Nümayəndə xx.xx.1991-ci ildə, oğlu Cavidan Zeynalov xx.xx.1993-cü ildə, oğlu Hüseyn Zeynalov xx.xx.1996-cı ildə, qızı Fidan Zeynalova xx.xx.2009-cu il tarixdə anadan olmuşlar. Həyat yoldaşı uzun illər Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət aparmış, 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir, hazırda cəzasını şərti olaraq çəkir. İddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə ailənin ümumi gəlirləri və vəsaiti hesabına ünvan 1 ünvanda sahəsi 55,4 kv.m. olan qeyri-yaşayış binasını almışlar, həmin mülkə xx.xx.2011-ci il tarixdə AR Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış verilmişdir. Bu ilin 2023-cü ilin iyul ayının birinci ongünlüyündə ona məlum oldu ki, əri ilə birgə nikah dövründə əldə etdiyi həmin əmlakı sonuncu məşğul olduğu başqa biznes işinin inkişaf etdirilməsi ilə əlaqədar pul lazım olduğundan sələmə pul verən Cavabdeh1 20000 (iyirmi min) manat faizə pul götürüb Fatmanın təkidi ilə girov müqaviləsi bağlamaq əvəzinə alqı-satqı müqaviləsi bağlamışdır. Daha sonra iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 ilə X2 aralarında olan notarial qaydada təsdiq edilmiş 10 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh1 adına sənədləşdirilmiş 26 yanvar 2013-cü il tarixli çıxarışın, Cavabdeh1 qızı X6 Bakı şəhəri, Nərimanov rayonu İslam Abışov 49 ünvanda yerləşən 55 4 kv.m. sahəsi olan mübahisəli qeyri-yaşayış sahəsinin bağışlanması barədə xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və X4 adına olan xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.İddiaçı öz izahatında bildirdi ki, Cavabdeh2 ilə birgə nikah münasibətləri indi də davam edir. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsini min bir əzab-əziyyətlə pul yığaraq əldə etmişlər. Qeyri-yaşayış sahəsinin satılması barədə məlumatı yalnız təxminən bir neçə ay əvvəl xəbər tutulmuşdur. 10 il ərzində oğlu mütəmadi həmin obyektə gedib-gəlib baxış keçirmişdir, buna görə də həmin əmlakın başqa şəxsin mülkiyyətinə keçməsi barədə məlumatı olmamışdır. Həyat yoldaşı, Cavabdeh2 isə alqı-satqı barədə nə müqavilə bağlananda, nə də sonra məlumat verməmişdir. Eyni zamanda Cavabdeh2 dələduzluqla ittiham olunaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Deyilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 Sudeyf adlı bir şəxsin vasitəsi ilə tanıdığını həmin şəxsin də əmakının F.Yolçuyeva tərəfindən əlindən alındığını, cavabdehin peşəkar şəkildə sələm verməklə məşğul olduğunu bildirdi. Həmin vaxtlar Z.Nadir dələduzluqda ittiam olunurdu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmək üçün ona pul lazım idi. Buna görə də qərara gəlib ki qeyri-yaşayış obyektini girova qoyub, sələmə pul götürsün. Cavabdeh1 2 dəfəyə olmaqla, 20.000 manat pul aldığını, həmin prosesdə Sudeyf və Namiq adlı şəxslərin də iştirak etdiyini qeyd etdi. Notariat ofisində subay olduğunu bildirdiyini, pul vəsaitinin onun tərəfindən deyil, Fatma tərəfindən depozit hesaba keçirildiyini, bu faktın özünün də müqavilənin etibarsızlığına işarət verdiyini qeyd etdi. İddiaçının uzun müddət aldıq-satqıdan xəbəri olmadığını, sonralar, qeyri-yaşayış obyektinə bitişik yerləşən digər şəxsin obyektinin ipotekaya qoyulması ilə bağlı xəbər eşitdiklərində yaxınlarının öz obyektləri ilə əlaqədar narahatlıq keçirdiyini gördüyünü və məhz bu səbəblərdən məsələni açıb ailə üzvlərinə, o cümlədən iddiaçıya demək məcburiyyətində qaldığını vurğuladı. Eyni zamanda o cəzaçəkmə müəssisəsindən 2022-ci ilin iyun və iyul aylarında, təxminən bir il bundan öncə çıxdığını da qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsini qəbul etmədiyini, mübahisəli əmlakı alqı-satqı müqaviləsi əsasında əldə etdiyini bildirmişdir. Cavabdeh öz izahatında qeyri-yaşayış obyektini 20000 manat müqabilində aldığını, digər Cavabdeh2 və iddiaçı Zeynalova Çiçəyin iddia etdiklərinin əksinə, aralarında hər hansı pul-borc münasibətlərinin olmadığını bildirdi. Əslində qeyri-yaşayış obyekti səliqəsiz, qulluq edilməyən bir torpaq sahəsindən ibarətdir. Müəyyən işlər görmək istədiyini, lakin sonradan həmin ərazidəki obyektlərin söküləcəyi ehtimalı olduğunu eşidərək hər hansı hərəkət etməmişdir. İddiaçı Çiçək xanımı birinci dəfədi görür. Cavabdeh2 rəsmən nikahda olmadığını bildirmiş, hətta bir qadınla onu tanış edərək qeyri-rəsmi onunla yaşadığını bildirdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək, etibarsız əqdlər üzrə müddət müəyyən edilmiş bir illik mübahisələndirmə müddətini tətbiq etməklə, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh Z.Nadir əgər aldadılmışdırsa, girov müqaviləsi əvəzinə alqı-satqı müqaviləsi imzalanmışdırsa, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra hansı səbəbdən özünün müqavilənin etibarsızlığı barədə iddianın qaldırılmamasının aydın olmadığı, hazırki iddia tələblərinin mahiyyəti üzrə Cavabdeh1 deyil, yalnız Cavabdeh2 qarşı yönəlməsinin daha ağlabatan olduğunu bildirdir. Belə ki, Z.Nadir özü notariusda ərizə imzalayaraq subay olduğunu, bununla bağlı yaranan bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. Cavabdehlərin arasında pul-sələm münasibətlərinin olması tamamilə yalandır. Digər tərəfdən həmin obyekt digər cavabdeh Yolçiyeva Naziləyə bağışlanmışdır, o hazırda vicdanlı alıcıdır və bu iddia tələbi həm də o əsasla təmin edilə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh yolçiyeva Nazilə Şəif qızı məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanda sahəsi 55,4 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixində qeydiyyata alınmışdır. - V-JQ 368911 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 İddiaçı ilə 24 mart 1991-ci il tarixində nikaha daxil olmuşdur. - AN-027775 nömrəli, 10 yanvar 2012-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyriyaşayış sahəsini Cavabdeh1 satmışdır. Əmlakın dəyəri 25000 manat müəyyən edilmişdir. - Bakı şəhərinin notariusuna ünvalanmış Cavabdeh2 07 yanvar 2012-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 ona məxsus olan ünvan 3 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyri-yaşayış sahəsini əldə etdiyi vaxt subay olmuş və hal-hazırda həmin əmlakı satanda da subaydır. Bununla əlaqədar hər hansı mübahisə olarsa Cavabdeh2 bütün məsuliyyəti öz üzərinə götürür. - X1 tərəfindən "xxxx" ASC Kapital filialına ünvanlanmış məktubdan görünür ki, notarius Cavabdeh1 notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 20000 manat məbləğində pulun müvafiq müqavilə onun tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh2 verilməsi üçün bankda olan **********0001 nömrəli depozit hesabına qəbul edilməsini xahiş edir. - Bakı şəhərinin notariusuna ünvalanmış Cavabdeh1 07 yanvar 2012-ci il tarixli ərizədən görünür ki, o Cavabdeh2 ilə ona məxsus olan ünvan 3 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyri-yaşayış sahəsinin 20000 manata satılması barədə razılığa gəlmişdirlər. Alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini öz üzərinə götürür. Bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul edilməsini xahiş edir. - ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyri-yaşayış sahəsi Cavabdeh1 mülkiyyətindədir. Bu ********* qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır. - xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyri-yaşayış sahəsini X6 bağışlamışdır. - 401326 nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyri-yaşayış sahəsi X4 mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixində qeydiyyata alınmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı ilə 24 mart 1991-ci il tarixində nikaha daxil olmuşdur. Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan ünvan 3 ünvanda sahəsi 55,4 kv.m. olan qeyri-yaşayış sahəsi 10 yanvar 2012-ci il tarixində alqısatqı müqaviləsi əsasında Cavabdeh1 satılmışdır. ünvan 3 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına xx.xx.2013-cü il tarixində çıxarış verilmişdir. Daha sonra Cavabdeh1 ünvan 3 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyri-yaşayış sahəsini xx.xx.2020-ci il tarixində bağışlama müqaviləsi əsasında X6 bağışlamışdır. Hazırda xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 3 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyri-yaşayış sahəsi X4 mülkiyyətindədir. Hazırda İddiaçı müqavilənin etibarsızlığı ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, 10 yanvar 2012-ci il tarixli cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin, xx.xx.2020-ci il tarixli Cavabdeh1 ilə X10 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməsini, Cavabdeh1 və X5 adına verilmiş çıxarışların ləğv edilməsini xahiş edir. Cavabdehlərdə Cavabdeh2 iddia tələbini qəbul etmiş; digər Cavabdeh1 dz Cavabdeh1 nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş, sonuncu hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Eyni zamanda qeyd edilməlidir ki, hüquqdan sui-istifadəyə yol verilmir. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariat hərəkətlərinin aparılması əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatla (bundan sonra “Təlimat”) tənzimlənir. Təlimatın 38-ci bəndinə görə, notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Təlimatın 46-cı bəndinə əsasən, notarius daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən, əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu və layihəsi notarius tərəfindən hazırlanmadığı halda, müqavilənin qanunauyğunluğunu yoxlayır. Təlimatın 48-ci bəndinə əsasən, daşınmaz əmlak (o cümlədən, tikintisi başa çatdırılmamış daşınmaz əmlak) obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı, habelə “Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və X16”nə daxil olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin məqsədləri üçün tələb olunan məlumatları (kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyət qrupları, şərti ballar) “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Ərizədə arayışın daşınmaz əmlakın sərəncam verilməsinə dair notariat hərəkətinin aparılması məqsədi ilə əldə edilməsi göstərilməli və müraciət edən şəxsin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilməlidir. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun: - 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar iºdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmənin gəldiyi nəticə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eləcə də, notariat ofisi tərəfindən təqdim edilmiş notariat icraatındakı sənədləri tədqiq edərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işin materiallarında olan surətləri təsdiq edilmiş notariat icraatından görünür ki, cavabdeh X8 ilə digər Cavabdeh2 ilə aralarında olan 10 yanvar 2012-ci il tarixli alqısatqı müqaviləsi bağlanarkən sonuncunun notariata təqdim etdiyi seriya AZE № 01******* nömrəli şəxsiyyət vəsiqəsində ailə vəziyyəti «subay» kimi qeyd edilmiş və notiariata təqdim edilmiş 07 yanvar 2012-ci il tarixli ərizəsində mübahisəli əmlakı əldə edərkən və satarkən subay olduğunu, bununla bağlı hər hansı mübahisə yarandığı halda bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 İddiaçı ilə 24 mart 1991-ci il tarixində nikaha daxil olmuşlar. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ünvan 3 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyri-yaşayış sahəsini həm əldə edərkən, həm də Cavabdeh1 satarkən subay olmamış, lakin ona xx.xx.2003-cü il tarixdə Cəlilabad RPŞ tərəfindən AZE № 01******* nömrəli şəxsiyyət vəsiqəsi verilərkən vəsiqəsində ailə vəziyyəti subay kimi qeyd edilməsinə baxmayaraq o vəsiqəsinin ailə vəziyyəti qrafasının düzgün yazılmamasını bildiyi və gördüyü halda bu səhvi aradan qaldırmaq üçün heç bir tədbir görməmiş, əksinə o bu şəxsiyyət vəsiqəsindən istifadə edərək mübahisələndirilən əqdi bağlamışdır. Lakin məhkəmə hesab edir ki, Cavabdeh2 notariat orqanını aldadaraq qeyd edilən mübahisələndirilən alqı-satqı müqaviləsinin 10 yanvar 2012-ci il tarixdə bağlanmasına baxmayaraq bunun üstündən 12 il keçəndən sonra hazırki iş üzrə iddiaçı olan həyat yoldaşının bundan xəbəri və buna razılığının olmaması əsası ilə sözügedən əqdin etibarsız sayılmasına dair iddiasına dair verdiyi izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasının əvvəli xx.xx.2016-cı il tarixdən hesablanmış, qeyd edilən qərarla ona qəti olaraq 7 il 1 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında 2022-ci ilin iyun və ya iyul aylarından təxminən bir il yarımdır ki, cəzasını şərti olaraq çəkdiyini bildirmişdir. Məhkəmə Cavabdeh2 iddia tələbini qəbul etməsinə qiymət verərək hesab edir ki, bu etiraf da iddianın əsaslı olmasına hüquqi əsas yaratmır. Belə ki, əvvəla cavabheh Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsini digər caabdeh Cavabdeh1 satarkən subay olmasına dair şəxsiyyət vəsiqəsindən istifadə etməsini etiraf etməklə yanaşı, nəyə görə notariata nikahda olmasını bildirməməsinə dair tutarlı izahat verə bilməmiş, verilən suallara bütün cavablarında alqı-satqı müqaviləsinin sələmlə pul aldığı üçün bağlaması ilə əsaslandırmaqla kifayətlənmişdir. İkincisi də, o, Cavabdeh1 peşəkar şəkildə sələm verməklə məşğul olmasını, özünə məxsus olan qeyri-yaşayış obyektini girova qoyub, məhz sələmə pul götürmək məqsədi ilə ondan 2 dəfəyə olmaqla, 20.000 manat pul almasına, hətta almış olsa da belə, onu qaytarmasına dair sübutlar təqdim etməmişdir. Bu isə həm iddiaçı tərəfin, həm də Cavabdeh2 digər Cavabdeh1 alqı-satqı müqaviləsinin sələmə 20000 manat verməsi ilə formal olaraq bağlanmasına dair dəlillərinin əsassızlığını təsdiq edir. Məhkəmə Cavabdeh2 xx.xx.2016-cı il tarixə kimi, yəni həbs edilənə kimi, hətta həbsdə olduğu müddətdə belə, mübahisəli qeyri-yaşayış sahəsinin satılması ilə bağlı ailə üzvlərinin məlumatlı olmamalarına dair həm onun, həm də iddiaçı tərəfin izahatlarını inandırıcı saymır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ailəli olduğu halda şəxsiyyət vəsiqəsində subay yazılmasından sui-istifadə edərək notariat orqanını aldatdığı kimi, ailə üzvlərini də aldadaraq bu barədə onlara məlumat verməməsi ehtimalı da ola bilər. Lakin bu fakt mövcud olmuş olsa da belə, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas yaratmır. Müəyyən edilmişdir ki, mübahisəli sahə baxımsız, hasarlanmamış və üstündə heç bir tikintisi olmayan bir sahədir. Məhkəmə qeyd edir ki, əgər həqiqətən də, bu sahəyə dair müqavilə formal olaraq bağlanmaqla, sahə iddiaçı tərəfin ailəsinin istifadəsində və sahibliyində olmuşdursa da, işin araşdırılmış halları ilə keçən 12 il ərzində həmin sahədə heç bir formada hər hansı işlər görülməsi müəyyən edilməmişdir. Bütün bu göstərilənlər iddiaçı tərəfin mübahisəli alqı-satqı müqaviləsinin bağlanmasından dərhal olmasa da, uzun müdət deyil, daha az müddət sonra məlumatları olmalarına dəlalət edir. Bundan əlavə, Cavabdeh2 pul vəsaitinin notariatda onun tərəfindən deyil, Yolçuyeva Fatma tərəfindən depozit hesaba keçirilməsi faktının özünün də müqavilənin etibarsızlığına işarət verməsinə dair dəlilinə də məhkəmə qiymət verərək qeyd edir ki, müəyyən edilmiş prosedura əsasən alıcı notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə razılaşdırılmış məbləği notariatın depozit hesabına ödəyir. İşin materiallarından görünür ki, Yolçuyeva Fatma alıcı olaraq notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 20000 manat məbləğində pulun müvafiq müqavilə onun tərəfindən təsdiq edildikdən sonra X1 tərəfindən "xxxx" ASC Kapital filialına ünvanlanmış məktubu əsasında Cavabdeh2 verilməsi üçün bankda olan **********0001 nömrəli depozit hesabına ödəmişdir ki, burada da heç bir qanun pozuntusundan söhbət gedə bilməz. Həmçinin, məhkəmə hesab edir ki, ünvan 3 ünvanda sahəsi 55,4 kv.m olan qeyriyaşayış sahəsi Cavabdeh1 mülkiyyəti kimi xx.xx.2013-cü il tarixində qeydiyyata alınması faktı da mübahisəli alqı-satqı müqaviləsinin formal olaraq bağlanması kimi qiymətləndirilməsinə əsas kimi qiymətləndirilə bilməz. Beləliklə də məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı ilə 24 mart 1991-ci il tarixində nikahda olmasına baxmayaraq ünvan 3 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyriyaşayış sahəsini Cavabdeh1 satmasına dair AN-027775 nömrəli, 10 yanvar 2012-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlanarkən təqdim etdiyi şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərildiyindən və o özü şüurlu, eləcə də könüllü qaydada, bilərəkdən bu faktı notariat orqanından gizlədərək bununla bağlı hətta ərizə ilə də notariata müraciət etdiyi üçün, qeyd edilən müqavilə Mülki Məcəllənin tələbləri pozulmaqla bağlanmış kimi əqd qiymətləndirlə blməz və iddia tələbi bu hissədə tam əsassızdır. Məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar onun məruz qaldığı zərərin əvəzinin ödəmək yükünü Cavabdeh2 daşıyaraq, əmlakları qanuni qaydada əldə etmiş şəxslərin hüquqları xələl görməməlidir. Buna görə də İddiaçı Cavabdeh2 ilə 24 mart 1991-ci il tarixində nikahda olduqları və 2011ci ildə əldə edilmiş mübahisəli qeyri-yaşayış sahəsinin onların birgə əmlakı olduğu halda, sonuncunun iddiaçının razılığını almadan, notiariata təqdim etdiyi sənədlərin qanuni qaydada alqı-satqı müqaviləsi bağlamağa tam əsas verdiyinə görə bu əqdin rəsmiləşdirilməsi ilə iddiaçının həmin əmlakda olan payına münasibətdə vurduğu ziyanla bağlı Cavabdeh2 qarşı müvafiq qaydada iddia qaldırmaq hüququnun olması ona izah edilməlidir. Məhkəmə hesab edir ki, AN-027775 nömrəli, 10 yanvar 2012-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması ilə tələbin Cavabdeh1 adına sənədləşdirilmiş 26 yanvar 2013-cü il tarixli çıxarışın etibarsızlığına dair hissəsi də əsassız olduğu üçün təmin edilə bilməz. Məhkəmə tələbin Cavabdeh1 qızı X6 Bakı şəhəri, Nərimanov rayonu İslam Abışov 49 ünvanda yerləşən 55 4 kv.m. sahəsi olan mübahisəli qeyri-yaşayış sahəsinin bağışlanması barədə xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılmasına dair hissəsi üzrə də bu nəticəyə gəlir ki, tələbin Cavabdeh2 ilə X2 aralarında olan notarial qaydada təsdiq edilmiş 10 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh1 adına sənədləşdirilmiş 26 yanvar 2013-cü il tarixli çıxarışın qanuniliyinə yuxarıda göstərilən qaydada hüquqi qiymət verildiyindən tələb bu hissədə də təmin edilməməlidir. Belə ki, qeyd edilən bağışlama müqaviləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinin pozulması ilə bağlanması halları öz təsdiqini tapmamışdır. Məhkəmə bu nəticə ilə yanaşı tələbin X4 adına olan xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsinə dair hissəsinin də əsassız olmasını qeyd edir və hesab edir ki, alqı-satqı müqaviləsinin bağlanmasından 8 il sonra, yəni, xx.xx.2020-ci il tarixdə mübahisəli qeyri-yaşayış sahəsini X10 daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə əldə etməklə vicdanlı əldə edən şəxs kimi qiymətləndirilir.Bütün bunlarla yanaşı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət üçün hazırki mübahisəyə kəsici müddət tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd edilən 354.2-ci maddə qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir Yuxarıda qeyd edildiyi kimi, mübahisəli alqı-satqı müqaviləsi 2012-ci ilin yanvar ayının 10-da bağlanmış, bunun üstündən 4 il keçəndən sonra Cavabdeh2 xx.xx.2016-cı il tarixdən həbs edilmiş və sonra ona 9 il müddətində azadlıqda məhrum etmə cəzası verilmiş, həbsdən 2022-ci ilin iyun və ya iyul ayından azad ediləndən sonra hazırki iddia ərizəsi xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf qeyd edilən alqı-satqı müqaviləsindən 2023-cü ilin iyul ayının birinci ongünlüyündə ona məlum olmasına dair izahatları inandırıcı olmamaqla, bunun təsdiqi olaraq məhkəməyə heç bir mötəbər və tutarlı sübutlar təqdim edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqla yanaşı, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından o həm öz hüquqi mövqeyini sübut edilə bilməmiş və tələblərinin əsaslı olması və mübahisələndirlən alqı-satqı müqaviləsindən iddiada göstərilən vaxtda məlumatlı olması ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, X9 qarşı “müqavilənin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar