Məhkəmə qərarları › İş №2(005)-2462/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2462/2021

09.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2462/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 16 aprel 2014-cü il tarixli,100850-011/14 saylı kredit müqaviləsi və 16 aprel 2014-cü il tarixli,100850-011/14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 16 aprel 2014-cü il tarixdə tərəflər arasında 100850-011/14 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən bank borcalana 50.000 ABŞ dolları kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 22 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür.Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tərəflər arasında 16.04.2014-cü il tarixli, 100850-011/14 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin şərtlərinə əsasən İddiaçı mülkiyyətində olan Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində 0.1148 ha torpaq sahəsində yerləşən, 316.9 kv.m ümumi, 140.9 kv.m yaşayış və 176 kv.m yardımçı sahədən ibarət, 6 otaqlı, 279 nömrəli fərdi yaşayış evi və X1, X6, X2, X3, X4 və X5 ümumi birgə mülkiyyətində olan 0.01435 ha torpaq sahələrini bank ipoteka ilə yüklü etmişdir. İddiaçı hesab edir ki, tərəflər arasında bağlanmış 16 aprel 2014-cü il tarixli, 100850-011/14 saylı kredit müqaviləsi və 16.04.2014-cü il tarixli, 100850-011/14 nömrəli ipoteka müqaviləsi qanunvericiliyin tələblərini pozduğundan etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı oğlu iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilsə də heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə rədd edilməlidir. Mülki iş materiallarında olan 16 aprel 2014-cü il tarixli 100850-011/14 saylı kredit müqaviləsindən görünür ki, bank borc alana 50000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 22 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tərəflər arasında 16.04.2014-cü il tarixli, 100850-011/14 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan 16.04.2014-cü il tarixli, 100850-011/14 nömrəli ipoteka müqaviləsindən görünür ki, əsasən İddiaçı mülkiyyətində olan Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində 0.1148 ha torpaq sahəsində yerləşən, 316.9 kv.m ümumi, 140.9 kv.m yaşayış və 176 kv.m yardımçı sahədən ibarət, 6 otaqlı, 279 nömrəli fərdi yaşayış evi və X1, X6, X2, X3, X4 və X5 ümumi birgə mülkiyyətində olan 0.01435 ha torpaq sahələrini bank ipoteka ilə yüklü etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə həmin Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsəsən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Əbdulla oğlunun Cavabdeh ASC-nə qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü tələbləri ümumiyyətcə əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, müqavilələrin etibarsız hesab edilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 9,119,217,216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əbdulla oğlunun Cavabdeh ASC-nə qarşı İddiaçı Əbdulla oğlu ilə Cavabdeh ASC arasında bağlanmış 16 aprel 2014-cü il tarixli,100850-011/14 saylı kredit və 16 aprel 2014-cü il tarixli, 100850-011/14 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar