Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-248/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı3, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər "xxxx" MMC, Cavabdeh2 MMC və Cavabdeh3 qarşı (Abşeron Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər "xxxx" MMC, Cavabdeh2 MMC və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı evin qiymətləndirilməsinə dair Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ES/02 saylı hesabatın ləğv edilməsi, "xxxx" MMC-nin keçirdiyi hərracın və bununla bağlı olan bütün hüquqi nəticələrin etibarsız he s a b edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21 iyul 2016-cı il tarixdə onunla Cavabdeh3 arasında kredit və ipoteka müqavilələri rəsmiləşdirilmişdir. Kredit müqaviləsinə əsasən guya o cavabdehdən 50.000 manat borc almışdır. Əslində isə o cavabdehi heç vaxt tanımamış və ondan borc almamışdır. Bu müqaviləyə qohumuna görə imza etmişdir. Borcun qaytarılması təminatı olaraq mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19 A saylı evi ipotekaya qoymuşdur. Bir müddət keçəndən sonra borc tam qaytarılmadığı üçün notariusun icra qeydi verilmiş, evi hərraca çıxarılmış və bazar dəyərindən qat-qat aşağı Cavabdeh3 satılmışdır. Sonradan isə ev Cavabdeh3 adına keçmişdir. 23 iyun 2022-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra tədbirləri həyata keçirilmiş və onlar ailəlikcə yaşadıqları bu evdən və evin yerləşdiyi torpaq sahəsindən məcburi çıxarılmışdırlar. Halbuki, ipotekaya ancaq ev qoyulmuş və torpaqla bağlı heç bir razılaşma olmamışdır. Ev qiymətləndirilərkən, hərrac keçirilərkən və ev cavabdehə satılarkən qanunsuzluğa yol verilmişdir. Nəticədə hüquqları kobud şəkildə pozulmuş, qanunsuz və əsassız olaraq evləri əllərindən alınmışdır. Evin qiymətləndirilməsi icra şöbəsinin dəvət etdiyi qiymətləndirici Cavabdeh2 MMC tərəfindən aparılmış və xx.xx.2022-ci il tarixli hesabat hazırlanmışdır. Bu hesabatda evin dəyəri cəmi 70.000 manat qiymətləndirilmişdir. Bu isə çox ədalətsiz qiymətdir. Torpaqla bağlı isə heç bir qiymətləndirmə aparılmamışdır. Qiymətləndiricinin qoyduğu qiymət ümumiyyətlə çox azdır. Yəqin ki, qiymətləndirici ilə Cavabdeh3 arasında bununla da bağlı qanunsuz razılaşma olmuş və qiymətləndirici cavabdeh üçün sərf edən qiyməti rəyinə yazmışdır. Əks təqdirdə bu kimi ədalətsizliyi başqa heç cürə başa düşmək olmur. Digər tərəfdən qiymətləndirici öz rəyində yalnız evin texniki sənədlərində əks olunmuş texniki göstəriciləri qeyd etməklə, istifadə metodlarını sadalamaqla, sonra isə nəticə yazmaqla kifayətlənmişdir. Qiymətləndirici evin nə üçün məhz 70.000 manat olması qənaətinə gəlməsinin təhlilini verə bilməmişdir. Eləcə də 0,06 ha torpaq sahəsinin dəyərini ümumiyyətlə qeyd etməmişdir. Eyni zamanda ekspert tərəfindən “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricinin hazırlanması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2000-ci il tarixli 107 saylı qərarının tələbləri pozulmuşdur. Buna görə də ev yenidən qiymətləndirilməlidir. Hərracın keçirilməsi barədə onlara məlumat verilməmişdir. Evə hərracın keçirilməsi ilə əlaqədar heç bir məlumat daxil olmamış və hərrac iştirakları olmadan keçirilmişdir. Onlara evin ilkin satış qiyməti barədə məlumat verilməmiş və razılıqları alınmamışdır. Bundan başqa onlara təkrar hərraclar barədə də məlumat verilməmiş və hərrac təşkilatı onlara məlumat verməkdə maraqlı olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək hərrac barədə məlumatlandırılmadıqlarını, evin aşağı qiymətə dəyərləndirildiyini, torpaq sahəsinin nəzərə alınmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinin əsassız olduğunu qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçılar İddiaçı2 və İddiaçı4, cavabdehlər "xxxx" MMC, Cavabdeh2 MMC, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Şöbəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, məhkəmə iclasına gəlməyən iddiaçılar İddiaçı2 və İddiaçı4 münasibətdə işə mahiyyəti üzrə baxılmasının Cavabdeh3 tərəfindən tələb edilməsinə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə yuxarıda göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19A nömrəli fərdi yaşayış evi İddiaçı1 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2016-cı il tarixində ********** nömrə ilə qeydə alınmışdır; xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “Borc verən” Cavabdeh3 “Borc alan” İddiaçı1 50000 manat məbləğində borc pul verməyi, “Borc alan” krediti xx.xx.2016-cı il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür; “İpoteka saxlayan” Cavabdeh3 ilə “İpoteka qoyan” İddiaçı1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı1 tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107,4 kv/m, yaşayış sahəsi 56 kv/m, yardımçı sahəsi 51,4 kv/m olan 2 otaqlı fərdi yaşayış evi 3M-1249 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü edilmişdir; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli ipoteka çıxarışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19A nömrəli fərdi yaşayış evi xx.xx.2016-cı il tarixli əsas öhdəlik üzrə Cavabdeh3 xeyrinə xx.xx.2016-cı il tarixdə ipoteka ilə yüklü edilmişdir; Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2016-cı il tarixli, 308441 nömrəli arayışdan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ünvan 1 ünvanında qeydiyyatdadırlar; ünvan 2xli icra qeydindən görünür ki, İddiaçı1 50000 manat pulun tutulması və tutmanın İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.4 kv.m. olan fərdi yaşayış evinə yönəldlməsi və 30 gün müddətində boşaldılması barədə icra qeydi verilmişdir; Abşeron Rayon İcra Şöbəsinin tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişinin surətindən görünür ki, Ağayev X4 Rayonu 2 Saylı Notariat ofisinin 2053 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi, əks təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir; İddiaçı1 tərəfindən Abşeron Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 81-2053 saylı icra qeydinin əsasını təşkil edən “ipoteka müqaviləsi” (xx.xx.2016-cı il tarixli) və eyni tarixli “kredit müqaviləsi”nin etibarsız hesab edilməsi tələbi üzrə Nəsimi Rayon Məhkəməsinin icraatında olan məhkəmə araşdırması yekunlaşanadək icra qeydinin icrasına dair bütün icra tədbirlərinin dayandırılmasına dair köməklik göstərilməsi xahiş edilmişdir; Abşeron Rayon İcra Şöbəsinin sifarişi əsasında keçirilmiş Cavabdeh2 MMC-nin əmlakın qiymətləndirilməsi nəticələri haqqında xx.xx.2022-ci il tarixli hesabatının surətindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19A nömrəli fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixinə olan bazar dəyəri 70000 manat təşkil edir; Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4059/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı1 cavabdeh Abşeron rayonu 2 saylı Notariat Ofisinə qarşı (üçüncü şəxs Cavabdeh3) icra qeydinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir; Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3175/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı1 (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) Cavabdeh3 qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələrdən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir; "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli və xx.xx.2022-ci il tarixli 02 nömrəli bildirişlərinin surətlərindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19A nömrəli fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi müvafiq olaraq xx.xx.2022-ci il tarixə saat 11:00-a və xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 70000 manat, təkrar satış qiyməti 59500 manat müəyyən edilmişdir; “Birja Yenilikləri” qəzetinin xx.xx.2022 və xx.xx.2022-ci il tarixli buraxılışlarının surətlərindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19A nömrəli fərdi yaşayış evinə dair müvafiq olaraq xx.xx.2022-ci il tarixində, saat 11:00-da və xx.xx.2022-ci il tarixində, saat 11:00-da açıq hərraclar keçiriləcəyi elan edilmişdir; “Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19A saylı fərdi yaşayış evinin təkrar hərracı baş tutmamışdır; İpoteka predmetinin əldə olunmasına dair xx.xx.2022-ci il tarixli, 01/885 saylı təklif məktubunun surətindən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 44 625 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur; Hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 26/01 saylı protokolun surətindən görünür ki, İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19A nömrəli fərdi yaşayış evi 44625 manata tələbkar Cavabdeh3 tərəfindən əldə edilmişdir; Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19Ayeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixində ********** nömrə ilə qeydə alınmışdır; AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3828-9/7558 saylı ekspert rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19A nömrəli fərdi yaşayış evinin bazar qiyməti təqribən 71000 manat, 8% azalma əmsalı tətbiq edilməklə həmin yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri isə təqribən (71000-8%) 65400 manat məbləğində müəyyən edilir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, 2 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli icra qeydi əsasında İddiaçı1 50000 manatın tutulması, tutmanın ona məxsus ipoteka predmetinə yönəldilməsi və 30 gün ərzində evin boşaldılması müəyyən edilmişdir. Həmin icra qeydi iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə icra qeydi qanunun tələblərinə uyğun hesab edilərək iddia təmin edilməmişdir. Daha sonra tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinin etibarsızlığına dair iddia qaldırılmış və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı1 iddiası təmin edilməmişdir. Abşeron Rayon İcra şöbəsinin sifarişi əsasında qiymətləndirmə keçirilmiş və fərdi-yaşayış evinin bazar dəyəri 70000 manat müəyyən edilmişdir. Keçirilmiş hərraclar baş tutmadığından ipoteka predmeti tələbkara 25 faiz aşağı qiymətə, yəni 44625 manata təklif olunmuş, 27 aprel 2022-ci il tarixli hərracın yekunları barədə protokol ilə fərdi yaşayış evi tələbkar tərəfindən əldə edilmişdir. Hazırda iddiaçı hərrac barədə məlumatlandırılmamasına və evin real dəyərinə uyğun qiymətləndirilməməsinə istinad edərək qiymətləndirmə rəyinin və hərracın yekunlarının etibarsız hesab olunmasını məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iş üzrə mübahisələndirilən evin İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə (hərracdan əvvəl) məxsus olduğunu, kredit və ipoteka müqavilələrinin yalnız İddiaçı1 ilə Cavabdeh3 arasında bağlandığını nəzərə alaraq həmin evin düzgün qiymətləndirilməməsi, eləcə də keçirilmiş hərraclar barədə məlumatın verilməməsinin mübahisələndirilməsi hüququ da məhz ona məxsusdur. Bu baxımdan digər iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Digər iddaçı İddiaçı1 iddia tələbinə münasibətdə isə aşağıdakılar qeyd edilməlidir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydası, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Eyni Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddələrin məzmunundan aydın olur ki, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələrinə əsasən ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. İlk növbədə məhkəmə hərraca çıxarılan əmlakın dəyəri ilə bağlı qeyd edir ki, “İcra haqqında” Qanunun 51-ci maddəsinə uyğun olaraq borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Notariusun icra qeydi əsasında ipoteka predmetinə tələb yönəldikdə, müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə uyğun olaraq, ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiyməti real bazar dəyərini deyil, əmlakın likvid dəyərini ehtiva edir. Hazırki iş üzrə icra şöbəsinin sifarişi əsasında Cavabdeh2 MMC-nin qiymətləndirmə rəyində mübahisələndirilən fərdi yaşayış evinin bazar dəyərinin 70000 manat olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən işə baxılarkən qiymətləndirmə rəyinin düzgün olub-olmaması, ipoteka predmetinin real bazar və likvid dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3828-9/7558 saylı ekspert rəyi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19A nömrəli fərdi yaşayış evinin mövcud olan bazar qiymətinin təqribən 71000 manat, 8% azalma əmsalı tətbiq edilməklə həmin yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyərinin isə təqribən (71000-8%) 65400 manat olduğu müəyyən edilmişdir. Məhkəmə Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyinin mötəbərliyini qiymətləndirərək qeyd edir ki, icra qeydinin icrası mərhələsində Cavabdeh2 MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyi və məhkəmə prosesi zamanı keçirilmiş ekspertiza nəticəsində verilmiş rəy ilə müəyyən edilmiş məbləğlər müqayisə edilərkən Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19A nömrəli fərdi yaşayış evinin likvid dəyərinin aşagı olmadığı, əksinə sonuncu rəyə nisbətən yüksək qiymətləndirildiyi müəyyən edilmişdir. Eyni zamanda məhkəmə iddiaçının qiymətləndirmə həyata keçirilərkən, fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsinin nəzərə alınmaması dəlili ilə bağlı qeyd edir ki, ipoteka çıxarışından göründüyü kimi, torpaq sahəsi deyil, yalnız Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19A nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Torpaq sahəsinin yüklü edlmədiyi halda hərraca çıxarılarkən həmin torpağın nəzərə alınması və onun qiymətləndirilməsi qanunvericlik tələbləri ilə ziddiyyət təşkil edir. Əgər tərəflər arasında torpaq sahəsi ilə bağlı mübahisə vardırsa, bu ayrıca məhkəmə icraatının predmetini təşkil edir. Bu baxımdan iddiaçının evin dəyərinin aşağı olması, 0,06 ha torpaq sahəsinin nəzərə alınmaması, bu səbəbdən qiymətləndirmə hesabatının etibarsız hesab olunması ilə bağlı dəlilləri əsassızdır. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Abşeron Rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubunu aldıqdan sonra 5 iş günü müddətində "xxxx" MMC “Birja yenilikləri” qəzetinin 9 mart 2022-ci il tarixli buraxılışında Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19A nömrəli fərdi yaşayış evinə dair ilkin satış qiyməti 70000 manat müəyyən edlməklə açıq hərracın xx.xx.2022-ci il tarixində keçiriləcəyinə dair elan vermiş, bu barədə xx.xx.2022-ci il tarixdə borcluya bildiriş göndərmişdir. "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli və xx.xx.2022-ci il tarixli 02 nömrəli bildirişlərinin surətlərindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19A nömrəli fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi müvafiq olaraq xx.xx.2022-ci il tarixə saat 11:00-a və xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 70000 manat, təkrar satış qiyməti 59500 manat müəyyən edilmişdir. İkinci hərrac barədə bildiriş borcluya xx.xx.2022-ci il tarixində göndərilmişdir. Hərracın baş tutmaması barədə elanlar “Birja yenilikləri” qəzetinin 5 aprel və 26 aprel 2022-ci il tarixli buraxılışlarında dərc edilmişdir. Daha sonra “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 44625 manata tələbkara təklif edilmiş, 27 aprel 2022-ci il tarixində tələbkar tərəfindən həmin qiymətə əldə edilmişdir. Nəzərə alınmalıdır ki, “F.Cavadov və V.Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İddiaçının bildirişlərin çatdırılmaması dəlili ilə bağlı qeyd olunmalıdır ki, kuryer xidmətləri üçün mədaxil qəbzlərinin surətlərindən görünür ki, bildirişlər Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19A nömrəli fərdi yaşayış evinə çatdırılmış, lakin qəbzlər “bu ünvanda belə adlı adam tanımırlar” yazısı ilə geri qaytarılmışdır. Məhkəmə bildirişlərin məhz həmin yazı ilə geri qaytarılmasını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclaslarında iştirak edərkən iddiaçı məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onlar daima ailəsi ilə birlikdə həmin evdə yaşamış, hətta atası yataq xəstəsi olduğu üçün heç vaxt o evdən çıxmamış və ya evi başqa şəxslərə kirayə verməmişlər. Bu hal isə onların bilərəkdən bildirişləri qəbul etməkdən imtina etmələrini istisna etmir. Eyni zamanda iş materiallarından görünür ki, Abşeron Rayon icra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişini İddiaçı1 xx.xx.2021-ci il tarixdə imza edərək qəbul etmişdir. Daha sonra Ağayev X4 Rayon İcra Şöbəsinə xx.xx.2021-ci il tarixdə ərizə ünvanlayaraq, Notariat ofisinin xx.xx.2021-ci il tarixli icra qeydinin əsasını təşkil edən ipoteka müqaviləsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin icraatında olan iş üzrə məhkəmə araşdırması yekunlaşanadək icra qeydinin icrasına dair bütün icra tədbirlərinin dayandırılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hallar İddiaçı1 hərracın keçirilməsi barədə məlumatlı olmadıqları barədə dəlilini istisna edir. Həmçinin məhkəmə qeyd edir ki, kredit müqaviləsinin 21 iyul 2016-cı il tarixdə 6 ay müddətinə bağlanması, 06 aprel 2021-ci il tarixdə 2 saylı notariat ofisi tərəfindən 50000 manat pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə icra qeydinin verilməsi, tələbin könüllü icrası barədə bildirişin borclu tərəfindən imza edilərək qəbul edilməsi, eləcə də icra qeydinin, ipoteka və kredit müqavilələrinin ayrı-ayrı məhkəmə icraatlarında müxtəlif vaxtlarda iddiaçılar tərəfindən mübahisələndirilməsi, icra üzrə icraatın dayandırılması barədə icra orqanına borclunun ərizə ilə müraciət etməsi, həmçinin hərrac barədə bildirişlərin “bu ünvanda belə adlı adam tanımırlar” yazısı ilə geri qaytarılması kimi hallar birlikdə İddiaçı1 hərrac barədə məlumatlı olmadıqlarına dair dəlillərini şübhə altına alır. Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, məhkəmə işi mahiyyəti üzrə həll edərkən yalnız tədqiq olunmuş sübutlara əsaslandığından, hər bir tərəf öz mövqeyini, irəli sürdüyü iddiaları mötəbər sübutlarla əsaslandırmalıdır. Hər hansısa bir prosessual subyekt tərəfindən əsaslandırıla bilməyən dəlillərə məhkəmə tərəfindən istinad edilə bilməz. Məhkəmə sübut edlməyən halı mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, daşınmaz əşyanın real bazar dəyərinin düzgün müəyyən edilməməsi və hərrac keçirilərkən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, o cümlədən hərracın keçirilməsi qaydalarını əks etdirən mövcud qanunvericilik normalarının və İddiaçı1 oğunun subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər "xxxx" MMC, Cavabdeh2 MMC və Cavabdeh3 qarşı (Abşeron Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər "xxxx" MMC, Cavabdeh2 MMC və Cavabdeh3 qarşı (Abşeron Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-248/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-248/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver