Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2502/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh İB-nin nümayəndəsi X2, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun adına əsassız olaraq hesablanmış 2466 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, onun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 27, mənzil 223 fərdi yaşayış evidir, və onlara təbii qazın verilməsi fərdi qaydada evə çəkilmiş təbii qaz xətti vasitəsilə təmin olunur. Bu yaxınlarda cavabdehin nümayəndələri iddiaçının yaşadığı əraziyə gələrək təbii qaz xətlərinə baxmış və guya ki, evə gələn təbii qaz xəttində quraşdırılmış qaz sayğacına qanunsuz qoşulma aşkar etmişlər. Amma əslində belə bir fakt olmamışdır. Həmçinin iddiaçı qeyd etmək istəyir ki, həmin bu qaz sayğacı hamıya görünən, aşkar bir yerdə quraşdırıldığı üçün ona gizlin şəkildə hər hansı qanunsuz xəttin qoşulması da qeyrimümkündür. Sadəcə cavabdehin nümayəndələri onların evdə təbii qazdan istifadənin az olmasından şübhələnərək guya ki, onların təbii qaz xəttinə qeyri-qanuni qoşulduğu qənaətinə gəlmişlər. İddiaçı bildirir ki, o ağır xəstədir, həm ürəyində ağır problem var, həm astma xəstəliyindən əziyyət çəkir, həm də görmə qabiliyyəti demək olar ki, yoxdur. Evin temperaturu çox isti olduqda onun ürəyi sıxılır və özünü çox pis hiss edir. Buna görə də evdə demək olar ki, təbii qazdan istifadə olunmur. Yalnız yemək hazırlayarkən qaz sobasından istifadə olunur ki, bu da demək olar ki, çox az məbləğdə sərfiyyat deməkdir. Lakin əfsuslar olsun ki, cavabdehin nümayəndələri heç bir hüquqi əsas olmadan, yalnız öz əsassız şübhələrinə görə onun barəsində belə bir akt tərtib edərək əsassız olaraq 2436 manat məbləğində cərimə yazmışlar. Evdə təbii qazdan istifadə edən hər bir şəxs bilir ki, fərdi yaşayış evində təbii qazdan istifadə nəticəsində bu məbləğdə borcun yığılması qeyri-mümkündür. İddiaçı bildirir ki, həmçinin onun "Azəriqaz" İB-də olan abonent kodundan çıxarışdan görünür ki, bu vaxta qədər cavabdehə heç bir borcu olmamışdır. Ona görə də hesab edir ki, bu borc əsassız yazıldığına görə silinməlidir. Cavabdeh xx.xx.2024-cü il tarixdə EMİS vasitəsilə məhkəməyə etiraz ərizəsi təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etiraz əizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********02230 saylı abonent kodu verilmiş və yaşayış evinə xx.xx.2018-ci il tarixində “Smart-G4 İtron markalı 1802AZ**********58” nömrəli sayğac quraşdırılmışdır. Həmin sayğac xx.xx.2024-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən, sayğacın ALARM- 5 rejimdə işləməsinə görə çıxarılmış və əvəzinə “Elster” G-4T Diafraqma 13797263 nömrəli sayğacı quraşdırmışdır. Belə ki, sayğacın ALARM-5 rejimdə işləməsi – yəni, qaz sayğacının yuxarı hissəsində giriş və çıxış hissələrdən ibarət boru sonluqları mövcuddur. Belə ki, küçə qaz xəttindən ayrılmış müvafiq ölçüdə boru vasitəsi ilə təbii qaz sayğacının giriş hissəsindən sayğacın daxilinə daxil olur. Qaz sayğacının daxilində olan hesablayıcı pərlər vardır ki, təbii qaz onlardan keçdikdə pərini hərəkətə gətirir və keçən qazın həcmi müəyyən edilir. Bunun üçün təbii qazın müəyyən təzyiqi olmalıdır. Təbii qaz pərlərdən keçərkən maneələrə rast gəlir və daxil olan qazın təzyiqi azalır. Sayğacın çıxış hissəsindən mənzildə quraşdırılmış qaz cihazlarını təbii qazla təchiz edilməsi üçün boru çəkilmişdir. Cavabdeh bildirir ki, qaz sayğacına daxil olan qazın təzyiqi ilə çıxan qazın təzyiqində fərq var, yəni azalma olur. Sayğacın çıxış borusuna bir başa küçə qaz xəttindən əlavə xətt qoşduqda, təzyiq çox olduğu üçün qaz sayğacına təbii qaz çıxış hissədən daxil olur və sayğacda hesablayıcı mexanizmində intizamsızlıq olduğu üçün ALARM-5 funksiyası işə düşür yəni geriyə qaz axının müşahidəsi olur. Bununla da qoşulan əlavə qaz xətti həm mənzilə (sayğacdan keçmədən) həmdə ki, geriyə qaz sayğacına gedir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X3nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 20304 m3 təşkil etmişdir. Hesablanmış 2436,48 manat məbləğində dəymiş ziyan 2023-cü ilin dekabr ayından abonentin koduna yerləşdirilmişdir. Cavabdeh bildir ki, qaz sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********02230 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xətii vasitəsi ilə təbii qazdan istifadə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya sayğacdan kənar qeyri-qanuni qaz xətii vasitəsi ilə təbii qazdan istifadə etməməsini qeyd edərək, məhkəmədə yanlış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia ərizəsinin dəlillərini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, yazılı etirazın dəlillərinə uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə bildirdi ki, hazırki vəziyyətdə abonentin kənar xəttinin görüntüsü yoxdur. Lakin baxış keçirilən zaman sayğacda geri axın olduğu müşahidə edilmişdir. Belə ki, abonent çıxış borusunu ana xətdən ayırmaqla başqa xəttə daxil etdikdə, sayğacı “Alarm 5” rejiminə gətirmiş olur. Həmçinin, iddiaçının yaşadığı ünvanda kənar xətt hallarına tez-tez rast gəlinir. Bundan əlavə, 2021-2023-cü illərə dair ödəniş qəbzlərinə nəzər yetirildikdə müşahidə olunur ki, 15- 30 manat məbləğində qaz sərfiyyatı ağlabatan deyil. Halbuki, 2024-cü ilin mart ayında yeni sayğacla əvəzləşdirilmə aparıldıqdan sonra, istifadə olunan qaz sərfiyyatının normal miqdarda olduğu müəyyən edilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçının (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 27, mənzil 223; abonent kodu: **********02230) 2023-cü ilin dekabr ayına Cavabdehnə 2436,48 manat borcu vardır. İş materiallarında olan Cavabdeh İB-nin «təbii X3nın pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktının surətindən görünür ki, ünvan 2 ünvana baxış zamanı qanunsuz qoşulma aşkarlanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli bildiriş xəbərdarlığın surətindən görünür ki, İddiaçının 2466,08 AZN borcu olduğu bildirilmişdir. İş materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən təsdiq olunmuş “Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 20304 m3 təşkil etmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə ünvanlanmış məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhər ətraf qəsəbə və kəndlərin sosial iqtisadi inkişaf proqramının icrası olaraq, X1 tərəfindən Bakı şəhəri ərazisində əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə qaz şəbəkə sisteminin gücləndirilməsi, yeni qaz xətlərinin çəkilişi, yararsız qaz tənzimləyicilərinin yeniləri ilə əvəzlənməsi işləri aparılmışdır. Lakin qoşmada təqdim edilmiş ünvanlarda yaşayan bəzi vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın tələblərinə məhəl qoymadan, istehlakçıları fasiləsiz təbii qazla təmin edən daşıyıcı və paylayıcı qaz xətlərinə müdaxilə edirlər. Nəticədə qaz şəbəkə sisteminin kipliyi pozulur və qaz xətlərində yaranan qaz sızmaları ətrafda yaşayanlar üçün təhlükəli vəziyyət yaradaraq bədbəxt hadisələrin baş verməsinə şərait yaradır. 2023-cü ilin noyabr və dekabr aylarında təbii X3nı pozduqlarına görə qoşmada qeyd olunan ünvanlarda yaşayan vətəndaşlar tərəfindən sayğacdan kənar qaz xətti vasitəsi ilə qazdan qeyri-qanuni istifadə, oğurluq nəticəsində külli miqdarda Cavabdeh İB-nə maddi ziyan dəymişdir. Həmin vətəndaşların əksəriyyəti texniki təhlükəsizlik qaydalarına riayət etmədən təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməkdədirlər. Göstərilənləri və Cinayət məcəlləsinin 177.2.3-2. maddəsinin tələblərini nəzərə alaraq vətəndaşların özlərinin və ətrafda yaşayanların həyat və sağlamlığı üçün təhlükə mənbəyinə çevirilmiş bu halların, həmçinin onların qeyri-qanuni əməllərinin qarşısını almaq məqsədi ilə siyahıda adları qeyd olunan istehlakçılara qarşı təsirli tədbirlərin görülməsi barədə aidiyyəti üzrə müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirik. İş materiallarında olan Cavabdeh İB-nin «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktının surətindən görünür ki, ünvan 2 mənzildə quraşdırılmış smart qaz sayğacı mexaniki sayğac ilə əvəz edilmişdir. Məhkəmə iclasında iş materialları və tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 2 fərdi yaşayış evinə quraşdırılmış sayğac xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən, sayğacın ALARM-5 rejimdə işləməsinə görə çıxarılmış və əvəzinə “Elster” G-4T Diafraqma 13797263 nömrəli sayğacı ilə əvəzlənmişdir. Yoxlama zamanı sayğacda geri axın olduğu müşahidə edilmişdir. Belə ki, ünvana baxış zamanı qanunsuz qoşulma aşkarlandığı, sayğacın Alarm 5 rejimində olması, mənzildaxili köhnə xətdən istifadə olunması aşkarlanaraq, xx.xx.2023-cü il tarixli Təbii X3nın pozulması haqqında ******* saylı Akt tərtib olunmuşdur. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 20304 m3 kub.metr qazın dəyərinin ödənilməsini tələb edilir. Hazırda iddiaçı əsassız olaraq hesablanmış 2466 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir; «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Həmin Qanunun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə yerləşdirilən qaz sayğacına baxış zamanı qanunsuz qoşulma aşkar edildiyini, bu səbəbdən də cavabdeh Birlik tərəfindən həmin mənzildəki sayğacın yeni qaz sayğacı ilə əvəzləndiyi bildirilmişdir. Lakin 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələblərinin əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Göründüyü kimi, qeyd olunan qanunsuz müdaxilə ilə bağlı cavabdehin müvafiq icra hakimiyyəti orqanlarına iddiaçının hərəkətlərində inzibati və ya cinayət əməlinin olması barədə hər hansı müraciəti olmamış, iddiaçının əməlinə müvafiq qanunlara əsasən hüquqi qiymət verilməmişdir. Belə olanda məhkəmə hesab edir ki, iddia tələbi abonentin saldosu məlumatları və cavabdehin nümayəndələrinin izahatları nəzərə alındıqda, əsassız hesablanmış borcun silinməsini tələb etməkdə qismən əsaslıdır. Belə ki qeyd olunmalıdır ki, iddiaçı 2466 manat borcun silinməsini tələb edərkən, qazın sərfiyyatı üçün ödəməli olduğu pul vəsaitinin də silinməsini xahiş edir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə olunmuş abonentin saldosuna nəzər yetirdikdə görünür ki, iddiaçının ümumilikdə təbii qazın sərfiyyatı və cərimə ilə bağlı ayın sonuna borcu 2466,08 manat təşkil etmişdir. Belə ki, 2024-cü ilin mart və aprel ayları üzrə iddiaçının müvafiq olaraq sərfiyyatı 13.08 manat və 26.28 manat olmuşdur. Sərfiyyata görə 2024-cü ilin aprel ayında iddiaçı tərəfindən 9,76 manat ödəniş edilmişdir. Nəticə etibarilə iddiaçı təbii qazın sərfiyyatına görə göstərilən aylarda cəmi 39,36 manat ödəməli olduğu halda, sadəcə 9,76 manat ödəniş etmişdir ki, bununla da onun sərfiyyata görə 29,6 manat borcu qalmışdır. (sərfiyyat: 13,08 + 26,28 = 39,36; ödənilməyən sərfiyyata görə borc: 39,36-9,76= 29,6 manat) Belə olanda hazırda iddiaçı 2466 manat məbləğində borcun silinməsini tələb etdiyindən məhkəmə hesab edir ki, iddiaçının təbii qazın sərfiyyatına görə 29,6 manat həcmində borcunun olması nəzərə alınmalı, iddia tələbi yalnız 2436,4 manat hissədə təmin edilməli ,qalan hissədə isə rədd edilməldir. (2466-29,6=2436,4 manat) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilənin olması qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq icra orqanlarının qərarı ilə öz təsdiqini tapmadığından iddiaçı tərəfindən qaz sərfinə görə müəyyən edilən 29,6 manat məbləğində borcun silinməsi istisna olmaqla, 2436,4 manat hissədə (Abonent kodu **********02230) silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, məhkəmə hesab edir ki, hazırki iddia tələbinin əsasını əsassız hesablanmış borcun silinməsi təşkil etdiyindən, həmin iddia tələbi qiymətləndirilən iddialar kateqoriyasına aid edilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********02230 saylı abonent koduna hesablanmış 2436,4 (iki min dörd yüz otuz altı manat 40 qəpik) borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 30 manat dövlət rüsumu Dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2502/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2502/2024
27.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver