Məhkəmə qərarları › İş №2(005)-2562/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2562/2022

25.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2562/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh ”Sahil-D Kompani” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, ”Sahil-D Kompani” MMC-yə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi”-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, ”Sahil-D Kompani” MMC-yə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi”-nə “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 №-li mənzilə cavabdehlər “Sahil-D Kompani" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 176 №-li müqavilənin və həmin mənzilin dəyərinin ödənilməsi barədə xx.xx.2013-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, xx.xx.2011-ci il tarixli 176 №-li müqavilə əsasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 №-li mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 nömrəli mənzilə dair Cavabdeh2 MMC və İddiaçı arasında 07 aprel 2010-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, mənzil İddiaçı təhvil verilməli, sonuncu isə mənzilin razılaşdırılmış dəyərini MMC-yə ödəməlidir. Hər iki tərəf müqavilənin şərtlərinə əməl etmiş, mənzilin dəyərini təşkil edən 118.200 manat İddiaçı tərəfindən “Sahil-D Kompani" MMC-yə ödənilmiş, MMC isə mənzili İddiaçı təhvil vermişdir. Beləliklə də İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi hesab edilmişdir. Çünki, İddiaçı və "xxxx" MMC arasında müqavilə bağlandığı vaxt (xx.xx.2010-cu il) Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. İddiaçı adına verilmiş maliyyə arayışından və kassa mədaxil orderindən görünür ki, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 nömrəli yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 №-li mərzilə görə 118.200 manat İddiaçı tərəfindən cavbadeh “Sahil-D Kompani" MMC-yə ödənilmişdir. Mübahisəli mənzil İddiaçı satıldıqdan sonra sonuncu mənzili təmir etdirmiş və mənzildə yaşamağı başlamışdır. İddiaçı bu gün də həmin mənzildə yaşamaqda davam edir. Göründüyü kimi, qeyd edilən 108 nömrəli mənzil 07 aprel 2010-cu il tarixdən İddiaçı natamam mülkiyyət hüququ (sahiblik və istifadə hüququ) ilə yüklü olmuşdur. Belə olan halda, həmin mənzil mülkiyyətçi İddiaçı razılığı olmadan başqa şəxsə özgəninkiləşdirilə bilməzdi. Lakin bu yaxınlarda İddiaçı məlum olmuşdur ki, Cavabdeh1 adlı şəxs onun xəbəri və razılığı olmadan natamam mülkiyyətində olan 108 №-li mənzil üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmış və adına müvafiq çıxarış almışdır. İddiaçı tərəfindən bununla bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, çıxarışın verilməsinə əsas həmin mənzilə dair Cavabdeh2 MMC-nin direktoru M.İ.Cəfərov və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 176 №-li müqavilə və xx.xx.2013-cü il tarixli maliyyə arayışı olmuşdur. Əldə edilmiş 176 nömrəli müqavilənin şərtlərinə görə, müqavilənin predmeti olan Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 nömrəli yaşayış binasının 24-cü mərtəbəsində yerləşən ümumi sahəsi 157.6 kv.m təşkil edən 3 otaqlı 108 №-li mənzilin cavabdeh “Sahil-D Kompani" MMC tərəfindən Cavabdeh1 təhvil verilməsi razılaşdırılmışdır. xx.xx.2010-cu il tarixdən artıq İddiaçı hüquqları ilə yüklü olmuş 108 nömrəli mənzilə dair Cavabdeh2 MMC hər hansı şəxslər, o cümlədən də cavbadeh Cavabdeh1 ilə müqavilə bağlaya bilməzdi, bağlanmış müqavilə isə etirabsız müqavilədir. Mübahisəli mənzil Cavabdeh1 ümumiyyətlə təhvil verilməmiş, ondan mənzilə dair pul alınmamışdır, mənzil onun sahiblik və istifadəsində heç vaxt olmamışdır. Həmin mənzil müqavilə bağlandığı 2010-cu ildən İddiaçı faktiki istifadə və sahibliyində olmuşdur. Qeyd olunduğu kimi, Cavabdeh1 və “Sahil-D Kompani" MMC arasında xx.xx.2011-ci il tarixdi 176 nömrəli müqavilə imzalandığı zaman bu mənzil artıq İddiaçı satılmış, sonuncu isə mənzilin dəyərini MMC-yə tam həcmdə ödəmişdir. Bu səbəbdən “Sahil-D Kompani" MMC həmin müqaviləni bağlamaq səlahiyyətinə sahib olmamışdır. Digər tərəfdən “Sahil-D Kompani" MMC və cavabdeh D. Rəhimova arasında bağlanmış xx.xx.2011-ci il tarixli 176 №-li müqavilənin 2.2-ci maddəsinə görə, Cavabdeh1 108 №-li mənzilin hər kv.m üçün 550 manat ödəməyi öz öhdəsinə götürür. Mənzilin ümumi dəyəri 86.680 manat təşkil edir. Cavbadeh Cavabdeh1 ümumi məbləğin ilkin pay kimi 10.000 manatını ödəyir, qalan məbləği fizik şəxs X6 həmin binada hörgü və mərmər işlərini gördükcə hissə-hissə ödəyəcək. Lakin “Sahil-D Kompani" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011ci il tarixli 176 №-li müqavilə üzrə Q.Kərimov müqavilədə tərəf kimi göstərilməmiş, sonuncu müqaviləni imzalamamışdır. Müqavilə üzrə tərəf olmayan və müqavilə üzrə hər hansı məsuliyyəti müəyyən edilməmiş Q.Kərimovun üzərinə 108 №-li mənzilin yerləşdiyi binada hörgü və mərmər işlərinin görülməsi ilə mənzilin qalan dəyərinin, yəni 76.680 manatın ödənilməsi barədə öhdəlik qoyulmuşdur. Göründüyü kimi, Q.Kərimov bu müqavilədən məlumatı olmadığı və ödənilməmiş qalan 76680 manat pulu ödəmək barədə öhdəçilik götürmədiyi halda tərəflər arasında bağlanmış 17 may 2013-cü il tarixli müqavilənin bütün şərtləri barədə tələb olunan formada razılığın olmamasına dəlalət edir. İstər Cavabdeh1, istərsə də Q.Kərimov mənzilin pulunu ödəmədiklərinə görə Cavabdeh1 mənzilə heç bir hüququ yaranmamışdır. Hüququ olmadığı halda Cavabdeh1, mənzilə qanunsuz yolla çıxarış almışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, iddia tələbinin əsassız hesab edərək, izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Tərəflərindən alqı-satqı müqaviləsi bağlandıqdan sonra çıxarış əldə edilməsi üçün Dövlərt Reyestr Xidmətinə müraciət edilmişdir.Dövlət reystr xidmətindən imtina olunduqdan sonra 2 saylı İnzibati Məhkəməyə ərizə ilə müraciət olunmuşdur. 2 saylı İnzibati Məhkəmənin qərarına əsasən dövlət reyestr xidmətinin üzərinə öhdəlik qoyularaq mənzil qeydiyyatdan keçirilmiş və çıxarış əldə olunmuşdur.Ondan sonra mənzildə təmir işləri aparılmaq istəyəndə Sahil-D Kompani maniələr törətmiş, həmin maneələr ondan ibarət idir ki, lift və qapılar kodda idi.Cavabdeh1 iki mənzil, oğlu isə bir mənzil almışdır. Maneələrdən sonra məhkəməyə müraciət olunmuşdur və həmin məhkəmə qətnaməsinə əsasən maneələr aradan qaldırılmışdır. Hər iki mənzilə münasibətdə (103 və 108 saylı mənzillərə münasibətdə) qarşı tərəf qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir, lakin iddiası rədd olunmuşdur. Həm iddia ərizəsində, həm də apellasiya şikayətində belə İddiaçı adı qeyd olunmayıb.Daha sonra icraya yönəldildi, Cavabdeh1 tərəfindən mənzil təhvil verildi və təmir olundu. 2019-cu ildə şəxsən tərəflə ora özün getmişdim. 2020-ci ildə isə 108 saylı mənzilə gedəndən sonra gördülər ki, qapının kilidi dəyişilib.Daha sonra İddiaçı məhkəməyə müraciət etdi ki, müqavilə etibarsız hesab edilsin. 2021-ci ilin mart ayında qərardad qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri götürülmüşdür. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh ”Sahil-D Kompani” MMC-nin nümayəndəsi X2, bildirmişdir ki, Cavabdeh1 tərəfindən əldə edilmiş çıxarışların ləğvi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət olunub, Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən Bakı İnzibati Məhkəməsi qərar qəbul edəcək. Bundan əlavə Cavabdeh1 şirkətə mənzillərlə bağlı heç bir ödəniş həyata keçirməyib. Həmin mənzillərə dair müqavilələr saxtalaşdırılıb və müqavilələrin yazılması ilə bağlı “Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə” şikayət ərizəsi ilə müraciət etmişdir. Bu məsələ ilə bağlı cinayət işi qaldırılmışdır və araşdırma davam edir. Dəfələrlə məhkəmə iclaslarında Cavabdeh1 şirkətə gəlməməsi və ödəniş etməməsini və bu barədə sənəd təqdim etməməsini məhkəmənin diqqətinə çatdırılmışdır. Müqavilələrdə göründüyü kimi mənzillərin dəyəri X4 görəcəyi işlərlə əvəzləşdirilməli idi. X9 isə heç bir iş görməmiş və işi təhvil verməmişdir, buna dair sənəd də mövcud deyildir. Dəfələrlə “Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə” müraciət ünvanlayaraq işin araşdırılmasını xahiş etmişik. Bu günə qədər həmin cinayət işi araşdırılır və bəzi məsələlərə hələ də aydınlıq gətirilməmişdir. Mirzahir Cəfərova cinayət işi başlanan zaman maliyyə arayışını verməsini tələb etmişlər. Daha sonra Mirzahir Cəfərov ərizəsində bundan başqa bir neçə mənzilə heç bir ödəniş almadan saxta maliyyə arayışını verdiyini etiraf etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, İddiaçı həmin mənzili əziyyətlə əldə etmişdir, mənzil ona məxsusdur və iddiaçının iddia tələbinin təmin olunması barədə məhkəmə qərarının çıxarılmasını xahiş edirəm. Bunu da qeyd edim ki, İddiaçı mənzili MTK-dan deyil, MMC-dən almışdır. Mənzillər MMC tərəfindən tikilərək satılmışdır. Həmin mənzillər tikilən zaman orada fəaliyyət göstərən bəzi işçilərə də mənzillər verilmişdir. Buna müvafiq olaraq digər işçilər də onlara mənzil təqdim olunacağını əsas tutmuşlar, lakin orada heç bir işlə məşğul olmamışlar. Saxta maliyyə arayışları təqdim olunan zaman Məzahir Cəfərov həbsdə olmuşdur və sənədlər təqdim olunaraq həmin sənədləri izalanması üçün ona göstəriş verilmişdir. Bu mənzildə də “Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin” təyin etdiyi komissiya Sahil İbrahimovun təqdim etdiyi sənədlər əsasında olmuşdur. Bir neçə dəfə göndərilmiş sorğuya əsasən “Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsin”-dən məlumat daxil olmuşdur ki, həmin siyahılara hüquqi qiymət verilməmişdir. Cavabdeh1 mənzil almamış və saxta sənədlər təqdim etmişdir. Göründüyü kimi, alqı-satqı müqaviləsinin bağlanması zamanı qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna riayət olunmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə İddiaçı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxmaqda haqlıdır. Məhkəmə mülki işə İddiaçı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, onun təqdim etdiyi sübutları və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, X5 ilə ”Sahil-D Kompani” MMC arasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 nömrəli mənzilin hər kv.m 750 manat olmaqla 118200 manat dəyərində satılması razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli kassa mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 nömrəli mənzilə görə 118200 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 nömrəli mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən ”Sahil-D Kompani” MMC-yə tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4323/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilərək, ünvan 1 ünvanda yerləşən 108 saylı mənzilin üzərində mülkiyyət hüquqlarının Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrində çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş 2-1(82)-4323/2018 nömrəli xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-4323/2018 saylı qərarı xx.xx.2019-cu il tarixdə qüvvəyə minmiş və icra edilməsi üçün həmin iş üzrə cavabdehə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5988/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, ilkin iddiaçı Cavabdeh1 Həmin qızının Cavabdeh2 MMC-yə qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iş üzrə, ilkin iddiaçı Cavabdeh1 Cavabdeh2 MMC-yə qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrinin aradan qaldırılması” tələbinə dair ilkin iddiası təmin edilərək, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156, korpus 4, 108 saylı mənzilə və Bakı şəhəri, F.Bayramov küçəsi, 1156, korpus 4, 103 saylı mənzilə qanunsuz müdaxilələrə son qoyulması, təmir işlərinin aparılmasına maneə törədilməməsi və yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh2 MMC-nin üzərinə qoyulması, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin Cavabdeh1 qarşı “ müqavilənin ləğv edilməsi” tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-198/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 MMC-nin apelyasiya şikayətinin təmin edilməməsi və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5988/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh2 MMC-nin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2(011)-5988/2019 saylı icra vərəqəsindən görünür ki, ilkin iddiaçı Cavabdeh1 Həmin qızının Cavabdeh2 MMC-yə qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iş üzrə, ilkin iddiaçı Cavabdeh1 Cavabdeh2 MMC-yə qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrinin aradan qaldırılması” tələbinə dair ilkin iddiası təmin edilərək, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156, korpus 4, 108 saylı mənzilə və Bakı şəhəri, F.Bayramov küçəsi, 1156, korpus 4, 103 saylı mənzilə qanunsuz müdaxilələrə son qoyulması, təmir işlərinin aparılmasına maneə törədilməməsi və yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə xx.xx.2021-ci il tarixdə icra vərəqəsi Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156, korpus 4, 108 saylı mənzilə və Bakı şəhəri, F.Bayramov küçəsi, 1156, korpus 4, 103 saylı mənzilə qanunsuz müdaxilələrə son qoyulması, təmir işlərinin aparılmasına maneə törədilməməsi və yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi müəyyən edilmişdir. Bu barədə xx.xx.2021-ci il tarixli bildiriş cavabdehə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1095/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Sahil-D Kompani” MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddiası üzrə ərizə geri qaytarılmaqla baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 vəkili və nümayəndəsinin məhkəməyə ünvanladığı iddia müddətinin tətbiqi barədə ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1,”Sahil-D Kompani” MMC-yə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi”-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbinə dair ərizəsinə iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********* nömrəli məktubundan görünür ki, istintaq idarəsində aparılan ********* saylı cinayət işinin materiallarında olan xx.xx.2013-cü il tarixli akta əlavə edilmiş siyahıda Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında yerləşən 4 saylı yaşayış binasının 24-cü mərtəbəsində ümumi sahəsi 157.6 kv.m sahəsi olan 108 saylı mənzil Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Habelə həmin məktubda Cavabdeh2 MMC ilə İddiaçı arasında hər hansı alqı-satqı müqaviləsinin olub-olmaması barədə hər hansı məlumat yoxdur qeydi verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-4323/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdiarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilərək, ünvan 1 ünvanda yerləşən 108 saylı mənzilin üzərində mülkiyyət hüquqlarının Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrində çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Qərar qanuni qüvvəsini almış və icra edilməsi üçün göndərilmişdir. Bundan sonra iddiaçı X7 cavabdehlər Cavabdeh1,”Sahil-D Kompani” MMC-yə qarşı müqavilənin etibarsızlığı və sair tələblərlə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra həmin iş üzrə İddiaçı nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmaqla baxılmamış saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-1095/2021 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Daha sonra iddiaçı X7 xx.xx.2022-ci il tarixdə cavabdehlər Cavabdeh1,”Sahil-D Kompani” MMCyə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi”-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Hazırda iddiaçının tələbinin hüquqi əsasını onunla Cavabdeh2 MMC arasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2010cu il tarixli alqı-satqı müqaviləsi olması təşkil edir. Məhkəmə iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə aktlarını nəzərə alaraq, bildirir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5988/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsində həmin iş üzrə ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 MMC tərəfindən verilmiş ərizədə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixli 176 nömrəli müqavilənin imzalandığı qeyd olunmuşdur. Eyni zamanda Cavabdeh1 tərəfindən qeyd olunan müqavilə üzrə öhdəliklərin tam yetirilməməsi səbəbindən qarşılıqlı iddia tələbi üzrə həmin müqavilənin ləğv edilməsi məhkəmədən xahiş olunsada Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5988/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qarşılıqlı iddia təmin edilməmişdir. Yuxarıda qeyd olunan hallara əsasən hazırda İddiaçı iddia tələbinin təmin edilməsinə dair əsaslandırma və Cavabdeh2 MMC-nin nümayəndəsinin göstərdikləri hazırki əsaslar ziddiyyətlidir. Belə ki, tələbin əsaslı olmasına dair iddiaçı tərəfindən göstərilən Cavabdeh1 ilə Cavabdeh2 MMC ilə alqı-satqı müqaviləsinin mövcud olmaması qeyd edilsədə, (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5988/2019 nömrəli xx.xx.2019-cu il tarixli) qətnaməsində Cavabdeh2 MMC tərəfindən verilmiş izahatda müqavilənin mövcud olması lakin Cavabdeh1 tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməməsi, hazırki iş üzrə verilmiş izahatında “Həmin mənzillərə dair müqavilələr saxtalaşdırılıb və müqavilələrin yazılması” və “Müqavilələrdə göründüyü kimi mənzillərin dəyəri X4 görəcəyi işlərlə əvəzləşdirilməli” olmasına dair münasibətlər bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Qeyd olunan işin hallarına əsasən məhkəmə aktının qanuni qüvvəsini almasına dair qanunvericliklə müəyyən edilmiş maddi hüquq normaları ilk növbədə tərəflərin hüquqlarının tam bərabər təmin edilməsinə yönəlmişdir. Məhkəmədə işlərə çəkişmə prinsipi əsasında baxılması müəyyən edilmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək qətnamədən razı qalmayan tərəfə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi çəkişmə prinsipinin gözlənilməsi nəinki məhkəmə aktı qəbul edilənədək gedən proseslərdə, hətta məhkəmə aktı qanuni qüvvəsini alanadək və hətta ondan sonrakı prosesləri ümumilikdə əhatə edir. Odur ki, qeyd olunan proseslərin hər-hansı hissəsində tərəflərdən birinin hüquqlarının pozulması daha sonra edilməsi zəruri olan prosesin qanuniliyini şübhə altına almaqdadır. Eyni zamanda məhkəmə aktının qanuni qüvvəsini alması hadisəsinin baş verməsi, baxılmış mübahisəyə dair tərəflərin bir sıra hüquqlarının məhdudlaşdırılmasına və ya əksinə əlavə hüquqlarının əmələ gəlməsinin hüquqi keçidi kimi qiymətləndirilir. Qeyd olunan hüquqi mövqeni nəzərə alan məhkəmə bildirir ki, hazır ki iddia tələbinin hüquqi qiymətləndirilməsi zamanı iş materiallarına əlavə edilmiş məhkəmə aktları ilə müəyyən edilmiş ziddiyyətli məqamlar və mövqelər hazırda iddiaçının tələbinin hazırki tələbin əsassız olması müəyyən edilir. Lakin buna baxmayaraq məhkəmə mübahisə predmeti olan əqdin maddi hüquq normaları üzrə müvafiq hüquqi qiymətləndirməni təmin etməlidir. Eyni zamanda qeyd olunan müqaviləyə dair hüquqi qiymətləndirmənin iş materiallarına əlavə edilmiş məhkəmə aktlarının qəbul edilməsi zamanı məhkəmələr tərəfindən həmin tələblərə uyğun qismən aparılmasını nəzərə alan məhkəmə hazırda mübahisənin Cavabdeh2 MMC tərəfindən verilmiş ərizədə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixli 176 nömrəli müqavilənin etibarsız hesab edilməsinə yönəlməsi səbəbindən bu müqavilənin etibarsızlığına dair halların mövcud olub olmaması yönəldilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Sadalanan maddi hüquq normaların tələblərindən göründüyü kimi əqdin etibarsız hesab edilməsi tələblərinin hüquqi qiymətləndirilməsi zamanı həmin əqdin mübahisələndirilməsi üzrə kəsici müddətin ötürülməməsi halının müəyyən edilməsini zəruri hesab etmişdir. İş materiallarına əlavə edilmiş iddia müddətinin tətbiq barədə ərizə hazırda tələbin bu növ mübahisələrə dair müəyyən edilmiş iddia müdətin çərçivəsində verilib verilməməsini müəyyən edilməlidir. Bu halda məhkəmə tərəfindən ilk növbədə iddiaçıya münasibətdə bu növ iddialar üzrə qanunvericliklə müəyyən edilmiş kəsici müddətin hesablanması hansı zamandan hesab edilməsinin müəyyən edilməsidir. İddiaçı hazırda etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin mövcud olmasından xx.xx.2021-ci il tarixdə məlumatlı olmuşdur. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Sahil-D Kompani” MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin tələb üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş müvafiq ərizə əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş geri qaytarılmış hesab edilərək mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. Belə olan halda məhkəmə tərəfindən hazırki iddianın verilməsi üçün İddiaçı münasibətdə kəsici müddətin başlandığı tarixi xx.xx.2021-ci il tarixdən olmasını müəyyən edərək, qanunvericliyə əsasən xx.xx.2022-ci il tarixində bu növ iddialar üzrə 1 illik iddia müddətinin bitməsini təsdiq olunmuşdur. Hazırki iddia tələbinin məhkəməyə xx.xx.2022-ci il tarixində verilməsini nəzərə alan məhkəmə, iddiaçı tərəfindən iddia müddətinə dair maddi hüquq normalarının imperativ tələblərini pozularaq 1 ay 12 gün ötürdükdən sonra verilməsini təsbit etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunan maddənin 1-ci hissəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, müqavilə etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin yuxarıda sadalanan normalarında xüsusi iddia müddətlərini qanunvericlik bilavasitə kəsici müddət kimi müəyyən etmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İddia müddətinin tətbiqi isə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasını, məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasını, sübutların araşdırılmasını istisna edir. Belə məcburi qanunilik məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. Göründüyü kimi hazırda mübahisə üzrə kəsici müddətin müəyyən edilməsi zamanı məhkəmə araşdırmasının əsas istiqamətləri tam olaraq müəyyən edilmişdir. Hazırda məhkəmə həm maddi hüquq normaları üzrə habelə iş üzrə əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiq edildiyindən, yəni iddianın verilməsi üçün iddiaçıya münasibətdə kəsici müddətin başlanması və bitməsi təkzib olunmaz sübutlarla öz təsdiqni tapdığından məhkəmə iddia tələbinə kəsici müddətin tətbiq edilməsini qanuni hesab edir. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericliyin tələblərinə uyğun olduğundan və iddiaçı tərəf müqavilənin etibarsızlığı ilə bağlı mübahisələndirmə müddətini ötürdüyündən, həmçinin iddiaçı müddətin bərpa edilməsinə dair ərizəsinə müddətin ötürülməsinin üzrlü səbəbləri barədə sübut əlavə etməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1,”Sahil-D Kompani” MMC-yə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı ünvan 2 ünvanda inşa edilmiş 4 №-li yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 №-li mənzilə cavabdehlər “Sahil-D Kompani" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 176 №-li müqavilənin və həmin mənzilin dəyərinin ödənilməsi barədə xx.xx.2013-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, xx.xx.2011-ci il tarixli 176 №-li müqavilə əsasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 №-li mənzilə dair cavbadeh Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1,”Sahil-D Kompani” MMC-yə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı ünvan 2 ünvanda inşa edilmiş 4 №-li yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 №-li mənzilə cavabdehlər “Sahil-D Kompani" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 176 №li müqavilənin və həmin mənzilin dəyərinin ödənilməsi barədə xx.xx.2013-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, xx.xx.2011-ci il tarixli 176 №-li müqavilə əsasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 №-li mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar