Məhkəmə qərarları › İş №2(005)-2564/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2564/2025

02.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2564/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh ("xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı bağlanmış əqdlərin etibarsız hesab edilməsi və qanuni mülkiyyətində olan daşınmaz əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı bağlanmış əqdlərin etibarsız hesab edilməsi və qanuni mülkiyyətində olan daşınmaz əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun qanuni mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən, sahəsi 71,10 kv.m olan, 2 otaqlı yaşayış evinin tam şəkildə mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən, sahəsi 71,10 kv.m olan, 2 otaqlı yaşayış evinin qanuni mülkiyyətçisidir. Həmin yaşayış evi qanunsuz və saxta yollarla Cavabdeh adına keçmişdir. Aralarında bağlanmış müqavilə üzrə 2 ay sonra həmin yaşayış evinin ona qaytarılması barədə müqavilədə razılaşma olsa da, cavabdeh evi geri qaytarmayaraq mənimsəmişdir. O, razılaşma üzrə müəyyən olunmuş pul məbləğini geri ödəyərək, yaşayış evini geri qaytarmağı tələb etmiş, həmin yaşayış evinə girov müqabilində 108,339 manat ödəniş edərək alqı-satqı ilə cavabdeh adına keçirtmişdir. Alqı-satqı müqaviləsi onun həqiqi iradə ifadəsini əks etdirmir, onun imzası, soyadı olan qrafada saxtalaşdırılma edilərək, başqa şəxsin soyadı və imzası çəkilərək saxtalaşdırılmışdır. Bir müddət sonra başqa sənədlərdə də saxtalaşdırma edilərək, hazırda çıxarışla ona aid olan hissədəki əmlakı da mənimsəyərək, özgəninkiləşdirmişlər. Daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 59STT saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10-05301-093266 reyestr nömrəli çıxarışın ləğv edilməsi və yeni qaydalarla: AZ 1052, ünvan 2 ünvanında yerləşən mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə etiraz ünvanlayaraq, iddia ərizəsinin əsassız olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, iddiaçının geri qaytarılacığını iddia etdiyi mənzili ərizəçinin və həyat yoldaşı X1 notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri əsasında qanuni əsaslarla Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanılmış müqavilə ilə almışdır. Razılaşmaya əsasən iddiaçının satdığı mənzildə yaşayan qızı və qızının həyat yoldaşı müqavilə bağlandığı vaxtdan iki ay müddətində mənzili boşaldıb təhvil verməli olduqları halda, bundan yayınmışlar və Cavabdeh mülkiyyətçisi olduğu mənzildə yaşayan X3 və X4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia qaldırılmış, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2864/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlərin mənzildən çıxarılmaları barədə xx.xx.2025-ci il tarixdə icra vərəqəsi icra edilməsi üçün Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə borclu X3 anası İddiaçı ilə birlikdə mənzildə olan əmlaklarını mənzildən çıxarmış, mebellər və bir sıra digər əmlaklar isə icra məmuru tərəfindən tərtib edilmiş aktla 3 gün müddətinə tələbkara saxlanca verilmişdir. Sonradan məlum olmuşdur ki, mənzilin boşaldılmasında şəxsən iştirak edən İddiaçı icra hərəkətlərinə möhlət alaraq elə həmin gün, yəni xx.xx.2025-ci il tarixdə əsassız iddia ərizəsi və MTT tətbiqi barədə əsassız ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən "xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdırıb, iddiaçı və cavabdehin nümayəndələri və vəkillərinin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 59STT nömrəli müqavilədən görünür ki, “İcraçı” "xxxx" MMC Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 83 ünvanında tikilən 3-cü bina, 6-cı blok, 3-cü mərtəbəsində yerləşən 3 saylı mənzili “Sifarişçi” Cavabdeh verməyi, “Sifarişçi” isə mənzilin ümumi dəyəri olan 170000 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin tərəflərin rekvizitlər əks olunmuş hissəsində “Mənzil sahibi satdı: İddiaçı” qeydi və onun imzası yer almışdır; Əmlak Məsələləri Dövlət Хidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rеyеstri Publik hüquqi şəхsinin Hüquqların Dövlət qеydiyyatı haqqında daşınmaz əmlakın Dövlət rеyеstrindən Çıхarışından görünür ki, ümumi sahəsi 71,10 kv.m olan AZ 1052, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh adına xx.xx.2023-cü il tariхdə хüsusi mülkiyyət kimi qеydiyyatdan kеçmişdir; xx.xx.2023-cü il tarixli Bakı şəhəri 3 saylı notariat ofisində təsdiq olunmuş ərizədən görünür ki, İddiaçı "xxxx" MMC-nin ünvan 3 ünvanında inşa etdiyi yaşayış binasının 3 saylı binanın, 6-cı blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 73,5 kv.m olan, 2 otaqdan ibarət 3 saylı mənzilindən və pay hüququndan imtina etmişdir. O, MMC-nin üzvlüyündən azad edilməsini xahiş etmiş, mənzilin Cavabdeh adına sənədləşdirilməsinə etiraz etməmiş, gələcəkdə həmin mənzilə dair "xxxx" MMC-yə qarşı heç bir iddiasının olmayacağını və maddi tələb irəli sürməyəcəyini bildirmişdir; xx.xx.2023-cü il tarixli Bakı şəhəri 3 saylı notariat ofisində təsdiq olunmuş ərizədən görünür ki, X6 "xxxx" MMC-nin ünvan 3 ünvanında inşa etdiyi yaşayış binasının 3 saylı binanın, 6-cı blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 73,5 kv.m olan, 2 otaqdan ibarət, həyat yoldaşı İddiaçı məxsus 3 saylı mənzilin satılmasına va həmin mənzilin adına sənədləşdirilməsinə etiraz etməmiş, gələcəkdə həmin mənzilə dair "xxxx" MMC-yə qarşı heç bir iddiasının olmayacağını və maddi tələb irəli sürməyəcəyini bildirmişdir; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2864/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər X3 və X5 qarşı mənzildən çıxarılma tələbi təmin olunmuş, cavabdehlərin uşaqları və əşyaları, eləcə də onlarla yaşayan digər şəxslərlə birlikdə ünvan 4 ünvanında yerləşən 71,10 kv.m sahəsi olan 2 otaqlı mənzildən çıxarılması qət edilmişdir; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2864/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər X7 və X3 uşaqları və əşyaları, eləcə də onlarla yaşayan digər şəxslərlə birlikdə ünvan 4 ünvanında yerləşən 71,10 kv.m sahəsi olan 2 otaqlı mənzildən çıxarılmalıdır; xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş cavabdehlərə göndərilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ünvan 1 ünvanda yerləşən, sahəsi 71,10 kv.m olan, 2 otaqlı yaşayış evi xx.xx.2023-cü il tarixli, 59STT nömrəli müqavilə əsasında "xxxx" MMC tərəfindən Cavabdeh satılmış və mənzilin alıcının adına rəsmiləşdirilməsinə etiraz edilməməsi barədə mülkiyyətçi (iddiaçı) İddiaçı və onun həyat yoldaşı X6 notariat qaydasında təsdiq olunmuş ərizə imzalamışlar. Cavabdehin həmin mənzilə dair mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı alqı-satqı müqaviləsinin onun həqiqi iradə ifadəsini əks etdirməməsi və onun imzası, soyadı olan səhifələrdə saxtalaşdırılma edilməsinə əsaslanmaqla, müqaviləsinin etibarsız hesab olunmasını və çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı əqdin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması tələblərini irəli sürməkdə haqlı deyildir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixli, 59STT nömrəli müqavilənin etibarsızlığına istinadən həqiqi iradə ifadəsinin olmamasını bildirsə də, ilk növbədə o, bəhsi gedən müqavilənin tərəfi belə olmamışdır. Müqavilə “İcraçı” "xxxx" MMC ilə “Sifarişçi” Cavabdeh arasında bağlanmış, müqavilə predmeti qismində dəyəri 170000 manat razılaşdırılmış Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 83 ünvanında tikilən 3-cü bina, 6-cı blok, 3-cü mərtəbəsində yerləşən 3 saylı mənzil çıxış etmişdir. Müqavilənin heç bir tərkib hissəsində onun bağlanması üzrə İddiaçı niyyətinin bəyan edilməsi və yaxud onun hüquq və vəzifələri haqqında bəndlər yer almamışdır. İddiaçı müqavilədə başqa şəxsin soyadı və imzası çəkilməklə, onunku kimi təqdim edildiyini iddia etsə də, bu halı sübit edəcək heç bir dəlili məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı iddiaçının ad, soyad, ata adı və imzası müqavilənin kolontitul hissələrində əksini tapmaqla, mənzilin əvvəlki sahibinin İddiaçı olmasını göstərən fakultativ qeyddir və müqavilə tərəfini müəyyən edən və müqavilə münasibətlərinə təsir edən göstərici kimi qiymətləndirilə bilməz. İddiaçı yaşayış evinin qanunsuz yollarla Cavabdeh adına keçirilməsini və digər müqavilənin etibarsızlığına səbəb olacaq halları ərizəsində vurğulasa da, məhkəmə araşdırması zamanı bu cür halların mövcudluğu müəyyən olunmamışdır. Gerçəklik ondan ibarətdir ki, geri qaytarılması tələb olunan mənzil, iddiaçı (mülkiyyətçi) İddiaçı və onun həyat yoldaşı X1 notariat qaydasında təsdiqlənmiş razılıq ərizə əsasında və xx.xx.2023-cü il tarixli, 59STT nömrəli müqavilənin bağlanması yolu ilə Cavabdeh tərəfindən əldə olunmuş, qanunvericiliyə uyğun şəkildə də hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət rеyеstrindən çıхarışla adına rəsmiləşdirilmişdir. Diqqət yetirilməlidir ki, razılıq ərizələrinin məzmununda iddiaçı və yoldaşının mənzilə dair "xxxx" MMC-yə qarşı heç bir iddialarının olmayacağı və maddi tələb irəli sürməyəcəkləri göstərilmişdir. Mənzil tam boşaldılaraq Cavabdeh təhvil verilməli olduğu halda, iddiaçının qızı və onun həyat yoldaşı mənzildən çıxmamış və mülkiyyətçinin mülkiyyət hüquqlarını həyata keçirməyə mane törətmişlər. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2864/2024 saylı qətnaməsi ilə cavabdehlər X3 və X2 uşaqları və əşyaları, eləcə də onlarla yaşayan digər şəxslərlə birlikdə ünvan 4 ünvanında yerləşən 71,10 kv.m sahəsi olan 2 otaqlı mənzildən çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Nərimanov rayon İcra Şöbəsinin icra məmurları tərəfindən mənzilin boşaldılması ilə bağlı icra hərəkətlərinin yerinə yetirilməsini görən İddiaçı isə icra prosesini süni üsullarla ləngitmək niyyətində olmuş və bu məqsədlə müqavilənin etibarsızlığı barədə məhkəmədə əsassız iddia irəli sürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı bağlanmış əqdlərin etibarsız hesab edilməsi və qanuni mülkiyyətində olan daşınmaz əmlakın qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı bağlanmış əqdlərin etibarsız hesab edilməsi və qanuni mülkiyyətində olan daşınmaz əmlakın qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar