Məhkəmə qərarları › İş №2(005)-2570/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2570/2023

13.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2570/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himyəçilik Komissiyası maraqlı şəxs qismində cəlb olunmaqla ərizəsi üzrə mülki iş (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himyəçilik Komissiyası maraqlı şəxs qismində cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, əri X8 xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatsız olaraq yaşayırlar. Əri İ qrup əlildir. O, Bakı şəhəri Nərimanov rayonu 8 saylı poliklinikada ağır kəllə beyin travması diaqnozu ilə qeydiyyatdadır. Əri beyninə aldığı zədənin nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Hal-hazırda əqli inkişafı uşaq ağlı ilə bərabərdir. Ona görə də onun qəyyumu kimi təyin olunmaq niyətindədir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himyəçilik Komissiyasından ona şifahi olaraq bildirilmişdir ki, ərinin üzərinə qəyyum olması yalnız məhkəmə qətnaməsinə əsasən təyin oluna bilər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi X9 bildirmişdir ki, xx.xx.1972-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair etirazları yoxdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan; - Vİİ-JQ seriyalı 300982 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 və X5 arasında 18 iyun 1996-cı il tarixdə rəsmi nikah bağlanmışdır. - "xxxx" MMMC tərəfindən verilmiş № MM-159/22 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 3 ünvanında yerləşən X2 blok 1, mənzil 130-da qeydiyyatsız olaraq yaşayır. - “Azərbaycan Elmi Tədqiqat X11” X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 72 №-li arayışdan görünür ki, X8 işləmir, kəllədaxili qansızma diaqnozu qoyulmuşdur. - “Bakı Medical Plaza” tərəfindənverilmiş epikrizdən görünür ki, X1 beyin travması, beyindaxili qansızma diaqnozu qoyulmuşdur. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2570/2023 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 4669 nömrəli rəyindən görünür ki, Yoxlanılan şəxs X4 baş beyin travmasi nəticəsində demensiya (ağil zəifliyi) davraniş pozuntulari ilə (f02.8) qeyd olunur. Bunu anamnestik məlumatlar - anamnezində kəllə-beyin travmasının qeyd olunması, bundan sonra yaddaş və intellektində proqressiv zəifləmənin qeyd olunması, həmçinin hazırkı müayinə zamanı ünsiyyətə çətin daxil olması, bələdliyinin pozulması, ona ünvanlanan sualları başa düşməməsi, nitq pozuntularının qeyd olunması, fikrini çətinliklə ifadə etməsi, yaddaş və intellektinin nəzərəçarpacaq dərəcədə enməsi, emosiyalarının qeyri-adekvatlığı, qıcıqlara qarşı həssaslığı və affektiv reaksiyalara meylliyi, öz vəziyyətinə carşı tənqidinin olmaması və sair sübut edir. Yoxlanılan şəxs X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ə.Ə.Abbasovun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi nəzərdə tutulan, xx.xx.1972-ci il təvəllüdlü X3 həyat yoldaşıdır, X4 baş beyin travmasi nəticəsində demensiya (ağil zəifliyi) davraniş pozuntulari ilə (f02.8) qeyd olunur. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə müvafiq olaraq, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 4669 nömrəli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, xx.xx.1972-ci il təvəllüdlü X3 psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 09 may 1972-ci il təvəllüdlü, Bakı şəhəri Xətai rayonu, X15 küçəsi ev 3, mənzil 112 ünvanında qeydiyyatda olan X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. VI. Nəticə: Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 may 1972-ci il təvəllüdlü, Bakı şəhəri Xətai rayonu, X15 küçəsi ev 3, mənzil 112 ünvanında qeydiyyatda olan X8 (AA5196019) tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar