Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-260/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh3, Cavabdeh2, onların nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı ("Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 1 Saylı Baki Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci və 2-ci cavabdehlər arasında bağlanmış 27 fevral 2018-ci il və 09 aprel 2019-cu il tarixli müqavilələrin etibarsız sayılması, həmin müqavilələr üzrə mənzillərə verilmiş çıxarışların ləğv edilməsi və Cavabdeh1 MTK tərəfindən inşa edilmiş "Zümrüd Residence" 1-ci bina mənzil 7 ünvanına iddiaçıların istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 1 ünvanında 1989-cu ildən valideynləri ilə birlikdə yaşamağa başlamışlar, İddiaçı2 xx.xx.1991-ci ildə, İddiaçı1 isə xx.xx.2000-ci ildə həmin ünvana qeydiyyata düşmüşlər. Həmin evin sahəsi təxminən 70- 75 kvadrat metr olmuşdur. Həmin ünvan 36 saylı mənzil istismar idarəsinin tabeliyindədir. Təxminən 2018-ci ildə həmin ünvan sökülüb, yerində Cavabdeh1 MTK tərəfindən "Zümrüd Residence" adlı bina tikilib. Həmin vaxt onlara bildirilmişdir ki, hər ailə üzvüylə ya ayrıayrılıqda, ya da ki birlikdə müqavilə bağlanacaqdır. Bina tikilib təhvil verildikdən sonra Cavabdeh2 adına 81 kvadrat metr yaşayış sahəsi verilmişdir. Yaxın zamanlarda bacıları Cavabdeh3 mübahisə edərkən o bildirmişdir ki, mənzil onundur, iddiaçıların bura hüquqları yoxdur. Bundan sonra hüquqlarının müdafiəsi ilə bağlı vəkilə müraciət olunmuş və vəkil sorğusuna cavab olaraq "Cavid-2016” MTK-nın C.J-13/005-24 nömrəli 13 may 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh2 məxsus mənzil söküntüyə qəbul olunmuşdur. Həmin mənzilin əvəzində mülkiyyətçi Cavabdeh2 ilə "Cavid-2016” MTK arasında 27 fevral 2018-ci il tarixdə yeni mənzil verilməsinə dair müqavilə bağlanmışdır. Cavabdeh2 09 fevral 2019-cu il tarixli notarial razılıq ərizəsinə əsasən ona verilmiş mənzillərdən biri qızı Cavabdeh3 adına sənədləşdirilərək 09 aprel 2019-cu il tarixində Cavabdeh2 və Cavabdeh3 ilə Cavabdeh1 MTK arasında müqavilələr bağlanmışdır. Bundan sonra məlum olmuşdur ki, Cavabdeh3 digər cavabdehin yaşlı olmasından istifadə edərək 1-ci cavabdehlə əlbir olub mənzilləri 2024-cü ildən öz adına keçirmiş və bununla da iddiaçıları hüquqlarından məhrum etmişdir. Birincisi, mübahisə edilən müqavilələr bağlanan zaman iddiaçıların da razılığı tələb olunduğu halda onlardan razılıq alınmamışdır. İkincisi, cavabdehlər tərəfindən iddiaçılarla müqavilə bağlanacaq adı altında aldadılaraq 1-ci cavabdeh ilə 2-ci cavabdehlər arasında bağlanmış 27 fevral 2018-ci il və 09 aprel 2019-cu il tarixli müqavilələr bağlanmışdır. Üçüncüsü, qeyd olunan müqavilələr əsasında 2-ci cavabdehlərin adına çıxarışlar verilmişdir. Dördüncüsü, iddiaçıların istifadə hüququ olmuş evin sökülməsi, həmin evə dair onlarla da müqavilə bağlanmasını nəzərdə tutur və sökülmüş evin yerində tikilən evdə iddiaçıların ən azından istifadə hüquqları vardır. Beşincisi, iddiaçıların mübahisəli evə hüquqları olduğu halda onlarla müqavilələr bağlanmadığından, onların razılığı olmadan müqavilələr bağlandığından 1-ci cavabdeh ilə 2-ci cavabdehlər arasında bağlanmış 27 fevral 2018-ci il və 09 aprel 2019-cu il tarixli müqavilələr etibarsız sayılmalı, həmin müqavilələr üzrə mənzillərə verilmiş çıxarışlar ləğv edilməlidir. Cavabdeh2 və Cavabdeh3 nümayəndələri (vəkilləri) Vəkil2 “iddia müddətinin tətbiqinə dair” ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" MTK ilə cavabdehlər arasında 27 fevral 2018-ci il tarixli və 09 aprel 2019-cu il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrin iddiaçılar tərəfindən etibarsızlığı ilə bağlı məhkəməyə iddia ərizəsi verilmişdir. Həmin ərizədə iddiaçılar qeyd edirlər ki, "xxxx" MTK tərəfindən onlarla da müqavilə bağlanacağı bildirilsə də, onlarla müqavilə bağlanmamışdır. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçılar ünvan 3 ünvanında yerləşən mənzildə yaşamasalar da, həmin məzilin "xxxx" MTK tərəfindən söküldüyündən məlumatlı olmuşlar. "xxxx" MTK ilə cavabdehlər arasında bağlanmış müqavilələrin etibarsızlığına gəldikdə isə 27 fevral 2018-ci il tarixli və 09 aprel 2019-cu il tarixli müqavilələr üzrə iddia müddəti ötmüşdür. Belə ki, sözgedən mənzil 2018-ci ildə sökülmüşdür, iddiaçılar həmin mənzilin söklməsindən və yeni mənzilin verilməsindən 2018-ci ildən məlumatlıdırlar. Beləliklə, iddia müddəti ötdüyü üçün iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 bildirmişdir ki, o, 1985-ci ildən sözügedən evdə yaşamışdır. 2003-cü ildə əsgərliyə gedib, 2005-ci ildə qayıdıb. 5-6 ay sonra Rusiyaya gedib, 2016-2017-ci illər arasında evlənmişdir, iki uşağı var. Ailəsi Rusiya Federasiyasında yaşayır. 1 dəfə ailəsi ilə birlikdə ölkəyə gəlmişdir. Gələn zaman uşaqları yox idi və həyat yoldaşının anası və atası ilə birlikdə köhnə evlərində yaşayırdılar. Daha sonra tək gəlib gedib. Uşaqlar olandan sonra isə atası qəbul etməyib. 2023-cü ildən atasına verilmiş evdə yaşayır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 bildirmişdir ki, 1985-ci ildən sözügedən evdə yaşamışdır. 2007-ci ildə ailə həyatı qurmuşdur. Övladı yoxdur. Ailə qurduqdan sonra ərinə məxsus evə köçmüşdür. Həyat yoldaşı dünyasını dəyişib. 15 il ailəli olmuşdur. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra yenidən hazırki evə köçmüşdür. 2023-cü ildən sözügedən evdə yaşayır. Ailəli olan zaman yoldaşının evində yaşamışdır. Onlara pul lazım deyil, sadəcə hüquqlarının bərpasını istəyirlər. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, iddiaçılar bacı-qardaşdırlar, hamısı ailə üzvləridir. İşin əsas mahiyyəti bundan ibarətdir ki, iddiaçıların valideynlərinə məxsus fərdi yaşayış evləri olmuşdur. Həmin yaşayış evi dövlət tərəfindən sökülüb və əvəzində mənzillə təmin olunmasını nəzərdə tutan amillə məhz yeni müqavilə bağlanmışdır. Lakin pozuntu bundan ibarətdir ki, mənzil sökülən zaman bununla bağlı iddiaçılara hər hansı müqavilə bağlanması təklif olunmamış, digər şəxslə müqavilə bağlanan zaman onlardan razılıq tələb olunduğu təqdirdə, onların razılığı alınmamışdır. Daha sonra müqavilə bağlanan zaman həmin müqavilədə valideyn öhdəlik götürüb ki, ailə üzvlərini özü razı salacaq. O bildiyi qədəri ilə, “razı salacam” anlayışı təkcə sözlə ifadə olunmamalıdır. Razılıq notarial formada əks olunmalıdır. Digər tərəfdən atamülkiyyətçi kimi qəbul edilsə də, Plenum qərarında da qeyd olunub ki, mülkiyyətçinin dəyişməsi həmin mənzildə yaşayanların istifadə hüquqlarını məhdudlaşdırmır. Mənzillər əvəzləşdiyi təqdirdə, həmin mənzildən istifadə hüquqları olduğu kimi qalmalıdır. Artıq nəinki onların hüquqları aradan qaldırılıb, mülkiyyətçi dəyişib. İş materiallarından da görünür ki, onlar mənzil tikintisi zamanı və yaxud əvvəl qeydiyyata düşməyiblər. Həmin evdə yaşamağa başlayanda qeydiyyata düşüblər. Onların artıq hüquqları yaranıb, buna görə də onların razılığı məcburidir. MTK bunu nəzərə almayıb, əslində MTK orada yaşayan ailə üzvlərinin rifahını nəzərə almalı idi. Ya müstəqil müqavilə bağlamalı idi, ya da digər ailə üzvləri ilə müqavilə bağlanarkən onlarla bərabər bağlanmalı idi. Onlar da müqavilənin subyekti olmalı idilər. Bunların heç biri olmayıb. Vərəsəlik işi hələ ki açılmayıb. Atası ilə anası 1973-cü ildə nikaha daxil olublar. Anası 2018-ci ildə dünyasını dəyişib. Mirasın faktiki qəbulu ilə bağlı məhkəmədə iddia qaldırılacaqdır. Çünki əmlak birgə nikah dövründə alınıb, onlar da mirası faktiki olaraq qəbul etmişlər. Mülki hüquq münasibətlərində mirasın qəbul edilməsi üçün aylarla, illərlə yaşamaq şərt deyil. Miras əmlakdan sahiblik və istifadə etməyə başlamaq artıq həmin miras əmlakın faktiki olaraq qəbul edilməsi hesab olunur. Vərəsələrin həmin əmlakda yaşaması və qeydiyyatda olması şərt deyil. Tərəfinin Rusiya Federasiyasına gedib gəlməsi miras əmlakı qəbul etməməsi və ya faktiki olaraq qəbul etməsindən imtina etməsi kimi nəzərdə tutulmur. Burada əsas mahiyyət istifadə hüququnun tanınması deyil, müqavilənin etibarsız hesab edilməsidir. Mülkiyyət hüququ ilə bağlı isə iddia müddəti yoxdur və bu məsələyə iddia müddəti tətbiq edilmir. Bundan başqa isə mübahisənin müqavilənin etibarsız hesab edilməsi, çıxarışların ləğvi və istifadə hüququnun tanınması məsələsindən ibarət 3 predmeti var. Qarşı tərəf 2018-ci ildə mənzilin sökülməsinə istinad edir. Lakin, həmin vaxt mənzilin sökülməsi idiaçının bilməli olduğu anlamına gəlmir. Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən də bilməli olduğu vaxt ona məlum olan məlumatların əks olunduğu tarixdən hesablanır. Onların isə müqavilənin mövcudluğundan vəkil olaraq “Cavid MTK”-ya yazdığı məktuba cavabdan bilmişlər. 2024-cü il tarixdə olduğuna görə də iddia müddətinin axımı həmin vaxtdan başlayır. Əsas odur ki, tərəfə məlumat verilməməsi, onun aldadılması nəticəsində hüquqları pozulmuşdur. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirmişdir ki, evin ödənişini o etmişdir, sadəcə atasının adına almışdır. Evə köçmələrindən evin söküntüsündən iddiaçılar məlumatlı olublar. İddiaçılar 1 il olar ki, həmin evdə yaşayırlar. Atası xəstə olan zaman qardaşı gəlib onun evində qalırdı. Bacısının yoldaşı dünyasını dəyişdikdən sonra bacısı sözügedən evdə yaşamağa başlayıbdır. Atası da həmin evdə yaşayır, çünki onun evi 2 otaqlıdır. 55000 manat evə ödəniş etmişdir, atasının adına aldığı üçün ucuz qiymətə vermişlər. Atasının evi 69 kv. idi, onun əvəzinə 81 kv.m verildi. Onlarda çıxarışlar da ayrıayrıdır. O, hələ də ödəniş edir. Arada yubanmalar olduğu üçün ödənişlər bitməyib. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, Dövlət Sərhəd Xidmətindən verilən çıxarışdan görünür ki, İddiaçı1 15 il o evdə yaşamayıb, digər iddiaçı isə ailə qurub gedib və 20 ilə yaxın evdə yaşamayıb. Belə olan halda necə ola bilər ki, evdə yaşamayan şəxslər mirası faktiki olaraq qəbul edə bilib, sahiblik edə bilər. Bundan başqa isə nə anaya, nə də ataya övladları tərəfindən baxılmayıb. Mənzil sökülən zaman iddiaçılar orada olmayıb. İddiaçılardan biri Rusiya Federasiyasında olub. Belə halda hansı miras əmlakı faktiki olaraq qəbul edə bilər. Qarşı tərəfin bildirdiyi arqument reallığı əks etdirmir. Bir mənzilin çıxarışı yoxdur. Həmin mənzil də Elmira xanıma məxsus mənzildir. Çünki həmin mənzilin ödənişləri bitməyib, buna görə də çıxarış verilmir. 7 saylı mənzilin çıxarışı var. 45 saylı mənzilin iddiaya aidiyyəti yoxdur. Mübahisəli mənzil tərəfi Elmira xanıma məxsusdur. Sadəcə qarşı tərəf mənzilin atalarına məxsus olduğunu iddia edirlər. Bildirir ki, mübahisəli mənzilin boşaldılması ilə bağlı Nərimanov Rayon Məhkəməsinin icraatında başqa iş var. Həmin işdə iddiaçı tərəf onlardır. Onlar iddianı qəbul etmirlər və hesab edirlər ki, hazırki işə iddia müddəti tətbiq edilməlidir. 2018-ci ildə mənzil söküldüyünə görə və bu şəxslər 2018-ci ildən həmin mənzilin söküldüyünü bildiklərindən, həmçinin başqa müqavilələrin bağlanmasından 6 il vaxt keçdiyindən iddia müddəti ötürülmüşdür. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmiş və onun rədd edilməsin xahiş etmişdir. Cavabdeh1 MTK-ya və mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə adı çəkilən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələblərinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh1 MTK-nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, O.Hüseynov (əvvəlki adı Balaəmi Dadaşov), K.Rəhimov, Y.Bakuvi və Q.Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidəki qəzalı vəziyyətdə olan evlərin sökülərək onların yerində yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına “Cavid-2016" MTK-ya icazə verilmişdir. Sərəncamın icrasının yerinə yetirilməsi çərçivəsində ünvan 2 ünvanında yerləşən Cavabdeh2 məxsus mənzil söküntüyə qəbul olunmuşdur. Həmin mənzilin əvəzində yeni mənzil verilməsinə dair 27 fevral 2018-ci il tarixdə mülkiyyətçi Cavabdeh2 ilə “Cavid-2016" MTK arasında müqavilə bağlanmışdır. Cavabdeh2 09 fevral 2019-cu il tarixli notarial razılıq ərizəsinə əsasən ona verilmiş mənzillərdən biri qızı Cavabdeh3 adına sənədləşdirilərək 09 aprel 2019-cu il tarixində Cavabdeh2 və Cavabdeh3 ilə “Cavid-2016" MTK arasında müqavilələr bağlanmışdır; - Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 86 saylı Mənzil Kommunal İstismar sahəsinin 36/211 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X6 xx.xx.2000-ci il tarixdə, İddiaçı2 Rahir qızı isə xx.xx.1991-ci il tarixdə B.Dadaşov küçəsi 19 saylı evin 25 saylı mənzilinə passport qeydiyyatına düşmüşlər və həmin ev 2018-ci il tarixdə sökülmüşdür; - Cavabdeh1 MTK-nın xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu Ə.Hüseynov (əvvəlki adı Balaəmi Dadaşov), K.Rəhimov, Y.Bakuvi və Q.Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidəki qəzalı vəziyyətdə olan evlərin sökülərək onların yerində yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına Cavabdeh1 MTK-ya icazə verilmişdir. Sərəncamın icrasının yerinə yetirilməsi çərçivəsində ünvan 4 ünvanında yerləşən Cavabdeh2 məxsus mənzil söküntüyə qəbul olunmuşdur. Həmin mənzilin əvəzində yeni mənzil verilməsinə dair 27 fevral 2018-ci il tarixdə mülkiyyətçi Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında müqavilə bağlanılmışdır. Cavabdeh2 09 fevral 2019-cu il tarixli notarial razılıq ərizəsinə əsasən ona verilmiş mənzillərdən biri qızı Cavabdeh3 adına sənədləşdirilərək 03 aprel 2019-cu il tarixində Cavabdeh2 və Cavabdeh3 ilə Cavabdeh1 MTK arasında müqavilələr bağlanmışdır. Cavabdeh1 MTK ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 03 aprel 2019-cu il tarixli müqavilələr öz razılıqları ilə ləğv olunaraq Cavabdeh2 ilə 30 iyun 2023-cü il tarixli, Cavabdeh3 ilə 12 noyabr 2019-cu il tarixli müqavilələr bağlanmış, hazırda həmin müqavilələr üzrə Cavabdeh2 və Cavabdeh3 verilmiş mənzillər Cavabdeh1 MTK tərəfindən təhvil verilmişdir; - ÖM seriyalı 237746 saylı xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 19 saylı evin 66,9 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 25 saylı mənzilin 47.4 kv.m olan 3 otağı Cavabdeh2, 19.5 kv.m olan 1 otağı isə X4 məxsusdur; - Cavabdeh1 MTK ilə Cavabdeh2 (“Mülkiyyətçi”) arasında bağlanmış 6-19D/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK ünvan 2 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binası tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 3 otaqlı, 94 kv.m mənzili dövlət reyestrində çıxarışda göstərilmiş (və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20% əlavə etməklə, girişində 2-ci mərtəbədə (qeyri-yaşayış da sayılmaqla) tam təmirli 75 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət mənzili və 2-ci mərtəbədə 45 kv.m ümumi sahəsi olan 2 otaqdan ibarət mənzili, “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi, “Mülkiyyətçi” isə həmin mənzilləri qəbul etməyi öz öhdəsinə götürür; - Cavabdeh2 Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli notarial təsdiqli ərizəsindən görünür ki, ona məxsus olan ünvan 5 ünvanda yerləşən 25 saylı mənzilin söküldüyünə görə onunla "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən "xxxx" MMC tərəfindən verilən Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi ünvanında inşa edilən binanın 2-ci mərtəbəsində yerləşən 2 (iki) otaqlı sahəsi 45 kv.m. olan mənzilin Cavabdeh3 adına keçirilməsinə və sənədləşdirilməsinə heç bir etirazı yoxdur, razıdır. Ərizə onun sözləriylə tərtib edildi, həqiqi niyyətinə uyğundur. Bununla bağlı gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir iddiası və tələbi olmayacaqdır; - Cavabdeh1 MTK ilə Cavabdeh2 (“Mülkiyyətçi”) arasında bağlanmış 172-19D/19 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK ünvan 2 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binası tikintisini həyata keçirərək, bu bunada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 3 otaqlı, 60 kv.m mənzili dövlət reyestrində çıxarışda göstərilmiş (və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20% əlavə etməklə, girişində 2-ci mərtəbədə (qeyri-yaşayış da sayılmaqla) tam təmirli 75 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi, “Mülkiyyətçi” isə həmin mənzilləri qəbul etməyi öz öhdəsinə götürür; - Cavabdeh1 MTK ilə Cavabdeh3 (“Sakin”) arasında bağlanmış 173-19D/19 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK ünvan 2 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan evlərdə “Sakin”ə məxsus mənzilin söküntüsünü başa çatdırmış və hazırda həmin ərazidə yeni yaşayış binasının tikintisini həyata keçirərək “Sakin”in sökülmüş mənzilinin əvəzində inşa olunan 1-ci binanın 1-ci girişinin 2-ci mərtəbəsində ümumi sahəsi 58.34 kv.m olan təmirsiz mənzili əlavə sahəyə görə aylıq ödənişlər etmək şərtilə onun istifadəsinə verməyi, “Sakin” isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürür; - xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh3 Cavabdeh1 MMC-yə olan 8575 manat borcunu hər ay sabit 357.2 manat, sonuncu ay isə 359 manat olmaqla 24 ay ərzində ödəməyi qəbul etmişdir; - Cavabdeh1 MTK və Cavabdeh2 (“Sakin”) arasında bağlanmış 172-19D/19 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK ünvan 2 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan evlərdə “Sakin”ə məxsus mənzilin söküntüsünü başa çatdırmış və hazırda həmin ərazidə yeni yaşayış binasının tikintisini həyata keçirərək “Sakin”in sökülmüş mənzilinin əvəzində inşa olunan binalarda bu müqavilənin 1.3-cü bəndində göstərilən razılaşdırılmış mənzili onun istifadəsinə verməyi, “Sakin” isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə görə, "Sakin"in sökülmüş daşınmaz əmlakına dair Seriya ÖM 237746 saylı Qeydiyyat vəsiqəsi olmuşdur. Həmin Qeydiyyat vəsiqəsi üzrə mənzilin ümumi sahəsi 47.4 kv.m təşkil etmişdir. Tərəflər arasında birlikdə aparılmış ölçmələrin nəticəsinə dair birgə tərtib olunmuş, imzalanmış akta əsasən əmlakın faktiki ölçülərlə ümumi sahəsi kənar divarların çöl ölçüləri boyunca 66.8 kv.m, mənzilin daxili ölçüləri ilə aparılmış iç ölçülərinin ümumi sahəsi 60 kv.m müəyyən olunmuşdur. 1.3cü bəndinə əsasən, "xxxx" MTK ilkin müqavilə üzrə "Sakin"ə ümumi sahəsi 75 kv.m olan təmirli mənzil verməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasındakı müzakirələrə görə qarşılıqlı razılaşma əsasında bu müqavilənin 1.2-ci bəndində göstərilən mənzilin əvəzində mövcud layihəyə uyğun olaraq "xxxx" MTK "Sakin"ə inşa olunan 1-ci binanın, 1-ci girişinin, 2-ci mərtəbəsində ümumi sahəsi 81.8 kv.m olan təmirli mənzili verməyi öz öhdəsinə götürür, "Sakin" isə bu müqavilə ilə ona verilən təmirli mənzili qəbul etməyi öz öhdəsinə götürür; - Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında xx.xx.1974-cü il təvəllüdlü İddiaçı2 xx.xx.2005-ci ildən yaşayış yeri üzrə qeydiyyatdadır; - Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı1 xx.xx.2005-ci ildən xx.xx.2023cü ilədək müxtəlif tarixlərdə ölkəyə giriş-çıxışlar etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ölkəyə daxil olmuşdur; - Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında xx.xx.1984-cü il təvəllüdlü İddiaçı1 xx.xx.2000-ci il tarixdən hazırki vaxtadək qeydiyyatdadır; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə ölmüşdür; - 7 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışının notarial təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 ilə X2 nikahları haqqında xx.xx.1973-cü il tarixdə 68 №-li akt qeydi tərtib olunmuşdur; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, ev 19 ünvanında yerləşən 25 nömrəli mənzil xx.xx.1998-ci il tarixində Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmiş, xx.xx.2005-ci il tarixli, 4Ə-02-228 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən 4 otaqlı mənzilin 1 otağı X3 adına qeydiyyata alınmışdır. Daha sonra sözügedən mənzil söküldüyü üçün vətəndaşların ərizəsinə əsasən mülkiyyət hüquqları ləğv edilmişdir; - Bakı şəhəri 9 Sayli Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2018-ci ildə vəfat etmiş, X1 vərəsəlik işi ilə əlaqədar olaraq, xx.xx.2024cü il tarixdə notariat ofisinə vərəsələri: övladları - İddiaçı1 və İddiaçı2 yazılı ərizələr ilə müraciət etmişdirlər. Lakin mərhum - X1 mülkiyyətində dövlət qeydiyyatına alınmış əmlaklar olmadığı üçün, yazılı müraciətləri elektron notariat sistemində qeydiyyata alınmamışdır; - Bakı Şəhəri 9 Sayli Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakına dair müraciət olunmamışdır və vərəsəlik işi açılmamışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, Cavabdeh2 mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi ev 19, 25 saylı mənzilin yerləşdiyi ərazidə (Balaəmi Dadaşov, K.Rəhimov, Y.Bakuvi və Q.Rəşad küçələrinin kəsişməsində) qəzalı evlərin sökülərək onların yerində yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına Cavabdeh1 MTK-ya icazə verilmiş, MTK həmin layihənin həyata keçirilməsi məqsədilə Cavabdeh2 ilə 27 fevral 2018-ci il tarixli müqavilə bağlamaqla ona məxsus mənzili söküntüyə qəbul etmiş və həmin mənzilin əvəzində yeni mənzil verilməsini öhdəsinə götürmüş, bununla belə sonradan onun notarial təsdiqli razılıq ərizəsinə əsasən mənzillərdən birinin onun qızı Cavabdeh3 verilməsini nəzərdə tutan müqavilə bağlanmış, daha sonra isə tərəflər arasındakı əvvəlki müqavilələr ləğv olunaraq Cavabdeh3 ilə 12 noyabr 2019-cu il tarixli, Cavabdeh2lə 30 iyun 2023-cü il tarixli müqavilələr bağlanmışdır. Cavabdeh3 ona verilən əlavə sahəyə görə 8575 manat borcu 24 ay ərzində ödəməyi qəbul etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçılar cavabdeh MTK tərəfindən hər ailə üzvü ilə ayrı-ayrılıqda müqavilə bağlanacağı vədi verilməsinə, habelə sökülmüş mənzildən istifadə hüquqları olmasına baxmayaraq, sadəcə digər cavabdehlər ilə müvafiq mənzillərin verilməsini nəzərdə tutan müqavilələrin bağlandığını, həmin müqavilələr bağlanarkən sökülmüş mənzildən istifadə hüquqları olan şəxslər kimi onların razılığının alınmadığını iddia etməklə hazırkı iddia tələblərini irəli sürmüşlər. Məhkəmə hazırkı mübahisənin obyektiv həlli üçün iddiaçıların irəli sürdüyü faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının, xüsusilə iddiaçıların sökülmüş mənzildə istifadə hüquqlarının mövcudluğunun yoxlanılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ilk növbədə vurğulayır ki, iddiaçıların “cavabdeh MTK tərəfindən hər ailə üzvü ilə ayrı-ayrılıqda müqavilə bağlanacağı vədi verilməsinə rəğmən, sadəcə digər cavabdehlər ilə müvafiq mənzillərin verilməsini nəzərdə tutan müqavilələrin bağlanması”, başqa sözlə “cavabdeh MTK tərəfindən aldadılaraq onlarla müqavilərin bağlanmaması” barədə arqumentlərini əsaslı hesab etmək mümkün deyildir. Çünki hazırkı iş üzrə sübutetmə yükü məhz iddiaçıların üzərinə düşür və bu baxımdan onlar iddialarının faktiki əsası kimi istinad etdikləri həmin halları sübut etməlidirlər. Lakin onlar istinad etdikləri həmin halları mötəbər dəlillərlə sübut edə bilməmişlər. Həmçinin irəli sürülən həmin dəlillər (hər ailə üzvüylə ayrı-ayrılıqda müqavilə bağlanması) bu cür pilot layihələrin icrası sahəsindəki praktikaya və işgüzar adətlərə də uyğun deyildir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. İddiaçıların “sökülmüş mənzildə istifadə hüquqlarının mövcud olduğu” dəlilləri ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (qeyd edilməlidir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 53cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Həmin Məcəllənin 60-cı maddəsinə görə, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Məhkəmə qeyd edir ki, iddiaçıların artıq mövcud olmayan Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, ev 19 ünvanında yerləşən 25 nömrəli mənzilə istifadə hüquqlarının yaranmış olduğu mübahisəli deyildir; iş materiallarından da aydın olur ki, həmin mənzil xx.xx.1998-ci il tarixində Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir və onlar ailə olaraq birlikdə həmin mənzildə yaşamışlar. Tərəflərin mübahisə etdikləri hal, onların həmin mənzilə istifadə hüquqlarının qalıb-qalmaması ilə bağlıdır. İddiaçılar mənzil üzərində bu hüquqlarının olmasına istinadən hazırkı iddianı qaldırdıqları halda, cavabdehlərin mövqeyinə görə, onlar daimi yaşamaq üçün başqa yerə getdikləri (digər yaşayış sahəsinə köçdükləri) üçün həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab olunur. İş materialları, tərəflərin, xüsusilə də iddiaçıların izahatları ilə İddiaçı1 2005-ci ildə ölkə xaricinə getməsi, İddiaçı2 isə 2007-ci ildə ailə quraraq başqa ünvana gəlin köçməsi, həmin tarixlərdən sonra sözügedən mənzildə yaşamadıqları müəyyən edilmişdir. Bu mənada məhkəmənin qənaətinə görə, cavabdehlərin “iddiaçıların mənzilə olan istifadə hüquqlarının itirilməsi” ilə bağlı dəlilləri əsaslıdır. Onların ara-sıra atalarının yaşadığı mənzilə gəlmələri, mənzil söküldükdən sonra 2023-cü ildə yeni verilmiş mənzilə köçərək orada yaşamaları mövcud vəziyyəti dəyişdirmir. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə hesab edir ki, istifadə hüquqları itirilmiş hesab edildiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 müqavilələrin etibarsız sayılması, həmin müqavilələr üzrə mənzillərə verilmiş çıxarışların ləğv edilməsi tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçıların “sökülmüş mənzilin mərhum anaları Gülarə Hacıyevanın paylı mülkiyyətində olması, həmin paya münasibətdə onların vərəsə sayılması” haqqında arqumentlərinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin əmlakın birgə əmlak hesab edildiyini cavabdehlər qəbul etməmiş, sökülmüş evin cavabdehin nikaha girənədək əldə etdiyi evin hesabına alındığını bildirmişlər. Həmçinin vərəsəlik işi açılmamışdır və mirasın faktiki qəbulu ilə bağlı məhkəmə qətnaməsi mövcud deyildir. Məhkəmə həmçinin iddia tələbinin əsaslı olmamasını nəzərə alaraq hesab edir ki, hazırki halda iddia müddətinin tətbiqinə də hər hansı zərurət qalmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddiaları təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-260/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-260/2025
17.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver