Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2626/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ünvan 2 qarşı (X5, X11, X7 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) mirasın qəbul edilmə müddətinin üzrlü hesab edilərək uzadılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı mirasın qəbul edilmə müddətinin üzrlü hesab edilərək uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 miras qalmış ** ZZ *** dövlət qeydiyyat nişanlı buraxılış ili 2014-cü il olan VOLKWAGEN PASSAT minik avtomobilinə dair mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilərək müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 21 saylı Bakı şəhər Notariat ofisinə əri X2 miras qalmış ** ZZ *** dövlət qeydiyyat nişanlı buraxılış ili 2014-cü il olan VOLKWAGEN PASSAT minik avtomobilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə müraciət etmişdir. Bakı şəhər 21 saylı Notariat ofisi tərəfindən ərizənin təmin olunmasından imtina olunmuş və ona ünvanlanmış xx.xx.2024-cü il tarixli 707 №-li məktubunda qeyd olunmuşdur ki, “Sizin ünvan 2 xx.xx.2023-cü il tarixində vəfat etmiş X6 vərəsəlik işinin açılması ilə bağlı daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Mülki Məcəllənin 1240 və 1256-cı maddələrinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı aidivyati üzrə məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə edilir". Ona görə də mirasın qəbuletmə müddətinin uzadılması ilə bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hüquqi savadı olmadığına görə mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən sonra 3 ay müddət ərzində olduğunu bilməmişdir. Zənn etmişdir ki, ərindən miras qalmış mirası istənilən vaxt vərəsəlik qaydasında qəbul edə bilər. Lakin 2024-cü ilin may ayında Bakı şəhər 21 saylı Notariat ofisinə müraciət edərkən mirasın qəbulu üçün müddətin müəyyən edildiyini bilmişdir. X1, X11, X7 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilən X11, X7 və X12 ayrı-ayrılıqda izahat verərək iddia tələbini qəbul etdiklərini və mərhum atalarından miras qalmış avtomobilin analarının adına keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları xx.xx.2017-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VOLKSWAGEN PASSAT MİNİK markalı, ** ZZ *** nömrəli nəqliyyat vasitəsinin sahibi olaraq X8 qeyd olunmuşdur. Bakı Şəhəri 21 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, Mülki Məcəllənin 1246 və 1256-cı maddələrinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd olunanları nəzərə alaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X9 xx.xx.1988-ci il tarixdə nikaha daxil olmuşlar və bu nikah həmin tarixdə nikah haqqında akt qeydləri kitabında 1439 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. Ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. EMİS-dən əldə olunan məlumatlardan görünür ki, X8 və X3 birgə nikahdan X11, X7 və X12 adlı övladları var. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 374954 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. X5 tərəfindən ünvan 2 ünvanlanan xx.xx.2024-cü il tarixli ərizənin məzmunundan aydın olur ki, X5 23 iyun 2023-cü il tarixdə vəfat etmiş oğlu – X4 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən olunmuş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmişdir və qəbul etmək niyyətində olmadığını bildirmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Miras qoyan X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçı mərhumun həyat yoldaşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 onun anası, X11, X7 və X12 isə onun övladları olmuşdur. İddiaçı mərhumun birinci növbə vərəsələri olmaqla, onun mülkiyyətində olmuş VOLKSWAGEN PASSAT MİNİK markalı, ** ZZ *** nömrəli nəqliyyat vasitəsi ibarət miras əmlakdan pay hüquqları yaranmışdır. İddiaçı bununla bağlı notariat ofisinə müraciət etsə də, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Vərəsələr arasında mirasın qəbulu ilə bağlı mübahisə mövcud deyildir. Hazırda iddiaçı mərhum ərindən miras qalmış miras əmlakın qəbulu müddətinin bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Hazırki mübahisəli işin hallarından göründüyü kimi, miras qoyan X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Miras əmlakın qəbul edilməsi ilə bağlı müddətin bərpa olunması tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Belə olanda məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı hazırki mübahisəyə şamil olunmayacaqdır. Belə olanda İddiaçı miras əmlakı faktiki qəbul edilib-edilməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi əsas götürüb, hesab edir ki, X4 xx.xx.2023-cü il tarixdə ölməsi ilə ona məxsus avtomobil onun birinci dərəcəli qanun üzrə vərəsəsi olan həyat yoldaşı İddiaçı tərəfindən faktiki qəbul edilmiş, ondan təyinatı üzrə istifadə etmişdir. Buna görə iddiaçının mirası qəbul etməsi qənaətinə gəlinməsi üçün real əsaslar vardır. Lakin iddiaçı mərhum əri X4 ölüm haqqında şəhadətnaməsini vaxtında ala bilməməsi səbəbindən miras əmlakın qəbul edilməsi ilə bağlı vaxtında notariat orqanına müraciət edə bilməmişdir. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş mərhumun övladları xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatlarında mərhum atalarından qalmış miras əmlaka dair heç bir iddiaları olmadığını bildirmiş, miras əmlakın anaları tərəfindən qəbul olunmasına etiraz etmədiklərini bildirmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 (mərhumun anası) isə notariat ofisində yazdığı ərizədə miras əmlaka faktiki yiyələnməklə qəbul etmədiyini və qəbul etmək niyyətində olmadığını qeyd etmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, vərəsələr arasında miras əmlakla bağlı heç bir mübahisə yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçı mərhum ərinin xx.xx.2023-cü il tarixdə vəfatından sonrakı mirasın qəbulu ilə bağlı hərəkətləri həyata keçirərkən ondan asılı olmayan üzrlü səbəblərdən müddəti ötürmüşdür, onun miras əmlakı faktiki olaraq qəbul etməsi müəyyən edildiyindən, mirasın qəbul edilməsi üçün ötürülmüş müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X2 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X2 miras qalmış əmlakı (** ZZ *** dövlət qeydiyyat nişanlı buraxılış ili 2014-cü il olan VOLKWAGEN PASSAT minik avtomobil) qəbul etməsi üçün buraxılmış müddət bərpa edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2626/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2626/2024
04.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver