Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2627/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: borcun silinməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz» İstehsalat Birliyinin Bakı X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı saylı akt üzrə hesablanmış 777.60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Üzümçülük sovxozu ünvanında yaşayır. Mütəmadi olaraq hesablanmış qazdan istifadəyə görə borclarını ödəmişdir. xx.xx.2024-cü il tarixdə , “Azəriqaz» İstehsalat Birliyinin Bakı X5 İdarəsinin işçiləri istifadə etdiyi G-4 markalı **********6 saylı qaz sayğacını yoxlamaya göndərmək məqsədilə çıxarmış və yenisi ilə əvəz etmişdir. Qaz sayqacı yoxlamadan keçirilmiş, 23 02 2024-cü il tarixli akta əsasən sayğacın hesablama mexanizminin rəqəmlərinin üzərində cızıq-əzik izləri aşkar olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmiş, həmin akta əsasən 777 60 manat məbləğində ziyan hesablanmışdır. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, bağ sahəsinə sayğacla bağlı cərimə yazılıb. Sayğac küçədə quraşdırılıb və ona heç bir müdaxilə olunmayıb, lakin bildirildi ki, guya sayğaca müdaxilə olunub və göstəricilər düzgün deyil. Bununla bağlı Cavabdehnə müraciət etmiş və onlar məhkəməyə müraciət etməyini bildirmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz təqdim edərək ona uyğun olaraq bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. İddiaçıya məxsus abonent koduna sayğac quraşdırıblar. 2024-cü ilin fevral ayında sayğacı çıxarıblar və laboratoriyaya göndəriblər. Laboratoriya rəyinə əsasən sayğacın hesablama mexanizmi rəqəmlərin üzərində cızıq və əzik aşkar olunmuşdur. Bu rəyə əsasən sayğaca müdaxilə olunması müəyyən edilmişdir. Hesablamaya əsasən iddiaçı tələfindən dəymiş zərər 777.60 manat təşkil olunur. Dövlət yoxlaması keçirilən vaxt vətəndaşa bildiriş göndərilmir.Yoxlamada iddiaçı iştirak etməyib, aktda imzası yoxdur və imtina olunub. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: -“Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 19 dekabr 023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Türkan qəsəbəsi Üzümçülük ünvanında yerləşən ünvan üzrə G-4 tipli, Zenner markalı **********6 saylı sayğac G-4 tipli, GCZ markalı ******* saylı sayğac ilə əvəz edilmişdir. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 fevral 2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, X1 məxsus ünvan – Xəzər rayonu, Türkan üzümçülük ünvanı üzrə “sayğacın hesablama mexanizminin rəqəmlərinin üzərində əzik izlərinin olması” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB-nin 29 fevral 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, 29 fevral 2024-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpasına görə 6480 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. - 17 aprel 2025-ci il tarixli və 24 iyun 2025-ci il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********0110 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 02/2024-cü il tarixə 777,60 manat borc yazılmışdır. - “Azəriqaz» İstehsalat Birliyinin Bakı X5 Departamenti tərəfindən iddiaçıya ünvanlanmış 23 oktyabr 2024-cü il tarixli müraciətə baxılması barədə məktubla müəyyən olunur ki, istehlakçı hesabında (**********01100) yaranmış borcun araşdırılması barədə Bakı X5 Departamentinə daxil olmuş xx.xx.2024-cü il tarixli 14-2-2-4/1-M-15xx-xx/2024 nömrəli müraciətə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, sözügedən ünvanda quraşdırılmış G-4 markalı **********6 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilmək üçün xx.xx.2024-cü il tarixində yeni qaz sayğacı ilə əvəz olunmuşdur. Çıxarılan qaz sayğacı "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən "Azərbaycan Metrologiya institutu” PHŞ “Komunal Laboratoriyalar" X2 Dövlət yoxlamasından keçirilmiş və laboratoriyanın xx.xx.2024-cü il tarixli 0173 saylı aktına əsasən, sayğaca ümumi baxış keçirildi, sayğacın hesablama mexanizminin, rəqəmlərinin üzərində cızıq- əzik izləri aşkar olundu, sayğac istismara yararsızdır rəyi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının (Qaydalar) 4.9-cu bəndinə əsasən zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydalara 2 nömrəli əlavə ilə təsdiqlənmiş zədələnmiş qaz “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi"nin (Müqavilə) 2.2.4-cü yarımbəndinə uyğun olaraq aşkar olunmuş nöqsanlar müvafiq qaydada rəsmiləşdirilərək baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilir və yalnız təqsiri səbəbindən qaz sayğacı yararsız vəziyətə düşərsə onun təmiri, dəyişdirilməsi istehlakçıdan tələb edilir. Müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin dəqiq uçotununun aparılması məqsədilə “Azəriqaz" İB-nin Bakı X5 Departamenti tərəfindən xx.xx.2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" tərtib edilmiş akta əsasən, qaz sayğacının zədələnməsi nəticəsində 6480 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. Lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər məhkəməyə müraciət edə bilərlər. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. -6-2-ci maddəsinin 1-ci bəndinə əsasən, qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. - 6-3.1-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. - 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən, qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. Həmin Qaydaların 2.8-ci bəndinə əsasən, qaz paylayıcısının işçiləri tərəfindən istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim edildikdə (göndərildikdə), istehlakçı qaz paylayıcısının işçilərinin xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətməməli və müayinənin keçirilməsinə şərait yaratmalıdırlar. Həmin Qaydaların 3.1.3-cü bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 3.1.10-cu maddəsinə əsasən, bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda yerləşən fərdi yaşayış evinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəz edilmiş, çıxarılmış sayğaca baxış (müayinə) keçirilmiş və 27 fevral 2024-cü il tarixdə “sayğacın hesablama mexanizminin rəqəmlərinin üzərində əzik izlərinin olması” barədə nöqsan qeyd olunmaqla həmin əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 fevral 2024-cü il tarixli ******* saylı saylı akt tərtib edilmişdir. akta əsasən itirilmiş qazın bərpası üzrə 02/2024-cü il tarixə 777,60 manat borc **********0110 saylı abonent hesabına yazılmışdır, hazırda ondan 777,60 manat borc tələb edilir. İddiaçı ünvanına yazılmış 777,60 manat borcun silinməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 777,60 manat məbləğində borc hesablamışdır. Qanunvericiliyə əsasən qaz paylayıcısı tərəfindən müayinələr aparılarkən istehakçıya-iddiaçıya 5 iş günü əvvəl sifarişli poçt (və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə) göndərişi təqdim edilməli olduğu halda, bu hallar iş materialları ilə müəyyən olunmamışdır. İddiaçı müayinənin aparılmasından məlumatsız olmuş, ona əlavə sərfiyyata görə borcun yazılmasına əsas olmuş 27 fevral 2024-cü il tarixli ******* saylı aktın tərtibində iştirak etməmişdir (mülki iş v. 10). Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış həmin borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********01100) hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc silinməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********01100) hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2627/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2627/2025
16.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver