Məhkəmə qərarları › İş №2(005)-2643/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2643/2021

11.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2643/2021 11.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “xxxx”ASC-ə cəlb edilməklə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-ə cəlb edilməklə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx“ASC-dən ödənilməmiş 11370 (on bir min üç yüz yetmiş) manat əmək haqqını, 10000 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi təzminatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışlar ki, 2018-ci ilin yanvar ayı 15-i tarixindən Özbəkistan Respublikası Serabad şəhərində YDM operatoru vəzifəsində əmək fəaliyyətinə başlamış və aylıq əmək haqqı ASHFX seriyalı 18/097 saylı 15.01.2018-ci il tarixli xidmət müqaviləsinə əsasən 2366 manat təşkil edirdi. Müxtəlif zamanlarda əmək haqqının gecikmələr ilə verirdilər. Hazırda 2 (iki) ay Özbəkistan Respublikasından və 3 (üç) ay Qazaxıstan Respublikasından verilməmiş əmək haqqı qalıq kimi qalmışdır. Ümumilikdə həmin məbləğ 1370 (on bir min üç yüz yetmiş) manat təşkil edir. Dəfələrlə cavabdehə rəsmi qaydada müraciət etsə də, bütün müraciətləri cavabsız və nəticəsiz qalmışdır. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh “xxxx” ASC-dən 11370 (on bir min üç yüz yetmiş) manat əmək haqqını, 10000 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi təzminatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı göstərmişdir ki, Özbəkistan Respublikasında 2019-cu ilin mart ayı üçün 2285 manat və aprel ayı üçün isə 2111 manat, Qazaxstan Respublikasında isə 2019-cu ilin avqust ayı üçün 2295 manat, oktyabr ayı üçün 2274 manat və sonunda 2019-cu ilin dekabr ayı üçün isə 2405 manat təşkil edir. Məlum aylar üçün cavabdeh tərəfindən əmək haqqı ödəniş edilməmişdir və bu ümumillikdə 11370 manat pul vəsaiti təşkil edir. Cavabdeh “xxxx”ASC-ə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan aşağıdakı səbəblərə görə təmin edilməlidir. Məhkəmənin 26 may 2021-ci il tarixli iclasında iştirak edən “xxxx” ASC-nin nümayəndəsi iddia tərəfin iddia etdiyi əmək haqqını qismən qəbul etdi, bildirdi ki, iddiaçıya ödənişlər qismən sonradan həyata keçirilmişdir. Məhkəmə iclasında cavabdehə iddiaçının Özbəkistan Respublikasında və Qazaxıstan Respublikasında işləməsi ilə bağlı olan xidmət müqavilələrini məhkəməyə təqdim olunması təklif edilmişdir. Lakin həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarında 15 yanvar 2018-ci il tarixli ASFX18/097 saylı xidmət müqaviləsindən görünür ki, icraçı Sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata, keçirdiyi "M39 Daşkənd Termez magistral yolunun yenidən qurulması" layihəsində yanacaq sərfiyyatına və layihədə kənarlaşmalara nəzarət üzrə işlərin icrasını öz üzərinə götürmüş, “xxxx”ASC İddiaçı təyin etdiyi iş yerində həftənin 6 günü işləməklə 1 ay üçün vergilər və digər ödənişlər daxil olmaqla, 236 manat xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, İddiaçı “xxxx”ASC-ə əmək haqqısının ona ödənilməsi barədə müraciət etmişdir. İddiaçının iddiasına görə, Özbəkistan Respublikasında 2019-cu ilin mart ayı üçün 2285 manat və aprel ayı üçün isə 2111 manat, Qazaxstan Respublikasında isə 2019-cu ilin avqust ayı üçün 2295 manat, oktyabr ayı üçün 2274 manat və sonunda 2019-cu ilin dekabr ayı üçün isə 2405 manat təşkil edir. Məlum aylar üçün cavabdeh tərəfindən əmək haqqı ödəniş edilməmişdir və o, məhz həmin ödənişlərin onun xeyrinə tutulmasını tələb etməkdədir. Əmək Məcəlləsinin 172-ci maddəsinin birinci hissəsinə görə, aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə, əmək haqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi isə ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tərəflər mübahisələndirmirlər ki, iddiaçının Özbəkistan Respublikasında 2019-cu ilin mart ayı üçün 2285 manat və aprel ayı üçün isə 2111 manat, Qazaxstan Respublikasında isə 2019-cu ilin avqust ayı üçün 2295 manat, oktyabr ayı üçün 2274 manat və sonunda 2019-cu ilin dekabr ayı üçün isə 2405 manat təşkil edir. Məlum aylar üçün cavabdeh tərəfindən əmək haqqı ödəniş edilməmişdir. Məhkəmə iddiaçının əmək haqqı tələbini əsaslı hesab edir: Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə görə isə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Mülki işin araşdırılmış halları ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında olan əmək münasibtlərinə əsasən iddiaçı cavabdeh üçün iş görmüş, cavabdeh isə bunun müqabilində həmin işin dəyərinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı öz üzərinə düşən işlər görmüş, lakin görülmüş işlərin həcminə görə cavabdeh tərəfindən ona qismən əmək haqqı ödənilmişdir. Mülki iş materiallarında olan hesabdan çıxarış üzrə məlumatlar “xxxx”ASC-nin İddiaçı -11370 manat məbləğində borcu qalmasını təsdiqləyir. Məhkəmə iddia tələbinin «10000 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi təzminatın cavabdehdən onun xeyrinə tutulması» hissəsini əsaslı hesab etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17.1-ci maddəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi 10000 manat məbləğində maddi zərərin cavabdehdən tutulması hissəsində sübut olunmadığından bu hissədə iddia rədd edilməlidir. Məhkəmə iddiaçı İddiaçı mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi sübut olunmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən iddiaçı şəxsin xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul vəsaiti hissəsində rədd edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi tənzim edən normalar təsbit edilir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci bəndinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Eyni zamanda məhkəmə iddiaya izah edir ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə bu aspektdən yanaşaraq hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi işçinin təminatların minimum səviyyəsini təşkil edir və əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi ilə şərtləndirilmişdir. Bu baxımdan iddiaçının əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc tələb etmək hüququ mövcuddur. Hazırkı iddia üzrə iddiaçının bel bir tələbi mövcud deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “xxxx“ASC-dən ödənilməmiş 11370 (on bir min üç yüz yetmiş) manat ödənioməmiş əmək haqqı İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar