Məhkəmə qərarları › İş №2(005)-2682/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2682/2021

03.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2682/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanına quraşdırılmış yeni sayğaca (Abonent kodu **********00010) əsassız olaraq cərimə kimi yazılmış 262 (iki yüz altmış iki) manatın Cavabdeh tərəfindən silinməsi və yenidən smart-kart tipli sayğacın quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda smart-kart sayğacı (Abonent kodu: 1002AQ**********6) mütəmadi aparılmış ödənişlər sayəsində Cavabdeh tərəfindən daimi olaraq qaz ilə təmin olunmuşdur. 30.03 2020-ci il tarixdə (aktda tarix 30.03.2018-ci il kimi qeyd edilmişdir) iddiaçının iştirakı və xəbəri olmadan Nərimanov Rayon Qaz İstismar Sahəsinin mühəndisi Xalid Səmədov və çilingər kimi qeyd edilmiş mühəndis Zaur Nəsirov tərəfindən mənzilin yerləşdiyi küçədə quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın plombuna müdaxilə olunmasını əsas gətirərək bu barədə akt tərtib olunmuşdur (aktın bir nüsxəsi istehlakçıya təqdim edilməmişdir). Nəticədə, sayğaca müdaxilə olunduğu üçün 262 (iki yüz altmış iki) manat məbləğində borc yazılmış və smartkart tipli sayğac yeni sayğac ilə əvəz edilmiş, iddiaçının həmin aktı imzalamaqdan imtina etdiyi bildirilmişdir. Belə ki, iddiaçı həmin aktın tərtib olunmasında iştirak etməmiş, eləcə də smart-kart ilə yüklənən sayğaca müdaxilə eləməmişdir və onlar tərəfindən iddiaçıya qarşı irəli sürülən iddia əsassızdır. İddiaçı məhkəmə iclasında məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 015537 nömrəli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi Daş Karxanası küçəsində yerləşən 155 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 55 saylı reyestr kitabında 8366 nömrəli vərəqində 30/8366 saylı reyestr nömrəsi ilə 13.07.2002-ci il tarixdə qeydiyyat aparılmışdır; İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00010 olan X3 qeydiyyata alınmışdır və ailə tərkibi 3 nəfərdən ibarətdir. Həmin ünvanda 4 gözlü qaz plitələri “PQ-4“ (1/1) Samovar (1/1) Qızdırıcı radiator peçi (1/1) 20.03.2020-ci il tarixdən isə “ZENNER G4T” Mexaniki tipli qaz sayğacı quraşdırılmışdır. (sayğac nömrəsi **********0) İş materiallarına əlavə edilən Cavabdeh İB-nin 58/1141 saylı 30.03.2018-ci il tarixli aktı ilə müəyyən edilir ki, istehlakçı X1 məxsus GP-4 markalı itron tipli (Smart payment) qaz sayğacına baxış keçirilmiş və «yaşayış evində quraşdırılmış G-4 tipli 1002AQ**********5 zavod nömrəli sayğacın alyons plombu yoxdur. Sayğaca plomb vurulsun» göstərilmişdir. Dəymiş ziyanın bərpasına dair 30.03.2018-ci il tarixli tələbnamədən görünür ki, 30.03.2018ci il tarixli aktı ilə dəymiş ziyanın həcmi 1332 m3 hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Həmin vaxt, yəni qaz sayğacı dəyişdirildikdən sonra sayğacda qüsur olması aşkar edilmiş və akt tərtib olunmaqla 1332 m3 qaz itkisi olması qeyd olunmaqla iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmənin qənaətinə görə Cavabdeh İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan sayğacın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən mötəbər sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının təqsiri olmadan borc hesablandığından, sayğacın yararsız vəziyyətə düşməsində iddiaçının təqsirinin olması sübut olunmadığından cavabdeh tərəfindən akt tərtib edilməklə 1332 m3 qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Buna görə də, məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq borc hesablandığından Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küçəsi, ev 155, 1 saylı mənzildə yerləşən sayğaca (sayğac G-4 tipli 1002AQ**********5) əsassız olaraq hesablanmış 216 manat cərimə borc silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanına quraşdırılmış sayğaca qaz sərfinə görə hesablanmış (Abonent kodu **********00010) 262 (iki yüz altmış iki) manat cərimə borcu silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar