Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-274/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 0,225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın və “Hərracın yekunlarına dair” xx.xx.2022-ci il tarixli, 41/02 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(060)-995/2018 saylı qətnaməsinə əsasən ona məxsus yaşayış evinin hərracdan satılması qət edilmişdir. Bu qətnamənin icrasını həyata keçirən Sumqayıt şəhər İcra Şöbəsi tərəfindən cavabdeh MMC-yə hərracın keçirilməsi sifariş edilmiş, cavabdeh xx.xx.2022-ci il tarixdə hərrac keçirərək, “hərracın yekunları barədə Protokol” tərtib edərək, əmlakını bankın mülkiyyətinə vermişdir. Bu hərrac qanunun tələblərinə zidd keçirildiyi üçün onun yekun protokolu etibarsız hesab edilməlidir. Son hərracın keçirilməsi barədə cavabdeh tərəfindən ona hərracın yeri və vaxtı barədə rəsmi bildiriş verilmədən hərrac keçirilmişdir. Bu halda isə hərrac və onun nəticələri qanunsuz hesab edilərək etibarsız sayılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X2 iddianın əsassız olduğunu qeyd edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə müvafiq olaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli bildirişinin surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mkr-da yerləşən 67 saylı evin 5 saylı mənzilinə və Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə, saat 11:00-17:00-dək (növbəlilik qaydasında) təyin edilmişdir. Əmlakların ilkin satış qiyməti müvafiq olaraq 45000 manat və 288000 manat müəyyən edilmişdir; "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02 nömrəli bildirişinin surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mkr-da yerləşən 67 saylı evin 5 saylı mənzilinə və Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək (növbəlilik qaydasında) təyin edilmişdir. Əmlakların təkrar satış qiyməti müvafiq olaraq 38250 manat və 244800 manat müəyyən edilmişdir; "xxxx" MMC tərəfindən İddiaçı xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində ünvanlanmış kuryer xidmətləri üçün mədaxil qəbzlərindən görünür ki, İddiaçı adına bildirişlər ünvan 1 ünvanına göndərilmiş və “Mirzəyeva” tərəfindən qəbul edilmişdir; “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçiriləcəyi elan edilmişdir; “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçiriləcəyi elan edilmişdir; “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinə dair hərrac baş tutmamışdır; "xxxx" MMC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2022-ci il tarixli təklifdən görünür ki, ipoteka predmetləri təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 28687,50 manat və 183600 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur; "xxxx" MMC-nin hərracın yekunları barədə 41/02 nömrəli, xx.xx.2022-ci il tarixli protokolunun surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1347/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin və Sumqayıt şəhəri üzrə İcra idarəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən, İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evi ipoteka saxlayan "xxxx" QSC tərəfindən 183600 manat qiymətlə əldə edilmişdir. Məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1347/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Sumqayıt şəhəri üzrə İcra idarəsinin sifarişi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki hərrac keçirilmişdir. xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə protokola əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.0225 ha torpaq sahəsində yerləşən 257 fərdi yaşayış evi 183600 manata alıcı "xxxx" QSC-yə satılmışdır. Hazırda iddiaçı qeyd edilən hərrac barədə onlara lazımi qaydada məlumat verilmədiyinə istinad edərək hərracın etibarsız hesab edilməsini tələb edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydası, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Eyni Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin hərrac təşkil edilərkən hərrac təşkilatının əsas vəzifələrindən biri kimi hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə başlanğıc qiyməti haqqında məlumatları əks etdirən bildirişlərin tərəflərə göndərilməsi müəyyən edilmişdir. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1347/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Sumqayıt şəhəri üzrə İcra idarəsinin sifarişi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki hərrac keçirilmişdir. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2022-ci il tarixində bildiriş tərtib olunmuş, iddiaçının ünvanına göndərilmiş və “Mirzəyev” soyadlı şəxsə imza etdirməklə verilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetində dərc olunmuşdur. xx.xx.2022-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə, 244800 manata təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2022-ci il tarixli bildiriş tərtib olunmuş, iddiaçının ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə Zümrüd Mirzəyeva tərəfindən imza edilməklə qəbul edilmişdir. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan "xxxx" QSC-yə və ipoteka qoyan İddiaçı xx.xx.2022-ci il tarixində təklif göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 183600 manata almağı təklif etmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər iddiaçıya göndərilmiş və həmin bildirişlər qəbul edilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, məhkəmə hesab edir ki, daşınmaz əşyanın satılması ilə bağlı keçirilmiş hərraca dair bildirişlərin çatdırılmaması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli protokolun etibarsız hesab edilməsinə dair tələb təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-274/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-274/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver