Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2754/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı ezamiyyə xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC ilə xx.xx.2021-ci il tarixli əmək müqaviləsi üzrə aylıq 4000 (dörd min) manat olmaqla ümumilikdə 13.000 (on üç min) manat borcun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh "xxxx" ASC-nin 93 (doxsan üç) gün üçün hər günə 100 ABŞ dolları məbləğində yaranmış ümumi 9.300 (doqquz min üç yüz) ABŞ dollarının Mərkəzi Bankın milli valyuta ekvivalenti 15.810 (on beş min səkkiz yüz on) manat məbləğində ezamiyyə xərclərinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh "xxxx" ASC tərəfindən ödənişin gecikdirilməsinə görə, hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla 300 gün üçün 39.000 (otuz doqquz min) manat məbləğində pul kompensasiyasının cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi, cavabdeh "xxxx" ASC-nin əmək haqqı və ezamiyyə xərclərini ona vaxtında ödəməməsi nəticəsində mənəvi ziyana görə 5000 (beş min) manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh "xxxx" ASCdən ümumilikdə 72.810 (yetmiş iki min səkkiz yüz on) manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC ilə xx.xx.2021-ci il tarixli əmək müqaviləsi üzrə əmək haqqı və son haqq-hesab üzrə yaranmış ümumilikdə 14.580.27 (on dörd min beş yüz səksən manat 27 qəpik) manat borcun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh "xxxx" ASC-nin 93 (doxsan üç) gün üçün hər günə 100 ABŞ dolları məbləğində yaranmış ümumi 9.300 (doqquz min üç yüz) ABŞ dollarının Mərkəzi Bankın milli valyuta ekvivalenti 14.810 (on dörd min səkkiz yüz on) manat məbləğində ezamiyyə xərclərinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh "xxxx" ASC tərəfindən ödənişin gecikdirilməsinə görə, hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla 395 gün üçün 50.000 (əlli min) manat pul kompensasiyasının cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi, cavabdeh "xxxx" ASC-nin əmək haqqı və ezamiyyə xərclərini ona vaxtında ödəməməsi nəticəsində vurulmuş mənəvi ziyana görə 5000 (beş min) manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh "xxxx" ASC-dən ümumilikdə 84.390.27 (səksən dörd min üç yüz doxsan manat 27 qəpik) manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həmcinin azaldılmasına dair ərizə təqdim edərək, iddia tələbinə ezamiyyə xərcinin tutulması hissəsində baxılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-dən 93 (doxsan üç) gün ezamiyyə xərci kimi 9300 ABŞ dollarından 1000 manat çıxılmaqla qalan hissənin, yəni 8712 ABŞ dolları və ya 14.810 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdən "xxxx" ASC-də Administrativ İşlər Departamentinin müdiri vəzifəsində işləmiş, xx.xx.2021-ci il tarixdə öz hesabına məzuniyyətə çıxmış, xx.xx.2022-ci il tarixdə isə əmək haqqı ödənilmədiyinə görə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi dövrdə ASC-nin 2021-ci ilin may ayından sonra ona olan 13.000 (on üç min) manat əmək haqqı borcu ödənilməmiş, bundan əlavə, 2021-cı ilin may ayının 4-dən iyun ayının 5-nə, iyun ayının 17-dən avqust ayının 17-nə kimi Özbəkistanın Əndican şəhərinə 93 gün müddətinə ezam olunsa da, ona ezamiyyə xərci ödənilməmişdir. “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 25 01 2008-ci il tarixli 14 nömrəli Qərarına əsasən Özbəkistana ezamiyyə xərclərinin günlük normasının 100 (yüz) ABŞ dolları təşkil etməsi nəzərə alınaraq ona 9.300 (doqquz min üç yüz) ABŞ dolları ezamiyyə xərci ödənməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə ayda bir dəfədən az olmayan müddətə verilməlidir. Əmək haqqının verilməsi işəgötürən tərəfindən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmış gün üçün işçiyə əmək haqqının azı 1% məbləğində ödənc verilməlidir. 13.000 (on üç min) manatın 1 faizinin 130 (bir yüz otuz) manat təşkil etməsi nəzərə alınaraq əlavə ödəncin məbləği 300 gün üçün 39.000 (otuz doqquz min) manat təşkil edir. Əmək Məcəlləsinin 195-ci maddəsinin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır, işəgötürən tərəfindən əmək və ezamiyyə haqqının ona vaxtında ödənilməməsi nəticəsində gərgin narahatçılıq və stres yaşamışdır ki, bunu 5000 (beş min) manat mənəvi ziyanın vurulması kimi qiymətləndirir. Əmək Məcəlləsinin 300.1-ci maddəsində təsbit edilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məcəllənin qeyd edilən maddəyə dair müddəalarında ehtiva edilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ona ezamiyyədə olduğu müddət də nəzərə alınmaqla əmək haqqı və son haqq-hesab olaraq ümumilikdə 14.580.27 (on dörd min beş yüz səksən manat 27 qəpik) manat məbləğində pul ödəməlidir. Bundan əlavə, 2021-ci ilin may ayının 4-dən iyun ayının 5-nə, iyun ayının 17-dən avqust ayının 17-nə kimi Özbəkistanın Əndican şəhərinə 93 gün müddətinə ezam olunduğu dövr üçün “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 14 nömrəli Qərarına əsasən Özbəkistana ezamiyyə xərclərinin günlük normasının 100 (yüz) ABŞ dolları təşkil etməsi nəzərə alınaraq ona 9.300 (doqquz min üç yüz) ABŞ dolları ezamiyyə xərci borcunun yaranmasını göstərmişdir. Dəqiqləşdirmə zamanı müəyyən edilmişdir ki, həmin yaranmış ümumi 9.300 (doqquz min üç yüz) ABŞ dollarının Mərkəzi Bankın milli valyuta ekvivalenti 15.810 (on beş min səkkiz yüz on) manat məbləğindən 2021-ci ilin may ayında ödənilmiş 1000 (bir min) manat çıxıldıqdan sonra yaranan 14.810 (on dörd min səkkiz yüz on) manat qalıq məbləğində borc ödənilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə ayda bir müddətə verilməlidir. Əmək haqqının verilməsi işəgötürən tərəfindən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1% məbləğində ödənc verilməlidir. Bu baxımdan xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2022ci il tarixədək 395 (üç yüz doxsan beş) gün təşkil edir ki, bu zaman 14.580.27 (on dörd min beş yüz səksən manat iyirmi yeddi qəpik) manatın bir gün üçün 1 faizi 145.8 (bir yüz qırx beş manat səksən qəpik) manat və ümumilikdə 395 gün üçün isə 57.591 (əlli yeddi min beş yüz doxsan bir) manat təşkil edir. Lakin 2021-ci ilin dekabr ayında əmək haqqından 2.300 (iki min üç yüz) manatın ödənilməsini, eləcə də son haqq-hesab borcunun 2022-ci ilin yanvar ayından əmələ gəlməsini nəzərə alaraq cərimə məbləğini 50.000 (əlli min) manatadək endirir. Beləliklə, cavabdeh tərəfindən ona ödəniləcək məbləğ ümumilikdə 84.390.27 (səksən dörd min üç yüz doxsan manat iyirmi yeddi qəpik) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini 25 avqust 2022-ci il tarixli ərizədəki azaldılmış həcmdə müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, işə məhkəmədə baxıldığı müddətdə ezamiyyə xərcləri istisna olmaqla iddia tələbinin digər hissələri ilə bağlı cavabdehlə aralarındakı mübahisə öz həllini tapmışdır. Ona görə də cavabdeh "xxxx" ASC-dən 93 (doxsan üç) gün ezamiyyə xərci kimi 9300 ABŞ dollarından 1000 manat çıxılmaqla qalan hissənin, yəni 8712 ABŞ dolları və ya 14.810 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qаydаdа xəbərdar edilməsinə bахmаyаrаq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, lakin 16 sentyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, eyni zamanda, iddiaçının əmək haqqı borcunun ödənilməsinin və sonuncunun tələbdən imtina etməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC həmçinin məhkəməyə yazılı etiraz təqdim edərək, məhkəmənin icraatında İddiaçı "xxxx" ASC-yə qarşı əmək haqqı tələbinə dair 2(005)-2754/2022 saylı iş mövcuddur. Məhkəməyə təqdim edilmiş sənədlər araşdırıldı və aşağıdakıları bildirmək istəyirlər. İddiaçı əmək haqqı borcunun ödənilməsini tələb edir lakin iş materiallarına hər hansı bank çıxarışı əlavə etməmişdir. Düşünürlər ki, borc məbləğinin müəyyən edilməsi üçün sözügedən bank çıxarışı məhkəməyə təqdim edilməlidir. İddiaçı 93 gün ezamiyyətdə olduğunu iddia edir. Lakin iş materiallarına əlavə etdikləri əmrlərdən görünür ki, o yalnız xx.xx.2021-xx.xx.2021-ci il tarixədək Qazaxa, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-xx.xx.2021-ci il tarixədək isə Özbəkistanda ezamiyyətdə olmuşdur. 93 gün ezamiyyətin mövcudluğuna dair hər hansı sübut əlavə edilməmişdir. Əmrlərdən göründüyü kimi Özbəkistanda olduğu ezamiyə müddəti 53 gün təşkil edir. Ezamiyyə Xərclərinin ödənilməsini təsdiq edən sənədlər əlavə edilir. İddiaçı iddia ərizəsində ödənilməmiş məbləğə faizin hesablanmasını və mənəvi ziyanın ödənilməsini tələb edir. Bununla bağlı mənəvi ziyanın ona hansı formada dəydiyini əsaslandırmamış və hər-hansı subut əlavə etməmişdir. İddiaçı mənəvi zərərin ödənilməsi tələbi ilə müraciət etsə də, cavabdehin hərəkətləri nəticəsində iztirab keçirməsi ilə bağlı hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Qanunvericiliyin qeyd olunan müddəasından belə nəticə hasil olur ki, əmək haqqının verilməsi gecikdirilərsə və bu hal məhz fərdi əmək mübahisəsi yaratmayıbsa, işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Yəni, tərəflər arasında fərdi əmək mübahisəsinin yaranması işçiyə müvafiq ödəncin verilməsini tamamilə istisna edir. Beləliklə, İddiaçı ilə Cavabdeh arasında fərdi əmək mübahisəsi yaranmışdır ki, bu mübahisə Əmək Məcəlləsinin əmək mübahisləri ilə bağlı ifadə olunmuş hüquq normaları çərçivəsində həll edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 15 mart 2021-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" ASC-nin Administrativ İşlər Departamentinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı cədvəlindən görünür ki, İddiaçı 08 sentyabr 2021-ci il tarixdən 18 yanvar 2022-ci il tarixədək öz hesabına məzuniyyətdə olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 18 yanvar 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. "xxxx" ASC-nin baş icraçı direktoru Vüqar Süleymanovun 59/1 №-li 21 aprel 2021-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı xidməti zərurətlə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək - 2 (iki) gün Qazax rayonuna ezam edilmişdir. "xxxx" ASC-nin baş icraçı direktoru Vüqar Süleymanovun 63/2 №-li 05 may 2021-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı xidməti zərurətlə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək - 21 (iyirmi bir) gün Özbəkistan Respublikasının Termez şəhərinə ezam edilmişdir. "xxxx" ASC-nin baş icraçı direktoru Vüqar Süleymanovun 78/1 №-li 17 iyul 2021-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı xidməti zərurətlə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək - 32 (otuz iki) gün Özbəkistan Respublikasının Əndican şəhərinə ezam edilmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/3-00994 №-li 31 may 2022-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC ilkin mediasiya sessiyasında iştirak etməmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 154-cü maddəsinin birinci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddia tələbindən görünür ki, İddiaçı 2021-cı ilin may ayının 4-dən iyun ayının 5-nə, iyun ayının 17-dən avqust ayının 17-nə kimi 93 gün müddətinə Özbəkistan Respublikasının Əndican şəhərinə ezam oldunduğunu, “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 25 01 2008-ci il tarixli 14 nömrəli Qərarına əsasən cavabdeh "xxxx" ASC tərəfindən ona ödənilməli olan 9300 ABŞ dolları ezamiyyə xərcindən 1000 manat ödənildiyini, qalan 8712 ABŞ dolları və ya 14.810 manat məbləğində ezamiyyə xərcinin isə ödənilmədiyini iddia edir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırkı iş materiallarından göründüyü kimi iddiaçıya ezamiyyə xərclərinin ödənilməməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, iddiaçıya müvafiq qaydada ezamiyyə xərclərinin ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin iddiaçı 2021-ci ilin may ayının 4-dən iyun ayının 5-nə, iyun ayının 17-dən avqust ayının 17-nə kimi Özbəkistan Respublikasının Əndican şəhərinə 93 gün müddətinə ezam olunduğunu iddia etsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 63/2 №-li 05 may 2021-ci il tarixli və 78/1 №-li 17 iyul 2021-ci il tarixli əmrlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı xidməti zərurətlə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək - 21 (iyirmi bir) gün müddətinə Özbəkistan Respublikasının Termez şəhərinə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək - 32 (otuz iki) gün müddətinə Özbəkistan Respublikasının Əndican şəhərinə ezam edilmiş, ümumilikdə iddiaçının Özbəkistan Respublikasında ezamiyyətdə olduğu müddət 53 (əlli üç) gün təşkil etmişdir. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 №-li 25 yanvar 2008-ci il tarixli Qərarına Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarını özündə əks etdirən 1 nömrəli Əlavədən görünür ki, Özbəkistan Respublikasına ezamiyyə xərclərinin 1 günlük norması 100 (bir yüz) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin qeyd olunan normasına əsasən iddiaçının 53 gün ezamiyyətdə olduğu müddət üçün ödənilməli olan ezamiyyət xərci 5300 (1 gün x 100 ABŞ dolları) ABŞ dolları təşkil edir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi 53 (əlli üç) gün üçün ezamiyyə xərclərinin tutulması hissəsində əsaslıdır, ona görə də iddia tələbi qismən edilməli, cavabdeh "xxxx" ASC-dən 5300 ABŞ dolları məbləğində ezamiyyə xərci tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 301-ci maddəsinin 1-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. 301-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya üçün ödənilmiş xərc iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 5300 (beş min üç yüz) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə manatla) məbləğində ezamiyyə xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2754/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2754/2022
19.09.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver