Məhkəmə qərarları › İş №2(005)-2757/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2757/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2757/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə, "xxxx" QSC-yə və üçüncü şəxs Ağsu rayon İcra və Probasiya şöbəsinə qarşı “keçirilmiş hərracın və onun yekununa dair protokolun etibarsız hesab edilməsi, hərracda zəruri şəxslərin iştirakının təmin edilməklə təkrar hərracın keçirilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh "xxxx" MMC-yə, "xxxx" QSC-yə və üçüncü şəxs Ağsu rayon İcra və Probasiya şöbəsinə qarşı “keçirilmiş hərracın və onun yekununa dair protokolun etibarsız hesab edilməsi, hərracda zəruri şəxslərin iştirakının təmin edilməklə təkrar hərracın keçirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin 21/03 saylı 21 sentyabr 2020-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanındakı 35 saylı mənzilin açıq hərracda satılmasına dair keçirilən hərracın və hərracın nəticəsi olaraq "xxxx" MMC-nin tərtib etdiyi 21 sentyabr 2020-ci il tarixli “İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 21/03 saylı Protokolun etibarsız hesab edilməsinə, 21 sentyabr 2020-ci il tarixli “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə Protokol”un hüquqi nəticələrinin (Bankın adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 11.12.2020-ci il tarixli qeydiyyat yazısının (müvafiq Çıxarışın) ləğv edilməsinə, ona məxsus ünvan 1 ünvanındakı 35 saylı mənzilin ekspertizanın müəyyən edəcəyi yeni qiymətlə hərraca çıxarılmasına və qanunvericilikdə dairəsi müəyyən edilmiş şəxslərin iştirakı təmin edilməklə təkrar hərracın keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-46/2019 saylı, 03 iyul 2019-cu il tarixli İcra vərəqinə əsasən ona məxsus X1 Ağsu şəhəri, M.V.Vidadi küçəsi, 41 saylı evin 3-cü mərtəbəsində yerləşən 35 saylı mənzil "xxxx" MMC tərəfindən 28000 (iyirmi səkkiz min) manata hərraca çıxarılmış və "xxxx" MMC-nin direktoru Günel Mustafayeva tərəfindən 21 sentyabr 2020-ci il tarixdə hərracdakı ilkin satış qiymətindən 25-15% aşağı qiymətlə yəni 17850 (on yeddi min səkkiz yüz əlli) manat olmaqla onun xəbəri olmadan, heç bir bildiriş göndərmədən tələm-tələsik hərracı keçirərək "xxxx" QSC-nin nümayəndəsi X2 adına rəsmiləşdirilmişdir. Hərrac keçirilən zaman həmin əmlakın ümumi bazar qiymətlərinə mütənasibliyi nəzərə alınmamışdır. Qiymətləndirmənin hərracın keçirilməsi bir mənalı olaraq "xxxx"QSC-in maraqlarına uyğun hazırlanıb. Hallbu ki, həmin əmlak real bazar qiyməti ilə müəyyən edildikdə həddindən aşağı qiymətləndirilmişdir. Ona görədə hesab edir ki, qanunvericiliyə uyğun olaraq cavabdehin ekspert rəyi, protokolları və müqaviləsi etibarsız hesab edilməlidir. Bundan əlavə şübhə doğuran amillərdən biri də odur ki, hərracın keçirilməsi barədə ona nə Poçt və ya rəsmi məlumat verilməmişdir. Bu qiymətləndirmə və hərrac formal xarakter daşıyır. "xxxx" MMC tərəfindən qiymətləndirilmiş 21/03 saylı, 21 sentyabr 2020-ci il tarixli Hərracın yekunları barədə protokolun surətini 29 aprel 2021-ci ildə Ağsu rayon İcra və Probasiya Şöbəsinə dəvət olunan zaman əldə etmişdir. O da öz növbəsində qanuna müvafiq olaraq şikayət vermə hüququndan istifadə edərək Nərimanov Rayon Məhkəməsində "xxxx" MMC tərəfindən qiymətləndirilmiş 21/03 saylı, 21 sentyabr 2020-ci il tarixli Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair iddia qaldırmaq məcburiyyətindədir və hesab edir ki, faktiki olaraq məhkəmə araşdırılmasına ehtiyac vardır. Hərracın keçirilməsinə dair heç bir sənədin olmaması üçün Bankın maraqlarına uyğun keçirilmiş hərracın yekunu barədə onun məlumatı olmadığı və gizlədilməsinə şübhə doğurduğu üçün “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərracın baş tutub-tutmaması ona bəlli olmadığı üçün məhkəmə araşdırılması vacib amillərdən biridir. Onun mülkiyyət hüquqları qanuna zidd olaraq kobud surətdə pozulmuşdur. Toxunulmaz Mülkiyyət hüququ Azərbaycan Respublikası Prezidenti tərəfindən və Konstitusiya hüquqları ilə qorunur. Bununla əlaqədar hərracın düzgün aparılmamasına, hərracda onun iştirakı olmadığına, qiymətləndirmənin bazara uyğun olmamasına və hərrac protokolları və alqı-satqı müqaviləsi ona verilmədiyinə görə məhkəmənin ədalət prinsipi ilə qanunamüvafiq olaraq qətnamə çıxarılmasına əsasdır. Müvafiq qətnamədən sonra ona məxsus əmlakın dəyəri bahalaşmışdır. Belə ki, hazırda ona məxsus ünvan 2 ünvanındakı 35 saylı mənzilin dəyəri təxminən 50.000 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəfin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmənin 21.05.2021-ci il tarixli 2(005)-2757/2021 nömrəli sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən keçirilmiş hərraca dair bütün sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 21/03 nömrəli 21 sentyabr 2020-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, mülkiyyət hüququ ilə X3 məxsus olan Ağsu şəhəri, X7 küçəsində yerləşən 41 saylı evin 35 saylı mənzili üzrə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-46/2019 saylı 03.07.2019-cu il tarixli icra vərəqəsinə, Ağsu rayon İcra və Probasiya Şöbəsinin 34/2020 saylı 04.02.2020-ci il tarixli sifariş məktubunun və "xxxx" QSC-nin müvafiq məktubunun icrasına hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 28000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 23800 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 17850 manat olmuş, əmlak tələbkar tərəfindən alınmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-46/2019 saylı 13 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə mübahisəli əmlak satışa çıxarılarkən ilkin satış qiyməti 28000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.07.2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-46/2019 saylı 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Ağsu şəhəri, X7 küçəsi, ev 41, mənzil 35 xüsusi əmlak kimi daşınmaz əmlakın ümumi sahəsi 68,10 kv.m olmaqla tam payda "xxxx" QSC-nin xüsusi mülkiyyət kimi (daşınmaz əmlakın növü mənzil) 11.12.2020-ci il tarixdə qeydiyyata alınmşdır. İş materiallarında olan hərracın keçirilməsinə dair 14.02.2020-ci il tarixli 01 və 19.08.2020-ci il tarixli 02 nömrəli bildirişlərin surətindən görünür ki, "xxxx" MMC tərəfindən X3 və digərlərinə Ağsu şəhəri, M.V.Vidadi küçəsində yerləşən 41 saylı evin 35 saylı mənzilinə tutma yönəldiyini və hərracda satılmalı olduğuna dair, həmçinin hərracın keçiriləcəyi tarix, saat və yer barədə məlumat göndərilmişdir. İş materiallarında olan ƏİV seriyalı 200034 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən X3 (Ağsu rayonu, Mustafalı kəndi) ünvanlanmış məktub X4 tərəfindən 02 sentyabr 2020-ci il tarixdə imza atılmaqla qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 04 sentyabr 2020-ci il tarixdə "xxxx" ASC-yə, həmçinin, məlumat üçün Ağsu rayon İcra və Probasiya Şöbəsinə, X3 və digərlərinə göndərilmiş İpoteka predmetinin əldə olunmasına dair Təklif məktubunun surətindən görünür ki, Ağsu şəhəri, M.V.Vidadi küçəsində yerləşən 41 saylı evin 35 saylı mənzili təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 17850 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan 14-20 fevral 2020-ci il tarixli və 5-12 sentyabr 2020-ci il tarixli “Birja yenilikləri” qəzetlərinin surətindən görünür ki, Ağsu şəhəri, M.V.Vidadi küçəsində yerləşən 41 saylı evin 35 saylı mənzili açıq hərracdan satılması ilə bağlı hərracların keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı hərracla bağlı lazımi qaydada məlumatlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə yuxarıda göstərilən maddi normaları və işin hallarını əsas götürərək iddia tələbinin “hərracın nəticələri haqqında müqavilənin və protokolun ləğv edilməsinə dair” hissəsində rədd edilməli olduğu qənaətinə gəlmişdir. Belə ki, məhkəmə iddiaçının əsas gətirdiyi, mənzillə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu, ipoteka qoyan və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin bildirişlər ipoteka qoyana rəsmi qaydada təqdim olunmuş, beləliklə ipoteka qoyanın əmlakın hərraca çıxarılmasından tam olaraq xəbəri olmuş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Beləliklə, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracla bağlı zəruri olan bütün prosessual hərəkətlər edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac keçirildiyindən və ipoteka predmeti qanuni olaraq tələbkara təklif edildiyindən hərrac təşkilatının 21/03 nömrəli 21 sentyabr 2020-ci il tarixli hərracın yekunları barədə protokolun və hərracın nəticələri haqqında müqavilənin ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə, "xxxx" QSC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağsu rayon İcra və Probasiya şöbəsinə qarşı “keçirilmiş hərracın və onun yekununa dair protokolun etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi və s. tələbinə dair” iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar