Məhkəmə qərarları › İş №2(005)-278/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-278/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-278/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı və Cavabdeh1 MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin avqustunda Baki şəhəri, Nərimanov rayon İcra Hakimiyyətinin əməkdaşları Hüseyn Cəfərov, Rəfael Abdullayev Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 yaxınlıqda yerləşən 2 ədəd 5 mərtəbəli qəzalı binaların sökülüb yeni binaların tikiləcəyini, ona məxsus 3 mərtəbəli tikintisi yenicə başa çatmış evinin də bu əraziyə düşdüyü üçün sökülməsi nəzərdə tutulduğunu bildirdilər. Bir sıra danışıqlardan sonra xx xxxxxxxx 2019-da evinin yaşayış sahəsinə aid olan K/H-006 saylı (Qoşma 2) və evinin qeyri yaşayış sahəsinə aid olan QY- 009 saylı müqavilələri imzalamışdır. K/H-006 saylı xx xxxxxxxx 2019 tarixli müqavilə ilə yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə "Cavabdeh1” MMC ona (evi sökülənə) 800 (səkkiz yüz) manat kirayə haqqı verəcəyini öhdəsinə götürür. QY- 009 saylı xx xxxxxxxx 2019 tarixli müqaviləyə görə binanın tikintisi başa çatanadək hər ay müvəqqəti yaşayış məqsədi ilə Cavabdeh1 MMC ona 700 (yeddi yüz) manat kirayə haqqı verməyi öhdəsinə götürür. Cavabdeh1 MMC-nin arayışı ilə “xxxx”da onun adına hesab açılmış və həmin kartla oktyabr, noyabr, dekabr-2019 və yanvar 2020 aylarında 1500 manat kirayə haqqı almışdır. Fevral 2020-ci ildən başlayaraq isə bank hesabına 800 (səkkiz yüz) manat köçürülür. Cənab Cavabdeh2 buna belə izah vermişdir ki, vergilər idarəsi şirkətdən kirayəni azaltmağı tələb edir. Hesab edir ki, bu bəhanədir. Beləliklə x xxxxxxxx 2020-ci il tarixinə “Cavabdeh1" MMC müqavilə şərtlərini kobud surətdə pozaraq ona 7ay x 700Azn=4900Azn ziyan vurmuşdur. xx xxxxxx 2020-də “Cavabdeh1" MMC-nin Direktoru Cavabdeh2 ərizə ilə müraciət etmiş və ödəmədiyi 700 Azn pulun təcili ödəməsini tələb və xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Cavabdeh1" MMC və onun direktoru müqavilə şərtlərini kobud surətdə pozaraq x xxxxxxxx 2020-ci il tarixinə qədər ödəmədiyi 4900 Azn (dörd min doqquz yüz) pulun “xxxx” hesabına köçürməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, xx.xx.2020-ci il tarixə qədər ödəmədiyi 4900 manat əvəzinə xx.xx.2020-ci il tarixinə qədər ödəmədiyi 5600 manat pulun xxxx ASC-nin hesabına köçürməsi və tikinti başa çatanadək xx.xx.2019-cu il tarixli QY-009 və K/H-006 saylı müqavilələrə uyğun olaraq hər ay 1500 manat pulun bank hesabına kirayə haqqı olaraq köçürməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, 01.1.2020-ci il tarixdən tikinti başa çatana qədər müqavilə öhdəliklərinə uyğun olaraq Cavabdeh1 MMC hər ay 1500 manat kirayə haqqının ödənilməsinə davam edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, fevral 2020-ci il tarixdən dekabr 2020 tarixədək (10 ay x 700man=7000 man) Cavabdeh1 MMC-nin direktoru N. Abdullayev tərəfindən kirayə haqqı kimi ödənilməyən 7000 manat pulun “xxxx” ASC hesabına köşürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən bir neçə iddia ərizəsinə əlavə təqdim edilmiş, xx.xx.2021-ci il tarixli əlavədə son olaraq fevral 2020-ci il tarixdən fevral 2021-ci il tarixədək 13 ayda hər ay üçün Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 tərəfindən ödənilməyən 13 ay x 700=9100 manat pulun “xxxx” ASC hesabına köçürməsi barədə, eləcə də mart 2021-ci il tarixdən tikinti başa çatanadək k/H-006 saylı müqavilə ilə hər ay 800 manatın, QY-009 saylı müqavilə ilə isə 700 manatın –cəmisi 1500 manatın vaxtında onun “xxxx” ASC hesabına köçürməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Cavabdeh1“ MMC-nin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi və rədd edilməsini xahiş etdi. Məhkəmə işdə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli K/H-006 №-li müqavilədən görünür ki, Cavabdeh1 MMC adlanacaq Bakı şəhəri, Nərimanov rayon icra hakimiyyətinin xx.xx.2019cu il tarixli 109 saylı sərəncamına əsasən qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasmın tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 17.5 kv.m. sənədli, 285 kv.m. isə faktiki tikilmiş həyət evinin əvəzinə 305 kv.m. mənzili «Mülkiyyətçi»-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Mülkiyyətçi” xx.xx.2019-cu il tarixinədək evi “MMC”-yə təhvil verilməlidir. Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli QY-009 №-li müqavilədən görünür ki, Cavabdeh1 MMC adlanacaq ünvan 1 ünvanda yerləşən, istifadə üçün qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binada Mülkiyyətçiyə məxsus qeyri yaşayış sahəsinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan obyekt əvəzinə 25 kv.m. 2-ci mərtəbədən, 70 kv.m. 1-ci mərtəbədən obyektləri «Mülkiyyətçi»-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.2.Müİkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan sahəni söküntü üçün Cavabdeh1 MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş sahəni qəbul etməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı 118932 №-li qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1, 27/68 saylı fərdi yaşayış evi İddiaçı adına, digər paylar üzrə X1 adına xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş X1 xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, ünvan 1, ev 27/68-də yerləşən torpaq sahəsinin paylı və yeni tikilinin İddiaçı adına özəlləşməsinə və Çıxarış verilməsinə etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq. Mülki işin araşdırılmış hallarından göründüyü kimi, İddiaçı mülkiyyət hüquqi ilə ona məxsus olan Bakı şəhəri, ünvan 1, 27/68 saylı fərdi yaşayış evinin Cavabdeh1 MMC tərəfindən sökülməsinə razılıq vermiş, əvəzində onunla cavabdeh arasında tərəflər arasında olan razılaşmaya əsasən yeni mənzil verilməli idi. Eyni zamanda mənzilin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə Cavabdeh1 MMC tərəfindən xx.xx.2019cu il tarixli K/H-006 №-li müqaviləyə əsasən 800 manat, xx.xx.2019-cu il tarixli QY-009 №li müqaviləyə əsasən 700 manat məbləğində kirayə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Hal-hazırda iddia cavabdeh tərəfindən müqavilə şərtlərinə tam həcmdə əməl edilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən-öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1 MMC-nə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməlidir. Məhkəmənin qənaətinə görə, tərəflər arasında bağlanmış müqavilələr ilə iddiaçıya məxsus mənzilin sökülməsi ilə bağlı MMC tərəfindən tikinti başa çatanadək mənzilin sahibinə, yəni İddiaçı kirayə haqqı verilməsi nəzərdə tutulmuş, lakin 2020-ci ilin fevral ayından 2021-ci il fevral ayına olan müddət üçün bu məbləğ ödənilməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən müddət üçün kirayə pulu müqavilə ilə göstərilmiş 700 manatla hesablanarsa 13 aylıq müddət üçün Cavabdeh1 MMC tərəfindən İddiaçı 9100 (doqquz min yüz) manat pul ödənilməlidir. İdiianın qalan hissədə təmin edilməsini məhkəmə mümkün hesab etmir, çünki halhazırda tərəflər arasında bağlanmış müqavilələr qüvvədədir, mübahisələndirilməmiş, və həmin müqavilələrlə nəzərdə tutulmuş öhdəliklər gələcəkdə icra edilməzsə, yarana biləcək mübahisələrin hal-hazırda həll edilməsini məhkəmə mümkün hesab etmir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 2020-ci il fevral ayından 2021-ci ilin fevral ayınadək hər ay üçün ödənilməyən hər ay 700 manat, cəmi 9100 (doqquz min yüz) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar