Məhkəmə qərarları › İş №2(005)-29/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-29/2021

12.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-29/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 5, mənzil 16 üzərində olmaqla ona məxsus ünvan 1 ilə ortaq divarın tamamilə zəbt olunaraq üzərində inşa edilmiş özbaşına tikilinin, həmçinin onun mənzilinə baxan 2 pəncərənin, eləcə də həmin tikilinin ona məxsus mənzilin üzərində tikilən hissəsinin cavabdehin hesabına sökülməsi, cavabdehin mənzilini havalandırmaq üçün quraşdırılmış kondisionerin, eləcə də cavabdehin istifadəsində olan sputnik ötürücü vasitəsilə ilə qidalanan antena lövhəsinin cavabdehin hesabına sökülməsi, eləcə də ona məxsus evin dam örtüyünə vurulmuş ziyanın kompensasiyası üçün 500 manat məbləğində pulun Cavabdeh Göyüş oğlundan onun xeyrinə tutulması barədə, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı iddia tələbinin təmin edilməməsi, ünvan 1 ünvanında yerləşən mənzilin üzərində aparılmış qanunsuz artırmanın İddiaçı şəxsi vəsaiti hesabına sökülərək gediş-gəliş yolunun daralmış hissəsinin genişləndirilməsi, onun öz şəxsi istifadəsi üçün qanunsuz olaraq ümumi həyətdə inşa etdirmiş olduğu yardımçı sahənin sökülərək əvvəlki vəziyyətinin bərpa edilməsi və istirahətlərinə maneə olan hərəkətlərin ona qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 5, mənzil 16 üzərində olmaqla ona məxsus ünvan 1 ilə ortaq divarın tamamilə zəbt olunaraq üzərində inşa edilmiş özbaşına tikilinin, həmçinin onun mənzilinə baxan 2 pəncərənin, eləcə də həmin tikilinin ona məxsus mənzilin üzərində tikilən hissəsinin cavabdehin hesabına sökülməsi, cavabdehin mənzilini havalandırmaq üçün quraşdırılmış kondisionerin, eləcə də cavabdehin istifadəsində olan sputnik ötürücü vasitəsilə ilə qidalanan antena lövhəsinin cavabdehin hesabına sökülməsi, eləcə də ona məxsus evin dam örtüyünə vurulmuş ziyanın kompensasiyası üçün 500 manat məbləğində pulun və ümumi istifadə üçün nəzərdə tutulan sahəni onun mənafeləri əleyhinə kiçiltdiyi üçün Cavabdeh onun xeyrinə 10 000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət əsasında ona, qardaşına və bacısına məxsusdur. Həmin paylar isə naturada müəyyən olunmadan hər bir şəxsə 1/3 paylarla müəyyən olunmuşdur. Qonşuluqda yerləşən Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 5, mənzil 16 isə Cavabdeh məxsusdur. Həmin qonşu ilə onların mənzilləri eyni evdə yerləşən ayır-ayrı mənzillərdir. Bu evin özü 1890-cı ildə inşa edilmişdir. Elə bu səbəblərdən də qonşu ilə onları ayıran divar ortaq divardır. Belə ki, onların mənzillərinin bir tərəf divarı həm də qonşunun divarıdır. Mübahisə də elə məhz həmin divarla bağlıdır. Onun mənzildə olmamağından (müalicə ilə əlaqədar Türkiyə Cümhuriyyətində olmuşdur) istifadə edən qonşu 2018-ci ilin əvvəllərində aralarında olan ortaq divardan sui-istifadə etməklə həmin divarın üstündən yalnız özü üçün nəzərdə tutulan 2-ci mərtəbə tikdirmişdir. Belə olan halda o da özünə məxsus mənzilin 2-ci hissəsini tikmək istədikdə ortaq divardan heç cür istifadə edə bilmir. Ortaq divarı dayaq kimi götürməklə digər divarları ona birləşdirə bilmir. Qonşu nəinki ortaq divarı zəbt etmişdir, o, həmçinin ona məxsus mənzilin üst hissəsinə belə öz tikdiyi ikinci mərtəbəni çıxarmışdır. Lakin, cavabdehin qonşuluq hüquqlarını pozması yalnız bununla bitmir. Belə ki, onlar ortaq divarda 2-ci mərtəbəni inşa etməklə istiqaməti onun mənzili tərəfə olan 2 pəncərə qoymuşdur ki, o da özünə məxsus mənzilin 2-ci mərtəbəsini inşa etdirdiyi təqdirdə onun inşa etdiyi pəncərələr onun evinə baxacaq və 2 mənzilin arasında bir-birinin otaqlarına baxan 2 pəncərə olacaqdır. Əsas məsələ isə ondan ibarətdir ki, nəinki qonşunun inşa etdirdiyi və ona məxsus mənzilə baxan 2 pəncərə, onun inşa etdirdiyi 2-ci mərtəbə tamamilə özbaşına tikilidir. Cavabdehin mənzili əvvəl erməni əsilli şəxslərə məxsus olmuşdur. Həmin şəxslər həyətdə olan bir hissəni qaraj kimi istifadə etmişdir. Sonradan Qarabağ müharibəsi ilə əlaqədar olaraq ermənilər Bakını tərk etdikdə həmin sahə məhəllədə yaşayanlar tərəfindən ümumi olaraq istifadə olunmuş, məhəllə adamları orada asudə vaxtlarını keçirmişlər. Ermənilərin onların məhəlləsindən köçmələrindən bir müddət keçdikdən sonra qeyd olunan sahə cavabdeh və onun ailə üzvləri tərəfindən zəbt olunaraq sənədləşdirilmiş və ev kimi istifadə olunmuşdur. Hazırda isə həmin sahə cavabdehlər tərəfindən başqa şəxslərə pul müqabilində satılmışdır. Hazırda həmin evin üzərində də 16 rəqəmi yazılmışdır. Həmin sahə əvvəllər qaraj kimi istifadə olunsa da, indi həmin tikili yaşayış sahəsi kimi istifadə olunduğundan ümumi istifadədə olan sahələri də cavabdeh tərəfindən vaxtilə yaşayış ehtiyacları üçün zəbt edilərək öz istifadələrinə qatılmışdır. Belə ki, yaşayış sahəsi kimi istifadə olunan tikilinin qarşısı daş plitələrlə örtülərək şəxsi ehtiyac üçün istifadə olunmaqdadır. Bu isə ümumi istifadə üçün nəzərdə tutulan ərazinin həcmini azaltmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ilkin iddia ərizəsini qəbul etmir və əlavə olaraq qeyd edir ki, İddiaçı özü mənzilinə qanunsuz artırma etməklə gediş-gəliş yolunun daralmasına səbəb olan və ümumi həyətdə hamının istifadəsi üçün nəzərdə tutulan ayaqyolu və hamamı sökərək, həyətin düz ortasında qanunsuz olaraq öz şəxsi istifadəsi üçün istirahətlərini və həyətdə oturmaqlarını qeyri-mümkün edən ayaqyolu və hamam inşa etdirməklə onun və digər qonşuların hüquqlarını pozmaqla haqlı narazılıqlarına səbəb olmuşdur. Bundan əlavə ilkin iddia ərizəsində göstərilən sputnik ötürücü vasitəsilə qidalanan antenna lövhəsi ona deyil, Elşadın özünə məxsus olan antennadır. O, ailəsi ilə birlikdə 1989-cu ildən mübahisəli mənzildə yaşayır. Mənzilə sahiblik etdiyi vaxtdan bu günə kimi heç bir yenidən qurma işləri aparmamışdır. Sadəcə 2015-ci ilin əvvəllərində yağış və qar sularının evin köhnəlmiş divarından içəri batmasının qarşısını almaq məqsədilə mənzilin çöl hissəsindən su keçirməyən materialdan sədd çəkmişdir. İddiaçı özü məktəbi bitirdikdən dərhal sonra təxminən 20 il müddətinə ölkə ərazisindən çıxmış, təxminən 5-6 il bundan əvvəl geriyə qayıtmışdır. Qayıtdığı gündən də müxtəlif bəhanələrlə qonşularla yola getmir, əsassız səs-küy yaratmaqla hamının istirahətini pozur. Ona məlum olmayan səbəblərdən İddiaçı müxtəlif bəhanələr gətirməklə vaxtaşırı onlarla mübahisə yaratmağa çalışmış, nəhayət keçən ilin sonlarında bunun böyük müstəviyə keçməsinə nail olmuşdur. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək ilkin iddia ərizəsinə oxşar izahat vermiş və qarşılıqlı iddia ərizəsinə etiraz təqdim etmişdir. Qarşılıqlı iddia ərizəsinə verilmiş etiraz onunla əsaslandırılmışdır ki, məhəllənin onlar yaşayan hissəsində əvvəllər ümumi olan bir neçə sanitar qovşaq (hamam və tualet) olmuş və onlar ümumi razılıq əsasında qonşular arasında bölünmüşdür. Sonradan isə qonşuların demək olar ki, hər biri öz evinin içində sanitar qovşaq yaratdığından həmin qayda demək olar ki, dəyişmişdir. Lakin, onların hazırda da istifadə etdikləri sanitar qovşaq onların tərəfindən əvvəl də istifadə olunmuşdur, indi də istifadə olunur. Əvvəl olduğu kimi hazırda da həmin sanitar qovşağın qapısı heç kilidlənmir. Sadəcə olaraq hər bir şəxsin evinin içində sanitar qovşaq olduğundan ondan istifadə etməmişlər və nəticədə onlar həmin sanitar qovşaqdan istifadə etməklə onu təmir və bərpa etdirmişlər. Bu səbəbdən də qarşılıqlı iddiaçının iddiasının əsası ona görə yoxdur ki, əvvəllər də onların istifadə etdikləri sanitar qovşaq olmuşdur və indi də var və onlar da həmin qovşaqdan əvvəl də istifadə edirdilər, hazırda da istifadə edirlər. Həmin sanitar qovşaqdan qonşuların bəzisinin yas mərasimi üçün də tam şəkildə ümumi olaraq istifadə olunmuşdur. Hətta o, mənzilinin qapısını kilidləsə də, həmin qovşağın qapısı daimi olaraq açıq qalır. Bundan başqa mülkiyyətində olan mənzilin qarşısından ümumi istifadə üçün yol olsa da, həmin yol əvvəl hansı ölçüdə olmuşdursa, indi də həmin ölçüdədir. Belə ki, əvvəl koridor şəkilli olan ümumi istifadə üçün nəzərdə tutulmuş yolun sağ tərəfi otaq divarı, sonradan isə mənzilə daxil olmaq üçün boşluq və yenə də otaq divarı olduğu halda hazırda həmin boşluqların yeri divarla örtülmüşdür. Bu isə onu göstərir ki, ümumi istifadə olunan yol heç də kiçilməmişdir. O, əvvəllər hansı endə olmuşdursa, indi də həmin endədir. Ona görə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, ilkin iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X5 qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia ərizənin məzmununa oxşar izahat vermiş və ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, ilkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov RPİ tərəfindən xx xxxxx 2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 mənzil 16 ünvanında yaşayır. İş materiallarında olan 38 saylı MKİS tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 38/89 nömrəli Arayışdan görünür ki, İddiaçı Ş.Mustafayev küçəsi, 5 saylı evin 17 saylı mənzilində pasport qeydiyyatındadır. İş materiallarında olan 38 saylı MKİS tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 28/112 nömrəli vəkil sorğusuna cavabdan görünür ki, Ş.Mustafayev küçəsi, 5 saylı evin 16-cı mənzili xx xxx 1997-ci il tarixli 30/120212 saylı qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh məxsusdur və həmin mənzildə Cavabdeh 4 nəfər ailə tərkibi ilə qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş **********51-05101-093010 reyetr nömrəli Mənzilin Texniki Pasportunun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, b. 5, m. 17 İddiaçı və başqalarına məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 5, mənzil 17 İddiaçı, X4 və X2 hər birinə 1/3 hissə olmaqla məxsusdur. İş materiallarında olan Ərizədən görünür ki, İddiaçı Cavabdeh hərəkətlərindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə şikayət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx xxx 1997-ci il tarixdə verilmiş MH seriyalı 081228 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Ş.Mustafayev küçəsi, 5 nömrəli evin 16 saylı mənzili Cavabdeh Göyüş oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İş materiallarında olan 38 saylı MKİS tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş 38/166 qeydiyyat nömrəli vəkil sorğusuna cavabdan görünür ki, Şahin Mustafayev küçəsindəki 5 saylı ümumi həyət tipli olan ev 1890-cı il tikilisidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(005)- 1923/2019 saylı Qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 11522 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatı ilə məhkəməyə bildirilmişdir ki, ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədilə iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssislərinin cəlb edilməsi, tədqiq olunan obyektə mütəxəssislərin, iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil olunması, eləcə də mütəxəssis arayışının Mərkəzə təqdim edilməsi zəruri olduğundan bu barədə məhkəməyə xx xxx 2019-cu il tarixli vəsatət göndərilmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə mütəxəssisin və iş üzrə tərəflərin iştirakı ilə mübahisəli tikililərə baxış keçirilmişdir. Lakin baxış vaxtından bir aydan artıq müddət keçməsinə baxmayaraq, mütəxəssis tərəfindən tərtib ediləcək arayış Mərkəzə təqdim edilmədiyindən qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamış və mülki iş materialları məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-80/2020 saylı Qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 10/268 saylı Ekspert Rəyindən görünür ki, məhkəmənin qoyduğu 1-ci sualla bağlı bildirilmişdir ki, Bakı şəhəri, Ş.Mustafayev küçəsi, 5 nömrəli evin 17 saylı mənzilin divarına bitişik Bakı şəhəri, Ş.Mustafayev küçəsi, 5 nömrəli evin 16 saylı mənzilin üzərində əlavə tikililər inşa edildiyi və həmin tikililərin 17 saylı mənzil üçün hal-hazırda heç bir təhlükə yaratmadığı müəyyən edilmiş, lakin həmin tikililərin tikinti normalarını pozubpozmamasını müəyyən etmək üçün instrumental müayinə aparılmalıdır. Ekspert Rəyində məhkəmənin qoyduğu 2-ci sualla bağlı bildirilmişdir ki, 16 saylı mənzildə 17 saylı mənzilə tərəf mövcud olan 2 ədəd mübahisəli pəncərələrin digər qonşunun hüquqlarını pozmadığı, işıqlandırmanın qabağını almadığı, hərəkəti məhdudlaşdırmadığı (pəncərələr 17-ci mənzilin damına baxır, orada hərəkət yoxdur), antisanitariya vəziyyəti yaratmadığı və havanın qabağını almadığı müəyyən edilmişdir. Ekspert Rəyində məhkəmənin qoyduğu 3cü sualla bağlı bildirilmişdir ki, Bakı şəhəri, Ş.Mustafayev küçəsi, 5 nömrəli evin 17 saylı mənzilinin 1 saylı tikilisinin ön fasad divarının 1,3 metr küçə tərəfə çəkildiyi və tikinti sahəsinin artırıldığı, həmin tikilinin 16 saylı mənzil üçün təhlükə yaratmadığı, lakin gedişgəliş yolunu daraltdığı müəyyən edilmişdir. Əlavə olaraq Rəydə qeyd olunur ki, artırılmış sahə ilə üzbəüz sanitar qovşağı inşa edilmişdir. Məhkəmə iclasında tədiq edilmiş sübutlarla və xx xxxx 2021-ci il tarixdə saat 17:00-da tərəflərin iştirakı ilə mübahisəli sahəyə məhkəmə baxışı keçirilməsi ilə müəyyən edilmişdir ki, 16 saylı mənzildə 17 saylı mənzilə tərəf mövcud olan 2 ədəd mübahisəli pəncərələrin digər qonşunun hüquqlarını pozmur, işıqlandırmanın qabağını almır, və pəncərə 17-ci mənzilin damına baxır, orada isə hərəkət yoxdur, qonşuluq hüququna maneə də yoxdur. Antisanitariya vəziyyəti yaratmadığı və havanın qabağını almadığı müəyyən edilmişdir. 17 saylı mənzilinin 1 saylı tikilisinin ön fasad divarının 1,3 metr küçə tərəfə çəkildiyi və tikinti sahəsinin artırıldığı, həmin tikilinin 16 saylı mənzil üçün təhlükə yaratmadığı, lakin gedişgəliş yolunu daraltsa da 16 saylı mənzilə sərbəst daxil olma, çıxma və yük daşıma imkanı itirilməmişdir. 16 saylı mənzilə mülkiyyət hüququndan istifadəyə maneə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci mnaddəsinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən:

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qur ğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, müvafiq ekspert rəyinə və məhkəmə tərəfindən xx xxxx 2021ci il tarixdə saat 17:00-da tərəflərin iştirakı ilə mübahisəli sahəyə məhkəmə baxışı keçirilməsi ilə ilkin iddia tələbində qeyd edilən və ehtimal edilən əsaslar öz faktiki təsdiqini tapmadığından ilkin iddia əsaslı hesab edilə bilməz. Qarşılıqlı iddia tələbinə münasibətdə isə müəyyən edilmiş hallardan göründüyü kimi 17 saylı mənzilinin 1 saylı tikilisinin ön fasad divarının 1,3 metr küçə tərəfə çəkildiyi və tikinti sahəsinin artırıldığı, həmin tikilinin 16 saylı mənzil üçün təhlükə yaratmadığı, lakin gedişgəliş yolunu daraltsa da 16 saylı mənzilə sərbəst daxil olma, çıxma və yük daşıma imkanı itirilməmişdir. 16 saylı mənzilə mülkiyyət hüququndan istifadəyə maneə müəyyən edilməmişdir. Bununla belə 17 saylı mənzilinin 1 saylı tikilisinin ön fasad divarının 1,3 metr küçə tərəfə çəkilməsi digər tərəfin mülkiyyətinə maneə yaratmadığından qarşılıqlı iddiaçının subyektiv cəhətdən öz hüquqlarının pozulmadığı halda belə tikilinin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnun subyektiv imkanını istisna edir. Belə mövqe onunla əsaslanıdırılır ki, Bakı şəhəri, Ş.Mustafayev küçəsi, 5 nömrəli evin 17 saylı mənzilinin 1 saylı tikilisinin ön fasad divarının 1,3 metr küçə tərəfə çəkilməsi maraqlarına toxunan dövlət orqanının və ya bələdiyyə orqanının tələbi əsasında mübahisənin həll edilmə imkanını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarı) Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Göyüş oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair” iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar tərəflərin dövlət büdcəsinə ödədiyi dövlət rüsumu özlərinə aid edilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri tərəflərdən müştərək qaydada tutularaq, 100 (yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İlkin iddia üzrə İddiaçı Cavabdeh Göyüş oğluna qarşı “özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Göyüş oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair” iddia ərizəsi rədd edilsin. Tərəflərin iş üzrə ödədiyi dövlət rüsumu özlərinə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri tərəflərdən- İddiaçı və Cavabdeh Göyüş oğlundan müştərək qaydada tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar