Məhkəmə qərarları › İş №2(005)-2925/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2925/2021

01.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2925/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 MMC-nə qarşı əmək haqqı və son haqq-hesabın verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 MMC-nə qarşı əmək haqqı və son haqq-hesabın verilməsi tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas iş yeri üzrə əmək haqqları üzrə ümumilikdə 10943 manat məbləğində pulun və "xxxx" STİK ASC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 9512,47 manat kompensasiya miqdarında vəsaitinin cavabdeh "xxxx" STİK ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi və əlavə iş yeri üzrə əmək haqqları üzrə ümumilikdə 3202 manat məbləğində pulun və Cavabdeh2 MMC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 4607,16 manat kompensasiya miqdarında vəsaitin Cavabdeh2 MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla "xxxx"STİK ASC arasında bağlanmış 03.10.2011- ci il tarixli əmək müqaviləsinə əsasən əsas iş yeri kimi və "xxxx" Nəqliyyat MMC arasında bağlınmış 16.11.2017-ci il tarixli əmək müqaviləsinə əsasən əlavə iş yeri kimi mühasib olaraq işə götürülmüşdür. Həmin tarixdən 05.03.2021-ci il tarixədək müxtəlif vəzifələrdə çalışmış və 05.03.2021-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Müvafiq qaydada işdən azad olunarkən iddiaçıya verilməli olan son haqq-hesab düzgün hesablanmamışdır. Belə ki, ayda 2275 manat olmaqla avqust ayından işdən azad olunan tarixə qədər almalı olduğu əmək haqqları iddiaçıya verilməmişdir. Eyni zamanda iddiaçı 2 aylıq xəstəlik vərəqəsinə görə haqqını B3 hesabatı azaltma ilə Dövlət Sosial Müdafiə Fonduna verildiyinə görə ala bilməmişdir. Əsas ödənişlər üzrə cavabdehlərin qeyd olunan müddət üçün borcu ümumilikdə 14145 manat təşkil edir. Belə ki, işəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini yerinə yetirməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(005)-2925/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, əsas iş yeri üzrə əmək haqqları üzrə ümumilikdə 10943 manat məbləğində pulun və "xxxx" STİK ASC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 9512,47 manat kompensasiya miqdarında vəsaitin cavabdeh "xxxx" STİK ASC-dən iddiaçının xeyrinə tutulması, əlavə iş yeri üzrə əmək haqqları üzrə ümumilikdə 3202 manat məbləğində pulun və Cavabdeh2 MMC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 4607,16 manat kompensasiya miqdarında vəsaitin Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh "xxxx" STİK Açıq Səhmdar Cəmiyyəti 08.09.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(005)-2925/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir.Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" STİK Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ezamiyyətdə olduğundan 15.07.2021-ci il tarixli məhkəm iclasında iştirak edə bilməmişdir.Bundan əlavə hesab edir ki, iddia tələbində qeyd edilmiş rəqəmlərdə qeyri-dəqiqlik olduğundan ekspert rəyinə ehtiyac vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli, 2(005)- 2925/2021 saylı qərardadı ilə ərizə təmin edilərək, qiyabi qətnamə ləğv edilmiş, işin mahiyyəti üzrə baxılması təzələnmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə təqdim edərək, əsas iş yeri üzrə əmək haqqları üzrə ümumilikdə 10943 manat məbləğində pulun və "xxxx" STİK ASC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 19702,16 manat kompensasiya miqdarında vəsait cavabdeh "xxxx" STİK ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi, əlavə iş yeri üzrə əmək haqqları üzrə ümumilikdə 3202 manat məbləğində pulun və Cavabdeh2 MMC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 8930,72 manat kompensasiya miqdarında vəsait Cavabdeh2 MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər "xxxx" ASC və Cavabdeh2 MMC-nə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 16.11.2017-ci il tarixli 52 nömrəli əmrlə Cavabdeh2 MMC-nin Maliyyə və Mühasibatlıq Şöbəsinə mühasib (xəzinadər) vəzifəsinə işə qəbul edilmişdir və 05.03.2021-ci il tarixli 20 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən (öz xahiçi ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan işəgötürən cavabdeh "xxxx" ASC və işçi İddiaçı arasında bağlanmış 05 yanvar 2012-ci il tarixdə AR Əmək Məcəlləsinə uyğun bağlanmış M5-9 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı maliiyə departamentinin Mühasibat uçotu şöbəsinə mühasib vəzifəsinə işə qəbul edilmiş və 05 yanvar 2012-ci il tarixdən işə başlamışdır. İş materiallarında olan işəgötürən şəxsində Cavabdeh2 MMC, direktor Vaqif Abdullayev və işçi İddiaçı arasında 16 noyabr 2017-ci il tarixdə AR Əmək Məcəlləsinə uyğun bağlanmış müqavilədən görünür ki, İddiaçı maliyyə və mühasibatlıq şöbəsinə mühasib (xəzinədar) vəzifəsinə işə qəbul edilmişdir və 16 noyabr 2017-ci il tarixdən işə başlamışdır. İş materiallarında olan İddiaçı məxsus "xxxx" ASC AZ60MUGA**********34091AZM00 nömrəli hesabdan 01.01.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək olan əməliyyatların çıxarışından görünür ki, son tarix olaraq 09.10.2020-ci il tarixdə "xxxx" STİK ASC-dən 1564.52 manat əmək haqqı ödənişi edilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən verilmiş 16 noyabr 2017-ci il tarixli 52 nömrəli əmrdən görünür ki, İddiaçı 16 noyabr 2017-ci il tarixdən əvəzçilik üzrə (əlavə iş yeri olaraq) Cəmiyyətin Maliyyə və mühasibatlıq şöbəsinə mühasib (xəzinədar) vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 05 mart 2021-ci il tarixli 20 nömrəli Cavabdeh2 MMC tərəfindən verilmiş əmrin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 05 mart 2021-ci il tarixli ərizəsinə əsasən maliyyə və mühasibat bölməsinin mühasibi ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) 05 mart 2021-ci il tarixdən xitam verilmişdir və onun 16 noyabr 2017-ci il tarixdən 05 mart 2021-ci il tarixə olan iş dövrü üçün istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Mülki işin araşdırılmış halları ilə iddiaçının cavabdeh təşkilatlarda əmək müqaviləsinə əsasən işləməsi və öz xahişi ilə işdən azad olunması müəyyən edilmişdir. İddiaçı ona işdən azad olunarkən əmək haqqının ödənilməməsini iddia edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16.1-ci maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-2-ci maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən əmək aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehlər hüquqi şəxslərdə işləməsi və vəzifədən azad olunarkən ona əmək haqqının və son haqq hesabın ödənilməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddia qismən təmin edilməli, əsas iş yeri üzrə əmək haqqları üzrə ümumilikdə 10943 (on min doqquz yüz qırx üç) manat məbləğində pul və "xxxx" STİK ASC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 1% vəsait cavabdeh "xxxx" STİK ASC-dən, əlavə iş yeri üzrə əmək haqqları üzrə ümumilikdə 3202 (üç min iki yüz iki) manat məbləğində pul və Cavabdeh2 MMC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 1% vəsait Cavabdeh2 MMCdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas iş yeri üzrə əmək haqqları üzrə ümumilikdə 10943 (on min doqquz yüz qırx üç) manat məbləğində pul və "xxxx" STİK ASC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 1% vəsait cavabdeh "xxxx" STİK ASC-dən, əlavə iş yeri üzrə əmək haqqları üzrə ümumilikdə 3202 (üç min iki yüz iki) manat məbləğində pul və Cavabdeh2 MMC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 1% vəsait Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar