Məhkəmə qərarları › İş №2(005)-2948/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2948/2024

29.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2948/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 7 saylı Notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) (açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 7 saylı Notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 7 saylı Notariat ofisinin xüsusi X3 tərəfindən təsdiq edilmiş, Reyestrdə 4Ə-445 nömrə ilə qeydə alınmış İddiaçı ilə Cavabdeh arasında bağlanmış Daşınmaz Əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evi vardır. Həyat yoldaşı və övladları ilə birlikdə həmin evdə yaşamışdır və hal-hazırda da yaşayır. Qızının həyat yoldaşı X12 ona torpaq sahəsi alınması ilə əlaqədar etibarnamə lazım olduğunu bildirdi. Qeyd etdi ki, notariat orqanlarına və Daşınmaz Əmlaka gedib-gəlməyinə ehtiyac yoxdur, buna görə də ona etibarnamə versin, bu məsələləri özü həll etsin. Bu məqsədlə ona Bakı şəhər 7 saylı Notariat ofisində xx.xx.2016-cı il tarixdə verilmiş 9419 nömrəli Reyestrlə təsdiq olunmuş etibarnamə vermişdir. Etibarnamə torpaq alınması məqsədi ilə verilmişdir. 30 sentyabr 2020-ci il tarixdə X12 ona məxsus, hal-hazırda da yaşadığı yaşayış evini həyat yoldaşı, qızı Nəsirova Üİkər Əhməd qızına bağışlamışdır. Bağışlama müqaviləsi Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi X4 tərəfindən 4Ə-445 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Həm etibarnamə, həm də ona məxsus yaşayış evinin bağışlanması müqaviləsi eyni Notariat ofisində təsdiq edilmişdir. Qeyd olunan məsələni 2023-cü ilin axırlarında öyrənmiş və dəfələrlə evinin geri qaytarılmasını tələb etmişdir. Qızı Cavabdeh evinin geri qaytarılmasını tələb etmiş, qızı evin qaytarılmasını və bağışlama müqaviləsinin ləğv olunmasını istədiyini bildirsə də, ona Rövşən Nəsirov tərəfindən hədə-qorxu gəlindiyini və onu evdən çölə buraxmadığını bildirmişdir. Cavabdeh bağışlanmış əmlakın geri qaytarılmasını istədiyini bildirmişdir. Bağışlama müqaviləsinin təsdiq olunması və onun R.Nəsirov tərəfindən həyat yoldaşı Cavabdeh bağışlanması Mülki Qanunvericiliyin tələblərinə tamamilə ziddir. R.Nəsirov öz həyat yoldaşının adına ona məxsus evi bağışlaması dolayısı ilə öz adına müqavilə bağladığını təsdiq edir. Həmin evi gələcəkdə elə özünün istifadə edəcəyini və yaxud özgəninkiləşdirəcəyini və xeyir götürəcəyini təsdiqləyir. Ümumiyyətlə bu müqavilə dolayısı ilə öz xeyrinə bağlanmış hesab olunur. Ona görə də, AR MM-in 359.3-cü maddəsinə ziddir. Digər tərəfdən xəbəri olmadan, tamamilə başqa məqsəd üçün verdiyi etibarnaməni onun və övladlarının ziddinə istifadə etmişdir. Özü və digər övladları qeyd edilən ünvanda yaşadıqlarına və həmin ünvanda yaşamaqlarına əlaqədar heç bir mübahisə olmadığına görə, yaşayış evinin özgəninkiləşdirilməsindən xəbərləri olmamışdır. 2023-cü ilin sonlarında bu barədə məlumatları olub və dəfələrlə evin geri qaytarılmasını tələb etsə də, bağışlanma müqaviləsi qüvvədə qalmışdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, mənzilin bağışlanması ilə bağlı özünün heçnədən xəbəri olmamışdır. Mənzilin qeydiyyat vəsiqəsini qarşı tərəfə vermişdir, çünki o bildirmişdir ki, evlə bağlı məsələni tanışı vasitəsilə həll edəcəkdir. Rövşən Nəsirov onu aldadaraq əmlaka dair çıxarış alınacağını bildirmiş, lakin onu aparıb əmlakı qızının adına keçirmişdir. Özünün 3 qız övladı var və həmin mənzildə qeydiyyatdadırlar. Bağışlama zamanı onları da aldadıblar və imzalayanda sənədə baxmayıblar. Onlara bildirmişlər ki, bu çıxarışa görə lazımdır. Qeyd olunan evdə cavabdehin atasının qeydiyyatı belə olmayıb, həmin ev özünə məxsus olmuşdur. Əvvəllər qarşı tərəflə münasibətləri çox yaxşı olmuşdur, lakin aldadıldığını bildikdən sonra münasibətlər kəskinləşmişdir. Sonradan sənədlərini yoxladanda, evin qızının adına keçirildiyini görmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçının bağışlanma müqaviləsindən heç bir məlumatı olmamışdır. Həmin evə bitişik digər 25 kv.m sahəni rəsmiləşdirmək, texniki pasporta salmaq istəyiblər. Rövşən Nəsirov iddiaçıya bildirmişdir ki, bu məsələni özü həll edə bilər, buna görə iddiaçıdan etibarnaməni imzalamasını xahiş etmişdir. Ailənin bütün üzvləri Rövşən Nəsirovu savadlı bilərək ona etibar ediblər. O, iddiaçını aldadaraq etibarnamə alıb. İddiaçı tərəf 2023-cü ilə qədər həmin evdə yaşayıb. Lakin evin kimin adına keçməsindən məlumatlı olmamışdırlar. 2023-cü ilin sentyabr ayında bu barədə məlumatları olmuş, evin qaytarılmasını xahiş etsələr də, həmin şəxs evi qaytarmamışdır. İddiaçını çağırıb çöldə sənəd imzalatmışlar, o yaşlı qadın olduğu üçün məlumatı olmamışdır. İddiaçı cavabdehə müraciət edib, o bildirib ki, evi qaytarmaq istəyir, lakin yoldaşı onu evdən buraxmır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, bağlanmış müqavilə bağışlanma müqaviləsidir. Əgər cavabdeh gələcəkdə yoldaşından ayrılarsa, həmin əmlakın bölünməsi mümkün olmayacaq. İddiaçının və ümumilikdə 5 nəfərin razılığı əsasında əmlak cavabdehə bağışlanıb. Qeydiyyat vəsiqəsini və DƏDRX-nın arayışını iddiaçı özü təqdim edib və orada 2 otaq qeyd olunub. Həmin evə qanunsuz olaraq 3 otaq əlavə olunub. İddiaçının digər övladları və qızının əri razılıq ərizələrini vermişlər, həmin ərizədə qeyd olunub ki, iddiaçının mülkiyyətində olan evin cavabdehin adına bağışlanmasına etirazları yoxdur. Bunu təsdiq edən notariusda çəkilən foto çəkiliş var. İddia əsassız olduğundan onun təmin edilməməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəf ailəsinə böhtan atır. Ona əri tərəfindən təzyiq göstərilmir. Evi ona atası sağlığında vəsiyyət etmişdir. Anası – iddiaçı özü ona bildirmişdir ki, “bizə sən baxacaqsan”. Notariusa gedəndə bacılarının məlumatı olub və könüllü razılıqları var. Atasının bir əmlakı olub və ona vəsiyyət edib, çünki sağlığında onun qayğısına özü qalmışdır. Atası xərçəng xəstəliyindən əziyyət çəkmişdir və bütün xərclərini həyat yoldaşı Rövşən Nəsirov qarşılamışdır. Həmçini evə dair xərclər çəkmiş - qazın, işığın pulunu və evdə təmir olunan hər bir əşyanın xərcini həyat yoldaşı qarşılamışdır. Hətta özü həftə arası orada qalmışdır. Atası vəfat etdikdən sonra tək olduğuna görə anası gəlib onlarla qalmışdır. Atası vəfat etməmişdən əvvəl demişdir ki, evi ona bağışlayacaqdır. Atasının dəfn xərclərini və yas mərasimini də həyat yoldaşı qarşılayıb. Ev anasının mülkiyyətində olmuşdur, lakin atası şifahi olaraq ona vəsiyyət edib, çünki ona özü baxmışdır. Evin sənədləşdirilməsində anasının məlumatı olmuşdur, anası evə gəlib evin sənədlərini vermiş və bildirmişdir ki, “heç yerə çıxa bilmirəm, ev sənindir və sənədləşdirməni siz edin.” Anası hazırda bağışlanan evdə bacısının ailəsi ilə birlikdə yaşayır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsindən verilmiş FM seriyalı 013383 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 2-ci şimal şitilliyi 80 ünvanında yerləşən ümumi sahəsi 45,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. - “Elektron notariat" X1 çıxarışdan görünür ki, İddiaçı X7 xx.xx.2016-cı il tarixdə 30 illik müddətə xx.xx.2046-cı il tarixədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri etibar etmişdir. Etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. - X9 tərəfindən Bakı şəhəri 7 saylı notariat ofisində verilmiş 14 sentyabr 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 2-ci Şimal Şitilliyi 80 ünvanında yerləşən evin Cavabdeh bağışlanmasına etirazı yoxdur. - Şahid tərəfindən Bakı şəhəri 7 saylı notariat ofisində verilmiş 14 sentyabr 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 2-ci Şimal Şitilliyi 80 ünvanında yerləşən evin Cavabdeh bağışlanmasına etirazı yoxdur. - X10 tərəfindən Bakı şəhəri 51 saylı notariat ofisində verilmiş 29 sentyabr 2020-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 2-ci Şimal Şitilliyi 80 ünvanında yerləşən evin özgəninkiəşdirilməsinə, satılmasına və evdən istifadə hüququna xitam verilmsinə razıdır. Habelə alqı-satqı müqaviləsi rəsmiləşdikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürür. - İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 7 saylı notariat ofisində bağlanmış 30 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 2-ci şimal şitilliyi 80 ünvanında yerləşən ümumi sahəsi 45,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini hədiyyə alan Cavabdeh bağışlamışdır. Müqavilə hədiyyə verən qismində İddiaçı əvəzinə X12, hədiyyə alan qismində Cavabdeh tərəfindən imzalanmışdır. -xx.xx.1980-ci il təvəllüdlü X12 bildirmişdir ki, etibarnamə İddiaçı tərəfindən ona verilmişdir. İddiaçı özü bildirmişdir ki, yaşlı adamdır, onun adından bütün işləri görməsini istəyir, çünki mərhum qayınatası da həmişə demişdir ki, “onlara siz baxacaqsınız”. Qaynatasının bütün xəstəlik dövründə və o vəfat etdikdən sonra da yaranmış xərcləri özü qarşılamışdır. Etibarnaməni verərkən dəfələrlə iddiaçıya sual vermişlər və o bildirmişdir ki, onlar övladlarıdır və qayğısına onlar qalır. İddiaçı uzun müddət Şüvəlan qəsəbəsində yerləşən evində yaşayıb və orada özü könüllü olaraq evin çıxarışını və şəxsiyyət vəsiqəsini təqdim edərək evi qızı Cavabdeh adına keçirməsini istəmişdir. İddiaçı hazırda mübahisəli evdə yaşayır. Bundan başqa iddiaçının kiçik qızının cehizlərini də özü almışdır. Həmin vaxt Dilarə Şavandayevanın cehizlərinə 17.000 manat pul xərcləmişdir. Etibarnamə də həmin ərəfələrdə torpaq sahəsini satmaq məqsədilə verilmişdir. O bildirmişdir ki, torpaq sahəsini qızı Cavabdeh bağışlayır. Həmin torpaq sahəsi satılmayıb, çünki hazırda həmin torpaq sahəsinin dəyəri heç 5.000 manat təşkil etmir. İddiaçı torpaq sahəsinin ucuz qiymətə satıldığını gördükdə özü bildirmişdir ki, “keçir qızımın adına”. Həmin ərəfələrdə çox mehriban olmuşlar və İddiaçı ancaq gəlib onların evində qalmışdır. Torpaq sahəsini qızın cehizlərinə vermək üçün satılmasını istəyirdi. Ərizələrin verilməsi və aparılan əməliyyatlar zamanı orada özü iştirak etməmiş, ancaq alqı-satqı zamanı iştirak etmişdir. Qeydiyyatda olan şəxslər özləri notariusa gediblər və özü orada iştirak etməmişdir. Sadəcə olaraq cavabdehin bacısının birini oraya avtomobili ilə aparmışdır. Etibarnamə həm torpaq məsələlərinə görə, həm də iddiaçı onlarla yaşadığına görə, iddiaçının bütün işlərinin onun görməsini istədiyi üçün verilib. Etibarnamə veriləndə ondan neçə illik verilməsini istəməsi soruşulmuş, iddiaçı bildirmişdir ki, “mənim üçün fərqi yoxdur, onsuz mənim bütün işlərimi qızımın əri görəcək”. Notarius özü etibarnamədə qeyd olunanları oxudu və iddiaçıya izah etdi. Həmin etibarnamə və evin sənədini iddiaçı ona vermiş və bildirmişdir ki, “get evi keçir qızımın adına”. Ona onunla getməsini təklif etmişdir lakin, iddiaçı qoca olduğunu deyərək işi ona həvalə etmişdir. X6 yerləşən notariusda verilmişdir. İlk öncə ofisə daxil olmuşlar, daha sonra gözləmə zamanı iddiaçının xahişinə görə başının yaş olduğunu bildirdiyi üçün avtomobildə oturmuşlar. Bundan sonra notarius gəlmiş və iddiaçını çağırmışdır. O, 4-5 dəqiqə notariat kontorunun qarşısında iddiaçıya suallarını verdi, çünki İddiaçı xəstə olduğunu və başının yaş olmasını deyərək avtomobildə oturmuşdu. Bundan sonra iddiaçı öz razılığını verdi. Evin sənədləri verilərkən atası və cavabdeh Ülkər Nəsibova yanında olmuşdurlar. Həmin sənəd ona məxsus evdə verilib. İddiaçıya bunu ana-bala özlərinin həll etməsini bildirmiş, lakin cavabdeh yaşlı olduğunu bildirərək qızının adına keçirilməsi üçün sənədləri ona vermişdir. -xx.xx.1988-ci il təvəllüdlü X9 şahid qismində ifadə verərək bildirmişdir ki, anasının adında torpaq sahəsi olmuşdur. Rövşən Nəsirov anasına bildirmişdir ki, “gəl həmin torpaq sahəsini adından çıxarım.” Anasını aparıb 30 illik etibarnamə almışdır. “Asan Xidmət” Mərkəzində məlumatları olmuşdur ki, artıq evi iddiaçının adına keçirmişdir. Dəfələrlə əlaqə saxlamışlar, onlar demişlər ki, Rövşən onların pulunu verəcək, ancaq ondan sonra yenidən anasının adına keçirər. Anası özü də Rövşən Nəsirovla danışıb və o hər dəfə bildirirdi ki, “gəlib səni aparacam və təzədən sənin adına keçirəcəm”. Sonradan tikilən iki otağa dair çıxarışın alınması üçün qeydiyyatda olduqlarına görə imzalarının vacib olmasını bildirmiş, buna görə notariusda ərizə vermişdir. Ərizəni oxumamış imzalamışdır, çünki Rövşən Nəsirovu qardaşı bilmişdir. Özü orta təhsillidir, oxuma-yazma bilir. Notariusda onlara izah olunmamışdır. Rövşən Nəsirova inanmışdır. Ata evindən imtina etməyi mümkün deyil. Rövşən Nəsirov onu yoldaşı ilə ora aparıb, digər bacısını isə ayrı aparıb. Bacısı - cavabdeh ilə münasibətləri çox yaxşı olub, lakin onu və yoldaşını aldatdıqdan sonra araları pozulmuşdur. Rövşən Nəsirov bacısı ilə əlaqə saxlamağa icazə verməmişdir. Hazırda ailəsi ilə birlikdə anasının evində yaşayır. - xx.xx.1956-cı il təvəllüdlü X8 şahid qismində ifadə verərək bildirmişdir ki, İddiaçı qudasıdır. Evin sənədi Rövşən Nəsirova veriləndə orada olmuşdur. İddiaçı şəxsiyyət vəsiqəsini və evin sənədlərini vermişdir ki, evi qızının adına keçirsin. İddiaçı yoldaşının əmisi gəlinidir və onunla hər hansı bir düşmənçilikləri olmayıb. - xx.xx.1986-cı il təvəllüdlü Şahid qismində ifadə verərək bildirmişdir ki, Rövşən Nəsirovdan içində yarımçıq tikilən ev ilə torpaq sahəsi almışdır. Ona inanmış və alqı-satqı etməmişdir. Ona saxta sənəd verdikdən sonra bunu bilmişlər. Rövşən Nəsirov qayınanasına bildirmişdir ki, çıxarış alınmalıdır, dostu var, tələsir və tez hamısına sənədi imzalatdırmışdır. Saxta sənədi üzə çıxaranda iddiaçıya bildirmişdir ki, sənədləri araşdırsın, çünki iddiaçı sənədləri tələb edəndə o, müxtəlif bəhanələrlə sənədi vemirdi. xx.xx.2020-ci ildə notariatda ərizənin tərtib olunması zamanı notariusun içərisində olmamışdır. Onlara qonaq getmişlər, bu zaman onları maşına oturdaraq notariusa gedərək sənədi imzalamalarını demişdir. İmzanı notariusun çölündə qapıda çəkmişdir. Sənədə qol çəkəndə oxumağı özünə rəva bilməmişdir. Ona inanmışdır. Ona bildirmişlər ki, bu çıxarışın alınması üçün lazımdır. Ərizədə olan şəkil özünə məxsusdur. - xx.xx.1984-cü il təvəllüdlü X11 şahid qismində ifadə verərək bildirmişdir ki, iddiaçının qızıdır. Ərizə yazmaq üçün notariusda olmuşdur. Bacısına sənədi imzalatdırdıqdan bir həftə sonra Rövşən Nəsirov ona tez-tez zəng etmişdir. Anasına məxsus evin iki otağının çıxarışı var, digər üç otağının isə yoxdur. O, bildirmişdir ki, tanış adamı var və üç otağa dair onların razılığını almaqla çıxarış alacaqdır. Özü “X21”da baş tibb bacısı işləyir və bu səbəbdən icazə almaqda çətinlik çəkir. Bir gün ona zəng vuraraq adamının orada olduğunu, xaricə gedəcəyini bildirmişdir. Rövşən Nəsirov onu iş yerindən götürüb yaxınlıqda olan notariusa aparmışdır. Notariusda ona sənəd təqdim etmişlər. Özü orta təhsillidir. Həmin sənədi imzalamamışdan əvvəl oxumaq istəmişdir, lakin Rövşən Nəsirov tələsdiyini deyərək oxumağa qoymamış və bildirmişdir ki, surətini verəcək. Digər vərəqləri imzalayanda göz gəzdirərək oxumaq istəmiş, lakin Rövşən Nəsirov yenə də tələsdiyini deyərək oxumağa qoymamışdır. Avtomobilə əyləşəndə sənədləri təqdim etməsini, oxumaq istədiyini demiş, lakin Rövşən Nəsirov sənədləri götürmədiyini, “WhatsApp” vasitəsilə göndərəcəyini bildirmişdir. Notariusa hansı tarixdə getdiyi dəqiq yadında deyildir. Ərizənin üç otağa dair çıxarış alınması üçün lazım olduğu bildirilmişdir. İddiaçının əvvəlcədən Rövşən Nəsirova etibarnamə verilməsi barədə məlumatı olmayıb. Bacısına torpaq satdıqdan sonra məlumatları olmuşdur ki, anası ona 30 illik etibarnamə verib. Anası sonradan həmin etibarnaməni ləğv etdirmişdir. Özü 20 ildir ailə qurmuşdur, lakin həmin evdə qeydiyyatdadır. Əvvəllər yaxın münasibətləri olmuşdur, belə bir şey edəcəyinə inanmamışdır. Bundan sonra notariusa yaxınlaşmamışdır, çünki belə bir mübahisə olmamışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və tərəflərin nümayəndə - vəkillərinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. -360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. -362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. -366.1-ci maddəsinə əsasən, etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. -366.2-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. - 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. -668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə “Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir...” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərar). Məhkəmə tərəfindən iddiaçının və tərəflərin nümayəndə-vəkillərinin izahatları, habelə iş materialları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 2-ci Şimal Şitilliyi 80 ünvanında yerləşən ümumi sahəsi 45,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi xx.xx.2002-ci il tarixdən İddiaçı olmuşdur. İddiaçı xx.xx.2016-cı il tarixdə 30 il müddətinə iddiaçı X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri etibar edən etibarnamə vermişdir. İddiaçı və Cavabdeh arasında bağlanmış 30 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, mübahisəli əmlak Cavabdeh bağışlanmışdır. Müqaviləni hədiyyə verən qismində İddiaçı əvəzinə etibarnamə üzrə nümayəndəsi X12 imzalamışdır. Hazırda İddiaçı Cavabdeh qarşı qeyd olunan bağışlama müqaviləsinin etibarsız hesab olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsinin vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlı sayılması, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Müqaviləni öhdəlik hüquq münasibətlərinin yaranması üçün digər əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə xx.xx.2019 və N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarlar). Hazırki iş üzrə tərəflər arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. İddiaçı qeyd olunan müqaviləni mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bağışlama müqaviləsi əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Hazırki iş üzrə iddiaçı əmlakını cavabdehə - doğma qızına bağışlamışdır. Qeyd olunan müqavilə bağışlayan – hədiyyə verən şəxs kimi iddiaçının nümayəndəsi qismində cavabdehin həyat yoldaşı - X12 tərəfindən imzalanmışdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik əqdin etibarnamə verilmiş şəxs - təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin hər bir halda təmsilçi təmsil edilənin etibarnamə ilə verdiyi səlahiyyət həddini aşmamalı, həmin səlahiyyətdən kənara çıxmamalı, təmsil edilənin etibarnamə üzrə məqsədinə, iradə ifadəsinə və işin müvəffəqiyyətli həllinə uyğun gələn hərəkətlər etməlidir. Qanunun imperativ tələbinə əsasən təmsilçinin etibarnaməyə əsaslanan səlahiyyətə görə təmsil edilən adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunla müəyyən edilmiş qaydada təmsilçiyə etibarnamə vermiş şəxs bağlanmış müqavilənin onun iradə ifadəsini əks etdirmədiyini, təmsilçinin etibarnamə ilə ona verilmiş səlahiyyətlərdən kənara çıxdığını müəyyən etdiyi halda onu mübahisələndirə bilər. İddiaçının öz tələbi ilə bağlı əsasları ondan ibarətdir ki, onun bağışlanma müqaviləsinin bağlanmasından xəbəri olmamışdır və həmin müqavilə onun iradəsinə zidd olaraq bağlanmışdır. Məhkəmə qeyd edir ki, bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir. xx.xx.2016-cı il tarixdə notariat qaydada 30 il müddətinə verilmiş etibarnamədən görünür ki, onda iddiaçı tərəfindən digər səlahiyyətlərlə bərabər X7 iddiaçının harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək səlahiyyətləri etibar edilmişdir. Qeyd olunan tarixdə bağışlanmış əmlak iddiaçının mülkiyyətində (xx.xx.2002-ci il tarixdən) olmuşdur. Məhkəmə qeyd edir ki, etibarnamə notarial qaydada təsdiq edilmişdirsə, əksi sübut edilənə qədər, həmin etibarnamənin məzmununun və mahiyyətinin notarius tərəfindən izah edilmiş olması prezumpsiyası qüvvədə olmalıdır. Çünki, bu notariusun birbaşa vəzifəsidir və notarial təsdiq etmənin əhəmiyyəti də şəxsin fəaliyyət qabiliyyətinin yoxlanılması, bağlanılan əqdin qanunazidd olmaması, şəxsə verdiyi etibarnamənin, bağladığı əqdin və s. hansı nəticələr doğura biləcəyinin hüquqi baxımdan izah edilməsi və onun bu məsələlər barədə məlumatlı olmasından ibarətdir. Əks yanaşma notarial qaydada təsdiqləməni əhəmiyyətsiz edər və notarius tərəfindən təsdiq edilmiş etibarnamə ilə sadə yazılı etibarnamənin arasında heç bir fərq olmazdı. Etibarnamə iddiaçının iştirakı ilə Bakı şəhəri 7 saylı notariat ofisində tərtib olunmuş və imzası ilə təsdiq edilmişdir. İddiaçı əmlaklarına dair sərəncam vermək hüquqlarının X2 barədə iradə ifadəsini etibarnaməni notariat orqanında öz imzası ilə təsdiq edərək ifadə etmişdir. İddiaçının etibarnamə üzrə verilən səlahiyyətlərin məzmunu ilə tanış olması, eləcə də, notarius tərəfindən etibarnamənin məzmunu və etibarnamə verən tərəfin hüquqları iddiaçıya izah edilməsi iddiaçının həmin etibarnaməni imzalaması ilə təsdiqlənir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin tarixdə mülkiyyəti kimi rəsmiləşdirilmiş əmlaklara (habelə xx.xx.2002-ci il tarixdən mülkiyyətində olan mübahisəli əmlaka) dair etibarnamə verərkən artıq həmin əmlaklar üzərində faktiki olaraq sərəncam vermiş və bunu etibarnamənin məzmunu ilə tanış olaraq imzalayan andan bilmişdir. Başqa sözlə, iddiaçı verdiyi etibarnamənin hüquqi nəticələr yaratdığını bilmiş və bunu arzulamışdır. Göründüyü kimi 30 sentyabr 2020-ci il tarixli bağışlanma müqaviləsi iddiaçının xx.xx.2016-cı il tarixdə, yəni müqavilə bağlanmazdan əvvəl verdiyi və 30 il müddətində qüvvədə olan etibarnamə əsasında bağlanmışdır və iddiaçı həmin müqavilənin bağlanması ilə bağlı iradə ifadəsinin olmadığını bildirsə də, həmin iradə ifadəsi hələ müqavilə bağlanmamışdan əvvəl iddiaçı tərəfindən cavabdeh X7 bütün əmlakları üzərində sərbəst sərəncam verməyi özündə ehtiva edən etibarnamənin verilməsi ilə həyata keçirilmişdir. Bağışlama müqaviləsi imzalanarkən lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etmiş, X12 mülkiyyətçi İddiaçı etibarnamə əsasında ona verilmiş səlahiyyətlər çərçivəsində təmsil edərək onun adından müqaviləni imzalamışdır. Qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin forma tələbinə əməl edilmişdir. Bağışlama müqaviləsi bağlanarkən tələb olunan bu formaya riayət edilmiş, müqavilə yazılı şəkildə Bakı şəhəri 7 saylı notariat ofisində notarial qaydada təsdiq olunmuş, müqavilənin məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuş, tərəflər arasında mühüm bəndlər üzrə razılıq əldə olunmuş, qanunla mühüm sayılan və həmin müqavilə növü üçün zəruri olan bəndlər razılaşdırılmışdır. Digər tərəfdən mənzildə qeydiyyatda olan şəxslər X9 və Şahid 14 sentyabr 2020-ci il tarixdə ərizə verərək, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 2-ci Şimal Şitilliyi 80 ünvanında yerləşən evin Cavabdeh bağışlanmasına etirazlarının olmadığını bildirmişdirlər. X10 isə 29 sentyabr 2020-ci il tarixdə notariat qaydada ərizə verərək, Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 2-ci Şimal Şitilliyi 80 ünvanında yerləşən evin özgəninkiəşdirilməsinə, satılmasına və evdən istifadə hüququna xitam verilməsinə razı olduğunu, habelə alqı-satqı müqaviləsi rəsmiləşdikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyünü bildirmişdir. Qeyd olunan şəxslər məhkəmə iclasına dəvət olunmuş və şahid qismində dindirilmişdirlər. Məhkəmə həmin şahid ifadələri ilə bağlı qeyd edir ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələrinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, şahidlər iddiaçının övladları və kürəkəni olmaqla sonuncunun cavabdehlə (habelə onun həyat yoldaşı ilə) aralarında yaranmış soyuq münasibətlər baxımından analarının (qaynanasının) xeyrinə məqsədyönlü şəkildə onun, habelə mümkün vərəsəlik münasibətləri nəzərə alınmaqla özlərinin maraq və mənafeləri üçün verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, şahid ifadələri məhkəmə tərəfindən iddianın təmin edilməsi əsası kimi qəbul edilə bilməz. Göstərilən tələblər baxımından yanaşıldıqda məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olmadığı, onun bağlanması zamanı səlahiyyətli şəxslərin iştirak etdiyi və onların arasında iradə vahidliyinin mövcud olduğu öz təsdiqini tapır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından münasibətlər çərçivəsində hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın bağışlanmasına dair müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və bağışlanma müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən həmin müqavilənin etibarsızlığı üçün iradə ifadəsinin zədələnməsi ilə bağlı hər hansı əsas mövcud deyildir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi hazırda mübahisə predmeti olan müqavilənin etibarsız hesab edilməsinə dair hər-hansı bir əsas müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mübahisələndirilən müqaviləni etibarlılığına dair qanunda nəzərdə tutulmuş şərtlər gözlənilmiş və müqavilənin etibarsızlığı üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aralarında bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi əsassız olduğundan məhkəmə tərəfindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən AR MPM-nin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 7 saylı Notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “30 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 7 saylı Notariat ofisinin xüsusi X3 tərəfindən təsdiq edilmiş, Reyestrdə 4Ə-445 nömrə ilə qeydə alınmış İddiaçı ilə Cavabdeh arasında bağlanmış Daşınmaz Əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220, 227, 233 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 7 saylı Notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “30 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 7 saylı Notariat ofisinin xüsusi X3 tərəfindən təsdiq edilmiş, Reyestrdə 4Ə-445 nömrə ilə qeydə alınmış İddiaçı ilə Cavabdeh arasında bağlanmış Daşınmaz Əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar