Məhkəmə qərarları › İş №2(005)-2955/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2955/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2955/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1, Respublika Xammal və X6 Mərkəzi "xxxx" MMC-yə və Cavabdeh3 qarşı “hərracın nəticələrinin və yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Ağa Nemətulla küçəsi ev 47, mənzil 44-n açıq hərracda satılmasına dair Nərimanov Rayon İcra Şöbəsinin 17/69 №-li 56-9 saylı 16.05.2016-cı il tarixdə "xxxx" MMC-yə göndərdiyi sifarişin, qanunsuz hesab edilməsi, həmin sifariş əsasında keçirilmiş hərracın yekunları barədə 19 mart 2018-ci il tarixli 15/02 nömrəli protokolun və həmin gün hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə bağlanmış müqavilənin etibarsız, hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan Bakı şəhəri Ağa Nemətulla küçəsindəki 47 №-li evin 44 №-li mənzili iddiaçının iştirakı və xəbəri olmadan Cavabdeh1 icra məmuru Elgiz Qəmbərovun 31.01.2018-ci il tarixli sifariş məktubu il hərraca çıxarılmış və digər cavabdeh "xxxx" MMC tərəfindən 19 mart 2018-ci il tarixdə satılmışdır. Aşağıdakı səbəblərə görə xüsusi mülkiyyətində olan mənzilin satılması barədə keçirilmiş hərracın nəticəsi etibarsız hesab edilməlidir. Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2014-cti il tarixli qərardadı ilə Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı qismən təmin edilmiş, mənzilimin üzərinə həbs qoyulmuş, təqdimat qalan hissədə təmin edilməmişdir. Buna baxmayaraq Nərimanov Rayon icra şöbəsinin icra məmuru tərəfindən mənzili açıq hərraca çıxarılmışdır. Göstərilənlərə əsasən Nərimanov Rayon İcra şöbəsinin sifarişi əsasında iddiaçının yeganə mənzili Nərimanov Rayon Məhkəməsinin 8(005)-822/2014 saylı qərardadı ilə açıq hərracda satışa çıxarılması qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Belə ki, icra məmurunun təqdimatı əsasında çıxarılmış qərardadın məzmunundan görünür ki, təqdimat əmlaka həbs qoyulması hissədə təmin olunsa da, tələbin mənzilə yönəldilməsi hissəsi təmin edilməmişdir. Onun iştirakı ilə xəbəri olmadan mənzilinə dair qiymətləndirilmə aparılarkən mənzili çox ucuz qiymətləndirilmişdir. Belə ki mənzilinin yerləşdiyi ərazidə olan stalin layihə tipli 1 otaqlı mənzilin təmirindən asılı olmayaraq bazar qiyməti 80000 (80 min) manatdan az deyildir. Lakin cavabdehlər yaranmış vəziyyətdən sui-istifadə edərək mənzili 31000 (31 min) manat dəyərində qiymətləndirmişlər. Qiymətləndirmədə iştirak etməyinin təmin edilməməsi isə onu həmin qiymətləndirmənin rəyindən şikayət vermək hüququndan məhrum etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə təqdim edərək, hazırki iddianı qaldırmaq üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüş, ona görə də hazırki iddiaya iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdehlər məlumat verilməsinə baxmayaraq bu qurumlar heç bir səbəb təqdim etmədən nümayəndələrinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 47, 44 nömrəli ümumi sahəsi 34.53 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 22.10.2019-cu il tarixdə qeydiyyata alınmışdır; Hərracın yekunları barədə 19.03.2018-ci il tarixli, 15/02 nömrəli protokolunun surətinə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-870/13 saylı, 12.04.2013-cü il tarixli icra vərəqəsinin və Cavabdeh1 17/69-1902/14-1422-9 saylı 31.01.2018-ci il tarixli sifariş məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 31500 (otuz bir min beş yüz) manat olan İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 47 nömrəli evin, 44 nömrəli mənzil 31500 (otuz bir min beş yüz) manata (alıcı) Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi X4 əldə etmişdir; Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 19.03.2018-ci il tarixli müqavilənin surətinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 47 nömrəli evin, 44 nömrəli mənzil Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: “İxtisaslaşdırılmış Təşkilat” "xxxx" MMC tərəfindən tələbkar Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi X4 31500,00 manata satılmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2(005)-1200/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 47 nömrəli evin, 44 nömrəli mənzilə olan yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilməsi, cavabdeh İddiaçı Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 47 nömrəli evin, 44 nömrəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq iddiaçı Cavabdeh3 istifadəsinə verilməsi qət edilmişdir; Respublika Xammal və X6 Mərkəzi "xxxx" MMC-nin 16.02.2018-ci il tarixli, 01/579 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-870/13 saylı 12.04.2013-cü il tarixli icra vərəqəsinin və Cavabdeh1 17/69-1902/14-1422-9 saylı 31.01.2018-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsində yerləşən 47 saylı evin 44 saylı mənzilinin qiyməti 31500 (otuz bir min beş yüz) manat olmaqla mövcud qanunvericiliyə əsasən 16.02.2018-ci il tarixdə «Birja yenilikləri» qəzetində elanı çıxmış və 19.03.2018-ci il tarixə, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci-mərtəbə) saat 11.00-a hərracı təyin olunmuşdur; “Birja Yenilikləri” Qəzetinin 2018-ci ilə aid olan 103 nömrəli buraxılışında yerləşdirilmiş elana əsasən hərracın 19.03.2018-ci il tarixdə hərraca çıxarılması barədə məlumat dərc edilmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 19.08.2021-ci il tarixli Bakı şəhəri 16 saylı vəkil Bürosunun sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 47, 44 saylı mənzil 07.04.1994-cü il tarixində İddiaçı (16.06.1983-cü il təvəllüdlü) adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 15.12.2009-cu il tarixli, 4Ə-637 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 111a, 33 saylı mənzil 23.10.1996-cı il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 9 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 15.11,2008-ci il tarixli, 4Ə-6-936 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 5, 33 saylı mənzil 19.05.1994-cü il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri, 26 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş,12.11.1994-cü il tarixli, 3-M-2129 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 47 nömrəli evin, 44 nömrəli mənzilin ilkin satış qiyməti 31500 (otuz bir min beş yüz) manat müəyyən edilməklə Nərimanov Rayon Məhkəməsinin 2(005)-870/13 saylı, 12.04.2013-cü il tarixli icra vərəqəsinin və Cavabdeh1 17/69- 1902/14-1422-9 saylı 31.01.2018-ci il tarixli sifariş məktubunun icrasına əsasən "xxxx" MMC hərraca çıxarılmışdır. Cavabdeh "xxxx" MMC tərəfindən hərrac keçirilmiş, bu barədə iddiaçıya bildirişlər göndərilmiş, qəzetdə elanlar yerləşdirilmiş və mənzil 31500 (otuz bir min beş yüz) manat olmaqla tələbkar Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi X4 təklif edilmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatlı olmadığını, hərracların keçirilməsi barədə bildirişləri almadığını və hərracın keçirilməsi barədə elanların dərc edilmədiyini bildirir və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh3 iddianı qəbul etmir, hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 47 nömrəli evin, 44 nömrəli mənzil ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və hərrracın keçirilməsi və keçirilmiş hərracların baş tutmaması barədə elanlar “Birja Yenilikləri” Qəzetinin 2018-ci ilə aid olan 103 nömrəli buraxılışında dərc edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə onu da vurğulayır ki, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı üzrə göndərilməsi, habelə qəzetlərin ona göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu ünvana göndərilmiş və həmin ünvandan qəbul edilmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisəlandirmək hüququnu da itirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1, Respublika Xammal və X6 Mərkəzi "xxxx" MMC-yə və Cavabdeh3 qarşı “hərracın nəticələrinin və yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1, Respublika Xammal və X6 Mərkəzi "xxxx" MMC-yə və Cavabdeh3 qarşı “hərracın nəticələrinin və yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar