Məhkəmə qərarları › İş №2(005)-2992/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2992/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2992/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 və Quliyeva (Məmmədzadə) Aygül Aydın qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunan vəsait X4 “Faktor Lizinq“ MMC-nə olan borcun ödənilməsinə yetərli olarsa həmin vəsaitdən 30.985,14 ABŞ dollarının Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manat ekvivalentinin İddiaçı MMC-nə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh2 ödənilməsi, mənzilin satışından əldə olunan vəsait X4 İddiaçı MMCnə olan borcunun ödənilməsinə yetərli olmazsa ödənilməmiş qalan hissəsinin X3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdehlərdən Cavabdeh2 öldüyü üçün onu cavabdehlər sırasından çıxarmış, Quliyeva (Məmmədzadə) Aygül Aydın qızının və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin 19 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, həmin mənzilin ilkin satış qiymətinin (bazar qiymətinin) müəyyən olunaraq açıq hərracdan satılması, mənzilin satışından əldə olunacaq vəsait hesabına X4 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli, 2(103)- 4549/2018 saylı qətnaməsi ilə İddiaçı MMC-nə olan borcunun faktiki ödəniş gününə ödənilməmiş qalıq hissəsi həcmində İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC cavabdehlər Aygül Quliyeva və qeyrilərinə qarşı iddia qaldıraraq məhkəmədən Aygül Quliyeva ilə bağlanmış lizinq müqaviləsinin ləğv olunması, müqavilə üzrə hesablanmış borcun ödənilməsi və lizinq predmetinin qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(005)-1527/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, tərəflər arasında 17 dekabr 2015-ci il tarixdə bağlanmış D025 saylı lizinq müqaviləsinin ləğv edilmiş, cavabdehdən ödəniş günü üçün milli manata məzənnədə lizinq müqaviləsi üzrə əsas borca görə 29.917 ABŞ dolları, hesablanmış faizə görə 1,683 ABŞ dolları, cəriməyə görə 10.674 ABŞ dolları olmaqla, cəmi 42.274 ABŞ dolları məbləğində pulun tutulub iddiaçı təşkilata ödənilməsi və cavabdehlərin Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin 19-cu mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2017-ci il tarixli, 2(103)-6395/2017 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(005)- 1527/2017 saylı qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləği 200 ABŞ dolları məbləğində müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 30 yanvar 2018-ci il tarixli, 2(102)-77/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2017-ci il tarixli, 2(103)-6395/2017 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli, 2(103)-4549/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(005)-1527/2017 saylı qətnaməsi ləğv edilərək, iddianın qismən təmin edilməsi, əsas borc kimi 29.916,57 ABŞ dolları, faiz borcu kimi 1.068,57 ABŞ dolları, cəmi 30.985,14 ABŞ dolları məbləğində pulun X3 alınaraq İddiaçı MMC-nə verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MKnın 04 iyun 2019-cu il tarizli, 2(102)-3541/19 saylı qərarı ilə İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəsini almış yekun məhkəmə aktı ilə cavabdeh Aygül Quliyevadan 30.985,14 ABŞ dolları məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması qərara alınmışdır. Lakin bu günədək borc ödənilməmişdir. Lizinq predmeti qismində çıxış etmiş Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin 19-cu mənzili Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış 17 dekabr 2015-ci il tarixli AN-İno ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyətinə keçmişdir. Lakin tərəflər arasında olmuş məhkəmə mübahisəsi üzrə çıxarılmış məhkəmə qərarı ilə əmlak lizinq predmeti olaraq tanınmamış, tərəflər arasında yaranmış münasibətlər kreditor-borclu münasibətləri kimi qiymtləndirilmişdir. Sözügedən mənzilin isə faktiki olaraq öhdəliklərin təminatı qismində çıxış etməsi müəyyən edilmişdir. Cavabdeh3 notarial təsdiq olunmuş 13.12.2015-ci il tarixli ərizəsi ilə onun Cavabdeh2 məxsus olan, ünvan 1 ünvandakı mənzilin ipoteka qoyulmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh X5 notarial təsdiq olunmuş 14.11.2015-ci il tarixli ərizəsi ilə Cavabdeh2 məxsus olan, ünvan 1 ünvandakı mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, əmlaka hüququ çatan bütün şəxslər mənzilin borc öhdəliyinin təminatı kimi təqdim olunmasına razılıqlarını bildirmişlər. Odur ki, belə olan halda Aygül Quliyevanın iddiaçıya olan borcunun ödənilməsi məqsədi ilə “Faktor Lizinq" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, ev 14 ünvanda yerləşən 19 saylı mənzilin açıq hərracdan satılmalı və satışdan əldə olunmuş vəsait hesabına borc ödənilməlidir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini əsassız hesab etmiş, göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli X9” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin, 19-cu mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi hissəsində iddia əsassız hesab olunmuşdur. Həmin qərarda tərəflər arasında ipoteka müqaviləsi etibarsız əqd kimi qiymətləndirilmişdir. Buna görə də, iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17.12.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh2 özünə məxsus ünvan 1 nömrəli ümumi sahəsi 67,95 kv.m, yaşayış sahəsi 46,05 kv.m olan 3 otaqlı mənzilini alıcı İddiaçı MMC-nin adından X1; Notarial qaydada tərtib və təsdiq edilmiş X7 tərəfindən yazılmış və imzalanmış 14.11.2015ci il tarixli ərizənin surətində “Yazıb Sizə bildirirəm ki, Cavabdeh2 məxsus olan, ünvan 2 ünvanındakı mənzilin satılmasına etiraz etmirəm. Bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbim olmayacaq” göstərilmişdir; Notarial qaydada tərtib və təsdiq edilmiş Cavabdeh2 (Cavabdeh3 əvəzinə) tərəfindən yazılmış və imzalanmış 13.12.2015-ci il tarixli ərizənin surətində “Yazıb Sizə bildirirəm ki, Cavabdeh2 məxsus olan, ünvan 2 ünvanındakı mənzilin ipotekaya qoyulmasına etiraz etmirəm. İpoteka qoyulmuş əmlaka ödəniş yönəlidiyi halda öhdəmə götürürəm ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyəm. Bununla əlaqədar bütün məhsuliyyəti öz üzərimə götürürəm” göstərilmişdir”. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(005)-1527/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, tərəflər arasında 17 dekabr 2015-ci il tarixdə bağlanmış D025 saylı lizinq müqaviləsi ləğv edilmiş, cavabdehdən ödəniş günü milli manata məzənnədə lizinq müqaviləsi üzrə əsas borca görə 29.917 ABŞ dolları, hesablanmış faizə görə 1.683 ABŞ dolları, cəriməyə görə 10.674 ABŞ dolları olmaqla, cəmi 42.274 ABŞ dolları məbləğində pulun tutulub iddiaçı təşkilata ödənilməsi ve cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin, 19-cu mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2017-ci il tarixli, 2(103)-6395/2017 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləği 200 ABŞ dolları məbləğində müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)-3541/2019 saylı, 04.06.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 30 yanvar 2018-ci il tarixli, 2(102)-77/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MK-nın 25 iyul 2017-ci il tarixli, 2(103)-6395/2017 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli, 2(103)-4549/2017 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(005)- 1527/2017 saylı qətnaməsi ləğv edilərək, iddianın qismən təmin edilməsi, əsas borc kimi 29.916,57 ABŞ dolları, faiz borcu kimi 1.068,57 ABŞ dolları, cəmi 30985,14 ABŞ dolları məbləğində pulun X3 alınaraq "xxxx" MMC-yə verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)-3541/2019 saylı, 04.06.2019-cu il tarixli qərarına əsasən iddiaçı “Faktor Lizinq" MMC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3541/2019 saylı, 04.06.2019-cu il tarixli Qərarında göstərmişdir ki, «lizinqlə əlaqədar bağlanmış alqı-satqı müqaviləsi də yalan əqddir. Belə ki, işdə olan sənədlərdən görünür ki, lizinq şirkəti mənzili anadan "80.000 manata alaraq" onun övladına - cavabdehə " lizinqə ’’vermişdir. Əgər cavabdehin mənzili əldə etmək niyyət olsayıdı, bunu anası ilə öz arasında bağlanmış əvəzli əqd (alqı-satqı müqaviləsi, əmlak kirayə müqaviləsi və s.) və ya əvəzsiz əqd (bağışlama müqaviləsi, əvəzsiz istifadə müqaviləsi və s.) əsasında edə bilərdi. Belə vəziyyətdə cavabdehin lizinq şirkətinə pul ödəyərək mənzili əldə etməsinə hər hansı zərurət olmamışdır. Zərurət olsayıdı o, pulu özünə doğma olan insana - anasına hissə-hissə ödəyərdi. MM-nin 747-5.1-ci maddəsinə görə lizinq əməliyyatlarının hüquqi formasına lizinq müqaviləsi ilə yanaşı, həm də alqı- satqı müqaviləsi daxildir. Ona görə də lizinq müqaviləsinin yalan əqd olması alqı- satqıya təsir edir, çünki hər ikisi eyni əməliyyatın (lizinq əməliyyatının) daxilindədir, vahid niyyətlə əhatə olunur. Lizinq müqaviləsinin yalan əqd sayılması üçün yuxarında istinad olunan halların hamısı alqı-satqı müqaviləsinə də aiddir» Qərarda göstərmişdir ki, lizinq şirkəti 35.000 ABŞ dolları məbləğində kredit verib, bunu pərdələmək üçün formal lizinq sənədləri tərtib olunub. Cavabdehin əldə etdiyi 35.000 ABŞ dolları məbləğində pul lizinq müqaviləsinin 1.2-ci bəndində göstərilən puldur. Həmin bənddə qeyd olunub: "Lizinq alanın ilkin öhdəliyi 35.000 ABŞ dolları müəyyən edilir". Lizinq müqaviləsində başqa hər hansı məbləğ qeyd olunmayıb. Bu da onun təsdiq edir ki, 35.000 ABŞ dolları məbləğində pul lizinq şirkəti tərəfindən cavabdehə borc verilən puldur. 15.04.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı MMC Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin arasındakı mübahisə 17.12.2015-ci il tarixli, D025 nömrəli lizinq müqaviləsi ilə bağlıdır, Lizinq obyekti mənzildir, ünvan 1 ünvanında yerləşir. Lizinq müqaviləsinə görə iddiaçı lizinq obyektini satıcıdan əldə etməyi və cavabdehin istifadəsinə verməyi, cavabdeh isə lizinq ödənişlərini iddiaçıya ödəməyi öhdəsinə götürüb. İddiaçı lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra edib, yəni mənzili satıcıdan əldə edib. Belə ki, alqı-satqı müqaviləsindən görünür ki, lizinq şirkəti həmin mənzili 15.12.2015-ci il tarixində 80000 manata Cavabdeh2 (cavabdehin anasından) satın alıb, sonra mənzili qızına lizinqə verib. Məhkəmənin artıq qüvvəyə minmiş qərarı ilə (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli, 2(103)-4549/2017 saylı qətnaməsi) 30985,14 ABŞ dolları məbləğində pulun X3 alınaraq "xxxx" MMC-yə verilməsi, iddianın qalan hissədə rədd edilməsi (iddianın Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin, 19- cu mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi hissələrində ) qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən üzrə qəbul edilmiş məhkəmə aktı hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən mənzilə dair bağlanmış lizinq müqaviləsi yalan əqd olaraq qiymətləndirilmişdir. Bu baxımdan, Quliyeva (Məmmədzadə) Aygül Aydın qızının və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin 19 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, həmin mənzilin ilkin satış qiymətinin (bazar qiymətinin) müəyyən olunaraq açıq hərracdan satılması, mənzilin satışından əldə olunacaq vəsait hesabına X4 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli, 2(103)-4549/2018 saylı qətnaməsi ilə İddiaçı MMC-nə olan borcunun faktiki ödəniş gününə ödənilməmiş qalıq hissəsi həcmində İddiaçı MMC-nin xeyrinə tutulmasını tələb etməsi əsassızdır. İlk öncə məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisə olunan mənzilə dair bağlanmış müqavilə və onun hüquqi nəticələrinə münasibətdə məhkəmənin qüvvəyə minmiş qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Tərəflər kredit müqaviləsini pərdələmək üçün, habelə borc verilmiş 35.000 ABŞ dolları məbləğində pu un və onun faizinin qaytarılmasına "təminat” əldə etmək üçün lizinqlə bağlı sənədləşmədən istifadə etməsi qeyd olunmuşdur. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İddiaçı isə hazırkı tələbində lizinq predmeti qismində çıxış etmiş Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin 19-cu mənzili Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış 17 dekabr 2015-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyətinə keçməsinə istinad edərək, Quliyeva (Məmmədzadə) Aygül Aydın qızının və Cavabdeh3 həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, həmin mənzilin ilkin satış qiymətinin (bazar qiymətinin) müəyyən olunaraq açıq hərracdan satılmasını tələb etsə də, yuxarıda qeyd olunan Mülki Məcəllənin 337.3-cü maddəsinin tələbi baxımından həmin əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız kimi qiymətləndirilməlidir. Alqı-satqı müqaviləsi və lizinq müqaviləsi əhəmiyyətsiz əqd olduğundan onların etibarsız sayılması üçün ayırıca tələbin irəli sürülməsinə ehtiyac olmadığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3541/2019 saylı, 04.06.2019-cu il tarixli Qərarında qeyd edilmişdir. Belə olan halda, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin 19 saylı mənzil barəsində hərrac keçirilməsi və ya cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini tələb etmək üçün hüquqi əsaslara malik deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Quliyeva (Məmmədzadə) Aygül Aydın qızına qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Quliyeva (Məmmədzadə) Aygül Aydın qızına qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar