Məhkəmə qərarları › İş №2(005)-3012/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3012/2021

01.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3012/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktı” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs kimi qeyd etməklə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin sabiq “X7” ilə onun arasında 0.12. ha torpaq sahəsinin ona istifadəyə verilməsinə dair 22 dekabr 2000-cı ıl tarixdə bağlanmış 29630 saylı Müqavilədə “Məmmədəli” kimi yazılmış adının “Məhəmmədəli” kimi oxunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mən Ərizəçi xx.xx.1960-cı ildə Ağdaş rayonu Yuxarı Ləki kəndində anadan olmuşdur. X1 1983-cü ildə Ağdaş rayonu, Yuxarı Ləki kəndində vəfat etmişdir. 22 dekabr 2000-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin “X3 və İstismarı Birliyi”ndən 29630 № li Müqavilə əsasında Bakı şəhəri, Pirşağı qəsəbəsi ərazisində 0,12 ha torpağı özünün, həyat yoldaşım X5, qızı X19 və oğlu X20 istifadəsi məqsədi ilə bağ sahəsi kimi almışdır. Həmin ərazi hazırda da onların istifadəsindədir. Qeyd edilən sahəni özəlləşdirmək üçün müraciət edərkən ona məlum oldu ki, Bakı şəhər İcra Hakimiyyətinin “X3 və İstismarı Birliyi" 29630 № li Müqavilədə onun atasının adını “Məhəmmədəli" əvəzinə “Məmmədəli" kimi yazmışlar. Daha sonra Ərizəçi ərizə üzrə tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin sabiq “X7” ilə onun arasında bağlanmış 22.12.2000-ci il tarixli müqavilənin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi oğlu məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş 26.05.2011-ci il tarixli, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Ağdaş rayonun, Ləki kəndində anadan olmuşdur. İş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş 21.05.2012-ci il tarixli, AZE 09399263 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 18.03.1961-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. İş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş 12.03.2014-cü il tarixli, AZE 14358199 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 22.01.1987-ci il tarixdə Ağdaş rayonun, Yuxarıləki kəndində rayonunda anadan olmuşdur. İş materiallarında olan AA1334429 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 06.12.1988-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan VVAQB tərəfindən verilmiş 07.10.1960-cı il tarixli, İ-ИЕ № 930949 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Ağdaş rayonun, Ləki kəndində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 07.10.1960-cı il tarixdə 146 nömrə ilə qeyd edilmişdir. X2, anası isə X6r. İş materiallarında olan Ləki kənd soveti tərəfindən verilmiş 07.08.1985-ci il tarixli, İİİ- ЖГ № 452180 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X9 arasında 18.03.1961-ci il tarixdə nikah bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında 01.08.1985-ci il tarixdə 36 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bağın icarəyə verilməsi haqqında 29630 saylı, 22.12.2000-ci il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bir tərəfdən Bakı şəhəri İcra hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən, gələcəkdə “Birlik” adlandırılacaq X3 və istismarı birliyi, digər tərəfdən Bakı şəhəri İcra hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 21.12.2000-ci il tarixli sərəncamının 1063 saylı protokolu əsasında hərəkət edən, gələcəkdə “İcarədar” Ərizəçi aşağıdakılara əsasən həmin müqaviləni bağladılar: Birlik Pirşağı qəsəbəsində 0.12 ha bağ sahəsini hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” verir və “İcarədar” həmin bağ sahəsini təhvil alır. İş materiallarında olan Ağdaş rayon Orta Ləki kənd İ/N-yi tərəfindən verilmiş 08.05.2021-ci il tarixli, AZ-İİ № 170421 nömrəli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 12.02.1983-cü ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 15.02.1983-cü il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci maddəsinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 205 saylı BTK-nın tərkibində olan, sahəsi 0,09 ha təşkil edən 878 nömrəli bağ sahəsinə dair Bakı şəhəri İcra Hakimiyyətinin sabiq “X7” ilə 0.12. ha torpaq sahəsinin istifadəyə verilməsinə dair 22 dekabr 2000-ci il tarixdə bağlanmış 29630 saylı Müqavilənin, Ərizəçi məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri İcra Hakimiyyətinin “X7” ilə 0.12. ha torpaq sahəsinin istifadəyə verilməsinə dair 22 dekabr 2000-ci il tarixdə bağlanmış 29630 saylı Müqavilənin, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar