Məhkəmə qərarları › İş №2(005)-302/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-302/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-302/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun qaytarılması tələbinə dair iddia iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehnə 1.650 (min altı yüz əlli) manat depozit saxlayıb, işləmək üçün taksi maşın götürmüşdür (20 oktyabrdan - 15 dekabradək 2019-cu ildə) 2 (iki) aya yaxın gündəlik 25 (iyirmi beş) manat olmaqla həmin maşınla işləmiş, heç bir borcu olmadığı halda, həmin şirkət yəni Cavabdeh maşını ondan almışdır. Səbəb olaraq bildirilmişdir ki, onun DYP-nə 3 (üç) və Nəqliyyat Departamentinə 2 (iki) cəriməsi var və ödənilməlidir. Qarşılığında o, da bildirmişdir ki, onun DYP-nə olan 3 (üç) cərimənin vaxtında 10(on) - 25 (iyirmi beş) gün var, vaxtı çatanda ödəyəcək. Nəqliyyat Departamentinin cəriməsi isə qərarsızdır və qərara mindiyi zaman ödəyəcək. Lakin ona həmin şirkət bildirmişdir ki, bütün cərimələrin hamısını onların şirkətinə ödəməlidir. İşsiz qalmamaq üçün onlara bildirmişdir ki, Nəqliyyat Departamentinin cəriməsini də ödəyər. Hal-hazırda bu cərimələrin hamısını ödəməyə imkanı yoxdur. Amma DYP-nə olan 3(üç) cərimənin 2-ni qonşuluqda olan poçt vasitəsilə ödəyə bilər və geridə qalan Nəqliyyat Departamentinə olan 2 (iki) və DYP-nə olan 1 (bir) cərimələrimi də 5-10 gün içərisində işləyərək ödəyəcəyini, cərimələrinin vaxtına da 25 (iyirmi beş) gün qaldığını bildirmişdir. Lakin yenə də onunla razılaşmayaraq maşını ondan aldılar. Bundan sonra həmin şirkətdən öncədən depozit olaraq verdiyi 1.650 (min altı yüz əlli) manatını geri istəmişdir. Ona bildirmişlər ki, depozit geri qaytarılmır, şirkətlə müqavilə imzaladığı zaman müqavilədə yazılanlarla tanış ola bilməmişdir. O, da müqaviləni oxumadan qol çəkmişdir. Bu barədə DİN Nərimanov Rİ-yə ərizə ilə müraciət etmişdir. Ona xx.xx.2020-ci il tarixli qərarla məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Cavabdehnə verdiyi 1.650 (min altı yüz əlli) AZN borcun qaytarılması barədə iddia tələbinin təmin edilməsi, borcun qaytarılması həmin şirkətə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. CavabdehTaksi Şirkətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz etdi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Mülki işin materiallarında olan Nərimanov RPİ-nin 17-ci PŞ-nin müstəntiqi polis polkovnik-leytenantı Ramin Qurbanovun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh barəsində İddiaçı şikayət ərizəsi əsasında toplanmış HK-1-1180 saylı material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, iddiaçının “xxxx" MMC-də işləməyi üçün onun tərəfindən qoyulan pul depozitinin geri qaytarılmasında köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı müraciətə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar ona aid olan sənədlərin təqdim olunması barədə “xxxx” MMC-nin ünvanına məktub göndərilmiş, lakin bu günədək cavab verilməmişdir. Eyni zamanda nəzərinə çatdırılmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2021 -ci il tarixinədək dayandırıldığından müraciətinin yerində araşdırılması mümkün olmamışdır. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, “xxxx” MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli 574/İR saylı Razılaşma bağlanmışdır. Razılaşmanın bəndlərindən görünür: 2.2.12. avtomaşın və icarəyə verənə icarəçinin vurduğu hər hansı bi maddi ziyan depozitdən çıxılır və depozit iki gün ərzində bərpa olunur. Əks halda depozit qaytarılmır və avtomaşın icarəçidən alınmaqla icarəyə verənin duracağına qaytarılır. 2.2.13. Avtomaşın “İcarəyə verənin” razılığı olmadan digər şəxsin istifadəsinə verildiyi halda, "İcarəçi”dən alınır, ödədiyi depozit geri qaytarılmır. 2.2.14. Fərqlənmənin müddəti bitəndə, yenisi alınmadığı halda avtomobil "İcarəçi”dən alınır, müqaviləyə xitam verilir və depozit qaytarılmır. 2.2.15. Avtomaşın protokol və ya mmx cərimələrinə (qərarlı və ya qərarsız) düşdüyü andan. İcarəçi’ tərəfindən cərimə məbləğləri 7 (yeddi) gün ərzində ödənilməlidir. Əks halda depozit qaytarılmır, avtomaşın "icarəçi" dən almır müqaviləyə xitam verilir. 2.2.16. "İcarəçi*’ avtomaşınla qəza törətdiyi halda günahkar tərəfin kimin : "İcarəçi“nin və ya qarşı tərəiın sürücüsünün olmasından asılı olmayaraq avtomaşının təmirə dayandığı günlərin plan haqqını "İcarəçi" tam şəkildə ödəməlidir və ya razılaşma yolu ilə avtomaşının istismarının dayandığı günlərinin ödənişini hissə-hissə ödəməlidir. Əks halda depozit qaytarılmır, avtomaşın “İcarəçi”dən alınır, müqaviləyə xitam verilir. 2.2.18. Avtomaşın “İcarəçi” yə təhvil verildikdən sonra, o, qaynar xətt tərəfindən verilmiş sifarişləri tam şəkildə qəbul etməli və qeyd-şərtsiz icra etməlidir. Əks halda, sifarişləri qəbul edərək, icra etmədikdə və imtina etdikdə “‘İcarəçi’" ilk halda 10 AZN cərimə olunur, ikinci dəfə 20 AZN, üçüncü dəfə ləğv etdikdə 30 AZN cərimə olunur. Cərimə günün ikinci yarsında ödənməlidir. Əks halda depozit qaytarılmır, avtomaşın "İcarəçi" dən alınır, müqaviləyə xitam verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 574/İ №-li X2 Müqaviləsindən görünür ki, bu Müqavilənin 1.1. bəndində qeyd edilmiş Nəqliyyat vasitəsini icarəyə verənə 900 (doqquz yüz) manat depozit ödəməklə xx xxxxxxx 2019 tarixdə qəbul etmə; X2sinə görə nəzərdə tutulan gündəlik 25 (iyirmi beş) manat icarə haqqını bu Müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək; İcarəyə verilmiş avtonəqliyyat vasitəsi icarəçiyə təhvil verildikdən sonra, 1 (bir) il qeyd-şərtsiz icarədə qalmalıdır. İcarəçi 1 (bir) il müddətdən öncə müqavilənin pozulmasına təşəbbüs göstərərsə, depozit məbləği geri qaytarılmır, icarəçi 1 (bir) il müddətdən sonra, müqavilənin pozulması təşəbbüsü ilə çıxış edərsə, bu barədə 1 (bir) ay öncə İcarəyə verən xəbərdar etməlidir, bu halda depozit məbləği geri qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, “Ravon Nexiya R3” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 320 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş məlumatdan görünür ki, İddiaçı ayrı-ayrı vaxtlarda cərimələr yazılmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci madəsindən göründüyü kimi, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Beləliklə, məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə 574/İR saylı Razılaşma və 574/İ saylı X2 Müqaviləsi bağlanmışdır. Qeyd edilən razılaşmanın və müqavilənin bəndlərindən göründüyü kimi, icarə müqaviləsinə xitam verildiyi halda icarəçiyə onun tərəfindən ödənilmiş depozitin bəzi hallarda geri qaytarılmaması nəzərdə tutulmuşdur ( avtomobilə ziyan vurulduqda və iddiaçı tərəfindən ödənilməmədikdə, iddiaçı yol hərəkəti qaydalarının pozulmasına görə cərimələndikdə və cərimələri ödəmədikdə və s.) Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya depozitin qaytarılmaması tərəflər arasında bağlanmış razılaşma və icarə müqaviləsinin şərtləri ilə nəzərdə tutulduğundan, depozitin qaytarılması tələbi əsassızdır və təmin edilə bilməz. Bundan əlavə, depozitin məbləğinə gəldikdə, məhkəmə qeyd edir ki, iddiaçı onun tərəfindən 900 yox, 1650 manatın cavabdehə ödənilməsini təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilmədi. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı borcun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar