Məhkəmə qərarları › İş №2(005)-3059/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3059/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3059/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “İddiaçı“ MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “İddiaçı“ MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “İddiaçı“ MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2900 (iki min doqquz yüz) manat məbləğində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 1757 (bir min yeddi yüz əlli yeddi) manat məbləğində cərimənin, ümumilikdə 4657 (dörd min altı yüz əlli yeddi) manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “İddiaçı“ MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında cavabdehin övladı X2 təhsil alması məqsədi ilə 2019-2020-ci tədris ili üçün xx.xx.2019-cu il tarixdə Tam orta təhsil xidməti haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqavilə əsasında cavabdeh müqavilənin 2.2-ci maddəsi ilə müəyyən edilmiş illik 5000 (beş min) manat məbləğindəki təhsil haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədənkənar pretenziya qaydasında dəfələrlə həll etməyə çalışılsa da, lakin bu heç bir nəticə verməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehlə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət şifahi və yazılı şəkildə danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə birinci dəfə bildiriş göndərilərək ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilmiş və güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi üçün imkan yaradılmışdır. Lakin, cavabdeh tərəfindən bundan sonra da öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir görülməmişdir. Daha sonra cavabdehə ikinci dəfə bildiriş göndərilərək təhsil haqqı məbləğinin və tərəflər arasında imzalanmış müqaviləyə əsasən gecikdirilmiş təhsil haqqı məbləğinə görə hesablanmış cərimə məbləğinin müəyyən edilmiş müddət ərzində ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən öhdəlik yenə də icra edilməmiş qalmışdır. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Cavabdeh 2019-2020-ci tədris ilinə görə müqavilə ilə müəyyən edilmiş 5000 (beş min) manat məbləğindəki vəsaiti tam şəkildə müqavilənin digər tərəfi olan və cavabdehin övladına tam orta təhsil xidməti göstərən iddiaçı Məktəbə ödəməli olduğu halda həmin vəsaiti bu günədək ödəməmişdir. Bu günki gündə cavabdehin iddiaçı Məktəb qarşısında ödənilməmiş 2900 (iki min doqquz yüz) manat məbləğində təhsil haqqı borcu vardır. Tərəflər arasında imzalanmış Tam orta təhsil xidməti haqqında Müqavilənin 2.2.3-cü maddəsinə əsasən “Şagird təhsil haqqını 2019-2020-ci dərs ilinin hər ayının sonunda mütləq ödəməlidir, bu tarixə qədər şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0.3% həcmində də'nbə pulu (peniya) ödəyir”. Cavabdeh tərəfindən təhsil haqqı ödənişi ilə bağlı öhdəlik icra edilmədiyindən iddiaçı məktəb tərəflər arasında imzalanmış Müqavilənin 2.2.3-cü maddəsini rəhbər tutaraq xx.xx.2020-ci il tarixinədək cavabdehə ümumilikdə 1757 (bir min yeddi yüz əlli yeddi) manat məbləğində cərimə hesablamışdır. Beləliklə də, cavabdehin iddiaçı qarşısında bu günki gündə ödənilməmiş 2900 (iki min doqquz yüz) manat məbləğində təhsil haqqı borcu və təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 1757 (bir min yeddi yüz əlli yeddi) manat məbləğində cərimə, ümumilikdə 4657 (dörd min altı yüz əlli yeddi) manat məbləğində borcu vardır. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, göstərmişdir ki, ölkədə baş vermiş pandemiya ilə bağlı distant təhsil sisteminə keçirilməsi barədə bütün şagirdlərin valideynlərinə "vatsap” vasitəsi ilə məlumat verilmişdir. O cümlədən cavabdehə də bu barədə məlumat verilmiş və onun uşağı iyun ayının 14-dək onlayn qaydada təhsil almışlar. Bu barədə müvafiq sübutlar var. Məhkəməyə "vatsap” yazışmalarının çıxarışlarının bir hissəsi təqdim olunmuşdur. Məktəbədə valideynlərdən yalnız biri qismi müqavilənin ləğvi ilə bağlı məkətəbə müraciət etmiş və onun müraciəti əsasında müqavilə ləğv edilmişdir. Eyni zamanda güzəşt məqsədilə şagirdlərin valideynlərinə ödəmələrdə azalmalarla bağlı 20 No-li əmr qəbul edilmiş və bu barədə bütün valideynlərə müvafiq bildirişlər göndərilmişdir. Cavabdehdən başqa digər valideynlər həmin güzəşt şərtlərindən istifadə edərək ödənişləri həyata keçirmişlər. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak edən сavabdeh Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək, xx xxxx 2020-ci il tarixindən etibarən İddiaçı MMC xx.xx.2019-cu il tarixli, 104 saylı müqavilənin “Məktəbin” hüquq və vəzifələrin 7 (yeddi) bəndi icra etməmişdir, lakin ondan illik ödənişin qalan hissəni tələb edir.İddiaçı MMC dərsləri - x xxxx 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına baxmayaraq, İddiaçı MMC xx xxxx 2020-ci il tarixindən etibarən 1 ay ərzində ümumi 9 fəndən təkcə riyaziyyat və rus dili fənləri WhatsApp vasitəsi ilə tapşırıqlar verilirdi. x xxxxx 2020-ci il tarixdən etibarən, hər dəfə məktəbin internet şəbəkəsi zəif olduğuna görə çox zəif 2 saat ərzində onlayn-video dərslər keçirilirdi (Riyaziyyat və rus dili). Keçirilən dərslər aşağı səviyyədə və mənasız olduğuna görə, o yenidən övladı ilə həmin dərsləri məşğul olurdu. Onunla İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli. 104 saylı müqavilənin bağlandığı an onun nikahı məhkəmə vasitəsi ilə pozulmaqda idi. Hal-hazırda tək-tənha anadır. Mövcud Pandemiyaya bağlı işlədiyi təşkilat bağlanmışdır və o bu günə qədər işsizdir. İşsiz və tənha ana olduğuna baxmayaraq tərəfindən 2100 manat məbləğində məktəbə ödəniş olunmuşdur. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "İddiaçı” MMC ilə şagird X2 valideyni Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 104 saylı Tam orta təhsil xidməti haqqında müqavilədən görünür ki, 2019-2020-ci tədris ili üçün təhsil haqqı şagird üçün 5000 manat təşkil edir. Müqavilə xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər qüvvədədir; "İddiaçı” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən şagird üçün müqavilə üzrə ödənilməli olan 5000 manat təhsil haqqından valideyn Cavabdeh tərəfindən 2100 manat təhsil haqqı ödənilmişdir, qalıq borcu 2900 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qalıq borc məbləğinə hesablanmış cərimə 1757 manat, ümumi borc 4657 manat təşkil edir. İddiaçıin xx.xx.2020-ci il tarixli 20 №-li əmrinə əsasən ölkə ərazisində koronovirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərilən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyindən, cari ilin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqı məbləğlərinə valideynlərin maddi vəziyyəti nəzərə alınaraq aşağıdakı məbləğdə güzəşt tətbiq edilsin: - 3-4-cü siniflərdə təhsil alan şagirdlərə görə (nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda) – 500 manat, (nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmadığı halda--) – 330 manat "İddiaçı” MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2020-ci il tarixli bildirişə əsasən cavabdehdən məktəbə olan təhsil haqqı borcunu - 2900 (iki min doqquz yüz) manat məbləğində borcu və təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 1757 (bir min yeddi yüz əlli yeddi) manat məbləğində cəriməni, ümumilikdə 4657 (dörd min altı yüz əlli yeddi) manat məbləğində olan vəsaiti 3 gün müddətində məktəbin bank hesabına ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; "İddiaçı” MMC nümayəndəsi və vəkili Vəkil tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2020-ci il tarixli bildirişə əsasən cavabdehdən güzəşt məbləği çıxıldıqdan sonra məktəbə olan təhsil haqqı borcunu - 2570 manat məbləğində borcu 3 gün müddətində məktəbin bank hesabına ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; İddiaçı” MMC ilə şagird X2 valideyni Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 104 saylı Tam orta təhsil xidməti haqqında müqavilənin 2.1.12-ci maddəsinə əsasən qarşıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmsına və başqa mənfi hüquqi nəticələli hallara görə "Məktəb” məsuliyyət daışmır. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən “İddiaçı“ MMC Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "İddiaçı” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2019- 2020-ci tədris ili üçün təhsil haqqı şagird üçün 5000 manat təşkil etmiş, müqavilə xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər qüvvədə olmuşdur. Cavabdeh müqavilədən vaxtından əvvəl imtina etməmişdir. Müəyyən edilmişdir ki, respublikda baş verən pandemiya ilə əlaqədar dərslərin əyani şəkildə keçirilməsi universitet tərəfindən dayandırılmış və dərslər onlayn yolu ilə keçirilməyə davam etdirilmişdir. Cavabdeh təhsil haqqını bu səbəbdən ödəməkdən imtina etmiş, iddiaçı tərəf məhkəməyə müraciət etməkdən əvvəl cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tərəflər arasında bağlanılmış müqavilənin 2.2.3-cü bəndinə əsasən şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0,3% həcmində dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində rədd edilməlidir. Belə ki, cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirilməsi halı müəyyən edilməmişdir. Müqavilə üzrə ödəniş o halda gecikdirilmiş hesab edilə bilər ki, cavabdeh bunu qəsdən etsin və müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməkdən heç bir əsas olmadan imtina etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilələr üzrə 2900 (iki min doqquz yüz) manat məbləğində təhsil haqqı borcu məbləğində pul, habelə 30 manat məbləğində dövlət rüsumu "İddiaçı” MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2900 (iki min doqquz yüz) manat məbləğində təhsil haqqı borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar